a
Hava:
26 C
clear sky
Baku
humidity: 27%
wind: 6 m/s SSE
H26 • L26
HomeQadın və ictimaiyyətBu günümüzün qadınlarıÇox istərdim ki, Azərbaycanın hər hansı bir yüksəklikliyinə “Ordu zirvəsi” adı verilsin.

Çox istərdim ki, Azərbaycanın hər hansı bir yüksəklikliyinə “Ordu zirvəsi” adı verilsin.

Dünyada danılmaz bir həqiqət var: öz dövləti olmayan xalqlar gec-tez başqa xalqlar içərisində əriyib yox olur, ölüb gedirlər. Mənim xalqım isə min illərdir yaşayır və dünya var olduqca yasayacaq da! Çünki Azərbaycan dünyada ən qədim dövlətlər diyarıdır. Yurdumda hələ bes min il bundan əvvəl ən qədim dövlətlər yaranmağa başlayıb. Tarixin özü qədər qədimdir mənim məmləkətimin insanı. Yurdumun oğlu, qızı. Azərbaycan əri, Azərbaycan qızı, Azərbaycan qadını…

 O Azərbaycan qadını ki, ta qədimdən – nizə tutub, ox atdığı dövrdən var oluşunu sübut etmək üçün qayalara öz adını həkk etməyi bacardı. Gözünü yenicə açmış bu dünyaya “mən də varam” dedi. O gündən bu günə Azərbaycan qadını məğrurluğu, qəhrəmanlığı, mübarizliyi və analığı ilə tarixə öz naxışını vurmağı bacardı və bu gün də bacarır.

Tarixin dönəm-dönəm səhifələrini vərəqlədikcə iffətini, əzmini, mübarizliyini və novatorluğunu dünəndən alan neçə- neçə mübariz qadınlar görürük. Onlar təkcə öz zamanlarının deyil, bütün zamanların mübariz qadınlarıdır. Günümüzü quran qadınlarımızı saymaqla bitməz. Onlar elm, siyasət, ədəbiyyat, tibb, hərb, ümumilikdə tərəqqi, yüksəliş qalasına hər gün yeni kərpic qoyub, Azərbaycan adlı müqəddəs məmləkəti ucaya qaldırmaqdadılar.

Belə qadınlardan biri Şəfəq xanım Quliyevadır.

 

Quliyeva Şəfəq Akif qızı 12 fevral 1978- ci ildə Zəngilan rayonunun İçəri Müşlan kəndində doğulub. Şəfəq xanım məktəb həyatına həmin kənd məktəbində başlasa da, Zəngilan rayonunun işğalından sonra təhsilini Bakının 42 saylı məktəbində almağa məcbur olub.

1995 – ci ildə Azərbaycan Texniki Universiteti

Çoxkanallı Telekommunikasiya Sistemləri üzrə bakalavr şöbəsinə daxil olub, daha sonra isə, Elektron və poçt sistemləri üzrə magistr təhsilini “fərqlənmə diplomu” ilə bitirib. 

Şəfəq xanım 33 yaşında snayper kurslarına daxil olub. (KHVTİC ) Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinə, sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin tərkibində mütəxəssis hazırlıq mərkəzi kimi fəaliyyətini davam etdirib.

 “Bu kurs mənim uşaqlıq arzularımı daha da alovlandırdı” deyən Şəfəq xanım kurs bitdikdən sonra– 2011-ci ildən Müdafiə Nazirliyininə müraciət edib. Elə həmin müddətdə o, idmanla–əlbəyaxa idman üzrə məşğul olub. Özünü mühavizə kursunu bitirdikdən sonra sevdiyi məşğuliyyətləri, dağçılıq və üzgüçülüklə də məşğul olub. Maraqlıdırmı?.. Elə isə gəlin bu qürurverici el qızını öz dilindən tanıyaq…

  – Şəfəq xanım, necə oldu ki, hərbiyə gəldiniz?

