a
Hava:
17 C
clear sky
Baku
humidity: 51%
wind: 8 m/s NNW
H17 • L17
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıSözə sığal çəkən xanım-Nigar Rəfibəyli

Sözə sığal çəkən xanım-Nigar Rəfibəyli

Sözə sığal çəkən xanım-Nigar Rəfibəyli

Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır. O, öz həyat yoldaşı –Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır və məmnunam ki, onların övladı Azərbaycanın böyük yazıçısı, Yazıçılar Birliyinin sədri, hörmətli Anar da öz əcdadlarının, anasının, atasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir.
                                                                                                                                                                                                                                                                                                                                        Heydər Əliyev

Sənət elə bir varlıqdır ki, onun hər zaman, hər yerdə və hər bir nəsnədən yaratmaq olur. Daşdan da, qumdan da, kağızdan, parçadan da sənət doğulur. Şeir də sözün sənətə çevrilmiş şəklidir və sözdən sənət yaradan adamlar şair adlandırılır. Hələ bu söz çələngini mirvariyə çevirən bir qadın əlidirsə, söz – sərrafa inciyə dönər. Belə şairələrdən biri də tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Azərbaycan SSR xalq şairəsi Nigar Rəfibəylidir. Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra 1932-1936-illərdə Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir. 1930-1932-ci ilərdə Bakı kinostudiyasının ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, “Azərnəşr”in bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə “Uşaqgəncnəşr” in bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləmişdir. Şair xidmətlərinə görə “Şərəf” nişanı, orden və medallarla təltif olunmuşdur. Yubilyarın “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk “Şeirlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. 1936-cı ildə yazdığı “Dolores İbarruri” şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. “Cəmilə” şeiri də Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Nigar Rəfibəyli yaradıcılığında tərcümə sahəsinə də böyük yer ayırmışdır. Məhsəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Çexovun “Vanya dayı”, “Albalı bağı” dramalarını, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini dilimizə tərcümə etmişdir. Həmçinin şairənin əsərləri də xarici dillərə tərcümə olunmuşdur.

Təbiət Nigar xanıma xeyirxah ürək, dərin zəka, zövq, istedad və gözəllik, ailə səadəti bəxş etmişdir. Tariximizin qəhrəmanlıq səhifələrində qadınların öz şöhrəti, öz şərəfli yeri var. “Kitabi-Dədə-Qorqud”
qəhrəmanı igid Buğaca süd verən anası, Koroğlunun sadiq Nigarı, Qaçaq Nəbinin silahdaşı Həcər – xalqımızın iftixarlarıdır. Həmişə zəhmətlə, yaratdıqları əsərləri ilə xalqın gözundə uca olan qadın sənətkarlarımızda ədəbiyyatımızda az deyil. Məhsəti Gəncəvidən, Natəvan xanımdan başlayaraq Nigar Rəfibəyli Mədinə Gülgün, Mirvarid Dilbazi kimi sənətkarlar öz yaradıcılığı ilə ədəbiyyatımızda seçilmişlər.
Könlü gözəllik vurğunu olan, lirik, həzin, misraları ilə tez-tez xatırlanan Nigar Rəfibəyli yaratdığı əsərləri ilə poeziyamızın nəğməkar şairəsi idi. Onun yaradıcılığı başdan-başa duyğulardan ibarətdir.
Onun şeirlərində bir-birinə tən yarı gələn məhəbbətlə həsrətin qoşalığı dağların sinəsində lalə bitirir. Nərgizin ətrini dünyayaya yayır. Azərbaycanın bir çox bəstəkarları onun şeirlərinə nəğmə həyatı verib. Müğənnilərimiz tərəfindən oxunan “Neyləyim”, ürəklə oxunan bir sevgi nəğməsinə çevrilib. Bu nəğmənin hər bəndində ayrılıq ruzigarının soyuqluğu, əlvan çiçəklərin pərişanlığı, gözləri yolda qalan Nigarın intizarı misra-misra duyulur.

Ala gözlüm səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim ?!
Bağçamızda qızılgüllər hər səhər,
Tezdən açır, vaxtsız solur, neyləyim?!

Bu musiqinin özündə bir ahəng, harmoniya var. Şeirdəki həzinlik oxucunu yeni bir ovqata salır. Mahnıda sözlər və melodiya bir-birini tamamlayır. Nigar xanımın həyat yoldaşı görkəmli şairimiz Rəsul Rzaya ünvanlanmış bu ürək titrədən könül nəğməsində böyük bir eşqin ayrılıqdan doğmuş iztirabları duyulur.

Döyür pəncərəmi bir acı ruzigar,
Bayırda bu axşam yenə boran var.
Bürüyüb qəlbimi coşqun arzular,
Çəkilib gözümün yuxusu ana.

N.Rəfibəyli yaradıcılığında ana mövzusu da xüsusi yer tuturdu. Atasını represiya qurbanı edib güllələdilər, əzizlərini yaxın-uzaq ölkələrə sürgün etdilər. Amma Nigar xanım çiynində ağır yükü daşımağı bacardı.Tanrıdan ümidini kəsmədi. Allah da ona şairlik istedadı verdi. N.Rəfibəyli yaradıcılığında xüsusi nəzərə çarpacaq mövzulardan biri də vətən mövzusudur. Nigar Rəfibəyli vətəni canlı bir insanı, ananı sevən kimi sevirdi. O, öz yurduna göz dikən qəsbkarları, dinc insanların isti ocağını söndürən, obaları viran qoyan günahsız körpələri mələr qoyanları lənətləyirdi:

Ana kini müdhiş olur, bunu bilsin azğın düşmən…
Can qurtara bilməyəcək sənin aslan qəzəbindən.

Ana qəzəbinin bu müdhişliyi qarşısında düşmən belə baş əyməli, dünyada sülh yaranmalıdır. Onun istəyi sülh olmuşdur həmişə. Buda onun qızını “Sülh nədir ana” sualına anlaşıqlı şəkildə cavab verməsində görünür.

Sənin məktəb qucağında dərs oxuyub dərs yazmağın,
Şən musiqi, azad dilin, o işıqlı dərs otağın,
Əzbər deyib şirin-şirin oxuduğun nəğmə, dastan,
Sənin xoşbəxt təbəssümün-sülh bunlardır, qızım inan.

Aynur Turan

İstifadə edə bilər: Mərkəzi kitabxanaların uşaq şöbələri,
MKS-in şəhər, qəsəbə, kənd kitabxana filialları, orta və
ali məktəb tələbələri, nigarşünas, metodik vəsait, ədəbi
məqalə, tərcümələr

Şərh yoxdur

şərhini yaz