a
Hava:
16 C
clear sky
Baku
humidity: 82%
wind: 3 m/s SE
H16 • L16
HomeKateqoriyasız31 Mart – tariximizin göz yaşı

31 Mart – tariximizin göz yaşı

Bir əsrə sığmayan zülm

Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin bu 31 Mart səhifəsinin unikallığı ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.

Tarixçilər XX əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli və eyni zamanda da şərəfli, həm də qanlı-qadalı əsri” adlandırırlar. Şərəfilə yanaşı, qanlı-qadası da bizim payımıza düşdü. Əvvəlində də, sonunda da faciələrə soyqırımlara  məruz qaldıq. “Dünyanın siyasi xəritəsini, bəşəri, tərəqqi və inkişafın məcrasını dəyişən XX əsr bütün dünya kimi Azərbaycanı da  milli intibah, siyasi oyanış, müstəqillik və istiqlal yoluna cəlb etdi. “Bu istiqlal, bu oyanış bizə qanlı faciələrin, soyqırımların bahasına başa gəldi. Belə faciələrdən biri də 100 ili haqlayan 1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza qarşı törədilən, tarixdə misli görünməmiş mart faciəsi oldu.

1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli vədəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar keçmiş SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalq”ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 

Görkəmli şəxsiyyətlərin 31 Mart soyqırımı haqqında  söylədikləri fikirlər:

 

Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı        siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik.

                            Heydər Əliyev,

Ümummilli lider

 

     Azərbaycanın ərazi bütövlüyü  danışıqlar mövzusu  olmayıb və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyü bərpa ediləcəkdir, Azərbaycan xalqı Dağlıq Qarabağda və ətraf  bölgələrdə yaşamış, yaratmışdır. Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Biz heç vaxt imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın.

Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar bizim doğma ata-baba topraqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı – bütün o adlar Azərbaycan toponimləridir.

İlham Əliyev,

                                       Azərbaycan Respublikasının Prezidenti    

 

Türk demokratiyasının qafasında partladılan toplar, müsəlmanlara edilən ədalətsizlik Azərbaycan fikrini daşıyanları, muxtariyyat və istiqlal əqidəsi ilə yaşayanları məhv  etmək üçün idi.

                                                                      M.Ə.Rəsulzadə,

                                                                       ictimai xadim

 

Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Onlar kefi istədikləri adamları öldürür, evləri dağıdır, xaraba qoyurdular. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm etmirdilər.

Nəriman Nərimanov,

ictimai xadim

 

Ey ziyalılar, Qafqasiyanın böyük və bərəkətli bir qismi biz Azərbaycan türklərinindir. Burada torpağın və mülkün çoxu bizim, danışılan dil bizim, ruhumuzu bəzəyən musiqi və ədəbiyyat bizimdir. Bəs Allahın o gözəl nemətlərindən niyə üz döndərirsiniz? Məgər neçə milyonluq türkün gücü yoxdur? Güc var. Toplanıb cəmi gücümüzü təşkilata tabe etməliyik, ədəmi-mərkəziyyət qayəli Azərbaycanda bir idarə yaradılmalıdır ki, Dağıstan, Bakı, Gəncə, İrəvan, Batum və Qars vilayətlərində türklər mal və namusunu  mühafizə etsin. Həm hal-hazırda, həm də gəlcəkdə  asudə və səadətli yaşamağını təmin eləsin.

Yusif Vəzir Çəmənzəminli,

yazıçı

Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərələ parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, evlərə od vurub sakinləri ilə qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər.

