a
Hava:
14 C
clear sky
Baku
humidity: 88%
wind: 4 m/s SSE
H14 • L14
HomeFaktlar və hadisələr31 Mart – tariximizin göz yaşı

31 Mart – tariximizin göz yaşı

                  31 Mart – tariximizin göz yaşı  
        Tarixi qədimdən-qədim, soykökü  minilliklərə gedib çıxan bir xalq var – Azərbaycan xalqı! Əsrlər boyu hər cür məhrumiyyətə, müsibətə sinə gərib, ən ağır döyüşlərdən, ölüm-dirim savaşlarından qalib kimi çıxan, meydanda düşmənin gözünün içinə dik baxmağı bacaran məğrur, qürurlu, əyilməzdir Azərbaycan xalqı! Azərbaycan tarixində faciəli günlər çox olub. Xalqımızın həyat salnaməsini vərəqlədikcə əsrlər boyu başımıza gələnlərin şahidinə çevrilirik, əcdadlarımızın, babalarımızın  və atalarımızın  zaman-zaman düçar olduqları bəlaları göz önünə gətiririk. Heyrət edirik ki, ağlagəlməz keşməkeşlərə tab gətirib yaşamış, bu günlərə gəlib çıxmış xalqımız nə qədər yenilməz  və dözümlü imiş?!.. Faşizm Almaniyası milyonlarla insanın qanı bahasıyla nəticələnən İkinci Dünya Müharibəsini bir neçə             il davam etdirmişdirsə, ermənilərin törətdikləri vəhşiliklərin  tarixi 200 ildir. Azərbaycan xalqına qarşı 1905-1907,              1917-1918-1920-ci 1948-1953-cü illərdə törədilən soyqırımlarına  Qaradağ, Xocalı da əlavə olundu, aranlı-dağlı Qarabağ işğal edildi. Xalqımız özünə qarşı tuşlanmış çirkin niyyətləri heç vaxt unutmamalı, qəlbində yaşatmalı, səbəbləri öyrənib təhlil etməli və tarixin ibrət dərslərindən düzgün nəticə çıxarmalıdır. Bu bizim üçün yazılmamış həyat qanununa çevrilməlidir. Azərbaycan tarixinə, insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş soyqırımı bugünkü və gələcək nəsillər unutmasın deyə, bu vəsaiti işləməyi özümüzə borc bilirik.  

                  Bir əsrə sığmayan zülm  

    Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin bu 31 Mart səhifəsinin unikallığı ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.  

   Tarixçilər XX əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli və eyni zamanda da şərəfli, həm də qanlı-qadalı əsri”adlandırırlar. Şərəfilə yanaşı, qanlı-qadası da bizim payımıza düşdü. Əvvəlində də, sonunda da faciələrə soyqırımlara  məruz qaldıq. “Dünyanın siyasi xəritəsini, bəşəri, tərəqqi və inkişafın məcrasını dəyişən XX əsr bütün dünya kimi Azərbaycanı da  milli intibah, siyasi oyanış, müstəqillik və istiqlal yoluna cəlb etdi. “Bu istiqlal, bu oyanış bizə qanlı faciələrin, soyqırımların bahasına başa gəldi. Belə faciələrdən biri də 100 ili haqlayan 1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza qarşı törədilən, tarixdə misli görünməmiş mart faciəsi oldu.       1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi                   qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və  dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə

yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

 Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə

İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar keçmiş SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalq”ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

  Azərbaycanlılara qarşı soyqırım siyasətinin təzahürləri son yüzillikdə daha qabarıq şəkildə özünü büruzə verməsinə baxmayaraq, bu əməllərin başlanğıcı çox-çox əvvəllərə gedib çıxır. Xalqımızın zaman-zaman başına gətirilən faciələrin, bəlaların kökləri daha dərindir. Üç yüz ildən artıq bir dövrdə bu siyasət ayrı-ayrı vaxtlarda, müxtəlif formalarda həyata keçirilsə də, məzmun, qayə etibarilə bir məqsədə xidmət edib.  

