a
Hava:
24 C
clear sky
Baku
humidity: 41%
wind: 4 m/s S
H24 • L24
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıÖmrünü xalqına sərf edən qadın -Həmidə Cavanşir

Ömrünü xalqına sərf edən qadın -Həmidə Cavanşir

  Qadınlar yer üzünə bəxş olunmuş ən üstün varlıqlardır. Nə qədər zərif görünsələr də, bir o qədər güclü və dözümlüdürlər.

   Azərbaycan xalqının tarixində son 200 il ictimai-siyasi, mədəni dəyişikliklərin baş verməsi ilə yadda qalmışdır. Azərbaycan qadını öz hüquqları uğrunda mübarizəsini davam etdirmiş, təhsil, maarifçilik və xeyriyyəçilik kimi mənəvi, həm də mədəni irsi yaratmış, müasir dövrə çatmışdır. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan qadınları bir çox sahələrlə yanaşı, savadsızlığın aradan qaldırılmasına da dəstək vermişdilər. Qadın öz üzərinə götürdüyü sosial məsuliyyətin öhdəsindən həmişə layiqincə gəlmişdir. Azərbaycan qadını vətənə və ailə dəyərlərinə bağlıdır və biz bunu tariximizin bütün dövrlərində müşahidə edirik. Yüksək təhsilli qadın, kiçik dövlət sayılan ailənin başçısı, övladları üçün böyük dayaq və uğurların təminatçısıdır. Bu səbəbdən H.Z.Tağıyev, M.Muxtarov, H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Hüseynzadə və digərləri gələcək nəsilləri yetişdirən Azərbaycan gənc qızlarını və qadınlarını dünyəvi təhsilli görmək istəyirdilər.

Günümüzü  quran qadınlarını saymaqla bitməz. Onlar, elm, siyasət, ədəbiyyat, tibb, ümumilikdə tərəqqi qalasına  hər gün yeni bir kərpic qoyub, Azərbaycan adlı müqəddəs məmləkəti ucaya qaldırmaqdadılar. Öz dövrünün və ümumiyyətlə bütün dövrlərin mübariz qadınlarından biri də Həmidə Cavanşir-Məmmədquluzadədir.

 Həmidə xanım Əhməd bəy qızı (1873-1955)– Azərbaycanın ilk maarifçi qadınlarındandır.

“Molla Nəsrəddin” jurnalının nəşrində, onun səhifələrində qadın azadlığı məsələlərinin işıqlandırılmasında rolu böyükdür. C.Məmmədquluzadənin Cənubi Azərbaycana səfəri zamanı da o, ədibin ən yaxşı köməkçi olmuşdur.

Sovet hakimiyyətinin ilk illərində Həmidə xanım Kəhrizlidə yaşamış, bəy nəslindən olduğu üçün ciddi çətinliklərlə üzləşmişdi. Onun torpaqları əlindən alınmış və səsvermə hüququndan məhrum edilmişdir. Nəhayət, birdəfəlik Bakıya köçən Mirzə Cəlil həyatının qalan hissəsini burada yaşamışdır. Mirzənin vəfatından sonra, o, böyük ədibin həyat və fəaliyyətinin öyrənilməsi, yaradıcılığının təbliği, ədəbi irsinin tərcüməsi və nəşri məsələləri ilə məşğul olmuşdur. Atası Əhməd bəy Cavanşir, Mirzə Cəlil və M.Ə.Sabir haqqında xatirələr yazmış, Azərbaycan yazıçılarının əsərlərini, o cümlədən bir sıra hekayələrini tərcümə etmişdir.

Həmidə xanım Cavanşir ədəbiyyatçı – folklorşünas kimi də fəaliyyət göstərmiş, Azərbaycan xalq ədəbiyyatı nümunələrinin, tarixi sahəsində mühüm işlər görmüşdür.

Bakıda Fəxri xiyabanda, Cəlil Məmmədquluzadənin yanında dəfn edilmişdir.