                                                                     Kulqe,

tədqiqatçı     

 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  15 iyul           1918-ci il tarixi qərarı ilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının  topladığı və rəsmləşdirdiyi çoxsaylı, zəngin sənədlər, materiallar,  şahid  ifadələri  birincilərin  verdiyi          siyasi qiyməti təsdiqləyən  danılmaz  arqumentlər və faktlar arsenalıdır. Real, həqiqi tarixi hadisə istənilən zaman hüdudunda  heç bir siyasi  boya, ideoloji rəng görünməsə də faktların, dəlillərin inkaredilməzliyinə baxmayaraq azərbaycanlıların 1918-ci il mart soyqırımı 70 illik “Qırmızı qaranlıqlar” (Ə.Hüseynzadə) dövründə görünməz olmuşdur. Sovet senzura aparatının bütün cəhdlərinə baxmayaraq azərbaycanlıların soyqırımına həsr olunmuş əsərlər mənəvi terror dalğalarından salamat çıxaraq müstəqilliyimizin bərpasından sonra “yaşamaq hüququ” qazanmışdır. Nəzərə alınmalıdır ki, ermənilərin azərbaycanlılara qarşı ilk  kütləvi qırğın  epidemiyası              1905-1906-cı illərdə bütün Azərbaycanı bürüyəndə Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası”, Məmməd Səid Ordubadinin “Qanlı illər” adlı milli yaddaş abidələrinin təməlini, bünövrəsini qoydular. Sonrakı faciələrdə bu ənənə  inkişaf etdirilərək tarixi hadisələr bədii ədəbiyyatda geniş, əhatəli təcəssümünü tapmaqda idi. Diqqətə çatdırmalıyıq ki, əldə etdiyimiz, haqqında  məlumat topldığımız bədii əsərlərin hamısı “mart hadiseyi-ələiyyəsi”ndən sonra yazılmış, müəllifləri soyqırımı  aksiyasının  şahidləri və zərərçəkənləri olmuşdur.

Tanınmış ədiblərdən Cəfər Cabbarlı ailəsi ilə erməni bandalarının hücumuna məruz qalmış, döyüşlər evlərindən azacıq yuxarı, “Ceyran bağçası” deyilən yerdə getdiyindən qadınları, uşaqları  və qocaları “qar  anbarı” adlanan  sığınacaqda gizlətmişdi. Bir gün sonra isə daha təhlükəsiz yerə − Xızıya aparmaq məqsədilə anası Şahbikə xanımı, əmisi qızı Sona xanımı, böyük qardaşı Hüseynqulunun qızlarını və qonşuları Məşədi Əbdülkərim  kişi ağır  yaralanmış, ailə üzvləri  təsadüf nəticəsində ölüm kabusundan  xilas olmuşdur.

Tənqidçi, nasir, jurnalist Seyid Hüseyn yazırdı ki, “Mart hadisələri zamanında İsmailiyyə binasından çox da uzaq olmayan bir məhlədə erməni əsgərləri tərəfindən mühasirə edilmişdim… Pulemyotların dırıltısını, topların gurultusunu eşidirdim” (“İstiqlal” qəzeti, 1335, 4 şubat).

Erməni bandalarının həbs edərək 3 gün Mailov teatrında saxladığı və yandırmaq istədiyi 4000 nəfər azərbaycanlıların içərisində böyük dramaturq Hüseyn Cavid də olmuşdur. Özünümüdafiə dəstələrinin ermənilərinin bəd niyyətlərindən xəbər tutması və hadisəyə müdaxiləsi  nəticəsində qanlı aksiya həyata keçirilməmişdir.

Tanınmış şair, nasir və pedaqoq Hacı Səlim Səyyahın ən yaxın qohumları və dostları mart faciəsinin qurbanı olmuşdur.

Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Mirzə Bala Məmmədzadə, İbrahim  Xəlil  və digər sənətkarların, aydınların, söz adamlarının  mart faciəsinin  şahidləri olduqları müxtəlif səpkili əsərlər yazdıqları oxuculara məlumdur.

1918-ci ilin Mart soyqırımı gənc olmasına baxmayaraq, Cəfər Cabbarlının yaradıcılığında xüsusi yer tuturdu. O, əsasən Çəmbərəkənd qəbiristanlığında, indiki Şəhidlər xiyabanında  dəfn olunan Mart faciəsi qurbanlarının xatirəsini anmaq üçün “Dur, ey xalq olan millət” sərlövhəli bir mərsiyə də yazmışdır.  Dərvişlər,  əsasən,  gənclər bu mərsiyəni şəhidlərin 7-sində və 40-da məscidlərdə və küçələrdə günahsız qurbanlar üçün göz yaşı tökmək, əslində isə xalqı maskalı düşmənə qarşı səfərbərliyə çağırmaq məqsədilə oxuyurdular.

 

Gülzari –vətən soldu,

Millət xari-zar oldu,

Hamı payimal oldu,

Dur, ey xalq olan millət.

Bir yanda ədu çəllad,

Bir yan naləvü-fəryad,

Ol bu zülmdən azad,

Dur, ey xalq olan millət.

Əl çək bu həqarətdən,

Qurtar bu əsarətdən,
Xar ol bu xəcalətdən,

Dur, ey xalq olan millət.

