a
Hava:
20 C
clear sky
Baku
humidity: 52%
wind: 4 m/s SSE
H20 • L20
HomeKateqoriyasızAna – Şair və yazıçı qələmində

Ana – Şair və yazıçı qələmində

Ana – Şair və yazıçı qələmində

Deyirlər ki, ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar

min-min arzunun səsidir. Bəlkə də, ona görə bəşər var olan gündən ananın ünvanına həmişə xoş sözlər

ünvanlanıb. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun ismi ilə «Ana vətən» adlandırırlar.

Şifahi xalq ədəbiyyatında, folklor nümunələrində, dastanlarda, bayatılarda, el nəğmələrində ana olduqca

müqəddəs bir varlıq kimi vəsf olunub.

Ana haqqında yazılan şeirlərin, hekayə və povestlərin siyahısını tutsaq o qədər geniş bir mündəricə ilə

rastlaşarıq ki… Çünki əli qələm tutan hər kəs sanki anaya olan borcunu qəlbindən gələn lətafətli sözlərlə

qaytarmaq istəyib.

Ana adı çəkilən kimi hər kəsin ürəyindən xəfif bir həsrət keçir. Yaşından-başından asılı olmayaraq, laylalı

günlərinə qayıdırsan. Ananın birinci rəmzi, onun iç dünyasını açan, portretini yaradan şirin laylalarıdır. Elə

bizim muğamatımızın da, segahımızın da ilk notları ana laylalarından su içib. Gecənin sübhə qarışan o uzun

və nəğməli yolu ana laylasıdır. Elə bir bəstəkar, elə bir musiqiçi yoxdur ki, onun ana laylası tək möhtəşəm

bir əsəri olsun?! Bütün mahnılardan artıq sevdiyimiz şirin bir nəğmədir ana laylası! Səsi ruhumuzu oyadar.

Sanki bir rəssam fırçası ilə həyatın rəsmini çəkib ana laylası! Şair Əli Vəkilin qəribə bir epiteti var: «İlk ana

laylası Həvvadan yadigar qalan ana laylasıdır! «Bəlkə də, buna görə ondakı şirinliyi, lətafəti ifadə etmək

üçün yetər ki, ürəklə deyəsən: «Ən şirin, ətirli bal dünyanın ana laylasıdır, ana laylası!» İlk dil açanda da

«ana» deyirik, dünyanı tərk edəndə də son kəlməmiz «ana» olur. Ən ağrılı halımızda da «ana» çağırır,

sevinəndə gözlərimiz o müqəddəs varlığı axtarır. Laylalar bizim ilk eşqimiz, fəxrimiz, qürurumuzdur. Hələ

dünyanın adiliklərindən belə, xəbəri olmayan dilsiz körpələrin üzünə ilk təbəssümü gətirən də, onları

sevindirən də, onlara xoş hisslər aşılayan da ana laylasıdır. Gecənin şirin yuxusu hamını öz cazibəsinə alıb

aparanda səhərədək göz qırpmayan analar körpəsi şirin uyusun deyə beşik başında ayıq-sayıq dayanaraq

layla deyir. Əvvəlcə beşik başında analar, sonra isə beşikdəki yavrular böyüyüb vətən sərhədlərində

torpağın, millətin və nəhayət, anaların keşiyini çəkir. Qəribə oxşarlıq və bağlılıqdır. Yer üzünün ilk əsgəri

analardır! İlk himni də ana laylası!

Təəssüf ki, analı günlərin ömrü çox da uzun olmur. Nə vaxtsa ana itkisi qapımızı döyür. Bu dərd isə çox

dözülməzdir. Hətta insan özü qocalıb əldən düşənə qədər anasızlığı ilə barışa bilmir. Məmməd Araz bu dərdi

özünə uzun illər yaxın qoymaq istəmirdi: «Hərdən inanmıram ölüm haqq ola. Ana dəfn oluna, gözəl qocala».

Bu kövrək duyğuları öz poeziyasında dəfələrlə dilə gətirən Cabir Novruz görmək istəmədiyi bir halı kədərlə

etiraf edirdi: «Gözüm görə-görə qocalır anam».

