a
Hava:
23 C
clear sky
Baku
humidity: 38%
wind: 4 m/s SSE
H23 • L23
HomeQadın və ictimaiyyətBu günümüzün qadınlarıBu günkü cəsarətimiz sabahkı uğurumuzdur–Pərvanə İsgəndərova

Bu günkü cəsarətimiz sabahkı uğurumuzdur–Pərvanə İsgəndərova

Həyat mübarizədir. Mübarizə isə mübariz insanların seçimidir. O insanların ki, doğulduğu andan qarşıya məqsəd qoyub həmin amal uğrunda həyat və həyatdakılarla mübarizə aparır, qalıb gəlir. Qalibiyyət isə hər zaman asan olmur. O, yalnız iradəli, məqsədli və düz yolda olanlarındır. Onlar doğulur, müəyyən missiya üçün layiqli döyüş yolu seçirlər.

Hazırki müasir dövrün belə ziyalı, yüksək amallı və mübariz qadınlarından biri də Pərvanə xanım İsgəndərovadır. O da bir çox dəyərli Azərbaycan qadını kimi gənclərimizə örnək bir xanımdır.
‌Onun da bu günkü uğurlu mövqeyi əslində heç də asanlıqla olmayıb. Bu yolda sayagəlməz maneələr olsa da, Pərvanə xanımın yola çıxmazdan əvvəl boxçasına atdığı cəsarət, əzm, iradə və saf niyyət və gözəl düşüncə ona bu yolu layiqincə addımlamağa rəvac verib. İlk baxışdan ciddi görkəmə malik Pərvanə xanım bizimlə söhbətdə mürgülü xatirələri oyatdıqca onun səmimiyyəti, ziyası və daxili dünyasının zənginliyi və bir o qədər də rəngarəngliyi gün işığına çıxmağa başladı. İş həyatının bütöv hissəsini eyni zamanda, xeyriyyə məqsədli işlərə ayıran, dosta- yada əl tuta, ancaq bu haqda danışmağı sevməyən xanımın üzv olduğu ayrı adda cəmiyyət, qurum və təşkilatlardakı aktiv fəaliyyəti, bu münasibətlə dövlət qurumları və bəzi təşkilatlardan aldığı mükafat və təltifnamələr onun xeyriyyəçiliyinin xəbərçisidir.

Bu gün Pərvanə İsgəndərovanın özünün də istəyi ilə gördüyü xeyriyyəçilik işləri ilə deyil, onun günümüzün necə uğurlu iş qadını olmasından, bu uğurlu fəaliyyətin incə, sirli məqamlarından söhbət aparacağıq.
Gəlin məramı xeyir, məqsədi uğur olan zərif çohrəli, möhkəm məqsədli Azərbaycan qızını onun öz dilindən tanıyaq.

‌–Mən Pərvanə İsgəndərova .Gəncə şəhərində anadan olmuşam. Çox rahat, qayğısız uşaqlıq həyatı yaşamışam. Hazırda uşaqlıq və orta məktəb illərimi xatırlayarkən heç bir zaman, heç bir məqamda hiss etmədiyim rahatlığı duyur və zövq alıram. Uşaqlığımı mənə əziz edən şirin xatirələri çoxdur. Onlardan biri də, mütaliə marağım idi. Mənim üçün ən böyük istirahət, məşğuliyyət kitablarla zaman keçirmək, onun ən sonuncu səhifəsini belə eyni həyacanla oxumaq idi.

–Pərvanə xanım, mütailənizə əsasən hansı kitablar və yazarlar daxildi?

Mütailəmə hər cür kitablar–yəni Azərbaycan ədəbiyyatından, klassiklərimizdən, dünya ədəbiyyatına qədər daxil idi. Ədəbiyyat sarayına özünəməxsus kərpic qoyan, sehirli aləm bəxş edən bütün dünya yazarlarının əsərlərini tanımaqdayam. Hələ beş yaşımdan üzv olduğum kitabxana az qala mənim qibləgahıma çevrilmişdi. Elə bu gün də məndən soruşsalar ki, sənin üçün dünyada ən gözəl məbəd haradır, heç düşünmədən , hətta böyük hərflərlə kitabxana deyərdim. Nə zaman bir anlıq da olsa, gözlərimi yumub keçmişə çevrilirəm, o kiçik barmaqları arasında böyük cildli kitab tutan məsum, çalışqan məktəbli qız Pərvanəni görürəm. Drazerin “Dahi” adlı əsərini dönə – dönə eyni sevinc və həyacanla oxuyan o balaca qızcığaz bu günki mənim, Pərvanənin ən şirin xatirəsidir.