–2011-ci ildə snayper kurslarına gedərkən uşaqlıq arzularım yenidən içimdə alovlanmağa başladı. 2011-ci il “Kəşfiyyat”, 2012-ci il “Snayper”, “Mühafizə kursu”, ardınca paraşüt kursuna getdim. Bundan başqa qardaş Türkiyə respublikasında da dalğıc kurs təhsili aldım. Müəyyən vaxtdan sonra Müdafiə Nazirliyininə məktub formasında müraciət etdim ki, mən zabit kimi vətənimin istənilən bölgəsində xidmət etməyə hazıram. 2014- cü ildə mənim müraciətim müsbət qarşılandı. Nəhayət mən uşaqlığımın ən şirin, əlçatmaz arzusuna çatdım və hərbiçi oldum. Hazırda hərbiçi– rabitəçi kimi vətəniminə xidmət edirəm.

–Hərbiçi olmaq qadın üçün nə deməkdir? Bir ana, bir qadın üçün çətin deyilmi? 

–Hərbiçi olmaq deyərdim ki, elə kişi üçün də, qadın üçün də müəyyən mənada çətin peşədir. Belə deyə bilərəm ki, əgər bir yerdə nizam- intizam varsa, hərbiçi olmaq hardasa asanlaşır, nizam-intizam yoxdursa, o insana nəyinki çətin, dözülməz olur bu peşə həyatı. (90-cı illərdə olduğu kimi).

Qadın üçün, xüsusilə də bir ana üçün bəzi məqamlar var ki, bəli bu peşə çox çətindir. Misal üçün, əgər evdə azyaşlı övladını varsa, o hərbiçi anaya çox çətindir. Bir tərəfdə şərəfli və bir o qədər də ciddiyyəti yüksək olan işin, digər tərəfdə isə sənin qayğıma ehtiyacı olan övladın. Düşünün ki, ana işdədir, evdə övladının isə tempraturu yüksəlib, xəstədir. Ana döyüş postunu tərk edib gedə bilmir. Bu mümkünsüzdür. Əgər o uniformanı geyinmisinizsə, öncə vətən deməlisiniz. Ailədən də, valideyndən də, hətta övladdan da öncə vətən. Bu baxımdan qadın hərbiçi olmaq olduqca çətindir. Ancaq çətinliyi qədər də şərəflidir.

Onu da qeyd edim ki, mən olduğum yerdə tək qadın hərbi qulluqçuyam. Mülki qadınlar var əlbəttə. Yeməkxana işçiləri, xadimlər və s. Hərbi qulluqçu olaraq isə mən tək qadın hərbiçiyəm. Mən də çalışıram ki, vətənimin, ordumuzun və generalımız Mayis Bərxudarovun etimadını doğruldum. Mən şadam ki, onun mənə olan inamını qazanmmışam. Düzdür, mənimlə birlikdə hərbi hissədə olan hərbçilərimizin mənə qarşı ilk reaksiyası yaxşı olmadı. Onlar mənim bir qadın olaraq cəbhədə olmağımın əlehinə oldular. Elə özümə də iradlarını bildirdilər ki, sən arxa cəbhədə də bizə kömək edə bilərsən. Biz vətəni layiqincə qoruyacağıq. Qadın hərbçinin bizimlə çiyin-çiyinə düşmən qarşısında olması düzgün deyil, dedilər. Ancaq müəyyən müddətdən sonra onlar indi də xatırlayanda duygulandığım o fəxarətli sözləri dəfələrlə dedilər ki, biz indi bildik ki, sən bizə qardaşsan, bacı yox, elə qardaşsan, çiyindaşsan…

Çox sevinclə deyə bilərəm ki, görünür mən onlara sübut etdim ki, doğurdan da, “Aslanın erkəyi, dişisi olmaz.” Mən cəsarətimlə, əzmimlə bu etimadı qazandım.

–İnsan hissləri ilə mövcuddur. Sevgi hissi insana xas olan ən ümdə, ali hissdir. Qorxu isə ən kəskin və təsiredicidir… Düşmən mənfur, müharibə amansızdır. Qan, ölüm qoxuludur. Bu məqamdakı qorxu hissi necə, onu təsvir edə bilərsinizmi bizə?