Bəzən elə övladlar var ki, onu böyüdən, ərsəyə gətirən, min bir əzabını çəkən anasına yetərincə diqqət

ayırmır. Əli Kərim belələri haqqında «Qaytar ana borcunu» adlı şeirində kəskin və qətiyyətlə deyirdi:

… Deyirəm ki, o boyu, buxunu qaytar geri,

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar onun borcunu, o borc sənin özünsən,

Özünü qaytar geri!

Şair Çingiz Əlioğlu isə bu borcu qaytarmaq üçün görün nə deyir: «Bir ana borcunu qaytarmaq üçün,

taledən beş ömür alasan gərək».

Tofiq Bayram isə ana qədrini bilməyənlərə üz tutaraq yazırdı:

Onu alçaldan da, ucaldan da biz,

Dərd verib vədəsiz qocaldan da biz.

Biləndə qədrini bu cahanda biz

Həmişə cavandır ana ürəyi…

 

Bəxtiyar Vahabzadə də gözlərinin işığını əridib yollarımıza nur çiləyən analar barəsində saysız-hesabsız

poetik ərməğanlar qələmə alıb. Bu mövzuda yazılan şeirlərindən hansı ləçəyi çəksən, müdrik bir fikrin əks-

sədasıdır:

«Əgər ana ürəyinə toxunsan, quş yuvası dağıdırsan elə bil»,

«Sənin zəif vücudunun önündə, əyilmək də ucalmaqdır, ay ana!»

Azərbaycan ədəbiyyatına adı qızıl qələmlərlə həkk olan Cəfər Cabbarlının da qələmindən ana belə vəsv

olunub.

Xalq şairi Süleyman Rüstəm «Ana və poçtalyon» adlı şeirində gözləri yollarda qalan, oğul dərdi ilə saralıb-

solan anaların işıqlı obrazını yaratdı:

«Dörd ay vardı ananın gözləri yol çəkirdi.

Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi»…

Bu şeirin ahəngindəki ana məhəbbəti, vətən eşqi, oğul dərdi çox dərin və təsiredici verilib.

Təəssüf ki, əsrin sonlarında analarımız yeni bir bəlanın ağrılarına tuş oldu! Qaçqına, köçkünə, didərginə

və nəhayət, şəhid anasına, bacısına çevrildilər! Özü də şəhid oldu!

Fikrət Qoca yazıb:

Əcəl başlayar biçinə, torpaq ağlar köçünə,

Göz yaşı axar içinə, namərdə gülər analar…

Dünyanın ən gözəl sözünə, təltifinə, mükafatına layiq olan Azərbaycan analarının bu dərdi poeziyamızda

ağır bir kədərlə dilə gətirilir.

Orda bir evimiz bizlərə həsrət,

Yurddan didərginik, qonağıq, – dedin.

Yönümüz dağlara, düzlərə həsrət,

Getməsək ölərik, qınağıq, – dedin.

Anaya olan məhəbbət, sevgi hər zaman ürəklərdə yaşayıb. Bəşəriyyət ana adını, ana şərəfini, ana şənini hər

zaman başı üzərində gəzdirirdi. Anaların nigaranlığı və qayğısı bəşəriyyəti hər zaman bəlalardan qoruyub.

Analar dünyanı hər zaman sülhə, firavanlığa, əmin-amanlığa səsləyiblər.

Ağ südün əmdiyim, qadınım ana, Ağ birçəkli, izzətli canım ana!

Təkcə bu iki misra bəs edər ki, rəssamlar, heykəltəraşlar, söz-sənət adamları möhtəşəm ana heykəli, ana

abidəsi yarada bilsinlər.

Azərbaycan ədəbiyyatının klassikləri əsərlərində həmişə qadınlara yüksək dəyər veriblər. Bu, əslində həm

də bəşəriliyin təsdiqidir.

Böyük Azərbaycan şairi H.Cavidin yaradıcılığında qadına münasibət məsələsi

belədir ki, o, kiçik yaşlarından qadın hüquqsuzluğunun şahidi olduğundan bütün yaradıcılığı boyu yaratdığı

müsbət qadın surətlərinin dili ilə bu haqsızlığı aradan qaldırmaq üçün mübarizə aparıb. Gənc Hüseynin belə

ideyalara sahiblənməsində o vaxtkı Türkiyənin ədəbi mühitinin çox böyük rolu olub.

