a
Hava:
18 C
clear sky
Baku
humidity: 55%
wind: 9 m/s NNW
H18 • L18
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıGözəllik simvolu Leyla Bədirbəyli

Gözəllik simvolu Leyla Bədirbəyli

Gözəllik simvolu Leyla Bədirbəyli

İnsan ömrü əmanətdir. Dünyaya gəlir, bəxt payını yaşayır, alnına yazılanlar ürcahına çıxır. Bəzən şıltaqlıq edir, yaxud umub-küsür, bəzən də vaxt-bivaxt taleyindən razı qaldığı üçün ulu Tanrıya dualar oxuyur. Mərhum Leyla Bədirbəyli məhz belə insanlardan olub. Ulu yaradan ondan heç nəyi əsirgəməmişdi. Şirin dilli xanım “Azərbaycan gözəli” kimi fəxri ad almışdı. Sevib-seçdiyi sənətin yolunda minbir iztirablara, əzab-əziyyətlərə qatlaşırdı. Kiminsə önündə, nədənsə ötəri sınmaq, əyilmək, əl açıb yalvarmaq onun təbiətinə yad idi. Ömrü boyu özündən razı danışmadı. Baxmayaraq öyünməyə mənəvi ixtiyarı çatırdı. Niyə? Çünki cəzbedici gözəlliyi dillərdə dastan olmuşdu. Sayılıb-seçilən, müxtəlif xarakterli rolların mahir ifaçısı, görkəmli səhnə xadimi,
kino-ekran ulduzu idi.
Zəmanəmizin böyük sənətkarı, Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatı laureatı Leyla Bədirbəyli 1920-ci ildə Bakıda dünyaya göz açmışdır. Atası Ağalar Bədirbəyov Şəmkir bəylərinin nəslindəndir. Anası şəmkirli Bikə xanım Musaxan qızı isə əsl xan qızı idi. Yanvarın ayazlı, qarlı-şaxtalı bir günündə doğulsa da, Tanrı bu zərif vücuda ilıq yaz nəfəsi, bahar təravəti qismət etmişdi. Qadın aktrisaların olmadığı, onların rollarını da bəlli səbəblərdən kişi aktyorların oynamaq məcburiyyətində qaldığı həmin çətin illərdə tale sanki bu gözəlliyi Azərbaycan səhnəsinə bir hədiyyə kimi göndərmişdi. Körpəliyindən surətini görən hər kəs böyüyüncə onun çox gözəl bir qız olacağını deyirdi. Doğmaları onun gələcəyini görməyin intizarını çəkirdilər. Elə teatr səhnəmiz, milli kinomuzun ekranı da bu gözəlin intizarında idi.

Leyla xanımın səhnəyə ilk çıxışı 8 yaşında olmuşdu. Bakının keçmiş Poluxin küçəsində yerləşən Mərkəzi Kəndçi Evinin səhnəsində balaca bir qız uşağı səhnəyə çıxır. Onun anası mədəniyyət evinin tibb məntəqəsində işləyirdi. O, tez-tez balaca Leylanı özü ilə işə aparar, Leyla da həvəskar aktyorların məşqlərinə maraqla baxardı. Belə bir nəsilli-nəcabətli ailədə dünyaya göz açan Leyla xanım ömrünün sonuna kimi nəcibliyini, xanımlığını qoruyub saxlaya bilib. Elə bu yüksək insani keyfiyyətlərinə və ilahidən Leyla xanıma verilmiş təbii gözəlliyinə görə xalq tərəfindən ona Azərbaycan gözəli adı verilmişdi. Və o, elə beləcə də yaddaşlara həkk olunmuşdu. Bir dəfə dərnəyin rejissoru Əlisəttar Babayev bu balaca qıza diqqətlə nəzər salıb deyir: “Görürəm, səhnəyə yaman həvəsin var. Gəlsənə, özün kimi balaca bir rol tapşıraq sənə… “Beləcə balaca Leyla ilk dəfə “Coşqun” tamaşasında Coşqunun bacısı rolunda səhnəyə çıxır. L.Bədirbəyli kino səhnəsinə də çox erkən yaşlarından gəlib. O, hələ yeniyetmə ikən moskvalı rejissor D, Vertovun “Lenin haqqında üç mahnı” sənədli filmində pioner qız rolunda çıxış etmişdi. Bundan sonra, 1937- 1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblında “Bir dənəsən”, “Naz eləmə”, “Tərəkəmə” rəqslərini elə məharətlə ifa edirdi ki, neçə on illər keçməsinə baxmayaraq sənətşünaslar indi də bu barədə fəxrlə danışırlar.
L.Bədirbəyli peşəkar teatr səhnəsinə gəlməzdən əvvəl 1937-ci ildə, “Dəcəl dəstə” filmində pioner dəstə rəhbəri, 1941-ci ildə “Səbuhi” filmində Tubu,1942-ci ildə “Sovqat” filmində Ayna rollarında oynayıb. “Dəcəl dəstə” uşaq filminin göstərilməsinə icazə verilmirdi, lakin Dövlət Film Fondunun təşəbbüsü ilə bu filmin surəti Moskva kino arxivindən alındı və respublikamızda göstərildi. Bu filmdə çox gənc, 17 yaşlı Bədirbəylini görmək imkanımız var. L.Bədirbəyli “Səbuhi” filmindəki M. F.Axundovun səmimi və mehriban həyat yoldaşı Tubu xanımın obrazını yaradır. Məhz “Səbuhi” filmindən sonra L.Bədirbəyli teatrda işləmək üçün dəvət alır. Aktrisanın özü həmin dövrü belə xatırlayır: “Xalq yazıçısı Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Rəsul Rza, Rza Təhmasib və Adil İsgəndərov kimi sənətkarların təsiri ilə mən günlərin bir günü filarmoniya səhnəsindən Akademik Dram Teatrının səhnəsinə dəvət olundum. Bu dövrü mən yaradıcılığımın ikinci və daha mühüm dövrü hesab edirəm”.