– Deməli, Pərvanə İsgəndərovanın həyatında kitab daha böyük və ayrı məna daşıyır, elə deyilmi?

– Bilirsiniz, insanın tərbiyəsində, ümumiyyətlə, insanın bir şəxsiyyət kimi yetişməsində ilk növbədə gen, ailə, məktəb, cəmiyyət, mühüm rol oynayır. Mənim də bir şəxsiyyət kimi formalaşmağımda kitabların rolu əvəzsizdir. Kitablar sayəsində insan öz üzərində işləyərək düzgün insan olaraq formalaşır. Cəmiyyətdə nümunəvi insana çevrilir. Ancaq bəzən bu qarışıq, həyata baxıb qəribə bir məyusluq keçirirəm. Bəlkə də cəmiyyətdə təzadlı insanların məni çətində qoyan, kədərləndirdiyi, onları birmənalı şəkildə qəbul etməməyimin yeganə səbəbi kitablarda oxuyub, cəmiyyətdə isə çox nadir qarşılaşdığım ideal insan ünsürdür.
Daxilən optimist olsam da, bəzən dünyaya zamanında gəlmədiyimi hiss edirəm, buna səbəb isə qeyd etdiyim kimi, təzadlı insan münasibətləri, qeyri – səmimiyyət və dürüst olmayan xarakterlər, bəzən isə yazılmayan qanunlarımızdır. Cəmiyyət olaraq bir – birimizə ədalətli, dürüst və son dərəcə duyarlı olmalıyıq . Məncə insan bu zaman dəyərlidir.

– Pərvanə xanım, məşğul olduğunuz sənət, hazırkı məşğuliyyətiniz barədə söhbət açmaq istərdinizmi?

Bəli. İqtisadiyyatçıyam. İqtisadiyyat fənnini tədris etmişəm və 12 illik pedaqoji stajım var. Lakin həyatımda baş verən dəyişikliklər, zamanın axarı mənə öz şəxsi biznesimi qurmağı tələb etdi. Beləliklə, artıq 22 ildir ki, mən bizneslə məşğulam və bu yöndə xeyli işlər görmüşəm. Şəxsi biznesim restoratorluq və tekstil olaraq iki ayrı sahədən ibarətdir.

– iki ayrı sahə sizi yormurmu?

–Əlbəttə yox. Məncə, insanı sevdiyi peşə və ya məşğuliyyət yormamalıdır. O yerdə ki, ürəyini, sevgini qoyursan, canla-başla bütün çətinliklərə sinə gərirsən, əksinə o iş sənə zövq verir, stimul yaradır.

– O zaman gəlin bu barədə ətraflı söhbət açaq.

–Tekstil sahəsinə maraq mənə özümü tanıyandan olmuşdur. Hətta deyərdim ki, mənimlə birgə doğulub. Müəyyən vaxtdan sonra zamanın tələbi ilə özümə məxsus olan restoran yaradıb idarə etməyə başladım. İlk restoran doğulub boya-başa çatdığım Gəncə şəhərində fəaliyyət göstərməyə başladı. Zənnimcə, həmin vaxt Gəncə şəhərində belə bir məkana çox böyük ehtiyac vardı. Məqsədim isə həmcinslərimin, yəni xanımların rahatlıqla gəlib bu məkanda vaxt keçirmələri, sərbəst şəkildə istirahət etmələri idi. Arzularım məni bu addımı atmağa vadar etdi. Bilindiyi kimi xanımlar kulinariyaya böyük maraq göstərir və dəyər verirlər. Məhz bu səbəbdən mən bu restona Azərbaycan mətbəxi ilə yanaşı dünya mətbəxindən də çoxlu çeşiddə fərqli təamları daxil etdim. Bu təşəbbüs restorana üz tutan qonaqların böyük razılıq və sevincinə səbəb oldu. Əlbəttə ki, hər hansı qadının sevinci mənim birinciliyimdir. Buna görə də fəaliyyətim boyu hər zaman qadınları sevindirməyi seçmişəm.

– Pərvanə xanım, yeni layihələriniz varmı və onlar nələrdən ibarətdir? Bu haqda nailiyyət və öhdəlikləriniz barədə nə deyərdiniz?

