a
Hava:
22 C
clear sky
Baku
humidity: 49%
wind: 7 m/s SSE
H22 • L22
HomeKateqoriyasız“HÖRÜMÇƏK TORUNDA” “TORA” DÜŞMƏYƏK

“HÖRÜMÇƏK TORUNDA” “TORA” DÜŞMƏYƏK

 

Hər il fevralın ikinci çərşənbə axşamı bütün dünyada BeynəlxalqTəhlükəsiz İnternet Günü kimi qeyd olunur.

Hansı zərurətdən doğmuş bu addım?

Yeni informasiya texnologiyalarının bariz nümunəsi olan İnternetinb bəşəriyyətin gündəlik həyatında sürətlə yayılması dövrümüzün əlamətdar hadisəsidir Tərəqqinin ən əhəmiyyətli fenomenlərindən biri olan İnternet müasir insanın həyatını kökündən dəyişdirmiş və informativ baxımdan zənginləşdirmişdir. Ümumbəşəri inkişafın tərkib hissəsi və onun məntiqi mərhələsi olan İnternet özü yeni kəşflər və ixtiralar üçün mühüm mərhələyə çevrilmişdir. Gerçəkliyin istənilən hadisəsi kimi, özü ilə həm müsbət, həm də mənfi nəticələr daşıyan İnternetin bəşəriyyətin inkişafında misilsiz rolunu qeyd edən mütəxəssislər ümumdünya “hörümçək torunun” insan həyatında mənfi rol oynayan cəhətlərinə və xüsusiyyətlərinə diqqət yetirməyi tövsiyə edirlər.

Beynəlxalq Təhlükəsiz İnternet Gününün təşəbbüskarları bu günü təsis etməklə gənc nəslə və onun formalaşmasında məsul olan yaşlı nəslin nümayəndələrinə fərdin “İnternet” adlı dünya informasiya şəbəkəsindəki fəaliyyətinin xüsusiyyətlərini izah etməyə çalışmış, İnterneti bir növ məlumat bankı və ötürücüsü kimi dəyərləndirərək bu şəbəkədən faydalanmağın, məlumatları süzgəcdən keçirərək gözlənilən təhlükədən qorunmağın vacibliyinə diqqət çəkmişlər. İnternetin təhlükəsizliyi xüsusilə həyat mövqeyi yenicə formalaşan gənc nəsil üçün önəmlidir.

Bu gün dünyada 1,7 milyarddan çox veb-sayt, 10 milyon server mövcuddur. İnternet istifadəçilərinin sayı 4,5 milyarddan çoxdur. Sosial şəbəkələrdən 3,9 milyarddan çox insan istifadə edir. Orta statistik göstəricilərə malik istifadəçi hər gün 6 saat 43 dəqiqə İnternetin əsirinə çevrilir… Və hər an qlobal “hörümçək torunun” “toruna” düşmək təhlükəsi ilə üzləşir.

İnternet istifadəçilərini məhz bu təhlükədən sovuşdurmaq naminə 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə Beynəlxalq Təhlükəsiz İnternet Günü təsis edilmiş, müvafiq tədbirlərin koordinasiyası qeyri-hökumət təşkilatı olan INSAFE (European Safer Internet Network – Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) qurumuna həvalə edilmişdir. Təşkilatın əsas missiyası təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq,maarifləndirmə işləri aparmaqdır.

Hər il bu əlamətdar gün çərçivəsində dünyanın 150-dən çox ölkəsində dəyirmi masalar, seminarlar, veb-seminarlar, konfranslar, İnternet təhlükəsizliyini təmin edən yeni proqramların təqdimatları və s. tədbirlər keçirilir. Bu tədbirlərdə universitetlərin, elm mərkəzlərinin, proqram hazırlayan şirkətlərin, hüquq mühafizə orqanları və ictimai təşkilatların nümayəndələri iştirak edirlər.

Təşkilatçıların fəal mövqeyi sayəsində dövlət səviyyəsində gənc nəsil üçün təhlükəsiz İnternet mühitinin yaradılmasına yönəlmiş kompleks tədbirlərhazırlanır, qanunvericiliyə uşaqların və yeniyetmələrin sağlamlığı vəinkişafına mənfi təsir göstərən məlumatların yayılmasına görə məsuliyyətnəzərdə tutan dəyişikliklər edilir.

Beynəlxalq Təhlükəsiz İnternet Günü Azrbaycanda da qeyd olunur.

Başlıca məqsəd gənclər arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. Bu mövzuda təbliğat işinin ildə yalnız bir dəfə kütləvi şəkildə həyata keçirilməsi isə, sözsüz ki,yetərli deyil. Təəssüf ki, müəssisə və təşkilatlar əhali ilə müqayisədə İnternet təhlükəsizliyinin təmin olunması barədə daha çox məlumat əldə edirlər. İstehlakçılardan daha çox istehsalçıların və sahibkarların maraqlarınaxidmət edən reklam çarxları ilə zəngin televiziya efirindən İnternet təhlükəsizliyinə dair maarifləndirici verilişlərə çox nadir hallarda rast gəlinir. Təhsil ocaqlarında gənclərə müvafiq mövzuda yaddaş kitabçaları və təlimatlandırıcı vərəqlər paylanmır. İnternet təhlükəsizliyi ilə bağlı problemlərin həllində çevikliyi təmin edə biləcək “Qaynar xətt”in açılışı arzu olalraq qalır.

Cəmiyyətin rəqəmsal reallığa keçidi dövründə yeni hədəflərin yaranması labüddür. Bu hədəflərdən biri də İnternet təhlükəsizliyinin təmin edilməsi, virtual reallıq təhdidlərinin qarşısının alınmasıdır. Bu hədəfə yönəlmiş addımlar təsadüfi və epizodik xarakter daşımamalı, məqsədyönlü və sistemli şəkildə, inamla və ardıcıllıqla atılmalıdır. Əks halda “ümumdünya hörümçək toru” bəşəriyyərin inkişafını sürətləndirən alətə deyil, ümumbəşəri bəlaya çevrilmiş olar.

Oktay Səmədov – pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Şərh yoxdur

şərhini yaz