                           Həyatı

       Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi Qarabağnamədən ən məşhurunu — Qarabağ xanlığının siyasi vəziyyətinə dair əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə  Qeyrət mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz  ot kökü üstə bitərməsəli ilə tam uyğun gəlir. Belə bir alicənab şəxsin evində doğulan övlad kimi Həmidə xanım öz təhsili, intellekti və dünyagörüşü ilə təbii ki, digər xanımlardan xeyli dərəcədə fərqlənirdi. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, Molla Nəsrəddinin isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdi.

    Bu iki işıqlı insan birlikdə dövrünün ən çətin zamanında nadanlıqla mübarizə aparmış, öz amallarından dönməmiş, bir-birinə dayaq olmuşlar. Ən əsası isə bizəMolla Nəsrəddin” boyda mədəni irs yadigar qoymuşlar. Hətta Həmidə xanım özünün 70-dən çox 12 vərəqli dəftərə yazdığı və çapı qadağan edilən “Xatirələrim” adlı əsərində Qarabağın o dövrkü vəziyyəti, atası böyük maarifçi Əhməd bəy Cavanşir, ömür yoldaşı Mirzə Cəlilin həyatı və yaradıcılığını, “Molla Nəsrəddin” in Təbriz həyatını, ətrafındakı böyük insanların hekayətlərini gələcək nəsillərə ötürmək istəmişdi. Bu əsərin çapının qadağan edilməsinə səbəb Həmidə xanımın Mir Cəfər Bağırovun istəyi ilə həmin əsərdə Qarabağdakı bolşevik fəaliyyətindən yazmaması olub. Onun bu istəyə cavabı isə belə olur: “Mən görmədiklərimi yaza bilmərəm”.

Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.

Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: “Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim”. Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi”. Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

   Kəhrizli kəndində dünyaya gələn və Azərbaycanın ilk maarifçi qadınlarından biri hesab edilən Həmidə xanım tarixçi Əhməd bəy Cavanşirin qızı idi. Əhməd bəy Cavanşir kimi ziyalının ailəsində dünyaya gələn bu xanım Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına atası qədər can yandırmış, böyük töhfələr vermişdir.

Bütün bunlarla yanaşı, demək olar ki, bütün Qarabağ əhalisinə çoxsaylı yardımlar edən, əl uzadan, arxa duran Həmidə xanım buna görə bəlkə də bütün həyatı boyu çətinliklərlə mübarizə aparmalı olmuşdur.

Kəndə iki kəhriz çəkdirən Həmidə xanım ona müraciət edən heç kəsi naümid qoymurdu. O, Novruz bayramında böyük el şənliyi qurar, hər kəsə bayram sovqatı paylayardı. Qurban bayramında da hər bir ailənin payı hökmən verilirdi. Hər zaman əhalinin ümid yeri olan Həmidə xanım Cavanşir çəkinmədən öz varidatını el-obasının əhalisi yolunda xərcləyib. Bölgədə xəstəliklər kütləvi yayılanda isə özü şəxsən kəndin körpələrini faytonu ilə mərkəzə aparıb, onlara peyvənd vurduraraq sağalmalarını təmin edib.

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və özü də burada dərs deyib. O, xatirələrindəyazırdı ki, “kənddə oğlanlarla qızların bir yerdə oxuduğu məktəb açmaq atamın mənə vəsiyyəti idi”. Həmidə xanım qadınların problemlərinin həllinə, onların savadlanmasına xüsusi səy göstərib, hətta gəlin köçən qızlara da cehizlik hədiyyələr ayırıb. Bu xeyriyyəçi xanımın yardımlarına dövrünün məşhur milyonçusu Hacı Zeynalabdin Tağıyev və ictimai xadim, siyasətçi Əhməd bəy Ağaoğlu da dəstək olublar.

1905-ci ildə Qarabağda qıtlıq zamanı Həmidə xanım müsəlman kəndləri ilə yanaşı, ac erməni kəndlərinə də yardım edirdi. Axı bu xeyirxah insan nə bilərdi ki, ermənilər Qarabağa belə dönük çıxa, bu torpaqlarda gözləri ola. Vəhşiliklərindən geri qalmayan ermənilər bu yaxşılığın əvəzində onlara ac vaxtı yardım aparan kəndləri yandırıb məhv etdilər.

Bu böyük qəlbli xanım həm də o dövrün yardım ehtiyacı olan ziyalılarının da problemlərini həll edib.

