a
Hava:
21 C
few clouds
Baku
humidity: 46%
wind: 6 m/s SE
H21 • L21
HomemütailəŞəxslərSözə sevdalı şair- Söhrab Tahir

Sözə sevdalı şair- Söhrab Tahir

Sözə sevdalı şair- Söhrab Tahir

Bizim nəsil Söhrab Tahiri həmişə xeyirxah, nəcib, sözübütöv cəfakeş mərd və mübariz, xırda hislərdən
uzaq görmüşdür. Bizim gözümüzdə S.Tahir inqilabçı, döyüşkən Cənubi Azərbaycan xalqının timsalıdır. Uca
boylu, iti baxışları, şimşək gülüşləri ilə Söhrab Tahir Cənubi Azərbaycan torpağının bir parçasıdır. Güney
Azərbaycanda sərhədsiz, maneəsiz addımlayan, Savalandan qopan bir qaya kimi gəzən, bütün qapıları ərklə
açan, bütün evlərdə intizarla gözlənilən, varlığında işıq, inam, qələbə gəzdirən, özü demiş, Azər Azər
babadır!
Azərbaycanın xalq şairi, nasiri, publisisti Tahiri Söhrab (Söhrab Tahir) Əbülfəz oglu 6 avqust 1926-cı ildə
İranın Astara şəhərərində sənətkar ailəsində anadan olmuşdur. Şair “Səadət” və “Şapur” orta məktəblərində
9-cu sinfədək təhsil almışdır. Lakin ailənin maddi imkanları aşağı olduğuna görə şair təhsilini davam etdirə
bilməmiş, atası ilə birgə “İran İngilis neft şirkəti” ndə işləməyə məcbur olmuşdur.

Sovet ordusunun İrana yeridilməsindən sonra, Söhrab Tahir xalq hərəkatında aktiv yer almışdır. 1946-cı
ildə Söhrab Tahir təhsil almaq üçün Bakıya gələrək Bakı Tibb İnsititunun stomatoloq və feldşerlik
fakultəsində təhsil alır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakultəsində təhsilini davam etdirir.
S.Tahir 1959-1961-ci illərdə isə Moskvada Maksim Qorki Adına Ali Ədəbiyyat kurslarında müdavim
olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib,“Azərbaycan” qəzeti və jurnalı
redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında isə redaktor müavini, 1984-cü ildən
isə “Azərbaycan” jurnalında redaktor vəzifəsinə işləmişdir. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin,
“literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşriyyatının bədii şurasının, Azərbaycan
Ədəbiyyat Fondu idarə heyətinin pleniumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri
(1986-1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat birosu idarə heyətinin sədri təyin edilmişdir.
İnqilabi, ədəbi içtimai fəaliyyətinə görə Təbrizdə “21Azər” medalı və bir sıra medallarla, Azərbaycan Ali
Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may
1998-ci il tarixli, 709 nömrəli Fərmanı ilə ona “Xalq şairi” fəxri adı verilmişdir. 2006-cı ildə isə S.Tahir
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür.

2010-cu ildə Rusiya Yazıçılar ittifaqı və onun Moskva şəhər təşkilatı nəznində fəaliyyət göstərən Yazıçı-
tərcüməçilər ittifaqının qərarı ilə Beynəlxalq V.V. Mayakovski ordeni ilə təltif edilmişdir. Onun
kitablarından, “Qırılan zəncirlər” (1965), “Mən səni görmüşəm” (1965), “Burdan bir atlı keçdi” (1972),
“Azad qardaşım var” (1973), “Mənim yolum (1975)”, “Döyüş lövhələri” (1980), “Ölümdən güclü həyatdan
uca (1981)”, “Qonşu qızın məktubları” (1985), “Vətənlə sevgi arasında” (1986), “İki dəfə yox olmuş adam”
(1988), “Əmanət” (1991), “Seçilmiş əsərləri” (2005), “Ata” (2009) çox cildli kitabı və s. nəşr olunmuşdur.
Ümumiyyətlə, şairin 50-dən çox kitabı Bakıda, Moskvada, Berlində, Tehranda, Təbrizdə işıq üzü görüb.
AMEA Şərqşunaslıq İnstitunun böyük elmi işçisidir. 1993-cü il mart ayından Yeni Azərbaycan Partiyasının
üzvüdür. S.Tahir 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü, Dünya
Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, 2002-ci ildən isə Azərbaycan İçtimai-Siyasi
Universitetinin müəllimi olmuşdur. S.Tahirin yaradıcılığı aşağıdakı çap olunmuş əsərlərdən ibarətdir.