–Qorxu hissi insana xas olan hissdir. Tək insana deyil, dərrakəsi olan bütün canlılara məxsusdur. İnsan qədər olmasa, da bütün canlılar qorxunu yaşayır, hiss edir. Qorxu hissi insana məxsusdur, cins ayrımçılığı olmadan kişiyə də, qadına da. Amma bir yerdə qadın varsa, kişilər özlərinə sığışdırmırlar bu qorxu hissini. Mən bunun dəfələrlə şahidi olmuşam. Başqa bir hərbiçi qadın vardı, biz cəbhə xəttində görüşdük. Söhbət zamanı o da mənə dedi ki, əsgərlərimiz arasında bir az qorxan vardırsa da, məndən utanıb qorxularını büruzə vermirdilər. Yetkinlik yaşını yenicə tamamlamış əsgərlərimiz də vardı, əlbəttə. O onsəkkiz yaşlı gənc əsgərimiz belə düşünürdü ki, mənim yanımda hərbiçi qadın var, o qorxmursa, mən niyə qorxmalıyam. Bu baxımdan mən düşünürəm ki, bu baxımdan əlbəttə layiqli olan, həm öz vəzifəsini, həm də xanımlıq ləyaqətini layiqincə təmsil edən qadın hərbiçi olmalıdır.

–Sizi nə vadar etdi ki, rahat bir həyatı qoyub, maneələri, qorxuları olan bu çətin peşəni seçib hərbiçi olmaq istədiniz? 

– Bu sual mənə ayrı-ayyrı vaxtlarda da ünvanlanıb. Yerli və xarici jurnalistlər də buna oxşar sualları dəfələrlə mənə yönəldiblər. Mən də cavab veririrdim. Mən azərbaycanlıyam. Torpaqlarının 20%- dən çox hissəsi işğal olunmuş dövlətin vətəndaşıyam. Azərbaycanlı olmağım bəs etmir ki, hərbiçi olmaq istəyim və torpağının azadlığı uğrunda mübarizə aparım. Mən Zəngilandanam. Kəndimizin o palçıqlı yollarını dünyanın heç bir müasir üslubda bərpa olunmuş şəhərinə dəyişmərəm. Məncə bu yetərli səbəbdir. Bunlar da bir yana dursun, bizim Xocalı kimi bir ağrımız, yaralı köksünüz var. Misli görünməmiş Xocalı qətliamımız dünyada geniş miqyaslılığına görə İkinci Dünya Müharibəsindən sonra ikinci yerdədir. Görün bu nə qədər dəhşətli bir faciədir. Məncə, bunu dərk edən hər bir azərbaycanlı kimliyindən və cinsindən asılı olmayaraq qisas hissi ilə alışıb yanar və bu kifayət qədər yetərli səbəbdir hərbiçi olmaq üçün.

–Yenə o suala qayıtmaq istəyirəm, bu peşənin sizə verdiyi öncəliklər nədir bəs? Cəmiyyətdə nə vaxtsa bu peşəyə görə irad tutulubmu sizə? Bu, kişi və qadın cinsi olaraq dəyişirmi bu peşədə?

– Bəli, olub. Ancaq mən ayırmaq istəməzdim doğrusu. İstər Azərbaycan, istər hər hansı xalqa mənsub qadını hər hansı kişidən. Bax elə öz kökümüzə çevrilib baxsaq, görərik ki, heç vaxt türk etnoqrafiyasında kişi-qadın ayrımçılığı qoyulmayıb. Tarixi mənbələrdən də görə bilərik ki, türk xalqları müharibədə ər-arvad çiyin- çiyinə döyüşüb. Onlar düşmənə qarşı güclərini, müqavimətlərini cəmləyib döyüşüblər. Bu geridüşüncəlilikdir ki, qadın əlinə silahı, qələmi və s. deyil də, ancaq çömçəni yaraşdırılır. Bəzən elə hallar olub ki, qadına lazımi qiyməti, layiqli dəyəri verməyiblər. Ayrı-ayri dönəmlərdə Azərbaycanın görkəmli simaları, tarixi şəxsiyyətləri və ya mütəfəkkirlərinin qadın dəyərini, qadın böyüklüyünü, onun əzmini, mübarizliyini, bununla yanaşı onun zərif iffətini, ləyaqətini dəfələrlə ictimaiyyətə və bütövlükdə olaraq bəşəriyyətə göstərmişdir. Ədəbiyyatımızda çox məharətlə qələmə alınan qadın surətləri vardır. Bütün bunlar həyatdan, elə məhz Azərbaycan qadınının həyatından götürülmüşdür. Qadın yeri gələrsə, silah tutub düşmən qabağına da çıxmalıdır, yeri gələrsə, qələm götürüb ədəbiyyata naxış da vurmalıdır və ya mikrofon götürüb ictimaiyyətə hadisələri də gerçək uzü ilə əks etdirməlidir. Hər hansı tibb alətini əlinə alıb ondan pənah uman xəstələrə də şəfa da paylamalıdır. Bütün bunlarlayanaşı evinin xanımı, körpəsinin qayğıkeş anası da olmalıdır.

