a
Hava:
27 C
clear sky
Baku
humidity: 26%
wind: 8 m/s SSE
H27 • L27
HomeQadın və ictimaiyyətBu günümüzün qadınları“Vətəndən uzaqda yaşamaq vətəndən uzaq olmaq demək deyil”- Rusiyada yaşayan azərbaycanlı iş qadını Leyla Əhmədova

“Vətəndən uzaqda yaşamaq vətəndən uzaq olmaq demək deyil”- Rusiyada yaşayan azərbaycanlı iş qadını Leyla Əhmədova

Əzizim vətən yaxşı,
Geyməyə kətən yaxşı,
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı…

Dünyada nə qədər ölkələr var. Hər kəsə, hər xalqa öz ölkəsi, öz vətəni əzizdir. Hər bir azərbaycanlı öz Vətəninə–Odlar yudu Azərbaycanına bağlıdır, onunla nəfəs alır, onunla yaşayır. Hər birimiz candan artıq sevirik ana torpağımızı, ata yurdumuz Azərbaycanı.

Bizlər bu doğma, müqəddəs yurdun qoynunda doğulur, böyüyür və yeri gələrsə, “Uğrunda ölən varsa, vətəndir…” deyərək uğrunda can alıb, can veririk.
Hamımız bu vətənin övladlarıyıq, bu ölkə vətəndaşıyıq, azərbaycanlıyıq. Vətən bizim vətəndir.
Bəzən olur ki, bu vətəndən uzaq düşürük… Dostdan- aşinadan, eldən- gündən ayrılmalı oluruq. Qərib ölkələrə – yaxın, uzaq diyarlara üz tuturuq. Hansı səbəbdənsə, niyəsə ayrı bir məskən seçirik özümüzə. Boxçamızda yaxınların, doğmaların hansısa xatirədən, o gündən olan rəsmi, bir ovuc vətən torpağı, bir də vətən sevdası… Bütün bunları qoyaraq boxçamıza özümüzlə aparırıq. Ancaq gedər ayaqda da, burada– vətəndə qoyub gedirik içi vətən mürgülü həsrətli qəlbimizi. Beləliklə, harada oluruqsa, olaq, qəlbimiz vətəndə qalır. İllər, qərinələr keçsə belə, könlümüz, gözümüz, bir də vətən sevdalı qəlbimiz vətənlə olur.

Vaxtilə Azərbaycanın hüdudlarından üzü şimala, Rusiyaya üz tutan Leyla xanım da belə qürbətçilərimizdəndir. Vətən sevdalı, vətən aşiqi Leyla Əhmədova.
Gəlin, Umayclub.com saytının arayıb- axtarıb, siz izləyicilərinə təqdim etdiyi növbəti vətənpərvər Azərbaycan qadınını birlikdə tanıyaq…

–Leyla xanım, bilindiyi kimi siz vətən üçün əlinizdən nə gəlibdə, etmisiniz, edirsiniz, edəcəksiniz. Bunu sizi və sizin gördüyünüz işləri tanıyıb bildikdən sonra bu qənatə gəlmişik. Qəlbiniz işıqlıdır və qəlbinizdəki işığın adıdır vətən. O işıq ki, sizin amalınıza çevrilib. Biz də Umayclub.com olaraq o işığa körpü salaq istədik. Qəlbimizdə gələn niyyətləri görmək istədik. İlk olaraq sizi tanımayan və ya daha yaxşı tanımaq istəyənlərə özünüzü təqdim edin:

– Mən Əhmədova Leyla Şəmşi qızı 17 oktyabr 1965-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda dünyaya göz açmışam. 1988- ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Hazırda Rusiyada–Rostov vilayətində yaşayıram. 17 il Rostov vilayətində “Günəş körpələr evi” ndə bağça müdirəsi vəzifəsində çalışmışam. Bununla yanaşı ictimai işlərdə də, hər zaman fəal iştirak etmişəm. Hal- hazırda Konqresin Birlik Üzrə Prezidentiyəm. İşlədiyim müddət ərzində daim Azərbaycanın milli- mənəvi dəyərlərinin, adət- ənənələrinin təbliği ilə məşğul olmusam. Eyni zamanda sahibkar xanımam, kiçik bizneslə məşğulam.