L.Bədirbəylinin teatrda ilk çıxışı M.İbrahimovun “Məhəbbət” tamaşasında Zəhra rolu olub, onun ardınca A.Ostrovskinin “Tufan”ında Klaşa obrazını yaradıb. Bundan sonra teatr səhnəsində “Pəri cadu” tamaşasında Pəri, “Vaqif” də Gülnar və Xuraman, “Xanlar”da Mehriban, “Solğun çiçəklər”də Sara, “Almaz” da Almaz, “Şərqin səhəri”ndə Dilarə, “Xoşbəxtlər”də İncə, “Əliqulu evlənir”də Qumral, “Kəndçi qızı”nda Göyərçin, “Şeyx Sənan”da Zöhrab, “Uzaq sahillərdə” Ancelika, “Otello”da Dezdemona, “Canlı meyit”də Liza və digər rollar ifa edib. Leyla xanım tamaşalarda əsasən baş rolları oynayıb. Həmçinin kinoda da Leyla xanım baş rollarda iştirak edib. 1945-ci idə “Arşın mal alan” filmi çəkildi. Bu film çəkilən il Leyla xanımın həyatında xüsusilə əlamətdar bir il oldu. Filmdə baş rolda çəkilən Leyla gözəldir, zərifdir və həssasdır. O öz həmyaşıdlarından azad seçim və əsl məhəbbət arzusunda olması ilə fərqlənir. O öz hissləri ilə sanki bütün cəmiyyətə meydan oxuyur. Axı, o, gözəl arşılmalçını sevib. Atasının hədə-qorxularına baxmayaraq, Gülçöhrə öz məhəbbətindən imtina etmir, əksinə, axıracan öz məhəbbətini müdafiə edir. Leyla xanımın oyununda Gülçöhrənin hisslərindəki cəsarətsizliklə qətiyyətliyin bir-birinə keçməsi o qədər təbii, səmimi, alınıb ki, uzun illər aktrisanın adı bu qəhrəmanın adı ilə uyğun səslənirdi. “Arşın mal alan” qısa vaxt ərzində dünya şöhrəti qazandı və dünyanın bir çox xalqları bəstəkarın sehrli musiqisinə, mənalı yumoruna valeh oldular. “Arşın mal alana” a görə yaradıcı qrup, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı adlandırıldı). layiq görüldülər. Bədirbəyli yaratdığı Gülçöhrə obrazı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən məktublar almışdı. Bolqarıstandan gənc qadının ona göndərdiyi məktubu bu sözlərlə qurtarır: “Mən beş oğlun bir bacısına məharətlə oynadığınız Gülçöhrənin adını verdim. Bolqarıstanın Gülçöhrəsi Sizin kmi şöhrət qazansa, özümü xoşbəxt sayaram”.
Qeyd etmək lazımdır ki, L.Bədirbəylinin kinoda aktyor taleyi olduqca uğurlu olub. O, öz yaradıcılığında həmişə yüksək insani keyfiyyətlərə malik milli koloritli qadınların bədii obrazlarını təcəssüm etdirib. Leyla xanımın çəkildiyi filmlərin tematik dairəsi geniş, qəhrəmanları müxtəlifdir. O, 50-yə yaxın bədii, qısametrajlı bədii filmdə çəkilmiş, bacılarımızın, analarımızın, nənələrimizin obrazlarını yaradıb. Onun “Fətəli xan” və “Koroğlu” filmlərində yaratdığı Tuti Bikə və Nigar obrazları təkcə sevimli ərlərinin nəzakətli, incə və etibarlı arvadları deyil, həm də igid, cəsur məsləkdaşlarıdır. Tuti Bikə Fətəli xanın həyat yoldaşıdır. O, sədaqətli qadın, fədakar ana, cəsarətli döyüşçüdür. Leyla xanım qəhrəmanını məhz bu keyfiyyətləri ilə bizə təqdim edir və yadda qalır.
Məşhur “Koroğlu” xalq dastanının eyniadlı variantı olan kino dastanında L. Bədirbəyli Koroğlunun sevgilisi, Həsən xanın qızı Nigarın surətini yaradıb. Nigar xan qızı olsa da, Rövşəni həqiqi bir məhəbbətlə sevir. Atasının zülmkar əməlləri onu bərk narahat edir. Buna görə o,əzab çəkir, saray mühiti onu sıxır. Nəhayət, Nigar imkan tapan kimi qaçıb Çənlibelə, Koroğlunun yanına gedir. Aktrisa Nigarın keçirdiyi iztirabları, həyəcanları, daxili gərginliyini bacarıqla göstərə bilib. Elə bu baxımdan L.Bədirbəylinin “Onun böyük ürəyi” filmindəki Xalidə rolunu xüsusilə qeyd etmək lazımdır. Burada aktrisa böyük psixoloji həssaslıqla insan xarakterinin pərakəndəliyini və inamsızlıq hissini açıb göstərə bilib. Xalidə və Rəcəb bir-birlərini sevirlər. Böyük Vətən müharibəsi başlanandan sonra Rəcəb cəbhəyə gedir. Xalidə onun qayıdacağına inanmır. Öz həyatını yaşamağa başlayır. Rəcəb döyüşlərin birində ağır yaralanır, gözləri tutulur. Rəcəbi bu vəziyyətdə görən Xalidə birdəfəlik ondan uzaqlaşır. Xalidə obrazı aktrisa L.Bədirbəylinin xarakterinə, təbiətinə uyğun olmasa da, bu rolun öhdəsindən bacarıqla gəlib. L.Bədirbəyli müxtəlif illərdə çəkilmiş “Kölgələr sürünür” filmində Leyla, “İntizar”da Ana, “Sevil” film- operasında Tafta, “Gilas ağacı”nda nənə, “Bizim küçənin oğlanları”nda Leyla, “Çarvadarların izi ilə”də Məfruzə, “Vulkana doğru”da Gülsüm, “Kişi sözü”ndə Ana, “Dərviş Parisi partladır”da Şəhrəbanu xanım, “Asif, Vasif, Ağasif”də nənə, “O dünyadan salam”da Kəblə Fatma və başqa filmlərdə maraqlı surətlər yaradıb. Leyla xanım bu filmlərdə gənc qadın, ana, nənə, rollarının hamısında məlahətlidir, gözəldir, istər bisavad Kəblə Fatma, Şəhrəbanu xanım olsun, istərsə də müasir nənələr. Hərəsinin də öz xarakteri, öz həyat tərzi…