Analarımıza aid yazılan şeirlər çox olduğundan, onlar toplanaraq kitab halında çap olunmuşdur. Bu kitab

“Ana dedim qarşımda gözəl bir səhnə açıldı” adlanır. Gördüyünüz kitab 2012-ci ildə “Regional İnkişaf”

İctimi Birliyinin xüsusi layihəsi kimi “Bakı” nəşriyyatı tərəfindən nəşr edilmişdir. Kitab ön söz və 770

səhifədən ibarətdir.

Kitaba Azərbaycan ədəbiyyatında və eləcə də digər xalqların poeziyasında bu günədək ana haqqında

yazılmış şeirlər daxil edilmişdir. Burada ən ülvi hisslərə, ən doğma sözlərə, ən böyük məhəbbət və sevgiyə

layiq olan ana və onun qüdrəti müxtəlif qələm adamlarının fikir süzgəcindən keçərək oxuculara

çatdırılmışdır. Bu şeirlərdə övlad, ana, valideyn sevgisi, anaya olan sonsuz məhəbbətdən söhbət açılır. Heç

vaxt qocalmayan analarımızın sevgisi hər bir xalqın poeziyasının dilindən tərcümə edilərək bizlərə çatdırılır.

Qadın anam nə ağlarsan?!

Nə bozlarsan, nə ağlarsan?!

Bağrımla ürəyim nə dağlarsan?

Keçmiş mənim günümü nə andırarsa

Hey ana ərəbi atlar olan yerdə,

Bir qulunu olmazmı olur?

Qızıl dəvələr olan yerdə,

Bir köşəyi olmazmı olur?..

“Kitabi Dədə Qorqud” da qadın qəhrəmanlığı, analar haqqında deyilmiş tərifdir. Dastanda ana obrazı

xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir.

Əfzələddin Xəqani isə Ana haqqını belə qiymətləndirmişdir:

Əgər olmasaydı ana zəhməti,

Qazana bilməzdim bu məhəbbəti.

Onun ruzisi ilə xoş olar halım,

Onun duası ilə gülər iqbalım.

Onun hər sözündən alaram qüvvət,

Qəlbimi mum etdi, verdi nəsihət.

Düşmən tənəsilə, kəsilsə yolum,

O, zərif qarıdan güc alır qolum…

Nizami Gəncəvi “İsgəndərnamə” əsərində isə belə yazırdı:

Nə qədər, ağlayıb yansa da ürək,

Anama dil verən, varmıdır görək?!

Çəkməklə qurtarmaz bu dərdi inan,

Bu girdab dərindir insan boyundan.

Kitabda İmadəddin Nəsimi və Məhəmməd Füzulinin də anaya aid şeirləri yer almışdır. Klassiklərimizdən

Abbas Səhhətin “Ana və bala”, “Oğru və anası ”, “Ana və oğul ”şeirləri çox mükəmməldir. “Ana və oğul”

şeiri ananın balasını tənbəlliyə alışmamaq üçün verdiyi bir öyüd nəsihətdir.

Gün çıxıb dağa-daşa nur səpər,

Hamı dünyada çalışmağın sevər,

Hərə bir səmtə gedər əhli Hünər.

Ana övladına şəfqətlə deyər:

– Yatma bu payədə rahat a cocuq

Etmə tənbəlliyə adət a cocuq.

Ana məhəbbəti ən ülvi bir hiss kimi şifahi xalq yaradıcılığımızdan tutmuş yazılı

ədəbiyyatımıza qədər bütün ədəbi nümunələrdə özünün geniş poetik əksini tapmışdır. Sənətkarlarımız anaya

olan dərin məhəbbətlərini müxtəlif sənət əsərlərində çox məharətlə ifadə etmişlər.