    1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən Türkmənçay kəndində Rusiya–İran müqaviləsi bağlandı. Martın 20-də Rusiya hökmdarı I Nikolay bu müqaviləni təsdiq etdi və elə ertəsi gün yeni inzibati vahid İrəvan və Naxçıvan xanlıqları əraziləri əsasında “Erməni vilayəti” yaradıldı. Türkmənçay müqaviləsinin  15-ci maddəsinə  əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verildi. Əslində, ermənilərin Qafqaza köçürülməri işinə ondan bir il əvvəl hazırlıq aparılmışdı, yəni 1827-ci ildə İrandan  Azərbaycan ərazilərinə köçürülən yüzlərlə erməni ailəsi üçün yerlərdə hər cür şərait yaradılırdı.  

    1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsindən  sonra da ermənilər Türkiyədən tarixi Azərbaycan torpaqlarına köçürülürdülər. Hətta bu iş üçün 1829-cu ildə Rusiya tərəfi xüsusi komitə təşkil etmiş və 12 maddəlik ümumi qaydalar müəyyənləşdirmişdi. Bu təkzibolunmaz faktı xatırlatmaq istərdik ki, azərbaycanlılara qarşı son üç yüz ildə soyqırım  siyasətinin  keçirilməsinin əsas səbəbkarları indiki Ermənistanda yaşayan ermənilər və onların sələfləridir. O sələflər ki, onların hamısı vaxtilə İrandan, Türkiyədən, daha sonra Suriyadan, Livandan, Yunanıstandan Bolqarıstandan, Rumınyadan, Qərbi Azərbaycana – indiki Ermənistana köçüb gəliblər, bəzən də gətiriliblər. Məhz bu proseslərin nəticəsi olaraq 1905-1906-cı illərdə azərbaycanlılara qarşı təkcə Qərbi Azərbaycanda deyil,

Şimali və Şərqi Azərbaycanda da soyqırım tədbirləri keçirməyə müvəffəq oldular…

    Təkcə Cənubi Azərbaycanın Urmiya şəhəri və onun                   ətraf ərazilərində ermənilər 150 minə yaxın Azərbaycan

əhalisini qətlə yetirmişlər. Məhz bu proseslərin davamı  və ən           yüksək zirvəsi kimi 1988-1990-cı illərdə Ermənistanda azərbaycanlıların kökünü kəsmək və “türksüz Ermənistan” yaratmaq məqsədilə soydaşlarımıza qarşı əsrin ən ağır və qəddar vəhşilikləri həyata keçirildi… Azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirilərkən bu iş bütün dövrlərdə  və bütün hallarda əvvəlcə deportasiya, onun ardınca da soyqırımların başlanması ilə müşayiət olunmuşdur. Adətən, köçürülmələr soyqırımlarla başlanmış,  soyqırımlarlatamamlanmışdır.  

    Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almalarına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.

    Hər il mart ayının 31-i Azərbaycanda dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi anılır. Bu təqvim son yüz  ildə Azərbaycan tarixində baş vermiş faciələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin ən qanlı səhifələrindən biri hesab etmək olar. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn   bu siyasəti reallaşdırması üçün  müntəzəm surətdə ideoloji,   hərbi və təşkilati xarakterli iş aparılmış, tədbirlər həyata keçirilmiş, ən müxtəlif üsul və vasitələrdən istifadə edilmişdir.

Xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi                   və mədəniyyət abidələrimiz, toponimlərimiz erməni tarixçiləri və “ideoloqlarının” təcavüzünə məruz qalmışdır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və

ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımının qanlı fəsadları təkcə böyük Türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, insanlığa qarşı yönələn ən amansız, dəhşətli cinayətlərə rəvac vermiş, əsrlər boyu bu vandalizmin qurbanı olan  Azərbaycan xalqında  dərin izlər buraxmışdır.

