a
Hava:
20 C
clear sky
Baku
humidity: 56%
wind: 11 m/s NNW
H20 • L20
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıİnsanı insanlara sevdirən nasir-Ələviyyə Babayeva

İnsanı insanlara sevdirən nasir-Ələviyyə Babayeva

Ələviyyə Babayevanın romanları milli səviyyəmizdir. Bu əsərlərdə Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin sintezi açıq-aydın hiss olunur. Ömrünü ictimai həyata, ədəbiyyata, yaradıcılığa, bədii tərcüməyə bağlayan Ələviyyə Babayevanı həmkarlarından fərqləndirən çoxlu məziyyəti var: mərdanəliyi, cəsarəti, məhsuldarlığı.
Flora Xəlilzadə,
Əməkdar jurnalist

Ələviyyə Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olub. O, orta məktəbi bitirdikdən sonra həkim olmaq istəyi ilə Tibb İnstitutuna daxil olub. Üçüncü kursda anlayıb ki, onun gələcək həyatı ədəbiyyatla
bağlıdır. Buna görə də ADU-nun filologiya fakültəsinə üz tutub. Onu da əlavə edək ki, o, orta məktəbdə oxuduğu illərdə şeir yazırmış. Bəlkə elə buna görə onun nəsrinin dili şirin və ürəyəyatımlıdır. Ədəbi fəaliyyətə 1936-cı ildə “Ədəbiyyat qəzeti” ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlayıb. O, “Azərbaycan qadını” jurnalında məsul katib, “Gənclik” nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri, sonra baş redaktor olub. Ə.Babayeva Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin başqa ölkələrdə keçirilən ədəbi tədbirlərdə fəal iştirak edib. Yazıçı bir müddət də Azərbaycan Yazıçılar Birliyində tərcümə
bölməsinin rəhbəri olub. Onun kitabları bir neçə xarici ölkədə çap edilmişdi. Ə.Babayeva 1937-ci ilin dəhşətli repressiyalarını yeniyetməlik çağlarından canında yaşadan, həyatın bir çox çətinlikləri, müsibətləri ilə üz-üzə dayanan bir insan olub. Bir- birinin ardınca işıq üzü görən əsərləri Ələviyyə Babayevaya oxucu rəğbəti və məhəbbəti qazandırıb. Həmkarları söyləyirlər ki, Ələviyyə xanımın zəhmətkeşliyinə qibtə etmək olar. Çünki o, böyük bir romanın üzünü bəzən bir neçə dəfə köçürüb, amma yorulmayıb, bezməyib. Bu cəfakeşliyinin müqabilində umacaqsız yaşayıb. Həmişə də nikbinliklə söyləyib: “Bir mənəm, bir də 63 kitabım və dostlarım”. Müəllifin “Mənim müəllimim” adlı ilk kitabı 1950-ci ildə “Uşaqgəncnəşr” də çap olunub. Ə.Babayeva eyni zamanda uzun illər tərcümə və jurnalistliklə də məşğul olub. Gənc yaşlarından müasir rus və xarici ölkə ədəbiyyatından da tərcümələr edib. Gəncləri həmişə ürəkdən sevən Ələviyyə Babayeva istər jurnalda işlədiyi, istərsə də “Gənclik” nəşriyyatında baş redaktor olduğu dövrdə hər zaman istedadlıların əsərlərinin çap edilməsinə, kitablarının plana salınmasına çalışıb Bu gün də Ələviyyə Babayevanın xidmətlərini məhəbbətlə xatırlayan neçə-neçə qələm sahibi var. Ələviyyə xanım lazım gələndə çoxunun nöqsanını üzə deməyi bacaran, yalnız ədəbiyyat naminə yaşayıb- yaradan, heç vaxt “mənəmlik” iddiasında olmayan, “mən ədəbiyyatın sıra nəfəriyəm”, – deyə öyünən bir ziyalıdır.

Ələviyə xanım cəmiyyətin ictimai-siyasi mənzərəsi ilə yanaşı, insan qəlbini, mənəviyyatını əsərlərində işıqlandırırdı və müasir dövrünün həqiqətlərini, reallığını doğru-dürüst əks etdirirdi. Geniş dünyagörüşlü, intellektual səviyyəli, ən başlıcası böyük ürək sahibi olan müəllif bilirdi ki, tarix və çağdaşlıq qırılmaz tellərlə bir- birinə bağlıdır. Biri digərsiz tamamlana bilməz. Ələviyyə xanım əsərlərində dönə-dönə qeyd edirdi ki, hər bir yazıçı tariximizi, keçmişimizi mükəmməl bilməlidir. O, qələminə sığınaraq elə əsərlərə imza atıb ki, bütün zamanlardan, sınaqlardan üzüağ və qalib çıxıb. Ona görə də, Ələviyyə xanım hər bir romanını başlamazdan əvvəl xalqımızın uzaq keçmişini arxivlərdən, tarix kitablarından, yaddaşlardan, xatirələrdən və o dövrü yaşamış canlı şahidlərdən öyrənirdi. Son illərdə ədibin çap olunmuş əsərləri belə deməyə əsas verir ki, müəllif müasir dövrdə yaradan, quran adamlarla tez-tez təmasda olmuşdur. Buna görə də yazıçı əsərlərində müxtəlif taleyli adamları, onların daxili aləmini, hiss və həyəcanlarını, yaşam tərzini çox inandırıcı şəkildə oxucuya çatdırır. Onun əsərlərinin sujet xətti cəmiyyətin saflaşmasına, haqqın qələbəsinə, insanların mənəvi təmizliyinə xidmət edir.
Ələviyyə xanım yüksək keyfiyyətləri, geniş dünyagörüşü, intellektual səviyyəsi, ən başlıcası, böyük ürək sahibi olan bir insan idi. Onun əsərlərindəki yüksəklik, sivillik də elə buradan gəlirdi. Təkcə bədii yaradıcılıqla deyil, uzun illər tərcümə ilə,jurnalistika ilə məşğul olmuş bu xanımın fərəh və xiffətlə söylədiyi xatirələrin birində diqqətiçəkən məqama fikir verin.                                                                                                                          O, yazırdi: ”Heydər Əliyev mənim yaradıcılığımı, mərdliyimi, cəsarətimi qiymətləndirirdi. O, həm də əsərlərimi oxuyurdu və bəyənirdi. Heydər Əliyev Azərbaycan yazıçılarını çox yaxşı tanıyırdı”.

Bu etiraf çox dəyərlərdən və mətləblərdən xəbər verir. Həm ümummilli liderin Azərbaycan ədəbiyyatına olan diqqətindən, himayəsindən, həm də qayğıdan fərəhlənən qələm sahiblərinin qədirbilənliyindən. Müəllif müsahibələrinin birində demişdir ki, romançı öz dövrünün sadəcə müşahidəçisidirsə-bu çox azdır. O,həyatın burulğanından keçən yaşadığı zamanın tədqiqatçısı və güzgüsü olmalıdır. Ondakı yüksək intellektuallıq Şərq və eyni zamanda Qərb ədəbiyyatını çox mükəmməl bilməsi ilə əlaqədar idi. Müəllif yazılarının birində yazıçı olmağın həm çətin, həm də şərəfli olduğunu qeyd edərək, ədəbi mühitin yaradıcılığa təsirindən yan ötmədiyini də deyir: “Ədəbi mühit istedadın fikirlərinin istiqamətini dəyişə bilər,yolunu əyə bilər, ancaq yaradıcılığına meydan aça bilməz. Çünki burda hər kəs öz yükünü özü çəkməlidir”. Ə.Babayeva uşaq ədəbiyyatına böyük ehtiyac olduğunu hiss etdiyindən yaradıcılığını bu istiqamətə də yönəltmiş, həm orijinal hekayələri, povestləri, nağılları, həm də tərcümələri ilə bu sahədəki boşluğu doldurmağa çalışmışdır. Ə.Babayevanın tərbiyəvi xarakter daşıyan hekayələri çoxdur. Bu əsərlərin balaca qəhrəmanlarının hərəkətləri, davranışlarının təsviri göstərir ki, o, uşaq dünyasına yaxından bələddir, onların psixologiyasından xəbərdardır.
Əsərlərini az və orta yaşlılara həsr edən Ələviyyə xanım sonralar gənclər, böyüklər üçün əsərlər yazaraq onlara “Adamlar və talelər”, “Haradasan dost, harda”, “Səni axtarıram”, “Küləyin tərkində”, “Yanar su” və s. Adlar verdi. Ələviyyə xanım orijinal əsərlər yazmaqla bərabər,tərcüməçiliklə də məşğul olmuşdur. Ə.Babayevanın Tehranda “Haradasan dost, harda”, Çində “İnsanlar və talelər” romanları, Yaponiya, Türkiyə və başqa ölkələrdə çap olunan hekayələri nəinki müəllif üçün, həm də Azərbaycan ədəbiyyatı üçün fərəhli hadisədir. Müəllifin əsərləri, hər şeydən əvvəl, oxucunu düşündürür və zənginləşdirir. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, sevimli yazıçı Ələviyyə Babayeva artıq aramızda yoxdur. İndi onun maraq dolu duzlu, şirin söhbətlərinin, ipək kimi yumşaq səsini eşitmirik. Hansısa bir müdrik deyib ki, qürurlu və həssas duyumlu insanların səsi çox vaxt özünə bənzəyir. Onun səsində bir məlahət, yanğı və xeyirxahlıq, öz sehrində saxlaya biləcək bir cazibə var idi. Ələviyyə xanım 94 il yaşadı. Ulu Tanrı hər adama uzun ömür bəxş etmir. Bu xanımın qəlbində olan xeyirxahlıq,haqqa və ədalətə inam onun əsərlərinə də köçmüşdür. Ona görə də yazıçının hekayələrindən tutmuş romanlarına qədər bütün əsərləri sevilə-sevilə oxunur. O, həyatının çoxunu çətinliklər içərisində keçirsə də daima zərif duyğuları tərənnüm etdi.
Aynur Turan

Şərh yoxdur

şərhini yaz