Təkcə böyük Cəfər Cabbarlının “Ana” şeirini xatırlamaq kifayətdir ki, ana məhəbbəti, müqəddəsliyi haqqında tam təsəvvür əldə

edəsən. Bu lirik şeir anaya həsr olunmuş ən böyük himn, ən gözəl simfoniyadır.

Ana! Ana!… o adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir;

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Görkəmli şairəmiz Nigar Rəfibəylinin yaradıcılığında qadın qəlbinin təmizliyi, ana məhəbbətinin

müqəddəsliyi motivləri çox qüvvətli səslənir. Ana əzəmətini hər şeydən üstün tutan şairə, bu mövzuya aid

ürəkləri riqqətə gətirən dərin məzmunlu şeirlər yaradır, anaların simasında bütün qadınlığı, qadın şərəfini,

qadın heysiyyətini müdafiəyə qalxır. Şairənin ana obrazı onun öz şəxsiyyəti ilə birləşir. Lirik qəhrəmanın

dili ilə demək istədiyi fikirlər şairənin özünün ürəyindən qopan xoş niyyətli arzulardır. Şairə özü də bir ana

kimi bəşəriyyətin, ana övladlarının müdafiəsinə qalxır, sülhü, əmin-amanlığı müdafiə edir, müharibələrə,

insan ölümünə səbəb olan amillərə nifrətlər yağdırır:

Sən anasan, mənim də analıq şərəfim var,

Anaların qəlbində birdir böyük duyğular.

Haray salıb qaldıraq anaları yuxudan,

Dünyada heç bir ana mürgü döyməsin bu an.

Qalxsın bütün analar sülh, səadət naminə!

Gələcək nəsillərə gözəl həyat naminə!

Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Ana qəlbində idraka sığmayan bir mərdlik, səbir və

dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında biz hamımız baş əyir,

səcdə qılırıq. Ana məhəbbəti bir ümmandır. O, övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər

cür çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir.

Ana! Bax bu sözün mənası nədir? Ana! Oda aşiq bir pərvanədir.

Dolanır başına daim övladın, Ana- müqəddəsdir o təmiz qadın!

Az yaşlı uşaqlara da Anaya hörmət, anaya məhəbbət, sevgi aşılamaq ifadəli oxularda seçilən bədii ədəbiyyat

nümunələrində öz əksini tapmalıdır. Belə şeirlər vasitəsilə uşaqları folklor nümunələrindən olan oxşamalarla

tanış edirik.

Oturmuş ana,

Basmış bağrına

Nazlı körpəsin, Layla der ona.

Uşaq yatmayır,

Baxır ağlayır.

Anası onu

Bu cür oxşayır:

Dağda darılar,

Sünbül sarılar,

Qoca qarılar

Bu balama qurban…

Poeziyamızın dahi mütəfəkkiri Əhməd Cavad:

Bəzən olur həyatımın dağlarını duman alır,

O gün sənin titrək laylan yollarıma işıq salır!

Sənin məmnun olduğun gün, ruhum məndən məmnun qalır,

İnandım ki, cənnət sənin ayağının altındadır!

O analar ki, hər birimiz onun isti nəfəsi, qayğısı ilə böyüyüb həyata atılırıq. Yaşa dolsaq da, hər zaman onun

əllərinin şəfqətinə ehtiyac duyuruq. Ağrıyanda başımızı onun dizinin üstünə qoyub rahatlanmaq istəyirik. O,

isə bütün çəkdiyi əzab-əziyyətə baxmayaraq, daim gülümsər çöhrəsi, mehriban nəvazişi, şirin laylası ilə

narahat qəlbimizi ovundurur, ömrümüzü işıqlandırır. Ana o varlıqdır ki, insanlıq hər zaman onun işığına

möhtacdır. Demək, anaların bayramı elə hamımızın bayramıdır. Çünki analar başımızın tacı, ömrümüzün

bəzəyidir. I aparıcı: Həm də ona görə bizlərə əzizdirlər ki, biz həyatda qiymətli olan nə varsa onları anaya

bənzədirik: “Ana təbiət”, “Ana torpaq”, “Ana vətən”. Bu mövzu ədəbiyyatımızda “Kitabi Dədə Qorqud” dan

başlayaraq Nizaminin, Füzulinin, Xaqaninin və onlardan sonra gələn ədiblərimizin yaradıcılığında həmişə

yaşayan bir mövzu olmuşdur. Böyük Əfzələddin Xəqani, Mirzə Ələkbər Sabir, Nigar Rəfibəyli öz

əsərlərində Analara belə qiymət vermişdilər.