–Leyla xanım, Azərbaycan sizin üçün nə deməkdir? Vətən deyiləndə ilk olaraq sizin gözünüz önünə nə gəlir?

– Azərbaycan mənim vətənimdir. Mən Azərbaycanımla hər zaman fəxr etmişəm. Mənim qəlbim hər zaman onunla- vətənlə bir döyünür. Baxmayaraq ki, mən vətənimdən kənarda yaşayıram, Azərbaycanda baş verən hadisələr mənə də dərin iz qoyur. Vətənin uğuru, sevinci sevincim, kədəri isə göz yaşlarımdır. Vətən gülərsə, mən də gülürəm, qanadlanıram. Mən vətəndən güc alıram desəm, tam yerinə düşər.

–Leyla xanım, vətən sərhədlərindən kənarda yaşayan bəzi vətəndaşlarımız hərdən təəssüf hissi ilə qeyd edirlər ki, əgər vətəndə yaşasaydım bunu edərdim, onu edərdim, vətənin gərəkli vətəndaşı olub, ona olan borcumu layiqincə yerinə yetirərdim, təəssüf ki, uzaqdayam və vətənim üçün və orada yaşayan insanlar üçün heç nə edə bilmirəm və s. Sizcə, bu yanaşma nə qədər doğrudur?

–Bu əlbəttə ki, birmənalı şəkildə yanlış fikirdir. Vətən hüdudlarından kənarda olmaq o demək deyil ki, vətənə əl yetmir- ün yetmir. Bu məsafə məsələsi deyil, qəlb məsələsidir məncə. Özü vətəndən uzaqda olub, qəlbi, beyni, məramı vətən üçün döyünən, düşünən neçə-neçə böyük ürəkli azərbaycanlılarımız var. Bunlar saymaqla bitməz. Mən də Azərbaycanımın layiqli qızı olaraq daim Azərbaycan üçün əlimdən gələni etmişəm. Bir işgüzar Azərbaycan qadını olaraq daim vətən və bütövlükdə xalqımız üçün çox işlər gördük deyə bilərəm.

– Eşitdiyimizə görə siz ötən ilin sonlarında, 44 günlük haqlı savaşımız olan ll Qarabağ müharibəsi dövründə də Azərbaycanda olmusunuz. Bu haqda ətraflı danışmağınızı istərdik.

–Bəli, bildiyiniz kimi, 44 günlük Qarabağ savaşında mən də hər bir azərbaycanlı kimi, hamılıqla vətənin sıravi əsgərinə çevrilməyə and içdik. Vətəndən uzaqda vətənin keşiyini çəkdik desəm bəlkə də yerinə düşər. Mən də çoxları kimi vətən üçün öz maddi- mənəvi, fiziki gücümü səfərbər etdim. Məlum xəstəlik- qlobal pandemiya olmasına baxmayaraq, çətinliklər olsa da, Azərbaycana, Azərbaycanımıza getdim. Şəhid ailələrimizlə, yaralı əsgər və qazilərimizlə görüşdüm. Əlimdən gələn qədər müəyyən miqdarda köməklik göstərdim. Şəhid dəfnlərində iştirak etdim. Ürək ağrısı ilə hər mənada müharibəzədələrimizin yanında oldum. Bacardığım dəstəyi göstərdim.
Şanımıza şan gətirən, tarixlərə iz qoyan şanlı qələbəmiz münasibəti ilə qurbanlar kəsdirdim.

Hal-hazırda şəhidlərimizin müqəddəs xatirəsi üçün alınmış torpaqlarımızda bulaq tikdirirəm. Bütün bunlar mənim bir azərbaycanlı kimi borcumdur. Şəhidlərin yanğısı hələ də köksümü yandırır. Mən hər bir şəhid anası ilə ana, şəhid bacısı ilə bacı, hər bir şəhid övladı ilə övlad, hər bir şəhid yoldaşı ilə də namus- qeyrət simvoluyam. Azərbaycan qadının dərdi dərdim, yanğısı köksümdə qalanan tonqalımdır. Bütün maddi- mənəvi gücümlə demirəm onların arxasında, deyil, elə onların yanındayam. Hər zaman onlara dəstək verməyə hazıram. Bu mənim vətəndaş borcumdur. Bu hər bir azərbaycanlının vətəndaş borcudur.

