a
Hava:
15 C
clear sky
Baku
humidity: 63%
wind: 7 m/s NW
H15 • L15
HomeQadın və ictimaiyyətBu günümüzün qadınlarıSirrini qələmə verən şairə – Mafilə Müntəzir

Sirrini qələmə verən şairə – Mafilə Müntəzir

Müsahibim  axıcı, könül oxşayan şeirləri ilə böyük çoxluğun qəlbinə yol tapan Mafilə Müntəzirdir. 

-Mafilə Müntəzir, xoş gördük sizi. Şeirləriniz böyük çoxluğun qəlbinə yol tapıb. Bilmək istərdik, belə gözəl, axıcı, könül oxşayan şeirlərin müəllifi, Mafilə Müntəzir kimdir?                       

-İlk növbədə səhifə izləyicilərini, oxucuları salamlayıram.Yəqin ki, yaradıcılığımla yanaşı kimliyim, ixtisasım haqqında məlumat da onlar üçün maraqlı olar.Odur ki, söhbətə elə bundan başlayım. Mən Sabirabad rayonunun Qəzli kəndində dünyaya gəlmişəm.Orta məktəbi Yenikənd adlı qonsu kənddə bitirmişəm. Sonra Azərbaycan Tibb Universitetinə daxil olmuşam. Universiteti isə 1991-ci ildə bitirmişəm.Və bir il internatura (rezdentura) keçəndən sonra 1992 ci ildən bu günə kimi Bakı şəhər dövlət xəstəxanalarının birinin poliklinika şöbəsində həkim – pediatr olaraq çalışıram. Sən demə taleyimə təkcə həkim kimi tanınmaq deyil, şeirlər müəllifi kimi də tanınmaq yazılıbmış.Həm həkim sənəti ilə, həm söz sənəti ilə insanların istər cismani, istər mənəvi sağlamlığının keşiyində durmaq xoş, qürurverici bir duyğudur.

Şeirlərinizi yəqin ki kirablarda cəmləmisiz… 

– Bu günə kimi üç şeir kitabım nəşr olunub. “Qəlbimdə bir dünya var”, “Yaradana xitab” adlı şeir kitablarım Azərbaycanda və “Qəlbimdə bir dünya var” şeir kitabımın Türkiyə türkcəsinə çevirisi Türkiyədə nəşr olunub.
Türkiyədə təqdimat da keçirildi və çox maraqla qarşılandı.Bundan ilhamlanaraq yazdığım şeirdən bir bənd söyləmək yəqin ki, yerinə düşər.

Bir millət, iki dövlət boşuna deyilməmiş,
Könlüm sevincdən coşdu, bu nə sevgi, bu nə hiss?!
Türklər məni bir övlad, baxdım bir qızı bilmiş,
Çox qürurluyam dostlar, mən də bir türk qızıyam,
Düşüncəmlə, şeirimlə türk ruhunun səsiyəm…

Vaxtaşırı şeirlərim istər burda, istər Türkiyədə antalogiyalarda, almanaxlarda da nəşr olunur.
Məni geniş oxucu kütləsinə tanıdan isə “face book” sosial şəbəkəsi olub. Bunu qeyd etməmək ədalətsislik olardı. Bu gün də burada yüzlərlə şeir sevər izləyicilərim var. Fürsətdən istifadə edib hər birinə ürəkdən təşəkkürümü bildirirəm.