Nizami Gəncəvinin də, mərdlər yetişdirən igidlər bəsləyən, Nüşabələr doğan analar haqqında söylədiyi fikri

800 ildən artıqdır ki, dillər əzbərinə çevrilib:

Nizami Gəncəvi: Aslanın erkəyi-dişisi olmaz.

Mirzə Ələkbər Sabir də öz dövründə anaları elmə, kamilliyə səsləyirdi:

M.Ə. Sabir: Elmli ananın övladı kamil olar.

Məhəmmədhüseyn Şəhriyar isə analar haqqında bunu deyirdi:

Biz min aləmin yaradıcısı olsaq da hər birimizi ana yaratmış.

Fikrət Qocanın da “Ana” haqqında elegiyası vardır.

Ana haqqında eşitdiyimiz çoxlu rəvayətlər də var.

Qədim zamanlarda iki dünyagörmüş, ağsaqqal qardaş varmış: Aranbaba və Dağbaba. Dağbaba dağlarda,

Aranbaba aranda məskən salmışdı. Dağbabanın ipə-sapa yatmayan, od parçası kimi bir nəvəsi vardı. O,

babadağın buzlu zirvələrini ayaqyalın başıaçıq hər gün qalxar, yüyürərdi. Hər dəfə Dağbabaya – uşağı belə

buraxmayın, xəstələnər dedikdə, bu mənim nəvəmdirsə heç nə olmaz deyərdi. Bir dəfə Dağbabaya

çatdırdılar ki, o soyuqdan heç nə olmaz dediyin nəvən soyuqdan tir-tir əsir. Heç nə əlac eləmir. Dağbaba

cavabında – O, anasını itirib ona görə ürəkdən üşüyür, onu heç nə isitməz deyir…

“Ana əlinin qiyməti” deyiminin mənası haqqında el arasında çoxlu deyim və rəvayətlər var. Bu haqda

yazmış görkəmli yazıçımız Fikrət Sadığın “Ana əli” poeması təsirlidir.

… Loğman ataya baxdı,

Loğman “ana”ya baxdı,

Yetimlərin gözündə Donan mənaya baxdı.

Dedi ki, birdən-birə Bunlar azarlamazlar.

Bir ah çəkdi bu ara.

Xəstələrinə dərman “Ana əlini” yazdı.

Analar haqqında yüzlərlə mahnı var. Klassik xanəndələrimizdən tutmuş müasir ifaçılarımıza qədər hər kəs

öz repertuarında ana mövzusuna xüsusi yer verib. Vaxtilə Zeynəb Xanlarova böyük məhəbbətlə Ənvər

Əlibəylinin sözlərinə yazılmış «Anama» mahnısını özünəməxsus məharətlə ifa edərək sevdirə bilib.

«Anacan, mən sənə çox borcluyam, çox» misrası ilə başlanan bu mahnı 40 ildən artıqdır ki,

səslənməkdədir.

Eləcə də bəstəkar Cahangir Cahangirovun İslam Səfərlinin sözlərinə yazdığı «Ana» mahnısı unudulmaz

Rəşid Behbudovun ifasında elə bir zirvəyə ucaldı ki, bu gün də o nəğməyə həyəcansız qulaq asmaq mümkün

deyil:

Gözümün nuru, canım ana,

Böyütdün sən məni yana-yana.

Odlusan gün kimi, bu qaynar həyat kimi,

Borcluyam mən sənə, sənə bir övlad kimi,

Bütün arzu-kamı qəlbimizdə qərar tutmuş, qədrini el, ətrini gül bilən analarımızın saçının ağına, qarasına,

könlünün o həzin laylasına qurbanıq. Ona görə ki, onun südü təmiz, diləyi müqəddəsdir.