Bu məqamda fürsətdən istifadə edərək, hər bir işgüzar azərbaycanlı qadınına üz tutub deyirəm ki, gəlin, bu çətin gündə, çətin məqamda xalqımıza dəstək olaq. Vətən varsa, biz də varıq. Ölkəmiz qələbə qazanıb, ancaq tarixin çox çətin süzgəcindən keçdi bu ölkə. İtki verdik, yüzlərlə qeyrətli oğul itirdik.Gəlin, bu gün xalqımıza sözün həqiqi mənasında dəstək olaq. Axı, biz birlikdə güclüyük.

–Lela xanım, siz vətəndən kənarda yaşayan bir azərbaycanlısınız. Belə demək olarsa, qürbət adamısınız. Əlbəttə ki, bu sizin öz seçiminizlə bağlıdır. Deyə bilərsiniz, necə oldu ki, seçiminiz qürbətdən keçdi?

–Bəli, mən də, vətəni vətəndən kənarda sevənlərdən oldum. Bu müəyyən səbəblə bağlı idi və mən ölkədən kənarda yaşamalı oldum. Ancaq sizə bütün səmimiyyətimlə bildirmək istəyirəm ki, vətəndən kənarda yaşamaq vətəni unutmaq demək deyil, əksinə, inanın ki, bu bizim missiyamızı bir az da artırır. Düşünün, siz elə yerdə yaşayırsınız ki, sizin ölkənizi sizinlə tanıyırlar. Siz elə davranmalısınız ki, onlar sizə görə və sizin dediklərimizə onlar sizin ölkənizi sevəcəklər. Bütün bunları nəzərə alaraq mən daima Azərbaycanın mənəvi dəyərlərini yüksəkdə tutmuşam. Daim ölkəmizin mənəvi irsini tanımışam.

– Gördüyünüz işləri izləyicilərimizlə də bölüşə bilərsinizmi? Oradakı insanlara Azərbaycanı necə tanıtmısınız?

–Onlara qədimliyimizi, qədimliyimiz qədər də mübarizliyimizi təbliğ etmişəm. Milli bayramlarımızı, gözəl və insani- əxlaqi adətlərimizi geniş şəkildə keçirib, onlara nümayiş etdirmişəm. Onlar bizim tədbirlərimizdə– Novruz bayramı və s. adətlərimizə heyranlıqlarını gizlətmədilər. El şənliklərimizi gözəl, layiqli şəkildə təbliğ etdiyimizi düşünürəm. Bütün bunlarla yanaşı hüzn günlərimizi də, “31 Mart 1918- çi il”, “20 Yanvar 1990-cı il”, ” 26 Fevral Xocalı qətliamı,” soyqırımlarla bağlı ümummilli hüzn günlərimizi də unutmur, unutdurmuruq. Xalqımızın başına gətirilən erməni müsibətini burdakı insanlara ən bariz şəkildə çatdırmağa çalışırıq. Bütün bunlar bizim təxirəsalınmaz planlarımızın tərkib hissəsidir. Düşünürəm ki, hər bir xaricdə yaşayan azərbaycanlının ən ümdə vəzifəsi Azərbaycanı layiqincə təmsil etməkdir. Axı bizlər dövlətimizin vətəndən kənardakı simalarıyıq.

– Leyla xanım, bayaq söhbət əsnasında qeyd etdiniz ki, Azərbaycanımızın dilbər guşələrindən birinnə, Ağdama su çəkdirirsiniz. Ata- babalarımızdan bizə ərmağan edilmiş bu təqdirəlayiq təşəbbüsünüzün səbəbini öyrənə bilərikmi?

