a
Hava:
21 C
clear sky
Baku
humidity: 49%
wind: 11 m/s NNW
H21 • L21
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıTəbriz həsrətli şairə-Mədinə Gülgün

Təbriz həsrətli şairə-Mədinə Gülgün

Aparın Təbrizə, Salmasa məni
Ölərəm, el yada salmasa məni

Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir.1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamışdır. Qısa müddətdə Ərəb qrafikasını və fars dilini öyrənir. Sonralar Təbriz Dram Teatrında çalışmışdır.  “Azərbaycan” Qəzeti redaksiyasında xüsusi müxbir
işləmişdir. Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuşdur. Böyük qəlbə, gözəl qələmə sahib olan M.Gülgünün öz yaradıcılığı haqda dedikləri hər insanda kövrək hislər oyadır. “Hələ uşaq ikən eşitdiyim, məktəb yaşlarında oxuduğum gözəl şeir nümunələri qəlbimdə poeziyaya sönməz məhəbbət çırağı yandırmışdır. Ata- anamın ilki idim, kiçik ailəmizdə məndən sonra altı uşaq da dünyaya göz açmışdı. Gəlin anamın beşik başında əyləşib öz körpələrinə şirin laylay deməsini indi də xatırlayıram. Onun laylalı, bayatılı səsi qəlbimə, yaddaşıma hopmuşdur. Mən çox-çox uzaqda qalan o
illərin-analı dünyamın şirinliyini, kovrəkliyini, istiliyini indi də qəlbimdə duyuram. Minnətdaram anamın şirin- şəkər, gül ətirli laylalarına. Hələ otuz altı-otuz yeddi il bundan əvvəl əlimə qələm alıb şeir yazmaq həvəsinə düşəndə məhz bu laylalar ilhamıma qanad vermışdir. Pərvazlanmaq istəyən körpə bir quşcuğazın can atdığı şeir asimanına nur çiləmişdir. Anam elə şirin-şirin nağıl danışardı ki, insan özünü məhz o nağıllarda imiş kimi hiss edərdi.

İlk nəğməmi anamdan,
Həvəsi söz dünyamdan,
Ümidini inamdan
Alıbdır mənim şeirim.

   Gülgünü oxucularına sevdirən onun yaradıcılığına xas olan səmimiyyətidir. Onun şeirləri hər bir oxucunu düşündürməyə bilməz. Mədinə Gülgünün şeirlərində vətən məhəbbəti və vətən həsrəti insanı düşündürməkdə və vətənə sevgi aşılamaqdadır. Demək Mədinə Gülgün vətən şairidir, azadlıq sairidir. Onun bir mübariz şair olmaqla yanaşı, könülləri riqqətə gətirən lirik şeirlərin də müəllifidir. Onun poeziyası mübarizlik ruhunda şeirləri qədər əsrarəngiz lirikası ilə də oxucunu valeh edir. Bu bir həqiqətdir ki, şair Gülgünün sənəti mövzu məhdudluğu tanımadığı kimi, onun üçün səpki və janr məhdudiyyəti də olmamışdır.
Şair qələminin qidalandığı insan aləmi və onun taleyi zəngin bir xəzinədir. Orada sevgiyə, sədaqətə, əhdə, vəfaya, övlad məhəbbətinə, vətənə, sülh və əmin- amanlığa, arzulara, təbiətə, gözəlliyə, məftunluğa kifayət qədər yer verilmişdir. Şairin lirik əsərlərilə yaxından tanış olduqca, onlarla səmimi ünsiyyət tapdıqca, bir həqiqət daha inandırıcı şəkildə üzə çıxır. Ədibin yaradıcılığının araşdırılması bir daha sübut edir ki, ilk
yaradıcılıq dövrü və gənclik çağları mübarizələrdə keçən şair, poeziyamızda ayrılıq, Vətən həsrəti, gözəlliyin tərənnümü, məhəbbət mövzusuna ardıcıl müraciət edənlərdən biridir. “Könlün ala bilmirəm, vətən, ala bilmirəm səninçün, səninçün” deyən Gülgün şimalda cənub həsrəti çəkirdi. Məhs buna görə şairin poeziyasında diqqəti cəlb edən cəhətlərdən biri də vətənə bağlılıq, o tay-bu tay həsrəti, şimal- cənub təəssübüdür.

Bir torpaq üstündə doğulmuşuq biz,
Bir qolum Bakıdır, bir qolum Təbriz.

Mədinə Gülgünün əksəriyyət şeirləri vətən özləmi, yurd nisgili qoxuyur. ”Yaxındır Təbrizin yolu” və o yaxın yolu qət etməkçün “bir ömür də çatmadı” və ya “dərdli-dərdli ötərəm Təbrizi görməyincə” və yaxud “gözümdə dünyanın həsrəti, qəmi” şeirlərində şairin vətən həsrətini, könül nisgilini, qəlb yanğısını duyuruq. Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas hissəsini təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də buradan irəli gəlirdi. O lal vərəqlərə süzülən həsrət, özləm təkcə şairin vətən həsrəti deyildi, eyni zaman da bütöv bir xalqın nisgili, həsrəti, həyacanıdır.

Təbrizin gülləri qöncə Güllər açmaz mən gəlincə.

O öz poeziyasında xalqın arzularını özününküləşdirərək oxucuya catdırırdı. Məhs bütün bunlara görədir ki, Mədinə Gülgün az bir zamanda sevildi, xalqın şairinə, el qızına çevrildi. O öz xalqının səsi oldu, sözü oldu.

Bir körpə quş görsəm açıbdır qanad,
Onundur, elə bil, bütün kainat.
Könlümdə başlanır sanki toy-büsat,
Mən susa bilmirəm, susa bilmirəm.