Mikayıl Müşfiqin «Ana» şeiri də nəğmə libası geyərək elləri dolaşmaqdadır:

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı…

Belə bir ifadə də var ki, ananın nəfəsindən çiçək də solmaz.

Şair Zeynal Vəfa «Analar» adlı şeirində bu böyük ürəkli müqəddəs varlığın ünvanına göndərdiyi poetik

töhfədə üstümüzdə haqqı ömürlük olan, borcunu heç vaxt qaytara bilməyəcəyimiz zərif, lakin qüdrətli xilqət

haqqında öz duyğularını belə ifadə edir:

Analar Günəşdən, Aydan qəlbidir,

Silərlər cahandan kədəri, yası.

Dünyanın paytaxtı ana qəlbidir,

Dünyanın ilk himni ana laylası.

Anasız olmasın ömrü heç kəsin,

Günəştək nur səpir eşqi cahana.

Everest zirvəsi qoy inciməsin,

Dünyada ən uca zirvədir ana!

«Ana qəlbi möcüzələr xəzinəsidir”, «Ananın məsuliyyəti böyük, vəzifəsi müqqəddəsdir”, «Analar böyük

vəzifələrini yerinə yetirdikdə heç bir əvəz almaq fikrində olmurlar”… Ancaq bu ifadələrdən hər biri nə qədər

gözəl səslənsə də, onlardan hər birinin məna yükü nə qədər dərin olsa da, ananın əzəmətini, ucalığını,

həyatımızdakı rolunu bütün dolğunluğu ilə tam əks etdirmir. Ana əlçatmaz zirvədə dayanır.

Böyük Azərbaycan yazıçısı M.S.Ordubadi isə bunun təsdiqi kimi yazmışdır: «Ana! Dünyada sənin

müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir

kitab yazılmayıb”.

Biz «Ana Vətən” deyib ananı havasını udduğumuz, çörəyini yediyimiz, üstündə gəzdiyimiz Vətənə, «Ana

dilim” deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq. Bir də ana uca

Tanrı ilə müqayisə olunur. «Ana haqqı – Tanrı haqqı” deyib müdriklər. Tanrı yeri-göyü yoxdan xəlq edib,

bəşər övladı isə ana bətnində dünyaya göz açır. Bir mahnıda səsləndiyi kimi:

Ana, sən həyat verdin mənə…

Lakin ana öz övladına yalnız həyat vermir, min bir çətinliyə qatlaşaraq onu böyüdür. Övladı boya-başa

çatanadək ananın çəkdiyi əzab-əziyyəti heç nə ilə müqayisə etmək mümkün deyil. Beşik başında keşik

çəkib, səhəri gözlərində açan da, biz çətinliyə düşəndə şam kimi əriyən də, böyüdükcə boyumuza baxıb

qürrələnən də anadır. Ana təbiətcə zərif məxluq olsa da, o öz balası yolunda göstərdiyi fədakarlıqlara görə

qartala bənzəyir. Həmişə məğrur, qorxmaz, həmişə yüksəklikdə uçan qartala. O, övladını təhlükələrdən

qartal şücaəti ilə qorumağa hazırdır, hətta lazım gəlsə, düşmən üstünə şığımaqdan belə çəkinməz. Hər

birimizin gələcək həyat yolunun müəyyənləşməsində də ananın rolu əvəzsizdir. Biz ilk tərbiyəni ondan

alırıq. Ananın şəxsi nümunəsi, verdiyi öyüd-nəsihətlər dünyagörüşümüzün formalaşmasında mühüm rol

oynayır. Analarımız barəsində tez-tez fikirləşəndə onun mehriban, nurlu çöhrəsi gözlərimizin önünə

gələndə, gələcəyə daha nikbin nəzərlərlə baxırıq. Gəlin analarımızın qarşısında olan borcumuzu heç vaxt

yaddan çıxarmayaq. Bunun üçün dünyada xüsusi bir gün qeyd olunur. Bu gün analarımızı ən azından

diqqətdən kənar qoymayaq. Onlara ən gözəl kəlmələri seçib söyləyək.

Aynur Turan
Araşdarmaçı yazar

 

Şərh yoxdur

şərhini yaz