a
Hava:
20 C
scattered clouds
Baku
humidity: 51%
wind: 6 m/s SSW
H20 • L20
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAləmdə səsi olan Əzizə Cəfərzadə

Aləmdə səsi olan Əzizə Cəfərzadə

Onun həyatına nəzər saldıqda məəttəl qalmaya bilmirsən. Elə bil ki, Əzizə Cəfərzadə günün 24 saatını yazıb. Dilimizdə bir-birindən şirin, bir-birindən poetik və yığcam söz birləşmələri səslənir: Sərin su, şirin söz, mehriban insan, xeyirxah adam, əziz dost, qayğıkeş qohum… Bu qəbildən olan söz birləşmələrinin məna tutumu və hikməti, ana nəfəsi, ana səsi, ana əllərinin təması, ana sözünün, ana nəvazişinin
içərisində əriyib itir. Görünür buna görədir ki, ana qədər şeirdə, sənətdə təsvir və tərənnüm olunan ikinci bir varlıq yoxdur. Şairdir ana, sözü-söhbəti ilə. Nəğməkardır ana, dürlü-dürlü nəğmələri ilə. Belə qadınlardan biri də Əzizə Çəfərzadə idi. Mənsub olduğu xalqın ədəbi, tarixi-mədəni irsinin öyrənilməsi sahəsində böyük xidmətlər göstərən şəxsiyyətlər həmişə minnətdarlıqla xatırlanır. Xalq yazıçısı, ictimai xadim,
ədəbiyyatşünas alim, professor Əzizə Cəfərzadə ömrünü Azərbaycan ədəbiyyatına, folkloruna dilçiliyinə, etnoqrafiyasına həsr edib. Qələmə aldığı tarixi romanlarla böyük nasir M.S.Ordubadi ənənələrinin davamçısı kimi tanınıb. Əzizə Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakıda anadan olub. 38 saylı məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr məktəbində oxuyub. Əlaçı oxuduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundov mükafatına birinci o layiq görülüb. 1942-44-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-47-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1944-46-cı illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-49-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-55-ci illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Əzizə Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1937-ci ilin vurhavur vaxtlarında ilk dəfə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra onun çap edilən ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb. Sovet senzurası gənc yazıçını salon lirikasını tərənnümdə, yəni “Axmatovşina” da ifşa edərək kitabı yığışdırır. Bu qərar Əzizəyə pis təsir etsə də, onun bir yazıçı kimi tarixi əsərlər yazmasına mane olmayıb. Müasir Azərbaycan nəsr tarixində tarixi roman janrı onun qələmi ilə yenidən canlanıb.

Yazıçı 1963-cü ildə “Natavan haqqında hekayələr” i yazıb. Bu hekayələrdə o, Xurşudbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alıb. Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-78-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib. XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Səlyan bölgəsində baş verən hadisələr romanda müfəssəl təsvir olunub. Artıq bu illərdə hamı–ədəbi ictimaiyyət də, sıravi oxucular da yazıçıdan yenə tarixi əsərlər gözləyirdi. 1980-ci ildə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan romantik şair Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. Əzizə Cəfərzadənin qadın həmkarlarından ən böyük fərqi onun tutduğu yolu dönmədən, kişi kimi mətinliklə davam etdirməsindədir. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada “Klassik irsimizdən”, “Aşıq Pəri” və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən proqramların və “Ana” radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur. 1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir.

Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur. Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı–“Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə “Azərbaycan Anası” və “Xalq Yazıçısı” kimi yüksək adlara layiq görülmüşdür. Yazıçı mənsub olduğu xalqın tarixini bədii ədəbiyyata gətirməklə onun təbliğinə çalışırdı. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” (1989) romanı XIX -XX əsrlərdə yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” (1992) XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi” (1995), “Gülüstan”dan öncə” (1996), “Zərrintac-Tahirə” (1996), “İşığa doğru” (1998), “Bəla” (2001), “Rübabə sultanım” (2001) tarixi romanları Ə.Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur.

Onun nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. O, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Onun elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir.

Onun həyatına nəzər saldıqda məəttəl qalmaya bilmirsən. Elə bil ki, Ə.Cəfərzadə günün 24 saatını yazıb. Halbuki pedaqoji fəaliyyət, elmi axtarışlar, səfərlər, tərcümələr və ictimai fəaliyyəti heç vaxt kölgədə qoymayıb. Bütün işlər bir-birinə paralel şəkildə, vaxtlı-vaxtında çatdırılıb. Bir sözlə, o, zamanı özünə uyğunlaşdıra bilib. Həm də o təkcə tarixi romanlar yazmayıb. Yazıçı həm də çoxlu sayda hekayə və nağıllar yazıb. Ana və qadın mövzusu onun əsərlərində həmişə qabardırılıb. Bununla da o, mənsub olduğu xalqın zərif cinsinin nümayəndələrinin müsbət keyfiyyətlərini, hiss-həyəcanlarını,mübarizliyini dünya oxucularına çatdırırdı. Yazıçı həm də bədii ədəbiyyatla kifayətlənməyib, yüzlərlə məqalə, oçerk,elmi-publisistik məqalələr yazaraq yerli və xarici mətbuatda çıxışlar edib. Folklorumuzun vurğunu olan Əzizə xanım bir çox etnoqrafik yazıları ilə Azərbaycan xalqının milli adət-ənənələrini özündə əks etdirən böyük yazılarla daima mətbuatda çıxış edib. Türkiyə, İran, İsrail, Malayziya,Sinqapur, Hindistan, Kipr, Suriya və keçmiş Yuqoslaviya respublikalarında iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycan və onun tarixi haqqında danışıb. Əzizə xanım olduğu bütün ölkələrin kitabxanalarında yazdığı tarixi əsərləri ilə bağlı faktlar toplayaraq, romanlarında istifadə edib. Onun səyahət gündəlikləri oxucu üçün olduqca maraqlıdır. Olduğu bütün ölkələri əsərləri, yazıları ilə ədəbiyyatımıza gətirməkdən yorulmayıb. Öz şəxsi həyatı bu xanımın özü üçün heç vaxt maraqlı olmayıb. Çox nadir halda qadınlar bu yolu tutur. Həm də parlaq biznes fəaliyyəti və ya hansısa siyasi baxışlar üçün deyil, sırf ədəbi yaradıcılığı üçün bu addımı atanlara az rast gəlinir. Əzizə xanımın alnına bir də “qara qitə”də yaşamaq yazılıb. 1965-1966-cı illərdə pilot olan həyat yoldaşının işi ilə bağlı Qanaya (Afrikaya) gedib. Həmin illərdə Qanada yaşayan yazıçı xanım yaradıcılığından orada da əl çəkməyib. Onun səfər gündəlikləri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirət kitabında toplanıb. Kitabda yazıçı afrikalı insanların həyat tərzini, fəaliyyətlərini, kənardan görünə bilən və bilinməyən tərəflərini məharətlə təsvir edib.

Bütün ömrünü Azərbaycan ədəbiyyatının tarixinə və onun araşdırılıb, geniş ictimaiyyətə çatdırılmasına həsr edən Ə.Cəfərzadə 2003-cü ildə çevrilib geriyə – özünün gənclik illərində baş verən hadisələrə baxıb. O, şərqin dühası Məhəmməd Füzulini gözəl bilirdi. Onun son əsəri də elə bütün ömrü boyu axtarışında olduğu Füzuli həyatından bəhs edir. Ölümündən bir az əvvəl bitirdiyi “Eşq sultanı” romanı böyük Azərbaycan şairi Füzulinin həyatı haqqındadır. Yazıçı 1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləyib. Tutduğu sosial statusdan asılı olmayaraq, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib. Özünü Azərbaycana həsr edən yazıçı xanım dəfələrlə respublikanın ən ucqar rayon və kəndlərinə gedərək, millətin tarixi, insanların taleyi ilə tanış olub və rastlaşdığı
problemlərin həllində yaxından iştirak edib. O, həm də xeyriyyəçi kimi sıravi vətəndaşların sevgisini qazanıb. 1979-cu ildə kitablarından qazandığı qonorar hesabına Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib. Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağda erməni separatizmi baş qaldıranda ilk səsini ucaldan ziyalılar arasında Əzizə Cəfərzadə də vardı. Yazıçı dəfələrlə ön cəbhəyə gedərək, əsgərlərlə görüşüb, onlara ana nəvazişi göstərib. Xalqına bağlı olan xanım yazıçı xalqından ən böyük adı–“Azərbaycan Anası” adını ömrünün 80-ci ilində alıb. Onun haqqında keçmiş zamanda danışmaq ağır olsa da, təəssüf ki, əbədi ayrılığın bir qüssəsi həmişə bizimlədir. xalq
Azərbaycanın yazıçısı, Azərbaycan xalqının yazıçısı 4 sentyabr 2003-cü ildə, ömrünün 82-ci ilində uzun sürən xəstəlikdən vəfat edib. Millətinə düşkünlüyü ilə şəxsi həyatını arxa plana keçirən yazıçı öz vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib. Bu isə onun xalqına ən böyük arzusudur: “Gələcək nəslimiz üçün sakit, dinc, müstəqil bir Vətən istəyirəm, xoşbəxt bir istiqbal arzulayıram!”
Aynur Turan

Şərh yoxdur

şərhini yaz