Heç bir sənət, peşə sırf kişilər üçün deyildir. Dünyada və eləcə də Azərbaycanda ilklərə imza atan qadınlarımız var. Bunlar saymaqla bitməz. Onlara da ailələrində etimad göstərən kişilər olub. Atalarımı, qardaşlarımı, həyat yoldaşlarımı və s. Öz şəxsi fikrimi sizinlə bölüşmək istərdim. Bizdəki o gücü gördüyünə görə də bizim mənfur qonşu deyil, bəzi mənfur qonşularımız sırf Azərbaycanı istənilən an zəbt etmək üçün, Azərbaycanda idarəçiliyi əldə edə bilmək üçün bizim kişilərə təsir ediblər və qadınlarımızı belə deyim, evə soxublar, yəni bunu qismən bacarıblar. Yoxsa biz keçmişə belə məhdudiyyətlər içərisində olmamışıq. Öz keçmışimizdə Azərbaycan qadını, türk qızı silah tutmağı, yeri gələrsə, düşmənə qan qusdurmağı çox yaxşı bilmişdır. At minən, kösöy tutan, yaba tutan, qurşaq tutan qədim Azərbaycan qadınıyıq biz…

Sualınıza daha konkret cavab verməyə gəlincə isə, heç düşünmədən belə deyərdim. Hazırda əynimə aldığım bu hərbi forma hər insanın daşıya biləcəyi bir şey deyil. Mənim üçün bu uniforma çox önəmlidir. Qürür deməkdir, cəsarət deməkdir. Əzm- dəyanət, cəsarət simvoludur. Bu forma mənə az qala şəhid nəşrinə sarınan bayraq qədər müqəddəsdir. Yenə şəxsi fikrimi demək istərdim, məncə, bu formada kiminsə gəldiyini görəndə hər kəs ayağa qalxmalıdır. Bu forma Azərbaycanın bir neçə atributu bu özündə daşıyan bir geyimdir. Bu forma ordu deməkdir, dövlətin asayişi, əmin-amanlığı, namusu deməkdir. Bu forma Xarı bülbül qoxuyur, Şuşa qoxuyur, Xocalımızda böyüyə bilməyən onlarla günahsız körpələrimiz qoxuyur. Bu uniforma torpaq qoxuyur. Bütöv Azərbaycan qoxuyur.

Dönəm-dönəm məni məyus edən sözlər və yanaşmaların da ayrı – ayrılıqda şahidi olmuşam.

“Qadın nədir, kişi kollektivində oldu nədir” və s. Sözsüz ki, o kişi kollektivində hər kəs eyni tərbiyədə, eyni dünya görüşlü, eyni intellektual səviyyədə deyil.

Qısası, hər bir qadın bu peşəni seçirsə, bilsin ki, bu yolda çox şeyi verməli olacaq. Ancaq bütün bunların ucunda uca vətən durursa, bu yolun məşəqqətləri də şirindir.

–İkinci Qarabağ savaşında, bizim möhtəşəm, sözün əsl mənasında tarixə şan qatan haqlı savaşımızda iştirakınızdan və o anlarda yaşadığınız rəşadətli döyüşlər haqqında nə deyə bilərsiniz?

–Bilindiyi kimi mən əməliyyat taborunun hərbi qulluqçusuyam. Mən də digər hərbiçi yoldaşlarım kimi döyüş başlayan andan xidməti vəzifəmi yerinə yetirmək üçün cəbhəyə yollandım. İlk gündən Füzuli istiqamətində, ardından Cəbrayıl rayonununda döyüş bölgəsində olmuşuq.

Düşmənə sözün əsl mənasında divan tutulurdu. Ordumuzun əzmi, rəşadəti sayəsində düşmənin müdafiə xəttini yardıq. Düşməni zəbt etdiyi torpağımızdan qovduq. Çoxlu sayda hərbi texnikanı qənimət kimi ələ keçirdik. Prezidentimizin yüksək siyasəti və ordumuzun misilsiz əzmi, ruh yüksəkliyi, vətənpərvərliyi qarşısında biz qələbə çaldıq.

–Qələbəmiz gözəldir! Ürəkaçan, qürurvericidir. Sevincimiz Azərbaycan qədər böyük oldu, sərhədlərimizlə birgə böyüdü sevincimiz. Cəbhədən gələn hər qələbə ağızdan- ağıza, dildən-dilə, eldən- elə yayıldı. Ancaq əlbəttə, kədər də yaşadıq. Hər itkimiz, şəhid əsgərimiz qədər azaldıq. Yaralandıq şəhid xəbəri ilə. Qəhərləndik, ağladıq. Bəs Səfəq xanımın hələ də boğazına saplanıb qalan qəhər nələrdir? Bir gözüylə qələbəmizə sevinc göz yaşları axıdan Şəfəq xanımı indi də ağladan, sağalmayan, ovunmayan xatirələri hansıdır?

–O haqda danışmaq mənə çox çətindir.

Hələ də mən şəhid olan Zülfüqar Fərəcov, Vasif Quliyev, Ceyhun Abbasov kimi neçə neçə qardaşlarımızın yoxluğunu qəbul edə bilmirəm.

Elə şəhidimiz var ki, yarasının sarğısını dəyişmişəm, stasionar müalicədən imtina edib təkrar döyüşə gedib və şəhid olub. Görün nə qədər qəhrəman oğullar anasıdır Azərbaycanımız…

Onların yoxluğu gün keçdikcə daha çox hiss olunur və daha ağırdır. Daha da ağrılı olan odur ki onlar son mənzilə yola salınanda, dəfn olunanda biz orda ola bilməmişik… Çünki o vaxt hələ də döyüşlər davam edirdi və heç kim gedib onlarla vidalaşa bilmədi. Bax, budur boğazımızdakı qəhər. Biz birgə vuruşduğumuz oğulları son mənzilə yola sala bilmədik. Düşmən elə amansız, elə qəddar idi ki, biz buna aman tapa bilmədik.

– Siz bir vətəndaş kimi deyə bilərsinizmi, düşmənlə mübarizə aparmaq asandır, yoxsa bəzi sapı özümüzdən olan baltalarla? Təəssüf hissi ilə deyə bilərik ki, vətəninə, xalqına, peşəsinə etibarsızlıq edən insanlarımız da vardır çünki.

– Bəli, var əlbəttə. Döyüş belədir ki, siz bilirsiz düşmən kimdir və hardadır. Sözsüz diversiya var qəfil hücum var. Amma istənilən halda siz döyüş meydanında bunları ehtimal edirsiniz. Cəmiyyətdə zərbənin hardan gələcəyini bilmirsiz. Mənə görə cəmiyyətdəki mübarizə daha qəliz, daha ağırdır.

–Azərbaycan xalqı tarixən qüdrətli, əzmli və təsübkeş xalqdır. Çətin gündə, dar məqamda bir olmağı, dəmir yumruq olmağı hər zaman bacarıb. Bu 44 günlük şanlı savaşımız da özümüzə və dünyaya bunu bir daha sübut etdik. Buzlər bir vətəndaşolaraq bunları gördük. Bəs siz, Şəfəq xanım, bir hərbiçi olaraq nələri gördünüz?  

–Mən ömrümdə ikinci dəfə millətimi bir gördüm, yumruq gördüm…. fərəhli və qürurluydum…

Əsgər necə əzmli olmasın ki, o baxır ki komandiri paqonunu çıxarıb onunla bərabər torpaqda sürünür, düşmən postun dağıdır, əsgər nə yeyirsə komandir də onun yediyini yeyir.

– Sözsüz ki, o 44 günün hər günü bir ayrı salnamədir, dastandır və hamısı sizin xatirənizdədir. Ancaq elə indi, bu anda hər hansı bir xatirənizi danışa bilərsinizmi?