1. 1500-dən çox şeir.
2. 57 poema.
3. 18 roman.
4. 5 povest.
5. 75 hekayə.
6. 2 pyes.
7. 800-dən çox ədəbi, elmi, publisistik məqalələr.
8. Esse. Fəlsəfi traktat və ssenarilər.
9. Kitablara, elmi əsərlərə yazdığı müqəddimə və rəylər.
10. Azərbaycan YB-nə daxil olmaq üçün 50-dən çox gənc qələm sahibinə zəmanət vermişdir.
Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il
mayın 4-də ömrünün 90-cı ilində vəfat etmişdir.

Çağdaş cənubi Azərbaycan şeirinin bayraqdarlarından biri olan S.Tahir dünyanın döyüşkən, inqilabi
poeziyasının, ömrü mühacirətdə keçmiş qüdrətli nümayəndələri sırasında dayanır.
Güneyli-Qüzeyli Azərbaycanın ədəbi ənənələrinin müştərək özülü üzərində yüksələn şairin yaradıcılığı
poetik mübarizə yolu kimi doğma vətəndən didərgin düşmüş yüz minlərlə soydaşın acı, nisgilli,
ömürlüyüdür. S.Tahirin kitablar toplusunda şairin vətəndaşlıq, içtimai ruhlu şeirləri cəmlənmişdir. Güney
Azərbaycanın taleyindən doğan mübariz əhvallı həmin şeirlərlə yanaşı müxtəlif mövzulu poetik parçaların
da yer aldığı kitablarda müəllifin ikili taleyindən gələn bir mövzu əlvanlığı, sevinclə göz yaşının görüşlə
ayrılığın, xoşbəxtliklə ömürlük dərdin sıx-sıx qovuşması, bir-birini təmizləməsi və tamamlaması var…
S.Tahir sözləri o qədər işıqlıdır ki… O qədər işıqlı ki, bu işıqlı sözlərin hərəkəti, cazibəsi, saflığı onun
yazdığı hər şeyə haqq qazandırır.

XX əsrin poetik kəhkəşanında Azərbaycan azadlığının romantikasından şehlənmiş çiçək misralar
gecənin qaranlığında yanan ulduzlar kimi görünür. Bu görüntüdə hər misrası Azərbaycan istiqlalı, milli
mədəniyyət mücadiləsi, haqq gerçəkliyi uğrunda mübarizədə döyüşən, vuruşan S.Tahir poeziyasının da öz
parlaqlığı var. O, Azərbaycan azadlığı mübarizəsinə gənclik illərindən-ömrünün ən xoş, saf, təmiz, ülvi
çağlarında, dünyanın minbir nəfsindən uzaq, qaynar həyat eşqi ilə dolu bir zamanında atılıb. Gənclik
illərinin ilk sevgisi Azərbaycanın istiqlal mübarizəsi olub. Bu eşqin oduna böyük Azərbaycanın-ikiyə
bölünmüş Azərbaycanın o tayından bu tayına pənahlanıb. Vətən eşqi ilə 18 yaşında yola çıxan Söhrab Tahir
90 il mənalı və eyni zamanda enişli-yoxuşlu ömür sürüb. 90 yaşında daha mübariz, daha ötkəm, daha
inadkar olub. Şairin əbədi vətən sevgisinə, bağrı qan Vətəninə olan eşqinə əlmi yetirmək olar? Söhrab
Tahirin şeirləri uca-uca dağlar başından aşıb, nurlu dərələr boyunca yayılıb, milyonlarla ürəklərə yol tapıb.

Əziz Vətən, doğma diyar,
Vuruşuram sinəndəki
Qan yerini silənədək.
Vuruşuram azadlığım
Başım üstə gələnədək.