Təbii ki, Həmidə xanımın el-obası üçün etdiyi yaxşılıqları yüksək qiymətləndirir və qürurla sadalayırıq. Ancaq bu xeyriyyəçi qadın həm də təhsilli olduğu üçün anlayırdı ki, bütöv bir xalqın yüksəlişi elmlə, savadla, təhsillə, ədəbiyyat və mədəniyyətlə mümkündür. O həm də nadanlığa, cahilliyə, savadsızlığa qarşı mübarizədə qabaqcıl maarifçilik flaqmanı olan  “Molla Nəsrəddin” in xeyirxah himayədarı olmuşdur. O, bütün varidatını, sərvətini jurnalın və həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edib. Bu jurnal xalqın mədəni və ictimai intibahında mühüm amil olub. Bu nailiyyətlərin müəllifi olan Mirzə Cəlil daim vurğulayıb ki, onun uğurlarında Həmidə xanım Cavanşirin böyük payı var.

Ölkəmizdə sovetlər dönəmində, xüsusilə müstəqillik illərində Həmidə xanımın həyat və fəaliyyətinin tədqiq olunması istiqamətində mühüm addımlar atılıb. Lakin akademik İsa Həbibbəylinin dediyi kimi, bu fədakar qadının çoxşaxəli fəaliyyətinin hərtərəfli öyrənilməsinə hələ də böyük ehtiyac vardır. Son vaxtlar bir çox alimlər, tədqiqatçılar tərəfindən bununla əlaqədar olaraq müəyyən araşdırmalar aparılır, kitablar, məqalələr dərc olunur. Pedaqogika üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfovun Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə nəşr etdirdiyi “Həmidə xanım Məmmədquluzadənin maarifçilik fəaliyyəti” adlı kitabı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. “Şuşa mədəni-maarif məktəbi”, “Gövhərağa Cavanşirin maarifçilik fəaliyyəti”, “Qarabağda kitabxana işinin tarixi”, “Cocuq Mərcanlı məscidi: İslamı dəyərlərə töhfəvə sair kimi maraqlı əsərlərin müəllifi olan Ə.Nəcəfov sözügedən kitabında Həmidə xanım Məmmədquluzadənin həyata keçirdiyi geniş maarifçilik işlərinin yeni bir baxışla işıqlandırılmasına çalışıb.

Yüksək intellektə malik ziyalı olan Həmidə xanım 1912-ci ildə Tiflisdə keçirilən Zaqafqaziya pambıqçılarının qurultayında Qarabağ bölgəsinin o zamankı bütün problemlərini cəsarətlə dilə gətirib, onların həlli yollarını göstərib. Qeyd edildiyi kimi, böyük demokrat Mirzə Cəlil ilə ailə qurması Həmidə xanımın həyatında xüsusi bir önəm daşıyıb. O, Mirzə Cəlil ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti illərində dövlət müstəqilliyimizin fəal iştirakçısı olub, mühüm maarifçilik işləri həyata keçirib, əhalinin, xüsusilə qızların təhsil almasını daim diqqət mərkəzində saxlayıb. Bu da sonrakı illərdə öz yüksək nəticələrini verib.

Həmidə xanım 1918-1920-ci illərdə erməni cəlladlarının ölkəmizin hər yerində soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə, kütləvi qırğınlara kəskin mövqeyini nümayiş etdirib. O, öz silahlı atlı dəstəsi ilə Əsgəran qalasını yarıb keçərək, Şuşaya yardım göstərilməsinə nail olub. Əsərdə haqlı olaraq göstərildiyi kimi, Azərbaycan ədəbiyyatına diqqət və qayğı Həmidə xanım Cavanşirin maarifçilik fəaliyyətində xüsusi bir yer tutub. Atası Əhməd bəyin əsərlərini toplayıb, Tiflisdə kitab şəklində çap etdirməsi, “Molla Nəsrəddin” jurnalının nəşrinə, onun əməkdaşlarına, yazarlara göstərdiyi maddi və mənəvi yardımlar, sonralar Mirzə Cəlil və Mir Cəlalın əsərlərinin rus dilinə tərcümə edərək çap etdirməsi bunu aydın göstərir. Həmidə xanımın görkəmli ziyalılar, Mirzə Cəlil və digər “Molla Nəsrəddin”çi şair və yazıçılar haqqında qələmə aldığı xatirələr də bu gün yüksək əhəmiyyətə malikdir. Onun “Xatirələrim” adlı kitabı Azərbaycan memuar ədəbiyyatının ən qiymətli nümunələrindən hesab olunur. Ə.Nəcəfov “Həmidə xanım Məmmədquluzadənin maarifçilik fəaliyyəti” adlı kitabında çox vacib tarixi məqamlara toxunub, tutarlı faktlarla Həmidə xanım Məmmədquluzadənin həyat və fəaliyyəti haqqında bilgilərimizi daha da zənginləşdirib. Tədqiqat əsəri bu səbəbdən də geniş oxucu auditoriyasının, mütəxəssislərin diqqətini çəkib.