Şeir-mərsiyə, yas mərasimlərində oxunmaq məqsədilə yazılsa da, dərin ictimai məzmun kəsb edir. Müəllif bu şeirində “əbu-cəllad” lara erməni terrorçularına və onların havadarlarına qarşı  zülmdən və əsarətdən azad olmaq üçün “xar olan millət”i ayağa durmağa, səfərbərliyə və mübarizəyə səsləyir. Xalqını  “na ləvü-fəryad”lardan oyanmağa, “payimal” olmaqdan usanmağa, vətənin, millətin “xarizar”ından bezib qaniçən,  başkəsənlərə qarşı haqqını və şərəfini qorumağa çağırır. Yazıldığı vaxtdan 85 il keçməsinə baxmayaraq, əsər bu gün də  aktual səslənir.

Cəfər Cabbarlının eyni mövzuya  həsr etdiyi  digər dəyərli  sənət əsəri onun “Əhməd və Qumru” hekayəsidir. Əsərin mövzusu əslən şamaxılı olan iki gəncin − Əhməd və Qumrunun  saf və təmiz məhəbbətindən, şirin arzularından, bir-birilərinə layiq  yüksək mənəviyyata malik  insan olmaqlarından, mart faciəsinin bu günahsız şəxslərə gətirdiyi müsibətlərdən               bəhs edir. Müəllif valideyinləri erməni quldurları tərəfindən qətlə yetirilmiş, evləri talanmış Əhməd və Qumrunu “Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları                 matəmlərə bürünmüş, “əti tökülmüş baş skletinə bənzəyən                    möhtəşəm” İsmailiyyə binasının önündə dilənçi vəziyyətində qarşılaşdırır. Faciə və məhrumiyyətlərin məngənəsində tanınmamış hala düşmüş, “Yaralıyam, şikəstəm, Şamaxı əsiriyəm” – yalvarışlarından bir-birini çətinliklə tanıyan iki sevgili görüşlərinə sevinsələr də bir-birini qucaqlamırlar, daha doğrusu qucaqlaya bilmirlər. Çünki erməni barbarları onların qolunu kəsmişdi. Hekayə vəhşiliyə, barbarlığa, qəddarlığa qarşı oxucu qəzəbini, nifrətini ovxarlamaqla yanaşı, haqqa, ədalətə rəğbət hissi aşılayır.

Mətni bu günədək əldə edilməsə də, afişa və qəzet məlumatlarından aydın olur ki, Cəfər Cabbarlının “Bakı  müharibəsi” adlı 5 pərdəli, 7 şəkilli dram əsərinin ilk pərdələri mart faciəsində Bakıda  törədilən  ağlasığmaz dəhşətlərdən  bəhs edir. “Bəsirət” qəzetinin 13 sentyabr 1919-cu il tarixli 246-cı sayında  bu səhnə əsəri haqqında yığcam bir elanda  yazılırdı: “Azərbaycan Dövlət Teatrosunda  zilhüccənin 20-si, sentyabrın 16-da Bakı türk səhnəsi aktyorlarının iştirakı ilə artist Abbas Mirzə Şərifzadənin təhti-idarəsində Azərbaycanımızın paytaxtı Bakı şəhərində mart  hadiseyi-ələmiyyəssindən sonra düşmənlər  əlində qalıb, sonralar qəhrəman türk ordusu tərəfindən   mühasirə edilib, xilasının 1 illiyi münasibətilə gənc şair və mühərrirlərimizdən Cəfər Cabbarzadənin yeni yazmış olduğu “Bakı  müharibəsi” draması mövqeyi tamaşaya qoyulacaqdır. Həmin faciədə Bakı şəhərində mart hadiseyi-ələmiyyəsindən sonra müsəlmanlara edilən  zülm göstəriləcəkdir”.

 