  Bu soyqırımın əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra almışdır. Mart hadisələrinin 80-ci ildönümündə − 1998-ci il martın 26-da ümummilli liderimiz  Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin  hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu sərəncam Azərbaycanın indiki və gələcək  nəsillərini  milli yaddaşının qorunması  baxımından da bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış   soyqırımı və deportasiya  siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 Mart  Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması  təsbitlənmişdir. Ötən illər ərzində Azərbaycan dövləti  bu tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı və etnik təmizlənmənin dəhşətli miqyasını  beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində xeyli iş görmüşdür.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  15 iyul  1918-ci il tarixi qərarı ilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının  topladığı və rəsmləşdirdiyi çoxsaylı, zəngin sənədlər, materiallar,  şahid  ifadələri birincilərin  verdiyi  siyasi qiyməti təsdiqləyən  danılmaz  arqumentlər və faktlar arsenalıdır. Real, həqiqi tarixi hadisə istənilən zaman hüdudunda  heç bir siyasi  boya, ideoloji rəng görünməsə də faktların, dəlillərin inkaredilməzliyinə baxmayaraq azərbaycanlıların 1918-ci il mart soyqırımı 70 illik “Qırmızı qaranlıqlar” (Ə.Hüseynzadə) dövründə görünməz olmuşdur. Sovet senzura aparatının bütün cəhdlərinə baxmayaraq azərbaycanlıların soyqırımına həsr olunmuş əsərlər mənəvi terror dalğalarından salamat çıxaraq müstəqilliyimizin bərpasından sonra “yaşamaq hüququ” qazanmışdır. Nəzərə alınmalıdır ki, ermənilərin azərbaycanlılara qarşı ilk  kütləvi qırğın  epidemiyası   1905-1906-cı illərdə bütün Azərbaycanı bürüyəndə Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası”, Məmməd Səid Ordubadinin “Qanlı illər” adlı milli yaddaş abidələrinin təməlini, bünövrəsini qoydular. Sonrakı faciələrdə bu ənənə  inkişaf etdirilərək tarixi hadisələr bədii ədəbiyyatda geniş, əhatəli təcəssümünü tapmaqda idi. Diqqətə çatdırmalıyıq ki, əldə etdiyimiz, haqqında  məlumattopldığımız bədii əsərlərin hamısı “mart hadiseyi-ələiyyəsi”ndən sonra yazılmış, müəllifləri soyqırımı  aksiyasının  şahidləri və zərərçəkənləri olmuşdur.   

                      Al qana boyanmış bahar günləri

 31 Mart soyqırımı Günü ilə əlaqədar şanlı tarix dolu qan yaddaşımızdan qopub gələn bir tarixdir. Biz bu gün sizlərlə dünənimizə, lap yaxın keçmişimizə qayıtmaq istəyirik. O, keçmişimizə ki, ata-analarımız, nənə-babalarımız o anların lap yaxından şahidi olmuşdular. O ağır, qanlı-qadalı günlər ömür səhifəmizdən gəlib keçib. O keçmişimiz ki, tariximizə tarix yazılıb – 31 Mart Soyqırımı Günü. O tarix ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə  həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər  boyu yaşadıqları  tarixi etnik  torpaqlarından didərgin  salınaraq  kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza  məxsus  minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.  

       Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım  hadisəsi  xalqımıza qarşı  dəfələrlə  törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir.  Tarixi faktlar sübut edir ki,  son iki əsrdə  azərbaycanlılara  qarşı   məqsədyönlü  şəkildə  həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan  öz doğma  torpaqlarından  didərgin salınmışlar. Ümumiyyətlə, XIX əsrin sonlarından başlayaraq ermənilərin Azərbaycan xalqına davamlı şəkildə  apardığı  terror  və soyqırım  siyasəti  bu gün də Dağlıq Qarabağda, Ermənistanla həmsərhəd bölgələrdə həyata keçirilməkdədir. Cənubi Qafqaz bölgəsində sülhün, siyasi  sabitliyin, birgəyaşayış  qaydalarının  təhlükə mənbəyinə çevrilən və terroru dövlət səviyyəsində dəstəkləyən  Ermənistan  

Respublikası  tarixən  bu coğrafiyada  törətdikləri  qanlı  olayları yenidən dirçəldir, günahsız insanlara, qocalara, uşaqlara, qarşı soyqırım  siyasətindən əl çəkmək istəmir.