Həmidə Məmmədquluzadə dövrünün tələbi ilə Azərbaycan ədəbiyyatı  və maarifçiliyi qarşısında böyük xidmətlər göstərən, öz sahəsində durmadan işləyib, xalqa, vətənə səmərəli töhfələr verərək böyük təsir göstərib.

Maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə adını Azərbaycan ictimai fikir tarixinə həkk edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə XIX yüzilin sonu, XX yüzilin birinci yarısında xalqımızın milli-mədəni inkişafında ciddi xidmətləri olan xanım aydınlardandır.

   Azərbaycan tarixində ilk məruzəçi qadın kimi də xatırlanan Həmidə xanım Cavanşir-Məmmədquluzadə hər zaman ədəbiyyat və mədəniyyətimizin nümayəndələrinə xüsusi həssaslıqla yanaşmışdır. Həmidə xanım Cavanşir-Məmmədquluzadənin xeyirxahlığı, insanpərvərliyi ilə bağlı faktlar yetərincə çoxdur.

Həmidə xanım Kəhrizli kəndində tibb məntəqəsi, toxuculuq emalatxanası, 1909-cu ildə isə Mirzə Cəlilin iştirak və köməyi ilə 30 oğlan və 10 qızın oxuduğu məktəb açmışdır. Həmidə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin ( 1906-1907) yaradıcılarından idi. 1912-ci  ildə o, Zaqafqaziya pambıqçılarının 13-cü qurultayında çıxış edərək təsərrüfatın bu sahəsinin inkişaf etdirilməsi üçün faydalı təkliflər irəli sürmüşdür.

Evliliklərinin ilk illərində Həmidə xanıma çatdırırlar ki, epidemiya Qarabağ uşaqlarının axırına çıxmaqdadır. O, peyvəndlə bağlı bir çox tibbi və maddi ehtiyat tədarükünə başlamaqla bərabər, xəstəliklərə qarşı “türkəçarə” likdən savayı heç bir çarə bilməyən anaları maarifləndirməkçün bir məruzə də hazırlamağa başlayır. Bunun daha təsirli və korrekt çıxması üçün ərinə (bir az da çəkinə-çəkinə) müraciət edir. İşləri başından aşan Mirzə Cəlil isə (bu xahişi can-başla yerinə yetirsə də), sonda Həmidə xanımın: “Mirzə, hazırdırmı?” sualına özünəməxsus yumorla cavab verir: “Hazırdır e, amma… arvad nədir, “doklad” nədir?..”

Həmidə xanım həm də alovlu bir vətənpərvər, türkçülük aşiqi idi. Hətta türkçülük haqqında bəhs etməyin təhlükəli olduğu vaxtlarda o, xatirələrində Nuru Paşadan bəhs edirdi. O, yazırdı: “Təqribən mayın ortalarında Mirzə Cəlil adəti üzrə Ağdama getdi. Axşamçağı isə evə tanımadağımız bir gənclə qayıtdı. Sən demə, bu, Nuru Paşa imiş. Cəlil onunla Ağdamda tanış olmuşdu. Sözarası paşa ona demişdi ki, iki aydır istirahət görmür, çox yorğundur. Paşa çox istəyirmiş ki, hardasa bir az dincəlsin. Belə də Mirzə Cəlil paşanı kəndə dincəlməyə dəvət edir və onlar birlikdə gəlirlər. Nəhayət, söz-söhbət dolaşdı ki, türklər gəlirlər. Türklər ölkədə nizam-intizam yaratmaq və Şuşa yolunu açmaq üçün gəlirdilər. Hər kəs türklərin gəlişini gözləyir və Şuşada böyük bişavaz tədbirləri görülürdü. Şəhər bəzədilmiş, qala qapılarının girəcəyində bir neçə zəfər tağı bəzədilmişdi. Bu zəfər tağlarından birini Şuşa qadınları adından mən ucaltmışdım. Ağ kəlağayımın üzərinə tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şuar yazmışdım: “Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan Ana–Şərq istiqlal qazanacaq”!