Digər bir anonsda maskalanmış, hiyləgər Stepan Şaumyanın və digər ermənilərin əsl iç üzünü açan obrazlarının “Bakı müharibəsi” ndə müəllifin peşəkarlıqla yaratdığı bildirilir. Cəfər Cabbarlının yaxın dostu, tələbə yoldaşı Cümhurriyyət  dövründə parlamentdə iş yoldaşı Mirzə Bala Məmmədzadənin də (1898-1959) yaradıcılığında  mart qırğınları xüsusi yer tutur. O da özünün “Bakı uğrunda müharibə” faciəsinin ilk  pərdələrini dostu Cəfər Cabbarlı kimi mart soyqırımına  həsr etmişdir. Məhz Mirzə Bala Məmmədzadə Bakı  faciəsini ilk dəfə öz adı ilə qətli-am, yəni ümumin qətli, soyqırımı  adlandırmış, caniləri adbaad göstərmişdir. O yazırdı: “31 mart 1918-ci sənə. Bu gün… Bakımızda qanlar axıdılmış, evlər talanmış, ata-babalarımız şəhid düşmüş, ana-bacılarımız əsir edilmiş. Bu gün Bakı əhli kəndi yurdunda qətliamə, əsarətə  və  məhkumiyyətə qalmışdır. Bu gün Bakının ətrafından axan neft çeşmələri qan çeşmələrinə mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz  qan dənizinə çevrilmişdir. Bu gün şaumyanlar, suxartsyevlər… oyanmış türk mənliyini… öldürmək üçün daşnak qüvvələrinə mürüciətən unudulmayacaq qanlı günlər vücudə gətirmişdilər”.

Mirzə Bala Məmmədzadə “Açıq söz”, “Gənclər yurdu”, “Bəsirət”, “İstiqlal”, “Azərbaycan” və başqa jurnal və qəzetlərdə  elmi,  publisistik,  ədəbi-bədii əsərlərlə mütəmadi çıxış   etmişdir. Onun  redaktorluğu ilə ilk sayı 23 iyul 1918-ci ildə Tiflisdə işıq  üzü  görən  “Gənclər  yurdu”  jurnalında  çap etdirdiyi “Əksinqilabçılar” hekayəsinin qəhrəmanı Moskva Darülfünununda oxuyan, bolşevik əqidəli “Azərbaycan türkü Hüseyin bəydir. Hüseyin bəyin, fikrincə, hürriyyət, istiqlal istəyən” Azərbaycan, Türküstan, Tatarıstan, Krım  türk gəncləri doğurdan da əksinqilabçılardır. Müəllif Hüseyn bəy haqqında tam təsəvvür yaratmaq üçün şahidi olduğu Bakı qətli-amından dəhşətli bir mənzərəni təsvir edir. “Bakı həyəcanlı günlər keçirirdi. Şəhər od içində yanırdı. Pulemyot, top, tüfəng,      qurşun səsilə paraxodlarının bombardmanı, cəmaətin qışqırığı,           çoluq-çocuğun, qadın-qızların ah-fəryadı məhşəri andırırdı. Ölən, yanan, qaçan, çığıran, dağıdan, kəsən, kəsilən bir-birinə qarışmışdı”. Tükürpədici bu müsibətdən təəssüflənməyən Hüseyn bəy milli qırğının günahsız qurbanlarına xəcalət çəkmədən yenə “əksinqilabçılar”  deyir.  Bu tip  “obrazovannı” ları  böyük  satirik şair  Mirzə Ələkbər Sabir  hələ XX əsrin əvvəllərində xalqa  dəqiq  nişan verirdi:

“Neyləyim, ey vay! Bu urus başdılar,

… Cümləsi  kafirlərə yoldşdılar”.

Seyid Hüseyn mart hadiseyi-ələmiyyəsi mövzusunda iki hekayə yazıb. “İsmailiyyə” “İstiqlal” qəzetində (1335,4 şübat, N-avqust, N-256, 260, 261) çap edilmişdir (hər iki hekayəni həmkarım, f.e.d. Alxan Bayramoğlu müasir əlifbaya çevirərək “Azərbaycan” və “Açıq söz” jurnallarında qədirşünaslıqla  yazdığı ön söz ilə birgə vermişdir). Seyid Hüseynin  fərqli vaxtlarda  yazdığı hər iki  hekayəsi öz ifadəsi ilə desək: “İsmailiyyə − o milli əməllərimizin doğrulduğu yer, o möhtəşəm bina o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyəti-məfkurəsini bir ana kimi bəsləyib tərbiyyə verən, millət arasında nəşr edən mərkəz, o gözəl və sevimli bina” haqqında idi. Hekayələrdə “İsmailiyyə” canlı obraz, əsərin baş qəhrəmanı, namus rəmzi, mədəniyyət emblemi kimi təsvir edilmişdir. Ermənilər təkcə köməksiz, ixtiyar insanları deyil, məscidlərin, mətbəələrin, mədəniyyət abidələrinin də üzərinə hücuma keçmiş, onları məhv etməkdən, yandırıb-dağıtmaqdan çəkinməmişlər. Öz ulularının barbar xislətinə sadiq qalmışdılar.