L.Bədirbəyli milli teatr və kinodakı fəaliyyəti ilə uzun illər işləmiş, azərbaycan incəsənətinə, mədəniyyətinə öz yaradıcılıq töhfəsini vermişdir. O, “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsində işləyərkən istedadlı gənclərin inkişafına kömək edir, onlara dəyərli məsləhətlərini verirdi. L.Bədirbəyli eyni zamanda Azərbaycan milli televiziyasının göstərdiyi bir çox televiziya tamaşalarında da müxtəlif rollar ifa edib, uzun illər televiziyanın “Aktyor, kino, rol” verilişinin aparıcısı olub. O, vəfatından bir il əvvəl “İstiqlal” ordeni ilə təltif edilib. L.Bədirbəyli həyatı ilə bağlı ona verilən suallara vaxtilə belə bir cavab verib: “Mənim həyatımı uzun bir yola bənzətsək, bu yol heç də həmişə hamar olmayıb. Sevinc dolu günlərim də olub, kədərli günlərim də. Bir sözlə məşəqqətli və ilhamlı günlər yaşamışam. Amma heç vaxt sızıldayıb, ah-uf eləməmişəm”.
Bəli, Leyla xanım nəcib olduğu qədər də mərd insan idi. Xalq artisti, Dövlət mükafatları laureatı, gözəl insan Leyla Bədirbəylinin bütün zəngin yaradıcılığı gələcək nəsillərə yadigar qalacaq, unudulmaz və sevimli
sənətkarımızı əbədi yaşadacaq.
Libasını geyindiyi bütün surətlərə elə bir şirinlik bağışlamışdı ki, onu seyr etməkdən doymaq olmurdu. Bu böyük sənətkarın pərəstişkarı çox idi. Onun bütün rollarından tutmuş, televiziya verilişlərindəki çıxışlarına qədər hamısını maraqla izləyən tamaşaçı qüdrətli sənətkarın necə böyük ürəyə malik olmasını həm duyur, həm də heyrətə gəlir. Çünki Leyla xanım yaratdığı obrazlara elə can və ruh verərdi ki, tamaşaçı bütün varlığı ilə ona diqqət kəsilərdi. L.Bədirbəyli adicə aktrisa deyildi, o, teatr sənətinə, milli kinoya işıq və əlvanlıq, məlahət gətirən bir gözəllik pərisi idi. Leyla xanım 1999- cu ilin sonunda dünyasını dəyişəndə pərəstişkarlarına elə gəldi ki, yer üzünü bürümüş bir bəyazlıq qapqara kədərə çevrildi. İnana bilmədik ki, bir daha L.Bədirbəylinin səsi gəlməyəcək. O gündən bəri unudulmaz Leyla xanım barəsində düşünəndə böyük şair M.Arazın misraları xəyalımızdan keçir:

Hərdən inanmıram, ölüm haqq ola,
Torpaq rəssam uda, gözəl qocala.

Amma təəssüf, təəssüf…Bu fani dünyanın əzəldən amansız qanunları var. Yaşdan-başdan, vardan-yoxdan asılı olmayaraq, hamımız vaxtlı-vaxtsız son ünvanın yolçularıyıq. Amma elə insanlar var ki, onlar öz ölümləri ilə belə ölümə meydan oxuyur, ona qalib gəlirlər. Sənətləri, fəaliyyətləri ilə elə ucalıqda dayanırlar ki, nə fiziki yoxluqları, nə həyatın gərdişləri o fövqün yanından ötə bilmir. Xəyalımızda, eləcə də kino
lentlərində olduqları kimi qalırlar. Heç zaman da onların gözəlliyini soldura bilmir. Bu mənada, L.Bədirbəyli həmişəyaşardır. Onun böyük məharətlə yaratdığı obrazlar kinomuzda yaşamaqda, teatrımızda
xatırlanmaqdadır. Həqiqətən də elə insanlar var ki, əbədi ayrılığın illəri üst- üstə qatlandıqca onların həm həyatda, həm də sənətdə yerləri apaydın görünür, yoxluğu bizi incidir, Azərbaycan milli teatrının və kinosunun inkişafında əvəzsiz xidmətləri olan Leylaxanım Bədirbəyli kimi. Yaşasaydı, indi onun 100 illik ömrünün sevincinə yığışardıq. Amma elə acılar var ki, neçə illərdir biz Leyla
xanımın yubileyini belə titrək və xəfif bir kədərlə qeyd edirik. Otuz ildən artıq bu sənət məbədinin səhnəsində bir- birindən fərqli qadın obrazları yaradıb. İllər keçdikcə, L.Bədirbəyli Azərbaycan teatrının inkişafındakı xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Almaz(“Almaz”), Solmaz(“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”) və s. kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

