a
Hava:
13 C
light intensity shower rain
Baku
humidity: 88%
wind: 7 m/s NW
H13 • L13
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıMəhsəti Gəncəvi -xanım, mübariz, haqq, ədalət, sevda yolçusu

Məhsəti Gəncəvi -xanım, mübariz, haqq, ədalət, sevda yolçusu

Məhsəti Gəncəvi -xanım, mübariz, haqq, ədalət, sevda yolçusu

Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.

Azərbaycan qadın şairlərinin yaradıcılığının müqəddəs idealı olmuşdur. Qadın şairlərimiz öz duyğularını,hisslərini şeirin dili ilə əbədiləşdirərək, ürəklərinin şeirə dönmüş döyüntülərini yadigar qoyub getmişdir. Bu
xəzinəni yaradan nümayəndələrdən biri olan Məhsəti Gəncəvi XI-XII əsrlərdə yaşamış Azərbaycan intibahının parlaq nümayəndəsi və həqiqəti olmuşdur. Məhsəti doqquz yüz il bundan öncə yanar düşüncəsi və mübariz qələmi ilə öz sözünü deyən sənətkardır. Bəli, şeirimizin Məhsəti adlı bir gözəl xanımı, bir şux gəlini var ki, o, ən aydın həqiqət, ən sevimli, ən əbədi varlıqdır. Məhsəti şöhrətinin, Məhsəti fəthlərinin fəzaları hüdudsuzdur. M.Gəncəvinin cüng və təzkirələri bəzəyərək dillərdə gəzən, titrək bir qəlbin çırpıntılarını əks etdirən şeirləri, rübailəri, qəzəlləri xalqın qəlbinə yol tapmış, dildən-dilə,nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatmışdır. Bu gün Məhsətinin danışdığı dillərin sayı çoxdur. İndi onun rübailəri dünyanın bütün tanınmış dillərində nəşr olunur. Bəli, şairənin poetik yadigarlarının sərhədi getdikcə böyüyür. Araşdırmalardan məlum olur ki, XII yüzildə dünyanın heç bir xalqının ədəbiyyatında Məhsəti qüdrətli, Məhsəti səviyyəli və Məhsəti istedadlı bir qadın şair görünmür. Bəli, Məhsəti Gəncəvi yalnız Şərqin deyil, bütün dünya ədəbiyyatının bəzəyidir. Məhsəti Gəncəvinin ən böyük nailiyyəti, bir ömür bahasına qazandığı ən başlıca xoşbəxtliyi onun şairə olaraq əbədi dirilik, ölməzlik qazanmasıdır. Onun yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapmış, sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərmişdir. M.Gəncəvi ədəbiyyatda humanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilmişdir. Məhsətinin zahirən kiçik görünən poetik irsinin daxili üfüqləri hüdudsuzdur. Məhsəti poeziyamızda azad fikirliyin ilk carçılarındandır. O, Azərbaycan poeziyasında şəhraşub (Şəhrəngiz) poetik janrının gözəl mümunələrini yaratmışdır. Bəli, Məhsəti Gəncəvi ən müqtədir, ən sevgili şairələrimizdəndir.

Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilmişdir. 9 əsrdən çoxdur Məhsətinin hər biri çiçək kimi sevimli, həyat şövqü ilə dolu rübailəri nəsil-nəsil insanlarımızın zövqünü oxşayır, ruhunu təzələyir. Məhsəti şeirləri, xüsusilə fəlsəfi dərinliyi ilə seçilən rübailəri ilə oxucularda həyata məhəbbət oyadır, onları nikbinliyə, dünyanın gözəlliklərindən ilham almağa çağırır. Keçmişin, indinin və gələcəyin şairi Məhsəti Məhsəti xanım Azərbaycan ədəbiyyatının çiçəkləndiyi bir dövrdə yaşamışdır. Bu dövrdə Nizami, Xaqani kimi dahi sənətkarlar yetişmiş, Mücrəddin, Əbül -Üla kimi şairlər yazıb-yaratmışlar. Təqribən 1113-cü ildə (bəzi mənbələrə görə 1089) Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində dünyaya göz açmış Məhsəti, uzun və səmərəli ömür sürmüş, müasiri dahi Nizami kimi mükəmməl təhsil almış, poeziya, fəlsəfə, musiqi, şahmat və başqa sahələrdə dövrünün kişi sənətkarlarından heç də geri qalmamışdır. Onun müxtəlif  qaynaqlardan toplanmış 200-dən artıq rübaisi Orta əsrlər Azərbaycan renessansının klassik örnəkləri cərgəsində özünə əbədi yer tutmuşdur. Mütəfəkkir şairənin əsərləri əsrlər sonra da aktualdır, sevilə-sevilə oxunur. O, şeirləri, xüsusilə fəlsəfi dərinliyi ilə seçilən rübailəri ilə oxucularda həyata məhəbbət oyadır, onları nikbinliyə, dünyanın gözəlliklərindən ilham almağa çağırır. M.Gəncəvi xalqını tərk- dünyalıqdan, zahidlik və vaxtı keçmiş adət-ənənələrdən uzaq olmağa səsləyir. Məhsətinin tarixi şəxsiyyət olması, Ömər Xəyyamdan əvvəl və yaxud da sonra yaşaması haqqında bəzi məlumatlar var. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının müqəddiməsində, sufi şair olan Fəridəddin Əttarın “İlahinamə” əsərində də Məhsətininin adı çəkilmişdir. İlk dəfə Mirabbas Mirbağırzadə XX əsrin 20-30-cu illərində Məhsətidən söhbət açmış və bildirmişdir ki, şairənin anadan olma tarixi məhz “Əmir Əhməd və Məhsəti” dastanında verilmişdir. Rafael Hüseynov yazır: “Məhsətinin şeirlərini oxuduqca sezirsən ki, bu səs qadın səsidir… Mən qadınam və mən də duymağa, sevməyə, nifrət etməyə, öz sözümü deməyə layiqəm. Və həm də qadirəm”. Bu səsdə, bu nəfəsdə qadın şəxsiyyətinin, qadın ləyaqətinin, istedadının ucalığının sönməz alovunu, məşəlini görürük. Şairənin müəmmalar zəncirini xatırladan həyat və yaradıcılığını izləyən Rafael Hüseynov onun xəyal, mif, əfsanə olması barəsindəki yanlış qənaətləri, dolaşıqlıqları elmi cəhətdən araşdırıb Məhsətinin gerçək şəxsiyyət olması haqqındakı həqiqəti üzə çıxarmışdır. Məhsəti surətinə müraciət edən rəssamlarımız, heykəltəraşlarımız öz düşündükləri kimi bu obrazı yaratmışlar.

XII əsrdə yaşayıb – yaratmış Məhsəti və müasirlərinin ədəbi irsi o vaxtdan indiyədək yalnız bədii sözə məftun olan, onu oxumaqdan, dinləməkdən, əzbərləməkdən zövq alanları deyil, şeirşünasları, ədəbiyyat tarixçiləri və nəzəriyyəçilərini də daim cazibəsində saxlayıb. Məhsəti irsini sevimli edən, bu irsə müasirlik qazandıran cəhətlər şairənin poetik irsindəki əsas istiqamətlərin məhəbbət lirikası, sosial motivlər, fəlsəfi düşüncələr, xalq gülüş mədəniyyətinin inikasının olmasıdır. Məhsəti irsi rübailər toplusu deyil, bir düşüncədən, vahid poetik üslubdan doğan ədəbi hadisədir. M.Gəncəvinin tərcümeyi-halı şeirləridir. Şairə ən çox sevilən, ən çox mübahisələr doğuran və ən az öyrənilmiş söz ustalarındandır.
Məhsəti Şərq poeziyasına bir səhər mehi kimi gəldi. Onun şeir nəfəsi təmiz, ətirli olub, ürəkdən qopub ürəklərə hopurdu. O, poeziyamızda azadfikirliliyin ilk carçılarındandır. Şəhər həyatının, şəhər mədəniyyətinin əsasını təşkil edən sənət və peşə sahiblərini klassik şeirimizdə Məhsəti səmimiyyəti və Məhsəti qüdrəti ilə öyən ikinci sənətkar yoxdur. Məhsəti Gəncəvi o sənətkarlarımızdandır ki, poetik yadigarlarının bəxtinə sərhədlərdən çıxmaq, ölkələr aşmaq və hər yerdə qonaq kimi deyil, doğma kimi qarşılanmaq düşür. Orta əsrlərdə, qadın hüquqlarının olmadığı bir dövrdə Məhsəti kimi istedadlı şairənin yetişməsi təsadüfi deyildir. Əldə olan şeirləri göstərir ki, o yaxşı təhsil almış, ərəb, fars dillərini öyrənmiş, şərq poetikasının incəliklərini mükəmməl bilmişdir. Məhsətinin həyatı,şəxsiyyəti barədə mənbələrdə dəqiq məlumat yoxdur.
Şairə haqqında ancaq əsərlərindən gətirilən nümunələr əsasında fikir söyləmək olar. Bu da ondan irəli gəlir ki, orta əsrlərdə qadının şeir yazmağı qəbahət sayılmışdır.

