a
Hava:
16 C
clear sky
Baku
humidity: 82%
wind: 3 m/s SSE
H16 • L16

Sahib Hətəmov – Ay ana!

Ay ana 

Sənin bir hissənəm, bir zərrənəm mən,
Cismimdə nəfəsim canım, ay ana.
Səninlə döyünür qəlbim, ürəyim,
Damarımda axan qanım, ay ana.

Ağ olsam üzünə bozarsın gözüm,
Sönsün yanan odum, ocağım-közüm,
Sən mənim ilk sözüm, mənim son sözüm,
Necə varlığını danım, ay ana?! 

Evladlıq borcudur ən ağır yüküm,
Baş əyim qarşında qəddimi büküm,
Sən ol səcdəgahım, mən də diz çöküm,
Qarşında mən qula dönüm, ay ana.

Olsam da dünyanın harasında mən
Can verim qolların arasında mən.
Axım gözlərinin qarasında mən
Simanda cənnəti anım, ay ana.

Evladın yolunda əritdin canı,
Ağ saçların dərdlərinin nişanı,
Qoy mən olum gözlərinin qurbanı,
Bax belə yetişsin sonum, ay ana.

Sahibçün həyatda ən böyük varsan,
Həvva nənəmizdən bir yadigarsan.
Həya xəzinəsi, namussan, arsan,
Qeyrət dolu şöhrət-şanım, ay ana.

Sahib Hətəmov
Şair- tarixçi

06.05.2007-ci il

Şərh yoxdur

şərhini yaz