     1930-cu illərdə azərbaycanlıların bir qismi düşünülmüş repressiyalara məruz qalıb, tarixi torpaqları olan sonralar Ermənistan ərazisinə daxil edilən qədim İrəvan xanlığlarından və digər yerlərdən Orta Asiya ərazisinə sürgün ediliblər.

    Aprel ayında Quba qəzasına göndərilmiş daşnak dəstəsinin  komandiriHamazasp bildirmişdir: “Mən erməni xalqının qəhrəmanı və müdafiəçisiyəm… Buraya qayda yaratmaq və Sovet hakimiyyətini qorumaq üçün gəlmişəm… Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri  verilmişdir”.

Arxivlərdə  erməni vəhşiliyini  təsdiqləyən sənədlər var. Bunları eynilə sizlərə təqdim edirik.

   General  Harvurd Amerika Senatına  verdiyi  16 oktyabr 1999-cu il tarixli  məlumatında yazırdı: “Qara dənizdən  İran  ərazisinə  qədər gəzdim, amma  erməni  məlumatını  təsdiq edən heç bir şey tapmadım”.  Əslində,  arxivlərdədünya dövlətlərinin  bir çox görkəmli alimlərinin, səyyahlarının da erməni yalanını, qəddarlığını, hiyləgərliyini  ifşa edən yüzlərlə  sənəd var. Çox  təəssüf ki, ermənilərin arxasında dayanan bəzi dövlətlər  arxivlərin  açılmasına  heç vaxt  meyilli  olmayıblar. Çalışıblar  ki, ermənilərin  törətdikləri qanlı  cinayətləri ört-basdır  etsinlər.     Dünya  tarixinə nəzər salsaq, bəlkə də, ermənilər qədər vəhşilik  törədən ikinci bir millət görmərik. Ötən əsrin bütün dönəmlərində − 1905-1907, 1918-1920, 1946-1948-ci illərdə  törədilən  cinayətlər də, soydaşlarımıza  verilən  işgəncələr                də bir-birinə bənzər olub. Ermənilər körpələri divara mismarlayıblar. Qadınları  lüt-üryan halda saçlarından asıb nişan alıblar. Kimin gülləsi tapşırılan hədəfə dəyərmişsə,  onaböyük  mükafat  verilərmiş. İnsanları qaynar su ilə yandırıb sonra cəsədlərini itlərə atarmışlar. Ən dəhşətlisi də budur ki,  qaniçən  Stepan Şaumyan  Bakıda otura-otura  bütün daşnaklara başçılıq edirdi. Onun oğlu isə daşnak liderindən biri kimi pulemyotçuların başında dayanırdı.  

… O vaxtdan çox illər ötməsinə baxmayaraq, erməni xisləti dəyişməyib. “Daşnaksütyun” partiyasının   qanlı əməlləri davam edir və yenə günahsız azərbaycanlılar ağır işgəncələrə məruz qalırlar. Ermənilərin qaniçən  əməllərisanki bir proqram üzrə  icra olunur. Bu gün də Xocalıdan  çəkilən  lentləri dünyaya yayımlayıb  özlərini ölən, qırılan tərəf kimi göstərirlər. Bəlkə də, ən dözülməzi elə budur. Ermənilərin saysız-hesabsız qanlı cinayətləri var, onlar tarix qarşısında cavab verməlidirlər. Təkcə Kəlbəcərin Ağdaban kəndində törətdikləri əməllər bəs edər ki, erməni qaniçənləri beynəlxalq məhkəmə qarşısına çıxarılsın. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban kəndi tamamilə  erməni quldurları tərəfindən  yandırılmış, 779 nəfər dinc sakinə  qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetrilmişdir. 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın  diri-diri odda yandırılmışdır.  