Məhsəti şairənin təxəllüsüdür. Məh sözü ay və böyük mənasındadır. Siti burada xanım mənasında işlədilmişdir. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk
görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb. Şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Məhsəti Gəncəvi – XII əsrdə yaşamış mənşəcə Azərbaycan türklərindən olan şairə, sufi Əxi təriqətinin üzvü olmuşdur. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir. Onun şerlərində şərab və eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şeirlər silsiləsi daha çox məşhurdur: Məhsəti xanımın tərcümeyi-halında qəti müəyyənləşmiş səhifələr olduqca azdır. Şairənin yaradıcılığı və həyatı ilə bağlı faktlar R. Hüseynovun şairəyə böyük məhəbbətlə və yüksək peşəkar ustalıqla qələmə aldığı “Məhsəti necə varsa” kitabında toplanmışdır. Məhsətinin əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki, “to, meh-həsti” (yəni, “sən hamıdan böyüksən”). Və guya “meh-həsti”-“məhsəti” yə çevrilib, onun təxəllüsü olur. Abbasqulu ağa Bakıxanovun “Gülistani-İrəm” əsərinin “Nəticə” adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, “Məhsəti” “mah” və “səti” olmaqla iki sözdən ibərətdir və “böyük xanım” anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən,bu ad “Mah” və “səti” (Ay xanım) sözlərindən düzəlib. (Nizami Gəncəvinin Məhin Banusu, Xosrov və Şirin də bunun analoqudur).

Orta əsrlər şəraitində, qadının hüquqlarının məhdudlaşdırdığı bir dövrdə Məhsəti Gəncəvi kimi istedadlı şairənin yetişməsi xüsusi əhəmiyyət kəsb edirdi. Bu ümumi mədəni səviyyənin, baxışlarda yaranan
yeniliyin, azadfikirliliyin əlamətlərindən idi. Məhsəti  kimi bir qadın sənətkar birdən-birə yetişə bilməzdi. Bunun üçün müəyyən zəmin olmalı idi. Məhsətinin əldə olan şeirləri göstərir ki, o, yaxşı təhsil almış, ərəb və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatı incəliklərini mükəmməl bilmişdir. Onun əsərlərində işlənilən bədii vasitələr aydın şəkildə göstərir ki, Məhsəti yüksək istedad və incə zövqlə yanaşı, dərin mütaliəyə malik olmuşdur. Düzdür, Məhsətinin həyatı, şəxsiyyəti, təhsili haqqında mənbələrdə dəqiq, ətraflı məlumat yoxdur. Şairə haqqında ancaq əsərlərindən əldə olan nümunələrə əsaslanıb müəyyən fikirlər irəli sürmək olar. Bu ondan irəli gəlir ki, orta əsrlər şəraitində qadının şeir yazmağını qəbahət saymış, onun haqqında danışmağı məqbul hesab etmişlər. Məhsəti intibah dövründə Azərbaycan ədəbiyyatının asimanında öz yeri olan, gözə tez çarpan parlaq ulduzlardan biridir. Məhsətinin Nigar Rəfibəyli tərəfindən ustalıqla Azərbaycan türkcəsinə çevirilmiş rübailəri oxucular tərəfindən rəğbətlə qarşılanmış, dönə-dönə çapdan çıxmışdır. Bəli, XI əsrin sonu – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi mədəniyyətimizin intibahının parlaq nümayəndəsi olub. Bu gün dünyada bizi – Azərbaycanı həm də Məhsətiyə görə tanıyırlar. Məhsəti Gəncəvi ölməz sənəti ilə bütöv Azərbaycanda özünə abidə ucaldıb. Təsəvvürümüzə sığmayacaq qədər nəhəng zamanlar boyu Məhsətinin adı və şeirləri illərimizi aydınladacaq, köhnəlməyən gerçəkləriylə köhnə dünyaya hayan olacaq. Millətinə bağışladığı bu əbədi birincilik və o birinciliyin gətirdiyi milli iftixar duyğusu Gəncəli Məhsətini həmişə gənc edəcək!
Aynur Turan

Şərh yoxdur

şərhini yaz