Rəhmətlik Möhsün Sənani ilə L.Bədirbəylinin tərəf-müqabili olduğu, “Göz həkimi” (İslam Səfərli) tamaşası görənlərin yaddaşında pozulmaz
naxışlar salıb. Unudulmaz L.Bədirbəylinin təkcə kino sənətindəki fəaliyyəti bir ömrün şöhrət zirvəsinə bəs edərdi. Milli kinomuzu Leyla xanımsız təsəvvür etmək qeyri-mümkündür. Onun bu sahədəki obrazlar qalereyası çox zəngindir. L.Bədirbəyli neçə kinofilmdə müxtəlif insanların taleyini yaşayıb-yaradıb. Dünyanın bütün kinosevərlərini, sənətşünaslarını məftun edən, “Arşın mal alan” filmindəki Gülçöhrə obrazı sanki L.Bədirbəylinin ikinci adı, ləqəbi, bir sözlə, sənət möhürü idi. 80 ilə yaxındır ki, Leylanın Gülçöhrəsi kino sənəti taxtında şahlıq edir. Hələlik bu tacın yeğanə sahibi Leyla xanım özü qaldı. Doğrudur “Arşın mal alan” filmi ikinci dəfə çəkildi, müxtəlif teatrlarda tamaşaya qoyuldu. Amma səhnədə də, ekranda da bircəciyinin vurğunu olduq: böyük sənətkarın can verdiyi, özünün də çox verdiyi bu günə kimi qəlbimizə hakim kəsilən Gülçöhrə libaslı Leylanın. Bu yerdə Gülçöhrənin dərin məhəbbətlə sevdiyi Əsgəri-unudulmaz Rəşid Behbudovu da xatırlamamaq qeyri-mümkündür. Məhz o qüdrətli sənətkarın tərəf-müqabili olmaları bəlkə də “Arşın mal alan”ın belə uğurlu və şöhrətli alınmasını şərtləndirdi. Onun teatr səhnəsində, kinoda, ekranda qazandığı bütün uğurların təməlində müstəsna istedadından başqa bir mühüm sirr də var. Bu, Leyla Bədirbəylinin öz sənətinə sonsuz sevgisi və bir o qədər də böyük məsuliyyəti idi. Bacısı xatırlayır ki, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərində Sara rolunu oynayarkən sonuncu pərdə bitəndən sonra heç vaxt başqa aktyor və aktrisalarla birgə tamaşaçılarla sağollaşmaq üçün səhnəyə çıxmazdı. Səbəbini izah edəndə deyərmiş ki, axı tamaşanın finalında Sara ölüb, o, yenidən səhnədə necə görünə bilər?!
Leyla xanım istedadlı bir aktrisa kimi tamaşaçı qəlbini necə sehirlədiyinin fərqində idi. O, oynadığı rolun təsirinin tamaşadan sonra da qalmasını istəyirdi. Çalışırdı ki, tamaşaçılar teatr qapılarından o təsirlə çıxsınlar. Axırıncı səhnədə can verən Saranın əzablarını, son sözlərini, bu səhnənin yaratdığı göz yaşlarını unudulmaz təəssürat kimi özləri ilə gündəlik həyat və məişətlərinə daşısınlar. Hər dəfə xatırladıqca o səhnələr insanları mənən saflaşdırsın.
İlk dəfə on altı yaşında ikən o zaman rəqqas kimi eyni səhnədə çıxış etdikləri Fərəc Cavanşirovla ailə həyatı qurmuşdu. Bir il sonra onların Cavanşir adlı oğlu dünyaya gəlmişdi. Amma bu evliliyin ömrü qısa çəkmişdi. Leyla xanım ikinci dəfə Kamil Aslanovla ailə həyatı qurmuşdu. Kamil Aslanov diş həkimi olsa da, rəqsə böyük maraq göstərirdi. O da Leylanı rəqs səhnəsində görüb bəyənir, elçi göndərir. Beləcə, xoşbəxt sayıla biləcək yeni bir ailə həyatının təməli qoyulur. Əfsus ki, ömrün qürubuna doğru xoşbəxt günləri bir-birinin ardınca faciələr əvəz edir. Həyat yoldaşı Kamil Aslanov xaricdə ağır yol qəzasına düşür və həlak olur.

Bu hadisədən bir il sonra isə aktrisanın böyük qızı Laləni Bakıda maşın vurur. O da 48 yaşında dünyasını dəyişir. Bu iki hadisədən sonra Leyla Bədirbəyli depressiyaya düşür. Özünə qapanır. Heç kimlə görüşmək, danışmaq istəmir. Yalnız 1999-cu il yanvarın 1-də bu böyük aktrisanın sənətinə, şəxsiyyətinə hər zaman yüksək dəyər verən Ulu Öndər Heydər Əliyev ona “İstiqlal” ordenini təqdim edərkən evdən çıxıb ictimaiyyət arasında görünür. Elə həmin il noyabrın 23-də də 79 yaşında dünyadan köçür. Nə qədər acı olsa da, həyatın qanunu dəyişməzdir. Ən böyük gözəlliklər də bir gün köçünü sürüb gedir. Amma əbədiyyət ömrü deyilən bir həqiqət də var. Leyla Bədirbəyli kimi sənətkarların gözəlliyi əbədidir. Bu gözəllik onun qəlbinin sevgisi, bitib-tükənməyən istedadı ilə yaratdığı rollarda, unudulmaz obrazlarda yaşayır. Azərbaycan gözəlinin qənirsiz çöhrəsi onun obrazlarının simalarından boylanır və könülləri fəth edir…

 Aynur Turan

 

Şərh yoxdur

şərhini yaz