– Bəli, qeyd etdiyiniz kimi, ata-babalarımızdan bizə miras qalmış bu gözəl adət-ənənəyə sadiq qalaraq, işğaldan azad olunmuş torpağımız Ağdama su çəkdiririk. Qarşıda edəcəyim planlarım çoxdur. Gözəl təşəbbüslərimiz var, onları növbə ilə həyata keçirməyi düşünürük. Mən son anıma qədər Azərbaycan üçün nələrsə edəcəyəm, buna əminəm və qərarlıyam. Düşünürəm ki, bir övlad anasına nələr etsə belə öz borcunu yerinə yetirə bilməz. Bu da vətən qarşısında bizim borcumuzdur, niyə də etməməliyik…
Vətənim, xalqım üçün etdiyim hər addım, mənim ona olan sevgimdəndir. Şair demişkən: “Vətəni sevməyən insan olmaz…”

– Söhbətimizin sonunda yenidən xatırlatmaq istərdik ki, Umayclub.com qadın saytının bu günkü siması sizsiniz. Günümüzün mübariz, əzmli, bir o qədər də vətənpərvər, yurd sevdalı Azərbaycan qadını Leyla Əhmədova. Gördüyünüz işlər həqiqətən alqışa layiqdir. Biz sizi bütün sayt izləyiciləri adından təbrik edir və ugurlarınızın daim olmasını arzulayırıq. Əminik ki, onlar sizi tanımağa şad oldular və bir daha Azərbaycan qadınının şücaətinə əmin olub qürurlandılar.
Bəs siz, bir işgüzar qadın kimi Azərbaycan qadınlarına və eləcə də umayclub.com- a nə demək istərdiniz, nələri arzulayardınız?

–Bilirsiniz, qürbətdə yaşamağıma baxmayaraq, hər zaman qəlbim Azərbaycanla döyünüb, qulağım Azərbaycanda olub. Hələ eşitdiyim xəbər özhəmcinslərimə, qadınlara aiddirsə, bu məni daha da çox sevindirib və ya narahat edib. Zənnimcə, Azərbaycan qadınları bütün dünyanın qadınlarından da yüksək mənəvi keyfiyyətlərə, yüksək əxlaqi dəyərlərə malikdirlər. Azərbaycan qadını daha çox qayğıkeş ana, sadiq həyat yoldaşı, ləyaqətli qız övladlarıdır. Onlara ən böyük arzum, əziz Azərbaycan qadını, gəlin, keçmişdən bizə miras qalmış o mənəvi dəyərləri, o yüksək ləyaqəti heç vaxt itirməyək. İlk olaraq, özümüz bir – birimizə dəstək olaq.

–Siz bir işgüzar xanım kimi öz həmcinsləriniz barədə nə düşünmüsünüz? Bu mövzuda qarşınıza qoyduğunuz məqsədləri bizimlə bölüşməyinizi istərdik.

–Mən nə vaxtsa, Azərbaycana qayıtsam, mütləq qadınlar üçün gözəl layihələr həyata keçirəcəyəm.
Əlbəttə, orada bir qadın məsləhətxanası açmağı düşünürəm. Bu mənim ən böyük arzumdur.
Umay – a gəlincə isə, sizi elə burdan, çox uzaqdan da olsa, ( məsafə olaraq) deyərdim ki, yaxından izləyirdim. Gördüyünüz işlər ürəkaçandır. Ən əsası onu qeyd edim ki, siz bir qadın saytı olaraq, çox ilklərə addım atmısınız. Sayt olaraq yeniliklər gətirmisiniz. Bunu hamı görür və izləyir, ona görə də təkrarlamağa ehtiyac yoxdur. Sadəcə xüsusi vurğu ilə demək istərdim– Umayclub.com NOVOTOR bir saytdır. Doğrusu Azərbaycanda bu sayta ehtiyac vardı. Bu sayt qadınlara çox gərəkli və lazımlı, dəyərlidir deyə bilərəm. Bu minvalla, sizi, iki xanım təsisçini təbrik edir, bu yerində, gərəkli addımınızda sizə şans arzulayıram. Daim səsiniz gəlsin!

 

Biz də, Umayclub.com saytı olaraq Leyla xanıma bu gözəl müsahibə və dəyərli söhbət üçün dərin təşəkkürümüzü bildiririk. Vətənin hüdudlarından kənarda belə qəlbi Azərbaycan deyərək vuran, döyünən qəlbiniz heç zaman susmasın deyirik. Uğurlarınız uğurumuzdır, uğurlarınız daim olsun deyirik.

Aynur Turan

Şərh yoxdur

şərhini yaz