–Tovuz hadisələrindən danışmaq istərdim.

Evli-subay, yaşlısı, cavanı ətrafımda heç kim həzm edə bilmirdi ki, generalımız şəhid oldu. Həm də Azərbaycan Ermənistan sərhəddində və biz müharibə etmədik… hamı himə bənd idi…

İlk günlər sevinc hissi idi ki, biz axır ki torpaqlarımızı azad edəcəyik… Azad etdikcə, irəli getdikcə bizə güc verən hiss isə qisas hissi idi. Təsəvvür edin ki, tanımadığımız, bəlkə də adını belə doğru-düzgün bilmədiyimiz, tikəmizi yarı böldüyümüz, arxa -arxaya, çiyin- çiyinə söykənib, bir birimizi qızdırmaq, donmağa qoymamaq üçün söylədiyimiz çıynimizdə mürgülədiyimiz yoldaşlarımızın qisasını almaq hissi..

 

Təsəvvür edin ki tanıdığımız şəhid yaxınlarından heç kim demirdi ki, balam getdi, qardaşım getdi, şəhid oldu. Hamısı deyirdi ki, bircə dayanmayın, sona kimi gedin, bir qarış torpaq da düşməndən qalmasın. Son qarışa kimi azad edin ki biz o,( oğlum, qardaşım, atam və s) heyif ki, şəhid oldu deməyək. Bilək ki, qanı yerdə qalmadı.Torpaq uğrunda şəhid verdik.

İnanın indi də hər kəsdə bir qisas hissi var. Tovuzda, Bərdədə, Gəncədə və s. sərhədyanı yaşayış bölgələrində günahsız insanlarımız, körrpələrimiz öldü. Amma təsəllimiz qürurumuz zəfərimizdir.

–Peşənizi təbii ki, sevirsiniz, ancaq bu işinizlə bağlı olduqca zövq aldığınız, sizin sevimli məşğuliyyətinizə çevrilən məqamlar hansılardır?

–Ayda bir dəfə mutləq dağlara yürüş edirdik. Doğrusu Azərbaycanda alpinizm geniş inkişaf etməsə də, düşünmədən deyə bilərəm ki, bir Azərbaycan qadını olaraq və ən əsası iki övlad anası olaraq alpinist kimi az iş görməmişəm deyə bilərəm. “Bazar düzü”, ” Qızıl qaya”, “Olimp”, ” Şahdağ” və “Heydər”zirvəsi”, bununla yanaşı, Şahdağ massivində “Şəhidlər”, “Azadlıq” və cümhuriyyətimizin 100 illiyi ilə bağlı olan “Cümhuriyyət” zirvələrində də olmuşam.

–Bir hərbçi kimi aidiyyatı qurumlara sözünüz varmı? Hərblə bağlı nələr demək istərdiniz?

– Xanımların hərbi qəbul olunmalarının şərtlərini dəyişdirmək lazımdır məncə. 1- ci növbədə isə yaş məsələsi, 25 yaşdan aşağı tam əleyhinəyəm.

Amma yox qadın nədir hərbi nədir deyiminə də qarşıyam.

Yuxarıda qeyd etmişdim mən xidmət yerimdə yeganə QHQ -yam. Ayrı-ayrı vaxtlarda kişi hərbiçilərin çoxu etiraf edib ki, yaxşı ki siz burdasınız. Biz özümüzə danışığımıza diqqət edirik

Bizdə bir əsgər var. İnternatda böyüyeb. Bu yaxınlarda tərxis olacaq. Savaşda böyüdü balamız. Diqqətimi çəkdi ki, bu uşaq heç vaxt mənim adımı çəkmir və ümumiyyətlə mənə müraciət etmir. Soyadı Minimulindi. Bir gün Minimulin Murad çəkinə- çəkinə dedi ki, mən bilmirəm qadınlara necə müraciət edim. Çünki əhatəsində tək qadın bacısı olub. Mənim oğlumdan da balacadı deyə mənə bacı deyə bilmir, çəkinib xala, bibi də demir, rütbə və soyadla da elə bilir ki, ancaq kişilər çağrılır.