Həmidə xanım səriştəli pedaqoq kimi də xalqın sevimlisi olmuşdu. O, 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına açdığı məktəbdə dərs deyir, yeni savadlı nəsillərin yetişməsinə əmək sərf edirdi; lakin sovet hakimiyyətinin qurulması bir çox zadəgan ailələrinin nümayəndələri kimi, Həmidə xanımın da həyatına zərbələr vurdu. Onun doğma kəndindəki ata-babadan qalma torpaqları müsadirə olundu, zadəgan əsilli olduğundan səsvermə hüququ əlindən alındı. Bu səbəbdən Bakıya köçməyə məcbur qalan Həmidə xanım, ömrünün sonunadək burada yaşamalı oldu.

 O, Cəlil Məmmədquluzadənin vəfatından sonra da ictimai fəallığına davam etmiş, Azərbaycanın ədəbi-mədəni həyatında fəal mövqe tutmuşdu. Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, həyat yoldaşının əsərlərini tərcümə etmiş, ədiblə, bağlı dəyərli “Xatirələrim” kitabını yazıb nəşr etdirmişdi. Bu kitab həm də onun yazıçı-publisist istedadının bariz göstəricisi idi. O, eyni zamanda xalq yaradıcılığı nümunələrinin böyük hissəsini toplamış folklorçu kimi də ədəbiyyat tariximiz üçün mühüm işlər görüb.

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1955-ci il 6 fevral tarixində vəfat etmiş, Fəxri Xiyabanda mənəvi dayağı olduğu ömür-gün yoldaşı Cəlil Məmmədquluzadənin məzarının yanında dəfn olunmuşdur. O, 82 illik ömrünü şam kimi vətənin xoşbəxt sabahları uğrunda yandırdı. Lakin geriyə xatirələrdə yaşayan və hər zaman haqqında danışılacaq ibrətamiz həyat hekayəsi qaldı.Vətən də bu nəcib xanım aydınının xidmətlərini unutmadı, adını əbədiləşdirdi, örnək ömür yolunu, gördüyü işləri bir-birindən dəyərli kitablarda, tədqiqatlarda tarixləşdirdi. Fəaliyyəti haqqında monoqrafiya və dissertasiyalar yazıldı, ABŞ-da yaşayan alim, əslən Güney Azərbaycandan olan Dr.Həsən Cavadi xatirələrini ingiliscəyə çevirdi. Bu gün Ağcabədi rayonunun Kəhrizli kəndində – doğulub-böyüdüyü, Mirzə Cəlillə də ən xoşbəxt günlərini yaşadığı 4 otaqlı evin muzey kimi fəaliyyət göstərməsi, ondan yadigar qalan əl işləri, tikmələr, məişət əşyaları, ailə fotoarxivi və əlyazmaların qorunub saxlanması, Bakının Sabunçu rayonunun küçələrindən birənə adının verilməsi Qarabağın xeyirxahlıq mələyinə dövlət qayğısının və xalq sevgisinin təzahürüdür.

Bir də öz sərvətindən keçərək himayədar olduğu və bizlərə miras qoyduğu “Molla Nəsrəddin”. Rahat uyu, ey amalı Vətənin işıqlı istiqbalı olan Həmidə xanım Cavanşir! Min illər keçsə də, bu xalqın övladları hər zaman xalqın üçün döyünən ürəyinin səsini duyacaq və sənin yolunla gedəcək.
Aynur Turan

11

etiketlər
Şərh yoxdur

şərhini yaz