Seyid Hüseyn Azərbaycan oxucusuna “İsmailiyyə” memarlıq abidəsi, istiqlal məfkurəsinin  beşiyi kimi təqdim edərək, onu yandıranlara nifrət  aşılamağa  nail olmuşdur.

 

1918-ci il mart soyqırımının ədəbiyyatda bədii əksini arayarkən “Əli və Nino” romanının adını çəkməmək mümkünsüzdür. XX əsrin 20-ci illərində yazılan, ilk dəfə        1937-ci ildə Vyanada alman dilində çıxan, mühacir soydaşımız Məcid Musazadə tərəfindən ilk dəfə dilimizə çevrilən, Cümhuriyyət dövrünün siyasi hadisələrinə də toxunan “Əli və Nino” romanı 1990-cı ildə Bakıda çap olunduqdan sonra Azərbaycanda populyarlaşmışdır. Əsərdə bir sıra kölgəli məsələlərə işıq salınmaqdan əlavə, Bakıdakı mart qırğınlarının dəhşətli səhnələri əks edilmişdir. Roman qəhrəmanları − Əli xan, Nino, Məhəmməd Heydər, Seyid Mustafa, Əsədulla, İlyas bəy qırğın ərəfəsində şəhərin müdafiəçiləri, əhalini erməni bandalarının hücumlarından qoruyanlar idi. “Əli və Nino” romanının alman dilindən əlavə fransız, ingilis və türk dillərinə tərcümə edilib böyük tirajla yayıldığını nəzərə alsaq, əsasən, 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı soyqırımı haqqında geniş Avropa  auditoriyası üçün  yığcam və təsirli üslubda məlumatların ilk daşıyıcısına çevrilmiş, Qərbdə əsl həqiqətin formalaşmasına  əhəmiyyətli xidmət göstərmişdir.

 

Hacı Səlim Səyyah (1869-1933) əslən keşləli olsa da, Vilnüsda  anadan olmuş, on il Bakıda yaşamış (1873-1883), dörd il  Qahirənin  “Əl-Əhzəd  Universitetində oxumuş, Suriyada  “Şehr-ül-hilayə” adlı kitabı çıxmışdır. 1900-cü ildə  Bakıya qayıdan  şair  “Nəşri-maarif” xeyriyyə cəmiyyətində 1 saylı məktəbin  direktoru olmuş, “Məktəb” adlı  mətbəə açaraq   1915-17-ci illərdə iyirmiyədək şeir və nəşr  kitablarını  çap etdirmişdir.

 

Mart hadisələri ərəfəsində Bakıda faciənin iştirakçısına çevrilən Hacı Səlim Səyyah bu mövzuda bir  neçə şeir və məqalə yazmışdır. Bunlardan ən təsirlisi “Mart ayı” sərlövhəli təxmisidir. Şairin təsvir etdiyi hadisəni Şamaxı sakini Cəmo  Cəbrayılbəyli FTK-ya verdiyi izahatında  belə yazırdı: “1918-ci il martında ermənilər top mərmiləri ilə Cümə məscidinə və onunla üzbəüz yerləşən mədrəsəni xarabalığa çevirdilər. O zaman məsciddə çoxlu qadınlar, uşaqlar, qocalar gizlənmişdi. Erməni bandaları məscidə soxulur, insanların gözlərini çıxarır, dilini, burnunu və qulaqlarını kəsirlər, üzlərinin  başlarının dərisini diri-diri soyurdular. Sonra işgəncə ilə öldürülürlər. Məsciddə gizlənən arvad-uşaqları isə qatillər       diri-diri yandırırlar”. Bu tükürpədici dəhşətli mənzərə yazıçı təxəyyülünün  məhsulu deyil, şahid ifadəsi, tarixi faktdır. Bu həqiqətlər amansızlığın  və qəddarlığın miqyası baxımından yalnız erməni təfəkkürünün məhsulu, erməni cəza və işgəncə üsulunun növləridir. Dünyada analoqu olmayan, təkrarsız işgəncə növlərinin, vəhşilik nümunələrinin şahidi olan Hacı Səlim Səyyah “Mart ayı” şeirində  yazırdı:

 

Mart ayı…  Allah amandır, əlhəzər,  min əlhəzər!

Mart ayı, çox  qəmli aysan, tez qurtar get müxtəsər.

Sən kimi mənhus bir aydan deyil, məmnun bəşər.

Ərlər məğlub edib, əğyarə sən verdin zəfər.

Bu günün misli keçən il, Allahım gözdən iraq,

Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,

Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,

Südəmərlər nizə nükində çalardı əl-ayaq.

Nalə, yalvarmaq bu qövmdə hərgiz etməzdi  əsər.

Bu haman gündür odlar içində min cavan,

Yandı kül oldu, aman Allah,  aman Allah,  aman!

Vəzli-həml etdi fəlakət içrə  yüzlərcə zənan,

Qan idi: məscid,  mədaris, küçə, evlər: həpsi qan.

Qanə qərq etdi müsəlmanı  bu qövmi-bəd gühər.

Məhəmməd Hadinin “Şühadeyi hurriyyətimizin ərvahinə  ithaf” şeiri mart soyqırımının birinci ildönümü  münasibətilə  yazılmış və “Azərbaycan” qəzetinin 31 mart  1919-cu il tarixli 147-ci sayında çap olunmuşdur. Şair soyqırımın qurbanlarını  haqlı olaraq azdlıq uğrunda  canından keçmiş şəhidlər adlandırır.

 

Sizin məzarınız  iştə qülubi-hürriyətdir,

Bu sözlərim ürəyimdən qopan həqiqətdir.

Sizi unutmayacaq şanlı millətim əsla,

Əmin olun  buna, ey zinətçi cəhani-fəna,

Sizinlə buldu bu millət həyati nur istiqbal.

 

Hələ ötən əsrin  əvvəllərində erməni vəhşiliyinin  canlı şahidi olmuş Məmməd Səid Ordubadi tarixi faktlar və dərin müşahidələr əsasında dəyərli bir kitab yazmışdır. 1905-1906-cı  illərdə Qafqazda baş verən erməni-müsəlman qırğınların şahidi olmuşdu. Ermənilərin Azərbaycanın hər yerində törətdiyi dəhşətlər haqqında ətraflı xəbərdar olan Məmməd Səid Ordubadi  müxtəlif  bölgələrdən  ünvanına gələn 245 şahidin  yazdığını toplayaraq sənədli bir əsər − “Qanlı illər”i yaradıb. Yazıçı bu əsərində ermənilərin 300-dən artıq kənddə törətdiyi faciələri, ağlagəlməz işgəncələri, talanları faktların dili ilə qələmə alıb. Hələ çar senzurasının hökm sürdüyü bir dövrdə erməni daşnaklarının onlara söykənərək həyata keçirdiyi soyqırımı barədə fakt və şahidlərin söylədikləri hadisələrin əsasında  yazan Ordubadi  bu əsəri 1908-ci ildə tamamladı. “Qanlı illər” çar hökumətinin himayəsi və erməni Daşnaksütyun partiyasının fitnələri  ilə törədilən milli qırğınları olduğu kimi təqdim etdi. Təəssüf ki, fakt və dəlillər əsasında yazılan  bu kitabın taleyi bəd gətirdi. Həqiqətləri açıq-aydın dediyinə  və bu milli  cəsarətinə görə ermənilərin güdazına gedən Məmməd  Səid Ordubadi 1914-cü ildə Culfada həbs edilərək Rusiyanın  Saritsin (indiki adı Volqoqrad) şəhərinə sürgün olundu.

Həmin əsərdə Ordubadi faktlar əsasında azərbaycanlıların onlara məxsus dədə-baba ocağında ermənilərin insanlığa sığmayan vəhşilikləri barədə ürək parçalayan məlumatlar verib. Bu əsəri soyuqqanlılıqla oxumaq qeyri-mümkündür. Erməni xəyanətini, dəhşətini olduğu kimi əks etdirən “Qanlı illər” əsərində namərd qonşularımızın necə hiyləgər, bəd əməl, qaniçən, türk qanına susamış cani olduqlarını törətdikləri fəlakət və bəlalarla səciyyələndirib. Məmməd Səid Ordubadinin bu əsəri erməni vandallarının  vəhşiliklərini güzgü kimi əks etdirib.

“Qanlı illər” adlı bu əsər 1911-ci ildə Ağa Murtuza Muxtarov tərəfindən nəşr edilərək yazılmışdır. Sonralar nədənsə bu qiymətli sənədlər  toplusu uzun illər oxucuların diqqətindən kənarda qalmışdır. Nəhayət, səksən ildən sonra, 1991-ci ildə həmin kitab nəşr edilib. Ölməz ədibin bu əsəri çox böyük həqiqətlərdən xəbər verir. Onun tədqiqi və təbliği, xüsusən xarici dillərə tərcümə  edilib geniş yayılması vacibdir.  “Qanlı illər” əsəri bəzi parçaları oxucuların diqqətinə çatdırmaq istəyirəm.

 

Erməni zülmünün hər üzünü görmüş yazıçı, böyük ədib Məmməd Səid Ordubadi “Bu qanlı olayların səbəbi nə idi?” sualını belə cavablandırırdı:

Birincisi: Erməni  Daşnaksütyun komitəsinin  müstəbid bir idarə üsulunu təşkil etdiyidir ki, Qafqazda bir sıra qanlı teatrolar oynandı.

Məhəlli hökumət məmurlarının müharibə zamanlarında etinasızlığıdır. Ermənilərin terrorları qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə  növbənöv  vicdansızlıqlar etməkdə idilər. Bunlardan şahid Naxçıvan uyezdinin naçalniki Angil kimi vicdansızların fitnəkar hərəkətləridir. Belə ki, yanan atəşləri söndürməyib, əksinə, caniləri bir sıra cinayətlərə  sövq edirdi.

Müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər olmalarıdır. Ermənilər yalnız hiylə və siyasətlə iş tutub bir ovuc könüllü əsgərlə müsəlmanların qüvvəsini əzmək istəyirdilər. Belə ki, Bakıda sülh edib müsəlmanları yatırmaqla Şuşada müharibəyə başlayır, sonra Şuşada sülh edib Gəncə quberniyasının sair yerlərini yandırmağa və dağıtmağa təşəbbüs edirlər. Müsəlmanlar isə əvvəlcə bunları bilməyib sonralar gözlərini açdılarsa da, ermənilər Türkiyədən və İrandan əsgər yığıb müsəlmanları əzməyə çalışırdılar.

 

Ermənilərin avtonomiya-idarə muxtariyyəti  həvəsində olmalarıdır. Zira ermənilərin hər aybaşı Londona, Parisə, Amerikaya qaçıb ərzi-hal etmələri bunlara kamil bir sübutdur.

Müraciət etdiyimiz bədii nümunələrlə tarixi faktları,  Fövqəladə Təhqiqat Komissiyasının topladığı və rəsmləşdirdiyi materialları, sənədləri müqayisə və təhlil etdikcə, belə qənaətə  gəlmək olur ki, sənət əsərlərində həyat həqiqətləri daha inandırıcı, qabarıq  və təsirli verilmişdir.

 

Faciənin səbəbləri-kökü və məqsədi bədii əsərlərdə düzgün müəyyənləşdirilmiş, erməni vəhşiliyi, erməni qəddarlığı inandırıcı, tünd boyalarla əks etdirilmişdir. Zorakılığa, zülmə    və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin aşılanması azərbaycanlıların soyqırımından bəhs edən bədii əsərlərin əsas qayəsini təşkil edir. Vətənpərvər ədiblərimizin ürək yanğısını, fəryadını sözündə, şərtində yaşadan bu əsərlərin  arxiv qaranlığından çıxarılaraq milli istiqlal işığında   mükəmməl tədqiqində və təhlilinə ehtiyac duyulmaqdadır.

 

Dünya  tarixinə  nəzər salsaq, bəlkə də, ermənilər qədər vəhşilik  törədən ikinci bir millət görmərik. Ötən əsrin bütün dönəmlərində − 1905-1907, 1918-1920, 1946-1948-ci illərdə  törədilən  cinayətlər də, soydaşlarımıza  verilən  işgəncələr                də bir-birinə bənzər olub. Ermənilər körpələri divara mismarlayıblar. Qadınları  lüt-üryan halda saçlarından asıb nişan alıblar. Kimin gülləsi tapşırılan hədəfə dəyərmişsə,  ona böyük  mükafat  verilərmiş. İnsanları qaynar su ilə yandırıb sonra cəsədlərini itlərə atarmışlar. Ən dəhşətlisi də budur ki,  qaniçən  Stepan Şaumyan  Bakıda otura-otura  bütün daşnaklara başçılıq edirdi. Onun oğlu isə daşnak liderindən biri kimi pulemyotçuların başında dayanırdı.

 

… O vaxtdan çox illər ötməsinə baxmayaraq, erməni xisləti dəyişməyib. “Daşnaksütyun” partiyasının   qanlı əməlləri davam edir və yenə günahsız azərbaycanlılar ağır işgəncələrə məruz qalırlar. Ermənilərin qaniçən  əməlləri sanki bir proqram üzrə  icra olunur. Bu gün də Xocalıdan  çəkilən  lentləri dünyaya yayımlayıb  özlərini ölən, qırılan tərəf kimi göstərirlər. Bəlkə də, ən dözülməzi elə budur. Ermənilərin saysız-hesabsız qanlı cinayətləri var, onlar tarix qarşısında cavab verməlidirlər. Təkcə Kəlbəcərin Ağdaban kəndində törətdikləri əməllər bəs edər ki, erməni qaniçənləri beynəlxalq məhkəmə qarşısına çıxarılsın. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban kəndi tamamilə  erməni  quldurları tərəfindən  yandırılmış, 779 nəfər dinc sakinə  qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetrilmişdir. 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın  diri-diri odda yandırılmışdır.

 

Quba Soyqırımı üzərində Memorial Kompleksi  açılmamış  sirlərdən xəbər verən  yerdir. Bu məzarlıq  2007-ci il  aprelin 1-də ərazidə torpaq işləri  görülərkən  aşkar edilmişdir. 2007-ci ilin iyulundan Azərbaycan Milli Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları  tərəfindən  məzarlıqda başlanılan geniş tədqiqat işlərinə 2008-ci ilin  sentyabrında yekun vurulmuşdur. Məzarlığın 1918-ci ildə  ermənilərin yerli dinc əhaliyə  qarşı törətdikləri  soyqırımının  nəticəsi olduğu  müəyyən edilmişdir.

 

2009-cu ildə  Azərbaycan Prezidentinin sərəncamından sonra  Nazirlər Kabineti kütləvi qətl qurbanlarının xatirəsinin  əbədiləşdirilməsinə dair tədbirlər planı hazırladı. Kütləvi məzarlığın  yerləşdiyi ərazidə  xatirə kompleksinin ucaldılması  və abadlıq işlərin aparılmasına başlanıldı.

 

Biz problemin  beynəlxalq hüquq normaları  əsasında ədalətli həlli üçün çalışırıq. Ermənistanı da elementar hüquq normalarına əməl etməyə, reallıq hissini itirməməyə məqbul həll variantları istiqamətində addımlar atmağa çağırırıq. Lakin o da aydın və birmənalı qəbul edilməlidir ki, münaqişənin həllinin təməl prinsipi Azərbaycanın ərazi bütövlüyü, məcburi köçkünlərin doğma yaşayış yerlərinə qaytarılması olmalıdır.

 

Biz azərbaycanlılara qarşı ermənilərin törətdiyi  təcavüz  və soyqırımının dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına və pislənməsinə çalışmalıyıq. Həm də bu zaman erməni şovinist  millətçilərindən fərqli olaraq bundan siyasi, maddi və ya maliyyə kompensasiyaları qazanmaq üçün faydalanmaq istəmirik. Bizim maddi sərvətlərimiz kifayət qədərdir. Odur ki, biz sülh şəraitində yaşamaq, ölkəmizi inkişaf etdirmək, tarixi ədalətin və həqiqətin bərpa olunmasını, işğal və soyqırımı siyasəti həyata keçirənlərin tanınmasını və ifşa olunmasını istəyirik. Düşünürük ki, indiki zamanda digər xalqlara və  dövlətlərə qarşı ərazi  iddiaları ilə çıxış etmək tarixi anaxronizmdir və bu hərəkət  həmin xalqın özünə ciddi fəlakət gətirən bir bəladır.

 

İndi ermənilər özlərini məzlum  millət  kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxır, dünya ictimaiyyətinə  yanlış  məlumat verməkdən  usanmırlar. Halbuki tarixi sənədlər, araşdırmalar göründüyü  kimi, bunun tam əksini sübut edir. Bizim yolumuz düzgün, amallarımız, məqsədlərimiz saf və təmizdir. Biz xalqımızın tarixini, dünəninin və bu günün həqiqətlərini hamının daha yaxşı bilməsinə və qəbul etməsinə çalışmalıyıq. Bunun üçün Azərbaycan hökuməti, bütün vətəndaşlarımız, xarici ölkədəki azərbaycanlı icmaları səylərini birləşdirməli, daha ardıcıl və səmərəli iş aparmalı, təsirli  tədbirlər görməlidirlər. Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, onlara Allahdan  rəhmət diləyir, xalqımıza  ümummili vəzifələrimizin həlli yolunda uğurlar  arzulayırıq.

 

Aynur Turan

Şərh yoxdur

şərhini yaz