İzah etmişəm ki, xidmətdə rütbə və soyadla müraciət edə bilərsən, buna görə heç kim sənə irad bildirə bilməz. Mülki vəziyyətdə isə ən yaxşısı yaşından aslı olmayaraq xanım deyə müraciət edə bilərsən.

Əminəm ki, o əsgərlə kimsə belə oturub söhbət etmir. Bu iş üzrə zabitlərimiz var. Amma əfsuslar olsun ki, zampolitlərin arasında mən qadın zabit görmürəm.

 

Şəfəq xanım Azərbaycan qadınının dunənindən, bu günündən söhbət açdıq. Siz də bu cəmiyyətin qadın vətəndaşısınız. Öz həmcinslərini necə görmək istərdiniz, onlara sözünüz varmı?

–Azərbaycan qadınını hər zaman əzmli, qürurlu görmək istərdim. Göründüyü kimi, əlbəttə elələri çoxdur. Amma bəzilərində özünə inam hissi o qədər zəifdir ki, yəni sınmış, həyatdan küsmüş vəziyyəydədirlər. Əfsuslar olsun ki, bölgələrdə əksər qadınlar müasirliyi smartfonlarda, qısa ətək, dar şalvar və makiyajda görürlər, bu belə deyil. Muasirlik sənin cəmiyyətə qazandırdığı hər hansı nailiyyət, gördüyün işlər, böyütdüyüm layiqli övladlardır.

– Şəfəq xanım, Umayclub.com qadın saytına nələr demək istərdiniz? Bizə ürək sözlərinizi, təklif və arzularınızı eşitmək çox xoş olardı. 

– İlk onu deyim ki, siz, iki xanım təsisçi olaraq dəstəkləyirəm. Ümid edirəm ki, günü- gündən Umayın əhatəsi genişlənər. Mövzu olaraq götürdüyünüz bu Azərbaycan qadınının keşməkeşli həyatından deyil də, hər zaman uğurlu yolundan yazmağı sizə arzu edirəm. Təqdirəlayiq işinizdə hər bir qadının nailiyyətini bölüşməyinizi arzu edirəm.

Sizin kimi xanımların təbliğatına əlbəttə ki, ehtiyac böyükdür. Qadın dəyərini aşağı salan əks cinsin nümayəndələri–kişilər var əlbəttə. Ancaq bu da bir faktdır ki, elə o kişini tərbiyələndirən, cəmiyyətə qazandıran da məhz qadındır. Azərbaycan anasına həqiqi mənada əsas iş düşür. Kişini kişi kimi böyütmək lazımdır. Bəzən oğul deyib böyüdükləri övladları oğul kimi böyüdə bilməyənlər də var. Bax bu Qarabağ savaşında da o oğullar idi ki, can verərək can aldılar, torpaq aldılar. Zənnimcə təbliğat beşikdən başlamalıdır. Bağçalardan, məktəbdən, ən əsası da ailədən başlamalıdır. Təbliğat o zaman yerində olar ki, təbliğ olunan sənin həyat tərzini olmalıdır. İlk sən o cür olmalısan ki, sənin özün elə bir örnək olasan. Siz bu örnək qadınları araşdırıb cəmiyyətin nəzər nöqtəsinə göstərirsiniz.

Son olaraq sizə arzulayıram ki, sizin də uğurlarınız özünüzün də araşdırıb təqdim etdiyiniz “ilklərə imza atan qadınlar” sırasında yer alsın. Dünya qadının uğurları arasında Umayı da görmək ümidi ilə.

Biz də həm Umayclub.com qadın saytı olaraq, həm də bütün Azərbaycan xalqı adından bu zərif qəlb, kövrək ürək və mətanətli əzmə sahib xanıma, Şəfəq Quliyevaya bütün həyatında, uğur, nailiyyət və ruh yüksəkliyi arzulayırıq. Sən həm iki övladın qayğıkeş anası, həm valideynlərinin layiqli qız övladı, həm də Azərbaycan əsgərinin qız qardaşından, ər qardaşından, ən əsası isə, Azərbaycanın vətənpərvər vətəndaşısan. Qoy bundan sonra dağlarımızın, yüksəkliyinin ən hündür vətən zirvəsində sənin də ayağının naxışı olsun. İzi zirvələrdə bərq vuran qadın.

 

Şərh yoxdur

şərhini yaz