-Şeirə baxış müxtəlifdir, fərdidir, bəs Mafilə Müntəzirin pəncərəsindən şeir necə görünür?                                             

Mənim şeirə pəncərəm 48 yaşımdan sonra açılıb. 4-5 ildir şeir yazıram. Amma çoxdur sayı. Dəqiq bilmirəm, təqribən 300-dən çox olduğunu deyə bilərəm. Mənim üçün şeir düşüncədir. Düşüncənin, ruhun, duyğuların ifadə formasıdır, danışan dilidir. Mən özümə şeirin sirrin hələ aça bilməmişəm. Gördüyüm bir yuxudan az sonra başlamışam şeir yazmağa. Necə olur yazıram özümə də tam aydın deyil. Amma mənim artıq könül həmdəmimdir, dərdlərimin, duyğularımın, düşüncələrimin tərcümanıdır. Heç vaxt mövzu fikirləşmirəm. Ruhuma, qəlbimə toxunan, təsir edən, duyğulandıran bir çiçək də, bir söz də, bir hadisə də anında şeir yazdırır.

– Mafilə xanımın şeirləri nə üçün əsasən qəmə köklənib?                             

Şeirlərim həyat hekayəmdir. Yəni həyatımdan, yaşadıqlarından qaynaqlanır. Bəlkə də şeir yazmasaydım, ürəyim qaldıra bilməzdi həyatın mənə olan acı sürprizlərini… Mən qəlbimlə çox danışan biriyəm. İçimdəki, qəlbimdəki mənlə hər an qarşılıqlı təmasdayam. Necə deyərlər,
“Bir mən vardır məndə, məndən içəri”… Hərdən düşünürəm, qəlbim nəhayət dil açdı, mənə ən gözəl avazla- şeirlə cavab verdi. Bəlkə də həyatım boyu axtardığım, tapmadığım mən elə şeirmiş. Nəhayət tapdım.

Özümü tapdım

Axtardığım məni tapdım,
Demə içimdə gizlənib.
Zaman-zaman sözə dönüb,
Könül evimdə səslənib.

Dedim: Çox gəzmişəm səni,
Dünya boyda böyük evdə.
Sən isə gizlənmisənmiş,
 Daşıdığım kiçik qəlbdə.

İndi mənim dostum da sən,
Candaşım da, sirdaşım da.
Nə yaxşı ki, gec də olsa,
Səni tapdım bu yaşımda.

-Qələminizin sizi belə düşündürdüyü sual hansıdır?                                         

– Mən misralar yox, şeirlər deyərdim. Birbaşa Türkiyə türkcəsiylə yaranan şeirlər. Necə olur yazıram, düşüncəmə bir başa türkiyə türkcəsiylə gəlir. Mənimçün də müəmmadır, və düşündürücüdür. Bu şeirlər də 10 – 15 dəqiqəyə yazılır çox zaman.Yenə də demək olar ki, sonradan heç bir dəyişiklik olmadan. Türk dostlara göndərirəm baxsınlar yanlışım haradadır. Bəzən qrammatik bir iki yazı səhvi olduğunu söylərlər. Hər şey o qədər axarında olur ki, bu cür şeirlər yazanda belə. Düşünürəm ki, axı, biz “Bir ananın iki oğlu, Bir amalın iki qolu…” olduğumuza görədir.

Ben kadınsam, ne ola ki, Er Türk’üm,
Sesi gürler, tükenmeyen sel Türk’üm,
Bir Türk kızı, Türk soyluyum, Gök Türk’üm,
Şanım yüce, kanım temiz, ruhum pak,
Türklüğe bir şan katayım, gel de bak!

– Nə vaxtsa qələminizi silaha çevirmisinizmi?                                     

– Şairin silahı elə qələmidir. Yeri gələndə sözlə, qələmlə döyüşür. Məncə, söz ən güclü silahdır. Bəlkə qələmdən çıxan bir fikir devrim edə bilər cəmiyyətdə. Dahilərimizdən H.Cavid, M.Ə.Sabir, M.F.Axundov, Mirzə Cəlil və başqaları qələmlərini silaha çevirib mübarizə aparmışlar.
Bəzən min qılıncın edə bilmədiyini, bir qələm etmişdir…

Millətim, torpağım, elim müqəddəs,
Uğrunda yaşayıb, ölən şairəm !
Yolum kəsə bilməz deyim ki, heç kəs,
Qələmlə daşları dələn şairəm !
Vətənim öl desə, ölən şairəm!

 -Bir həkim kimi deyə bilərsinizmi, söz yarasını nə ilə sağaltmaq olar?           

– Bu sualın ən kəsərli cavabını atalarımız verib. “Qılınc yarası sağalar, söz yarası sağalmaz”. Mən də bu fikirdəyəm. Nə həkim kimi, nə şair kimi bu yaranı sağaldan dərman bilmirəm. Bu mənim düşüncəmdir.Yaşadığım həyatın formalaşdırdığı düşüncədən çıxış edərək söyləyirəm. Çalışıram ki, həyatda heç kimə söz yarası vurmayım, bir şairə və ziyalı xanım olaraq da, insanlara demək istərdim ki, gəlin, sözü qəlbə yara deyil, qəlbə məlhəm kimi, işlədək. Yaşından, yaşadığından asılı olmayaraq, hər kəsin gözəl sözə ehtiyacı var. “Göz gördüyün yazır kor ola bilmir”…

-Mafilə xanım, sözün bitdiyi yer haradır?                                     

– Mən bu halı yaşamışam dəfələrlə. İnsanın içindən qırıldığı, cismi sağkən ruhunun öldüyü an. Gözləmədiyin insandan aldığın mənəvi zərbədən, hər hansı bir vəziyyəti, hadisəni heyrətindən izah edə bilməyəndə, sənə çox qiymətli bir insanı itirəndə bir anlıq özün bitib, tükəndiyin kimi sözün də bitir. Yaşadığın bu halı heç bir sözlə ifadə edə bilmirsən. Bəzən o dil-dil örtdüyün dilin belə təslim olur bu hadisə qarşısında və sən sadəcə susursan. Heç kimə deyə bilmədiklərin o hisslər qələmə üz tutur, misra olub ağ vərəqlər süzülür.

– “XXI əsrin əvvəlləri poeziyamız durğunluq dövrünü yaşayır” demək olarmı?                                                           

– XXI əsr çox dinamik bir əsrdir. Sanki zamanın sürəti artıb. Bu fonda bəlkə də durğun görünür poeziyamız. Doğrudur, böyük əsərlər çox yazılmır poeziya sahəsində. Amma şeirlər çox yazılır. Maraqlı, məzmunlu şeirlər var. Mən bir oxucu kimi deyirəm. Çünki bu sahədə təzəyəm. Mənim şeirlərim üçün deyilən söz, bildirilən fikir də mənə maraqlıdır.

-İtirilmis torpaqlarımız Mafilə Müntəzir qələmində öz əksini necə tapır?                                                               

– Təəssüf hissi ilə qeyd edim ki, çoxdur bu mövzuda şeirlərim. O cümlədən Şuşaya, Xocalıya, ümumiyyətlə, Qaqabağa həsr olunmuş şeirlərim var. Vətənpərvərlik mövzusu tez- tez müraciət etdiyim mövzudur. Ağrılı yerimiz, Qarabağımızdan necə yazmayım?.. Nəinki Azərbaycanımız, böyük anlamda vətənimiz olan Turan mövzusu ana xətt kimi keçir şeirlərimdə. Mən vətənimə, millətimə vurğun, çox sevən biriyəm. Qarabağ, vətən mənim sarı simimdir deyərdim.
Bir də yaradanımıza, Tanrımıza çox bağlıyam. Bu minvalla
İlahi şeirlərim də çoxdur. “Yaradana xitab” adlı kitabda toplanıb bu şeirlərim. Allaha, Yaradana böyük inam, sevgi məndə əzəli və əbədidir.

– Şeirlərinizin əsas mövzusu vətənə, torpağa və təbiətə məhəbbətdir. Bəs vətənə, təbiətə vurğun qəlbli xanım şairəmiz insana sevgini necə görür, bu mövzuda nə deyə bilərsiniz? 

– Bəli, vətənim başda olmaqla, xalqımı, fəsilləri sevirəm, ancaq ən ali hisslərdən biri də insanın insana olan sevgisidir.- Bəli, vətən başda olmaqla xalqa,təbiətə,yaradana  sevgi mən də daxil olmaqla çox insanın qəlbində yer alır.Amma ən ali hisslərdən biri də insana olan sevgidir,ən ali duyğu olan eşqdir.Dünya durduqca bitməyəcək bir hiss, duyğudur.

Bitərmi ülvi sevgi ?

Göylər yerə enəndə ,
Bitəcək ülvi sevgi .
Ney qalmışa dönəndə ,
Bitəcək ülvi sevgi .

Çiçək torpaq olanda ,
İnsan gül tək solanda ,
Dünya bomboş qalanda ,
Bitəcək ülvi sevgi .

Şeir , nəğmə bitəndən ,
Qələm düşüb itəndə ,
Ruhsuz qalan bədəndə ,
Bitəcək ülvi sevgi .

Göydən nur tək gəlibsə ,
Sevən qələbə enibsə ,
Böyük eşqə dönübsə ,
Bilərmi ülvi sevgi ?!

 – Qadın – bu ali varlıq şairə qələmində və qadın gözündə necə əks olunur?

– Mənim gözümdə qadın çox böyük varlıqdır. Dəyanətli, bilgili qadın sağlam cəmiyyətin qarantıdır. Eyni zamanda qəlbində incə, kövrək duyğular daşıyan zərif bir varlıqdır. Bu mövzuda da neçə – neçə şeirlərim var. “Qadın olmaq nə çətinmiş İlahi !”, “Qadın ürəyi”, “Qadınam” və s.
Qadın olmağın çətinliyi də var. Məncə, həm də şair kimi daha çoxdur. Hissləri, duyğuları tam ifadə etmək olmur. Yanlış anlaşılarsan deyə. Axı, bu duyğular Yaradan tərəfindən verilib. Susdurmaq, basdırmaq günahdır məncə.

Hissin qəlbdə, sözün dilində dustaq,
Qurtulmaqçun qalxıb göyəmi uçsaq?
Açıqlasan çoxu qərib baxacaq,
Qadın olmaq nə çətinmiş, İlahi !..

– “Umay” qadın klubunun missiyası cəmiyyətdə qadınları bir daha maarifləndirmək, qadın dəyərini artırmaq, qadın qüdrətini, mübarizliyini ictimaiyyətə çatdırmaqdır. Umaya ürək sözləriniz. 

– Missiyanız gözəldir, təqdirə layiqdir. Sizə uğurlar arzulayıram.Bu təşəbbüsünüz bir azərbaycanlı xanım olaraq məni çox sevindirdi. “Umay” qadın klubunda dəyərli, elmli, intellektual, maarifçi qadınların toplanacağına əminəm. Və sözsüz ki, cəmiyyətimiz üçün çox xeyirli olacaq. Yeri gəlmişkən, mənə də bir yaradıcı qadın kimi dəyər verib portalınızın səhifəsində cəmiyyətə, oxuculara təqdim etdiyiniz üçün səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Mürsəlova Mafilə Əlisa qızı ( həkim-şairə Mafilə Müntəzir ). Azərbaycanda doğulmuş, Azərbaycan Tibb Universitetini bitirmişdir. Hal – hazırda Bakı şəhər, dövlət xəstəxanasında həkim- pediatr vəzifəsində çalışır. Şeirləri mətbuatda, bir sıra almanaxlarda nəşr olunub.”Qəlbimdə bir dünya var” və “Yaradana xitab” adlı şeirlər kitabı Azərbaycanda, Türkiyə türkcəsinə çevrilmiş “Kalbimde bir dünya var” adlı kitabı Türkiyədə nəşr olunmuşdur. Şeirlərini Azərbaycan və Türkiyə türkcəsiylə yazır.

Aynur Turan

Şərh yoxdur

şərhini yaz