   Quba Soyqırımı üzərində Memorial Kompleksi  açılmamış  sirlərdən xəbər verən  yerdir. Bu məzarlıq  2007-ci il  aprelin 1-də ərazidə torpaq işləri  görülərkən  aşkar edilmişdir. 2007-ci ilin iyulundan Azərbaycan Milli Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları  tərəfindən  məzarlıqda başlanılan geniş tədqiqat işlərinə 2008-ci ilin  sentyabrında yekun vurulmuşdur. Məzarlığın 1918-ci ildə  ermənilərin yerli dinc əhaliyə  qarşı törətdikləri  soyqırımının  nəticəsi olduğu  müəyyən edilmişdir.  

   2009-cu ildə  Azərbaycan Prezidentinin sərəncamından sonra  Nazirlər Kabineti kütləvi qətl qurbanlarının xatirəsinin  əbədiləşdirilməsinə dair tədbirlər planı hazırladı. Kütləvi məzarlığın  yerləşdiyiərazidə  xatirə kompleksinin ucaldılması  və abadlıq işlərin aparılmasına başlanıldı.  

    Biz problemin  beynəlxalq hüquq normaları  əsasında ədalətli həlli üçün çalışırıq. Ermənistanı da elementar hüquq normalarına əməl etməyə, reallıq hissini itirməməyə məqbul həll variantları istiqamətində addımlar atmağa çağırırıq. Lakin o da aydın və birmənalı qəbul edilməlidir ki, münaqişənin həllinin təməl prinsipi Azərbaycanın ərazi bütövlüyü, məcburi köçkünlərin doğma yaşayış yerlərinə qaytarılması olmalıdır.      Biz azərbaycanlılara qarşı ermənilərin törətdiyi  təcavüz  və soyqırımının dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına və pislənməsinə çalışmalıyıq. Həm də bu zaman erməni şovinist  millətçilərindənfərqli olaraq bundan siyasi, maddi və ya maliyyə kompensasiyaları qazanmaq üçün faydalanmaq istəmirik. Bizim maddi sərvətlərimiz kifayət qədərdir. Odur ki, biz sülh şəraitində yaşamaq, ölkəmizi inkişaf etdirmək, tarixi ədalətin və həqiqətin bərpa olunmasını, işğal və soyqırımı siyasəti həyata keçirənlərin tanınmasını və ifşa olunmasını istəyirik. Düşünürük ki, indiki zamanda digər xalqlara və  dövlətlərə qarşı ərazi  iddiaları ilə çıxış etmək tarixi anaxronizmdir və bu hərəkət  həmin xalqın özünə ciddi fəlakət gətirən bir bəladır.  

   İndi ermənilər özlərini məzlum  millət kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxır, dünya ictimaiyyətinə  yanlış  məlumat verməkdən  usanmırlar. Halbuki tarixi sənədlər, araşdırmalar göründüyü  kimi, bunun tam əksini sübut edir. Bizim yolumuz düzgün, amallarımız, məqsədlərimiz saf və təmizdir. Biz xalqımızın tarixini, dünəninin və bu günün həqiqətlərini hamının daha yaxşı bilməsinə və qəbul etməsinə çalışmalıyıq. Bunun üçün Azərbaycan hökuməti, bütün vətəndaşlarımız, xarici ölkədəki azərbaycanlı icmaları səylərini birləşdirməli, daha ardıcıl və səmərəli iş aparmalı, təsirli  tədbirlər görməlidirlər. Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, onlara Allahdan  rəhmət diləyir, xalqımıza  ümummili vəzifələrimizin həlli yolunda uğurlar  arzulayırıq.  

                           Aynur Turan

                          araşdırmaçı jurnalist

13

etiketlər
əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz