a
Hava:
16 C
clear sky
Baku
humidity: 94%
wind: 4 m/s S
H16 • L16
HomemütailəŞəxslərÖmür kitabına poeziya yazılan şair-Sabir Rüstəmxanlı.

Ömür kitabına poeziya yazılan şair-Sabir Rüstəmxanlı.

Ömür kitabına poeziya yazılan şair-Sabir Rüstəmxanlı.

İnsan dünyaya göz açdığı gündən onun “Ömür kitabı” yazılır. Bəlkə elə alın yazısı, tale yazısı
dediyimiz müqəddəslikdir ömür kitabı. Elə bir yazı ki, doğrudan da pozulmazdır, tale qismətidir. Burada
sevgi, sevinc payımız da var, kədər, qəm payımız da… Həsrətli ürəyin nəğməsi nisgilli olar. Çünki əzab
məngənəsi insanı öz qəlbində bişirir, möhkəmləndirir. Həyatın amansız sınaqları insanın şüurunu itiləşdirir.
Paslı kilidlərdən, qanlı qandallardan keçən həqiqət döyüşkən ruhunu yaşadır. Yurd yollarınının bu günə
bağlı qapılarını açmaq, ürək sirlərini can, qan qardaşlarına daşımaq istəyir. Beləcə yaranır ömür kitabı… Bu
kitab zamana, əsrə, bu günə sabaha söylənilən Vətən nəğməsidir. Qəhrəmanlıq nəğməsidir. Hər nəğmənin
bir müəllifi, hər müəllifin öz dünyagörüşü və dünyaya baxışı var. Bu yazı vətəndaş bir şairə həsr olunan bir
mübariz Azərbaycan oğlunun düşüncələridir. Bu düşüncələr sonu bitməyən bir nəğmədir. Elə bir nəğmə ki,
onun not vərəqləri zaman-zaman açılacaq, dillər əzbəri olacaq. Bu Dədə Qorqud, Hörmüz övladı Babək,
Cavanşir, Nəsimi ruhlu vətən övladı Sabir Rüstəmxanlıdır.

Kainat boydadır hər qum dənəsi,
Suyun hər damlası okean kimi.
Tarix ölçüsündə bir andır ömrüm,
Tarixlər ömrümdən keçdi an kimi!..

Qəlbi Vətən olan şair Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində
anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onillik məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə
tələbəlik illərində başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və
incəsənət” qəzetində işə qəbul edilmişdir. 1974-1975-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına ədəbiyyat İnstitunun aspiranturasını bitirmişdir. 1976-cı ildə “Molla Nəsrəddin” və “Folklor”
mövzusunda dissertasiya müdafiə edərək Filologiya elmləri namizədi dərəcəsinə yiyələnmişdir. Erkən
yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967-1968-ci
illərdən “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1976-1989-cu illər arasında isə
“Yazıçı” nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi tənqidi, publisistik yazı çap etmişdir.
İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-
dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın ədəbi ödüllərinə layiq
görülmüş, onun adı bütün türk dünyasında və keçmiş Sovetlər Birliyində tanınmışdır. “Ömür kitabı” adlı
əsəri Azərbaycanda xalqının milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış, 1988-ci il
milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol,
ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və s. kimi şeir kitablarının, “Bütövlük”, “Didərginlər”,
“Cavad xan”, “Orxonla görüş” poemalarının, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət əsərin,
“Atamın ruhu”, “Xətai yurdu”, “Göy tanrı”, “Ölüm zirvəsi (Cavad xan)”, “Difai fədailəri”, “Sunami”
romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq şairi
fəxri adına layiq görülmüşdür. S. Rüstəmxanlı Azərbaycanın və türk dünyasının görkəmli fikir adamı, naşiri,
içtimai xadimi, millət vəkili, görkəmli ədəbiyyatşünas-alim, dramaturk, tərcüməçi və xalq şairidir.
S.Rüstəmxanlı son qırx ildə Azərbaycanın ədəbi-mədəni, içtimai-siyasi həyatında dərin və silinməz izlər
buraxmış, sevilən tanınan ədəbi şəxsiyyətlərindən biridir. Onun hər şairə qismət olmayan belə bir
ümumxalq məhəbbəti qazanmasının əsas səbəbi ədəbi yaradıcılığındakı yüksək vətənpərvərlik və mübarizə
eşqiylə yanaşı, həm də içtimai-siyasi fəaliyyəti, yəni 1988-ci ildən başlanan milli azadlıq hərəkatının əsas
liderlərindən biri olması ilə bağlıdır.

O, Azərbaycan Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının təşəbbüskarlarından və onu
Parlamentdə qəbul etdirən az saylı millət vəkillərindən biridir. S.Rüstəmxanlı 1989-cu ildə Azərbaycanda ilk
müstəqil və demokratik mətbuat nümunəsi olan “Azərbaycan” qəzetini təsis etmiş və iki il qəzetin baş
redaktoru olmuşdur. Dünya Azərbaycanlılarının hüquqlarını qorumaq sahəsindəki fəaliyyəti, sülh, ədalət,
insan haqları uğrunda yorulmaz mübarizəsi onu beynəlxalq aləmdə də yaxşı tanıtmışdır. Şairin
Azərbaycanda iyirmi, Türkiyədə, Rusiyada, İranda, Özbəkistanda, İsveçdə isə, üst-üstə, on beşdən artıq
kitabı nəşr edilmişdir. 2005-ci ildə ona Azərbaycanın Xalq şairi adı verilmişdir… Polşa Respublikasının
Mədəniyyət Nazirliyi mədəniyyət sahəsindəki xidmətlərinə görə onu “Sənətkara şöhrət” medalı ilə təltif
etmişdir…
Əsl şair addımından, bircə baxışından da aydın tanınır. Ədəbiyyata “Tanımaq istəsən” (Gənclik,1970),
“Sevgim, sevincim” (Gənclik,1974), “Xəbər gözləyirəm” (Gənclik,1979) kitabları ilə gəlmiş
S.Rüstəmxanlının şairlik, vətəndaşlıq keyfiyyətləri daha çox “Gəncə qapısı” (Yazıçı,1981), “Sağ ol, ana
dilim” (Gənclik, 1983), “Qan yaddaşı” (Yazıçı, 1986) şeir toplularında, Azərbaycan Yazıçılar birliyinin
Natəvan klubunda 25 aprel 1986-cı il tarixli zəngin məruzəsində, həmin çağlarda meydana çıxmış “Ömür
kitabı” əsərində aşkarlanmış və öz yaradıcılığını ədəbi elmi içtimaiyyətə yeni söz deməyi bacaran qüdrətli
qələm sahibi kimi tanıtmışdır.

Sal qayanı yarıb çıxan şəffaf bulaq Şairimiz,
Dumanlarda azanlara çıraq, mayaq Şairimiz!
Rüstəmxanlı soyadının üç min əsrin arxasından
Bu günlərə çəkə-çəkə nurlandıran Şairimiz.
Xalq şairi B.Vahabzadə

Qəlbi Vətən çiçəklərindən rəng, Vətən küləklərindən səs alan şairin bu kitabı başdan-başa Vətən onun
keçmişi, bu günü və daha işıqlı sabahının tərənnümüdür. Doğma xalqının mənəvi gözəlliklərinə,
qəhrəmanlığına, nəcibliyinə, öz məmləkətinin təbiətinə və tarixinin ən işıqlı yarpaqlarına vurulmadan, onun
dostlarını və düşmənlərini tanımadan “Ömür kitabı” kimi əsər yaratmaq çətindir. “Ömür kitabı” böyük
zəhmət və zəka abidəsidir, nağılvarı nəsrin sıradan çıxdığı, oxunmadığı dövrdə yeni nəsrin, sənədli nəsrin,
vətəndaş yanğıları ilə içəridən qızınmış poetik nəsrin meydana çıxdığını xəbər verən nümunədir.
Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının “Ömür kitabı” 1985-ci ildən jurnal səhifələrində parça-parça
çap edilərək oxucular arasında böyük şöhrət qazanmışdır. 1988-ci ildə qısa vaxt ərzində iki dəfə azəri, bir
dəfə rus dilində yüksək tirajla nəşr edilən kitab gənclərin milli şüurunun inkişafında mühüm rol oynamışdır.
“Gəncə qapısı” şeirlər toplusu S.Rüstəmxanlı şairliyinin yeni keyfiyyətlərlə zənginləşdiyini, sənətkar-
vətəndaş mövqeyinin daha möhkəm əsaslara söykəndiyini, ötkəmlik, mərdanəlik pafosunun dərinliyini
aşkarladı. İnsanı xoşbəxt edən, insan mərtəbəsinə qaldıran yalnız xalq və bəşər tərəqqisinə xidmət edən
içtimai mübarizə, nəcib mübarizə amalıdır. Bu motiv “Gəncə qapısı” səhifələrindən poeziyanın şah damarı
kimi gəlib keçir. “Sağ ol, ana dilim” kitabını şairin yaradıcılığında daha yüksək mərhələ kimi
dəyərləndirməliyik.

Olduqca nikbin, fərəh saçan, Vətən tarixinin, türk dünyasının əzəmətini öz canında, qanında duyan lirik
qəhrəmanın özünü, öz milli varlıgını keçmişi və sabahı ilə birlikdə dərk etməsindən doğan nikbinlikdir. Bu
kitab şairin şair kimi yetkinləşdiyini xəbər verir. “Göy tanrı” romanında Azərbaycan və Şərq tarixində
böyük rol oynamış Oğuz xanın və qədim türklərin mənşəyi və keçdiyi yollardan, eləcə də təkallahlığın
mühüm mərhələsi olan Göy tanrı inancından danışılır. Həm mövzusuna, həm də yazı tərzinə görə əsərin
çağdaş ədəbiyyatımızda mühüm bir hadisə olduğuna inanırıq. Digər kitablar kimi S.Rüstəmxanlının
“Seçilmiş əsərləri” şeir toplusu da öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil,
həm də ən başlıcası qeyrətlə silahlandırır. Bu şeirləri oxuyarkən klassik Azərbaycan ilə fəxr edirsən, bu
ülviyyətə, bu bütövlüyə qarşı tuşlanmış nə varsa, hamısını yıxmaq, dağıtmaq uğrunda çarpışmalara atılırsan.
Kitabın içərisində yer alan hər şeir diqqətəlayiqdir. Kitabxanaçı onlardan bir neçəsini, məsələn, “Tanımaq
istəsən” şeirini təhlil etməyə başlayır. Ocaq, torpaq duyğusu qəribə duyğudu. Hər kəs öz üzünə öyrəşdiyi

ata-anasına bağlandığı kimi bir parça torpağa da bağlanır. Və orda dünyanın heç bir yerində tapmadığı
rahatlıq, xoşbəxtlik tapır.
Yaşamaq burda nuş olur, ölmək burda asanlaşır. Dünyanın bütün əzabları, qorxuları əcdadların ruhlarına
qovuşmaq adlanan və sözlə ifadə oluna bilməyən sirli sevinclə üz-üzə gələndə vahiməsini itirir; insan ölümə
ayrılıqdan çox görüşə gedən kimi gedir, tapdığının itirdiyindən böyüklüyünə inanır…

Şimşəklər çinartək sançılıb yerə,
Düşmənin gözündə dirsəkdi hər dağ.
Babalar atını sürüb gedibdi,
Qayalar boylanıb qalıbdır ancaq.
Oğlu-Şah İsmayıl Xətai adlı,
Ağ atlı oğlan var, atı qanadlı;
Bir də Suraxanı atəşgahı var,
Bir də Misri qılınc, bir də Çənlibel;
Bir də “Heydərbaba” yazılmış bir dil.
Torpağı ot deyil, kişi göyərdən.
Vətən… vətən!

S.Rüstəmxanlının vətənimizə sevgisi, vətənə, millətə olan məhəbbəti onun bütün misralarından,
şeirlərindən, ümümiyyətlə hər kəlməsindən süzülüb ağ vərəqlərə tökülür. Onun hər bəndi, hər kəlməsi vətən
qoxuyur. Sabir yaradıcılığı başdan-ayağa vətənə həsr olunur desək yanılmarıq. Böyük şairin “Qəhrəman
ana”, “Qəhrəman oğul”,“Ruhumuz sərhədsiz olduğu üçün”, “Tarixi yaradanlar”, “Doğmalıq…”, “Bu yurd
mənə tanış gəlir”, “Qopuz səsi, Şaman duası” şeirlərindən vətənə sevgi, vətənə bağlılıq, vətənə olan dərin
duyğular süzülüb gəlməkdədir. Bu şeirlərdə Vətənin qədim, ulu keçmişi, xalqın mənəviyyatı, millət kimi
formalaşmasında keçdiyi mərhələlər qürurla, yanğıyla misra qatarına düzülüb. Şairin şeirlərində bəzən yağı
düşmənlərimizlə bərabər sapı özümüzdən olan nadanlarımız da qınaq hədəfinə çevrilir. Onun əsərlərində
tariximizi saxtalaşdıranların layiqli cavabı verilir.

Vaxt olub ki, öz gülləmiz
Gözümüzə tuşlanıb,
Öz zəmimiz əlimizlə
Biçilməmiş xışlanıb,
Pisliyimiz düşmənə xoş!
Daima alqışlanıb;
Mən də elə sənin kimi
Öz-özümə qəniməm,
Öz nəfsimlə talan olub
Öz yatarım, xəzinəm…
…Aman, durna, dimdiyini
Öz başında sınama,
Sən gücünü yurddaşında,
Qardaşında sınama!..

S.Rüstəmxanlının əsərlərinin əsas motivi vətənpərvərlik ruhu, əzmkarlıq, ruh yüksəkliyidir. Hər bir şeirdə
milli qürur, vətənə məhəbbət və vətənə məhəbbətə çağırış açıq şəkildə görünməkdədir.

Babaların igid ruhu dirildi,
Qisas deyir türk yaddaşı-şanımız.
Ömür bizə vətən üçün verildi,
Qurban getsək halal olsun qanımız…
Mənim yoluma bax, əzəldən haqlı,

Haqqı gücsüz bilib gülmək günahdı,
Gələcək cəzanı çəkməyin vaxtı,
Hesabı axırda kəsən millətəm!..
Bəzən Şairin öz qəlbi ilə söbəti də vərəqlər üzərinə tökülür.
Şairlik nəyimə gərəkdir?

Deyim!
Şeirdə təsəlli aparmaq üçün.
Təzə söz deməyə gümanım azdı,
Yazıram köhnəni qorumaq üçün.
Özümü qorumaq odlar içində,
Adımı qorumaq adlar içində,
Mənim bu narahat qəlbim sınmasın
Xoşbəxtlər içində yadlar içində!
Digər şeirinə nəzər salaq:
Qz ana dilimə, ana sözümə
Bir təzə kəlmətək qoşula bilsəm;
Sinəmə səpilən od yağışından-
Yad sözdən, yad ruhdan yaşına bilsəm,
Demək çiçəklənən cavan budağam,
Mən söz əsgəritək yaşayacağam!

Görkəmli şair həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verən əsil şairdir. O, ahəngini
Azərbaycanın dahi şairlərinin ahəngindən götürmüş bir şairdir. S.Rüstəmxanlı hardasa Səməd Vurğun,
Şəhriyar, Rəsul Rza kimi yaxın, Mirzə Ələkbər Sabir, M.Füzuli, Nəsimi kimi “uzaq” sələflərindən, Bəxtiyar
Vahabzadə təki çağdaşlarından təsirlənib qüvvət almış, öz yaşıdlarının çoxunu tezliklə arxada qoyub ən
yeni Azərbaycan türk poeziyasının ön atəş xəttinə çıxa bilmişdir. Nəfəsindəki qəhrəmanlıq yanğısının
tüstüsüz alovuna baxmayaraq bu poeziya nə qədər təvazökardır, məğrur və başı ucadır. Şeir ürəyin, beynin
kardioqramıdır.

Şeir yalnız ürəyin yox, həm də ömrün çövhəridir. S.Rüstəmxanlının kitablarında yalnız bircə
ömrün deyil, nəsillər və əsrlər ömrünün cövhəri verilmişdir. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu
halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevrilir. Şeir və
dastanların çoxu əsrimizin son rübündə yazılsa da, ehtiva, dairəsi çox böyük, çox əzəmətlidir.
Sabir Rüstəmxanlı bizim XX əsr şeirimizdə bir məktəbdir. Amma bu məktəbin özünün də məxsus olduğu
daha böyük müqəddəs məktəbi var. Bu, bəxtsiz şairimiz Məhəmməd Hadi ilə başlanan milli poeziya
məktəbimizdir. Birinci Rus inqilabı bizə mətbuat azadlığı verdi. Bu azdlığın bitirdiyi zərif çiçəklərdən biri
Azərbaycan xalqının oyanan milli şüuru idi.

Çəkil torpağımdan, ey yağı düşmən,                                                                                                                                                                                                                                                                                                                                  Mən şeytan ümidin üzən millətəm.
Dünyanı üstümə qaldırdın yetər,
Dünyanın dərdinə dözən millətəm.
Mənin yoluma bax, əzəldən haqdı,
Haqqı gücsüz bilib gülmək günahdı,
Gələcək cəzanı çəkməyin vaxtı,
Hesabı axırda kəsən millətəm!..

Sabir Rüstəmxanlı fikir şairidir, düşüncə şairidir. Şeirlərinin mayası, qayəsi, qələmindən süzülən
misralarının əriş-arğacı fikirdən yoğrulub, fikirdən toxunub. Şair elə bir şey yazmayıb ki, dünən çəpikdə,

alqışda çimən misralar bu gün xəcalət tərinə çevrilsin, müəllifinə əzab-əziyyət versin, peşmançılıq gətirsin.
Sabir Rüstəmxanlının poeziyasında qınanılası bircə misra belə yoxdur.
Onun dərdi elin dərdinə tən olubdur həmişə. Şair ürəyində eli boyda, özü boyda qəm yükü gəzdiribdir,
yorulmayıbdır. Bu qəm yükündən usanmadan, yorulmadan, bezmədən çiyinlərinə alıb. Elin yolunda yanıb,
elin pərvanəsinə dönübdür. Sabir Rüstəmxanlı əqidə şairidir. O, min bir mükafatdan, min bir vəzifədən
elin bir “sağ olunu” üstün tutubdur. S.Rüstəmxanlı Nəsimi davamçısıdır. Amalını da ustadından götürüb,
çeşməsindən su içibdir. Sözün düzünü deməyi, düşündüyünü dilinə gətirməyi bacarıbdır. Bəli,
S.Rüstəmxanlı həqiqəti deməkdən heç vaxt çəkinməyibdir. O, aydın sabahlara işıq yolçusu, nur yolçusudur.

Biz işıq yolçusuyuq,
məqsəd-işıq,
Biz olan yerdə olur
zülmət- işıq.
Ruh- işıq,
Məslək –işıq,
Qeyrət- işıq,
Güc-işıq,
Qüvvət-işıq,
Cürət-işıq.
O könüldən ki, keçir,
Eşq ilə qeyrət damarı
Orda öz bayrağını
asdı işıq.
Atalardan bizə mirasdı işıq.
B. Vahabzadə

Dünyada ilk qədəmlərimizi atarkən doğulduğumuz torpağın adı bizim hələ sadə, təfəkkürümüzdə
Vətən mənasındadır. Sonra bu ad məktəb dəftərimizin üstünə yazılır, məktublarımızın üstündə bir ünvan
kimi dünyanı dolaşır. Daha sonralar ömür pasportumuza yazılaraq bütün həyat boyunca bizimlə birgə
yaşayır. S.Rüstəmxanlı da ədəbiyyatımıza, poeziyamıza öz imzası, adı, soyadı ilə yazıldı. Şanla-sanballa
yazılan bu imza poeziyamıza silinməz möhür vurdu və daha neçə-neçə əsərlər yazıldıqca da, vurulacaq…
Ürəyinizə hərarət, qələminizə bərəkət, gözəl şairimiz. Yaşayın və yaradın!..
I aparıcı: Qoy ilham pəriniz sizi müjdələsin yeni-yeni şeirlərə, pıçıldasın qulağınıza misraları, bəndləri.
Tanrı sizi və sizin simanızda vətən övladlarını qorusun.

Biz tarixi yorub gəldik
Keçdik uzun yolları,
Üç qitəni qucaqladı
Türkün açıq qolları.
Hər ocaqda işığımız,
Hər zirvədə qalamız.
Biz allahın balasıyıq,

Tarix bizim balamız.

Aynur Turan
Araşdırmaçı- yazar

Şərh yoxdur

şərhini yaz