S.Tahir “Ata” poema-epos kitabı haqqında, eləcə də kitabın yazılma zəruriyyətini oxuculara məhz kitabda
yer alan “müəllifdən” bölümü ilə (müəllifin dilindən) səhifəsində çatdırır. O, qeyd edir:
“Azərbaycan ədəbiyyatında ən irihəcmli poetik əsər hesab edilən “Ata” (poema-epos) 1991-cü ildən qələmə
almağa başlamışam. Azərbaycanın qədim şeir forması-qoşma şəklində yazılmış bu əsər 15-bölmədən
ibarətdir. Əsərin eramızdan 9 min əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayan, yaradan, döyüşən
varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusi ilə Azərbaycan xalqının eramızın
əvvəlinə qədərki həyat və məişətinin bədii-tarixi lövhələrdə təsvirini əhatə edir. “Ata” sadə xalq dilində
yazıldığı üçün burada demək olar ki, fars və ərəb sözləri işlənməmişdir. Əsərdə Azərbaycan, Orta Asiya,
Türkiyə, Rusiya, İran və Ərəb ölkələri, İngiltərə, Almaniya və s. Avropa alimlərinin tarixi sənədlərə, tarixi
həqiqətlərə uyğun fikirləri əsas götürülmüşdür. Çoxdandır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız
xalqımızın varlığı, mənşəyi, yaşadığı ərazi, qədim həyat tərzi, dili və qəhrəmanlıqları ilə maraqlanır, bəziləri
isə mənə bu haqda, məktub yazır, bu sahədə ortalığa ciddi suallar qoyurdular.

Son 20 ildə Azərbaycan xalqının varlığı, etnogenizi ilə əlaqədar elmi kitablarla yanaşı, şamanizm,
zərdüştizim haqqında kitablar, əsatir, əfsanə, dastan, nağıl, deyim və söyləncələr oxuyurdum. Xalqımın
qədim varlğını, adını, qəhrəmanlıqlarını göstərən sənədləri, abidələri dağıdıb, yandırıb məhv edən
düşmənlərin qəddarlığının qanlı izlərinə düşüb, yavaş-yavaş dünyanın ən qədim, ən nəcib, ən dəyişkən və ən
ləyaqətli və sücaətli xalqları olan türkdilli ellərin, o cümlədən xalqımızın ən qədim tarixinin monumental
mənzərələrini aydın şəkildə görməyə başladım. Azərbaycanda istiqlal hərakatı başlarkən bu mövzuda böyük
bir əsər yazmaq imkanı reallaşdı: Bir gün bir yas məclisində Moskavadan yenicə qayıtmış xalqımızın
ağsaqqalı, böyük rəhbəri Heydər Əliyev xalqımızın tarixinin müxtəlif dövrlərindən söhbət açaraq üzünü
məclisdə oturan alim və yazıçılara tutub dedi: “Bu xalqın tarixini siz yazmasanız bəs kim yazacaq?!”
Mən xalqımızın böyük oğlu Heydər Əliyevin bu haqlı tələbinin təsiri altında “Ata” poema-eposunu
yazmağa başladım…

Bundan sonra, şagirdlər poemanın müəyyən hissələrindən şeir parçaları söyləyirlər.

Od tanrısı dindi, göylər gurladı,
Od olmasa varlıq donar, dayanar.
Ovcunuza alın odu, qoruyun,
Od olmasa varlıq donar, dayanar.
Mən dursamda sizdən azca yuxarı,
Məndən alır dirrik axar-baxarı,
Bunca hamı yeyir, içir, otarır,
Od olmasa varlıq donar, dayanar.

Birdən baxıb ərənləri gördülər,
Çağırışa, haraya səs verdilər,
İtiatı ovlaqlara sürdülər,
Od olmasa varlıq donar, dayanar.

Azərbaycan torpağında S.Tahir zirvəsi var. Bu zirvədən günəş doğur. Onun yaradıcılığında “Nənəmin
evi”, “Azərbaycan”, “30 il zindanda”, “Qızıl cam”, “Ata”, “Səttarxan” əsərləri sanki gur şəlalə olub qəlblərə
axır. Şair əks-sədadır. O, həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verməlidir. S.Tahir əsl şair idi.
Azərbaycan öz böyük oğlu üçün daim fəxr və qürur hissi keçirir. Şair təkcə düşmənə qarşı amansız deyildir.
O, qorxaq və mühavizəkar olan bütün şəxsləri öz odlu şeirlərinin hədəfinə qoyur. S.Tahir elə
sənətkarlardandır ki, onların həyat yolu yaradıcılıq yolu qədər, yaradıcılıq yolu isə həyat yolu qədər maraqlı
və zəngin olur. Həkim, filoloq, şair, içtimai xadim, azadlıq təşnəsi kimi müxtəlif adlar qazanmış, vətəndaşlıq
mövqeyi və özünəməxsus poetik dünyası ilə seçilən S. Tahir ana vətəninin ürəyində doğulmuş, diləyində
həmişə azadlıq bəsləmiş və bu yolda qılıncını ovxarlı saxlayan qüdrətli söz ustasıdır. Azadlığı Savalanın
zirvəsində görən və bu ucalığa çatmaq üçün “dərələri xurcun kimi çiyninə aşırıb, qayalardan atılaraq”, “quzu
olub daşlarını yalayaram duz kimi” deyə üzünü dağlara tutub söylədiyi şeirlərdəki məqama fikir verin:

Qurban olum sənin daim uçuran yağışına, doluna.
Qurban sənin dağ yolunu səngər etmiş oğluna,
Gir qoluma, daha çıxaq böyük dünya yoluna,
Dayan, dayan. Ey əcdadım, qoy mən girim qoluna
Savalanım, Savalan!..

Gözəl günlər uğrunda ömrünü odlara atan və indi sanki yer üzünün gəzəri Savalanına çevrilən S.Tahir elə
təvazökar, mənəviyyatı zəngin bir şəxsiyyətdir ki, 90 baharlı bir arzman çinarın haqqında bəlkə də yetərincə
yazılmayıb. Halbuki həm şəxsiyyət kimi, həm də yaradıcılıq ləyaqətinə görə Söhrab Tahir yalnız
Azərbaycan ədəbiyyatının deyil, dünya poeziyasının qüdrətli nümayəndələrindəndir. Onun haqqında
yazılmış tədqiqatların birində deyilir ki, S.Tahir yaradıcılığı xalqın mənəvi, ədəbi ruhi birliyini yaradan ən
güclü qüvvələrdən, aramızdakı ən möhtəşəm körpülərdən biridir. S. Tahir Cənubi Azərbaycan da milli
azadlıq yolunda çarpışan, mübarizə aparan hürriyyət aşiqidir. Lakin bir çox cənublu soydaşlarımız kimi
onun da taleyi dövrün, zamanın haqsızlıqlarına tuş gəlmişdir. Apardığı haqq işinin bəxş etdiyi “ərməğan” bu
oldu ki, döğulduğu yurddan, anasından, əzizlərindən uşaqlığının minbir xatirəsini yaşadan yerlərdən ayrı
düşdü. Şehli gəncliyindən bu günə-Savalanmış ömrünə kimi, özü demişkən, iki həyat yaşadı.

Mənim qollarımı iynə-sap edin
Tikin Astaranı biri-birinə.
Çayları, yolları iynə-sap edin
Tikin Culfaları biri-birinə.

Söhrab Tahir şeirləri Azərbaycan poeziyasında bir mənəvi səngər qurdu. Bu səngərdə döyüşənlərin birinci
vəzifəsi ürəklərdə, beyinlərdə hürriyyət adlanan bir səadətin məhəbbət toxumunu səpmək idi. Qəlbinin

diktəsi ilə qələmini məhz bu istiqamətə yönəldib poeziyamızın sükanını məharətlə azadlığa, bu yolda
çarpışmalara yönəldən S.Tahir bütün bu illər ərzində öz istəyinə bir bəndlik də olsa, xəyanət etmədi.
Bəzən poeziyamızın dünəninə boylananda fikirləşirsən ki, yazarlarımız od püskürən misraları, insanın
ruhunu azadlığa-bəxtiyarlığa çəkən nidaları yazmasa idilər, bəlkə də poeziyamız sakit görünərdi, lal
görünərdi. Indi həmin şeirləri oxuduqca, qürurlandığımız ideyaların, arzuların əzəməti və dəyəri önündə baş
əyməli oluruq. Gününü qələmsiz, yazı masasız keçirməyən S.Tahir çağdaş qələm sahiblərindən-bəlkə də, ən
məhsuldarlarından biri idi. Dünyada bütün itkilərə dözmək, ağır dərdlərə sinə gərmək, tənha yaşamaq
mümkündür. Ancaq vətənsizlik, doğulduğun yerdən ayrı düşmək ölümdən də betərdir. S.Tahir bu ağır yükü,
bu ikiyə bölünmüş vətən dərdini ömür boyu çiyinlərində və ən əsası da qəlbində daşıdı. S.Tahir min səadətin
içində belə vətən sarıdan nisgillidir. İkiyə bölünmək, vətən həsrəti qəlbindən süzülüb yazılarına töküldü.

İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmürəm daha…

Mənalı ömür yolu, dəyərli yaradıcılığı ilə həm qələm dostlarının, həm də oxucuların dərin sevgisini
qazanmış Söhrab Tahir min səadətin içində belə vətən sarıdan nisgillidir, ən bəxtəvər çağında da kövrəkdir,
bir həzin himə bənddir:

Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın
Öləndən sonra da birlik harayım.

Şairin Vətən məhəbbətini əks etdirən “Ərdəbil”, “Təbrizim”, “Savalanım”, “Ərk qalası”, “Mərənd” və s.
şeirlərində yurd sevgisinin yaratdığı bir sıra məqamları görür, müəllifin vətəndaşlıq hislərinin qədərsizliyinə,
əbədiliyinə şahid olursan. Şeirlərindən çəkdiyimiz ayrı-ayrı ləçəklərdəki fikir duyumu çox düşündürücüdür.

Xalqım, sənin üzərinə
Qanlı qılınc sıyıranlar,
Bir milləti parçalayıb
Neçə yerə ayıranlar,
Səni təhqir edə-edə
Bu dünyada ucaldımı
Bu təhqirlə sənin, xalqım,
Böyüklüyün azaldımı.

Hərdən mənə elə gəlir ki, S.Tahir ulu Savalandan qopan bir qaya parçasıdır. Varlığında bütöv
məmləkətimizin ağrı-acılarını gəzdirməkdən sərtləşib. Müəllifin ürək qanı ilə yazdığı şeirləri hərdən bayraq
kimi başımızın üstündə dalğalandırmağa bir ehtiyac duyursan. Özünü “ayrılığın qanlı misrası”, “iki ölkənin
vətəndaşı” sayan və bu minvalla iki taleyi bir ürəkdə birləşdirmək üçün gənclikdən ömrün qışına yol gələn
S.Tahir üzünü Araz boyu tutaraq demişdir:
Araz şah misramdır, Təbriz poemam,

Tale kitabımı oxu bu yerdə.
Biz ki, bu torpaqdan, bir taledəndik,
Daha nə gərəkdir sorğu bu yerdə.

Oxucularına həmişə deməyə sözü olan, şeirlərini gözəllikdən, oddan yoğuran, köhnə şeirimizdə təzə üsyan
başlayan, “mənə iki tayda bir qəbir tikin” vəsiyyətini yazan, yalançı vədlərdən uzaq ağır taxtalı yaradıcılığı,
bəyazlaşmış saçları ilə 90 bahar yaşadı. Arazla baş-başa dayanan qüdrətli söz sərrafının yaradıcılıq nəhri çox
sellərin yönünü dəyişdi, qurumuş könüllərə yeni həyat gətirdi. Sözlə əməl bir olanda, o sözün və əməlin
sahibi sevilir, şəxsiyyəti dəyərləndirilir, yazdıqları məlhəm, tutiya kimi cana can, ruha qanad verir, Söhrab
Tahir kimi… S.Tahir bir əsrə yaxın, 90 il qələmi ilə xalqa xidmət göstərdi. Dərdləri ilə gəldi dünyaya,
həsrəti ilə də getdi bu dünyadan. Bitməyən vətən sevdası ilə. Bəlkə də bu dərdlər idi onu şair edən. Güney
dərdi, Araz ağrısı, doğma yurd nisgili ilə şair oldu S.Tahir. Ölümünün sonunacan qələmə sarınan şair ölümü

ilə ölümsüzlük gətirdi, ədəbi yaşayacağını bildiyi üçün. Xalq şairi Söhrab Tahirin əziz xatirəsi onun
tanıyanların qəlbində həmişə yaşayacaqdır. Yerin uçmaq, məkanın cənnət olsun şair!..
Xalq şairi Söhrab Tahirin əziz Xatirəsi onun tanıyanların, sevənlərin qəlbində həmişə yaşayacaqdır.

Kişi inadıyla yaşadın ömrü,
Qız-gəlin misallı ismətin oldu.
Qorxardın çöpü də iki bölməyə,
İkiyə bölünmək qismətin oldu.                                                                                                                                                                                                                                                                                                            Sərvaz Hüseynoğlu.

Aynur Turan
Araşdarmaçı yazar

Şərh yoxdur

şərhini yaz