Körpə bir quşun qanad çalmasına belə sevinən, sevincini gizlədə bilməyən lirik qəhrəmanın qırx ildən artıq bir müddətdə vətən ağrısını ürəyində gəzdirməyi, əlbəttə, təbiidir, təsirlidir. Lirik qəhrəman: ”Hələ yorulmamışam vətənçün alışmaqdan, yanmaqdan, yanmaqdan…” – deyir və biz də Mədinə Gülgünün qırx yaşlı poeziyasını oxuduqca, mənimsədikcə, söylənən bu fikrin poetik təsdiqini tapırıq. Mədinə Gülgün qərib-qürbətlik yaşayan bir cox şairdən fərqli olaraq, öz tərcümeyi halını da ancaq şeirlərilə təsvir etmişdir. Özü də çox yığcam, poetik şəkildə. Aşağıdakı səkkiz misra səksən səhifəlik nəsri yazıdan geniş, daha emosianal məlumat saçmırmı:

Mənim, ey dost, o sahildə neçə nəğmə, sözüm qaldı,
Bahar fəsli alovlandı, bağım, baxçam, düzüm qaldı.
                                                                                                                                                     Əmək çəkdim, səhər-axşam, çiçəkli, güllü bağ saldım.                                                                                                                                              O bağda gözləri yaşlı, bənövşəm, nərgizim qaldı.

Ancaq Mədinə Gülgün nisgilə qapılmırdı, sabaha ümidlə baxırdı. Onun qəlbi mübarizlik ruhu ilə dolu idi və bu onun əsərlərində özünü yüksək şəkildə büruzə verirdi. Mədinə Gülgünün azad vətənə qovuşmaq diləyi suyu da, buludu da, torpağı da, insanı da dilləndirir, mübarizəyə çağırırdı. Belə ki, ”Bir görüş yerinə gün doğar bir yaz.” və “Elmimin, vətənimin sabahına inandım” və ya “Hər gün məni oyadarlar qızıl rəngli səhərlərim” buna misaldı. Mədinə Gülgün ən çox baharda xatırlanardı sanki. Onun həyat eşqi ilə pərvazlanan bir xanım idi. Yer, torpaq, hava, iqlim, ana təbiət, göy, asiman, bütün canlılar, bir sözlə ulu tanrının yaratdığı hər bir varlıq Mədinə Gülgünü ruhlandırır və onun incə, zərif köksündən, həssas qəlbindən bir gül ləçəyi tək qopub ağ vərəqlərə, o dilsiz, lal səhifələrə süzülüb onları dilə gətirir, həyat verirdi. Şairin digər şeirinə nəzər salırıq. Sanki şeirin özü də bir nəğməyə cevrilib dilimizdən
qəlbimizə pərvazlanır.

Bahar gələr, nazı artar güllərin,
Yuxuları sona çatar güllərin.
Sinəsində şəbnəm yatar güllərin,
Susan könlüm nəğmələrlə dinər bil,
Ürək nəğmə dünyasına dönər, bil.

Bəli, Gülgünün qırx illik poeziyası insanı yüz illərlə düşünməyə sövq edir. Onun əsərlərində fəlsəfi fikirlər, vətənə, insana, insanlığa, əməyə, elmə sövq edən tərənnüm bariz şəkildə görünməkdədir. Vətən həsrəti, mübarizə eşqi, sülh, azadlıq, ideyaları şairənin yaradıcılığının ana xəttini təşkil edir. O, həmişə coşqun, həmişə kövrək, həmişə ilhamlıdır. Bu gün Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin- əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlamışdır. Bu dünyada hərənin baxtına bir ömür payı düşür. Mədinə Gülgünün də baxtına şair ömrü düşdü. O, ədəbiyyatımıza özünə məxsus tərzi, üslubu ilə yenilik, gözəllik, xüsusi zənginlik bəxş edən bir xanım şairimiz idi. Əminik ki, zəngin ədəbi irs qoyub getmiş Mədinə Gülgünün sələflərinin döyüş və sənət ənənələrinə sadiq olan nəsillər onun Vətənə sevgi, döyüşə və mübarizəyə çağırış nidalı qələm məsullarını dövrün xitabət kürsülərindən inam və şairə tükənməz məhəbbət hisləri ilə indiyə qədər olduğu kimi, həmişə səsləndirəcəklər. Altmış beş il yaşamış bu şair neçə- neçə ədəbi-bədii mənzərələr, müdrik fəlsəfi fikirlər yaratdı.

Sən dünyanı dolan, gəz,
                                                                                                                                                                           Bu dünyaya inan, gəz,                                                                                                                                                                              Bir toxum da cücərməz
Məhəbbət olmayanda…

…Bir sənətkar getdi dünyadan. Şairə ürəyini həsrət odunda damla -damla əridib şeirə çevirib bizə, gələcək nəsillərə qoyub getdi. Və nə vaxt ki, onun şeirlərini oxuyub sevincini, kədərini duyacağıq, qəlbimizi onun
sənəti isidəcək, Mədinə Gülgün o qədər yaşayacaq. Şairə həsrətini, kövrək qəlbinin nisgilini özü ilə aparıb getdi. Vətəndaşı olduğu o poeziya ölkəsini isə tərk etmədi, əksinə orada özünə əbədi bir yer tutdu.

Ey ətri ürəyə məlhəm qızılgül,
Sənə heyran olub aləm qızılgül.
Sənin pasıbanın tikanlarındır,
Mənim silahdaşım qələm qızılgül.

Aynur Turan

Şərh yoxdur

şərhini yaz