–Hazırda yeni bir layihə üzərində işləyərəm. “Eksklüziv Kutyur Mərkəzi” nin yaradılması işləri ilə məşğulam. Azərbaycan Tekstil Assosiasiyasının təsisçisi və idarə heyətinin üzvüyəm.Azərbaycan Qadın Sahibkarlığı Assosiasiyasının idarə heyətinin üzvü və sənaye komissiyasının sədriyəm. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə bir iş adamı kimi “Tərəqqi medalı” ilə təltif olunmuşam.

–Pərvanə xanım, məramınız xoş, yolunuz uğurludur. Bir uğurlu iş qadını kimi deyə bilərsinizmi, sizcə uğur nədir?

–Uğur həyatın bütün əhəmiyyətli sahələrində məqsədlərinə nail olmaq, arzu, ümid və istəklərini gerçəkləşdirmək bacarığıdır. Bir insan kimi sən kimsən sualına cavabım mən anayam, deyərdim. Bilirəm ki, layiqli və uğurlu ana olmaq üçün ilk olaraq layiqli “mən” olmalısan. Mənim həyatda mübarizə gücüm və həyat eşqim ana olmağımdır. Ən böyük uğurum və zənginliyim övladlarımdır. Bəzən ana olmaq yetərli olmur, sənin əsas vəzifən təkcə övlad dünyaya gətirmək deyil, cəmiyyətə yararlı, vətənə layiqli, yüksək intellektli övlad tərbiyə etmək hər bir ananın ən ümdə borcudur. Bu da olduqca məsuliyyətli və çətindir.

Bəs sizcə uğura gedən yol nədir? Haradan başlayır?

–Düzgün düşüncə, xoş məram, saf amal, bütöv iradə və ən əsası qətiyyətli addım. Bax, budur uğura gedən yol… Ümumiyyətlə, həyatda uğur əldə etmək istəyirsənsə, həyatını daim nəzarətdə saxlamalı, qarşına məqsəd qoyaraq daim bunun üçün mübarizə aparacaq, bütün çətinliklərə sinə gərəcəksən, çünki sonda səni boyuk mükafat gözləyir. Uğurlu insan həyatı axarına buraxmamalı, daim mübarizədə olmalıdır. Əlbəttə, o yollar heç də hamar deyil. O yollar səni dəfələrlə büdrədə, hətta yıxa bilər. Bax, elə o an sən dizlərinin qanını silib yenidən və yenidən başlamalısan. Keşməkeşli yollar səni yora bilər, səni yolundan, məqsədindən döndərə bilər, ancaq heç nə sənin iradəndən güclü , xəyallarından şirin ola bilməz. Çətin həyat yolunun sonundakı böyük, arzulanan uğur ən yüksək dağ başında açan zərif, ətirli çiçəyi dərə bilmək qədər qiymətli və sevindiricidir. Böyük şair Zəlimxan Yaqubun gözəl bir misrası var:

Baxma meydanda təksən,
Sən qalıb gələcəksən…

Pərvanə xanım, bu gün hər hansı bir fəaliyyətə başlamaq istəyən, lakin hələ də o addımı atmaqda qətiyyətsizlik edən gənc qadınlara tövsiyələriniz nələrdir?

– Gün bu gündür deyərdim. Bu günkü cəsarətiniz sabahkı uğurunuzdur. Hər gün isə sizin növbəti şansınız. Bu yolda qətiyyətli olun. Ancaq hər zaman xoş niyyətinizi əldən verməyin. Uğuru uca dağa bənzətsək, ona gedən hər bir pilləkənləri isə belə adlandıra bilərik. Cəsarət, səbr, əzm, öz üzərində çalışmaq bacarığı, ləyaqət, elm- təhsil, ən azından gündəlik mütailə, inam, dürüstlük və sevgi.

Pərvanə xanım, qadına yüksək dəyər və diqqət göstərirsiniz. Bu sizin işinizdə də bariz şəkildə özünü göstərir. Deyəsən qadın və qadın dünyası öncüllüyünüzdür. Qadın, ən əsası Azərbaycan qadını Pərvanə İsgəndərovanın pəncərəsindən necə görünür?

–Dünyanın bir çox ölkəsinə səyahət etmişəm. Səyahətlərim bəzən iş məqsədli, belə ki, dövlət tədbirləri, üzv olduğum bəzi təşkilatların xətti ilə, bəzən isə maraq, öyrənmək, tanımaq, zövq və duyğularımı daha da inkişaf etdirmək məqsədli olub. Səfər zamanı bir çox dövlətdə həmcinslərimlə ünsiyyət və təmasda olmuşam. Onların vətənlərinə, iş, peşə, ailə və övladlarına qarşı fikirlərini, ifadə etdikləri hisslərini yaxından müşahidə və eyni zamanda onları Azərbaycan qadını ilə müqayisə etmişəm. Ola bilsin ki, onlar daha çox ölkələrdə olmuş, peşələrində daha çox uğur əldə etmiş, daha çox sosial həyat keçirmiş, teatr, rəsm və s. sərgilərdə iştirak etmiş, müxtəlif adda fuar və gecələrə qatılmış, sosial həyat yaşamışlar, ancaq mən Azərbaycan qadınında olan ləyaqət, zəriflik, dözümlülük, vətənə, elə, yurda, ailəyə, övlada olan bağlılıq, böyüyə hörmət, kiçiyə qayğı kimi milli dəyərlərimizə olan sədaqətliliyi heç yerdə görmədim.

Dünya qadınları hər hansısa yöndə olduqca səlis peşə sahibi, karyera qadını ola bilər, Azərbaycan qadını isə işdə peşəkar işçi, məktəbdə müəllimə, səhiyyə ocağında tibb işçisi, Azərbaycan iqtisadiyyatına töhvə verən iş qadını, evində sədaqətli, vəfalı ömür-gün yoldaşı, cəfakeş ailə başçısı, qayğıkeş ana, səlis aşbaz, gecələr xəstə övladının çarpayısı başında ayıq əsgər, vətəni hər şeydən müqəddəs bilib onun yanında gözünü qırpmadan oğul qurban verən vətəndaşdır. Azərbaycan qadını beşik başında oyanmasın deyə həlim, səssiz, mülayim ana, əxlaqı, iffəti ilə çəkingən yar, yeri gələrsə əgər, od götürüb, kösöy tutan, qılınc götürüb, silah tutan Tomrisdir, Saraxatundur. Bir sözlə, Azərbaycan qadını dünyanın ən güclü, mübariz qadınıdır. Mən Azərbaycan qadınını , geniş mənada isə Azərbaycan vətəndaşını hər zaman dəyərli görmüşəm.

–Hər birimiz bu ölkənin vətəndaşı olaraq, digərimizi sevmək, onların rifahı naminə öz öhdəliyimizi layiqincə yerinə yetirməliyik. Bir ölkə vətəndaşı olaraq istəkləriniz, görmək istədikləriniz nələrdir?

Ən böyük daxili istəklərimdən biri də dövlətimizin iqtisadi gücünün artması və daha da çox inkişafıdır. Xüsusilə istehsalat sahələrində iqtisadiyyatı güclü olan dövlətin inkişafı qaçınılmazdır. Harada, nə vaxtsa Azərbaycan respublikasının məhsulunu görmək məni çox sevindirir. Azərbaycanlı iş adamlarının uğurları, gördükləri işlər məni hər zaman qürurlandırır, xüsusilə də bu yöndə çalışan iş qadınların gördüyü işlər, dövlətimizə və xalqımıza verdiyi töhfələr demək olar ki, sevincimdir. Onların istehsal etdiyi məhsullarla və bu yöndə gördüyü işlər və uğurlar haqqında hər zaman geniş məlumat əldə etməyi, onları qəlbən dəstəkləməyi hər zaman üstün tutmuşam. Sevindirici haldır ki, dövlətimiz də bu xanımlara, bütövlükdə qadın sahibkarlığına hər zaman öz dövləti dəstəyini əsirgəməmiş, hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Bu belə də olmalıdır. Çünki qadınların iqtidiyyatdakı rolu iqtisadiyyatın daha da güclənməsi və çoxşaxəli inkişafı deməkdir.
Onu da qeyd etmək istəyirəm ki, mən bir sahibkar qadın olaraq heç bir dəstəkdən istifadə etməmişəm.Hər zaman öz maddi-mənəvi və fiziki gücümə inanmışam. Lakin çox istərdim ki, dövlətimiz maliyyə baxımından qadınlara hər zaman dəstək olsun. Məsələn, banklar girovsuz güzəştli şərtlərlə vəsait ayırsın. İnanın bu böyük dəstəkdir. Dövlətimiz müəyyən qədər iş adamları üçün şərait yaradıb, ancaq mən bir iş qadını kimi, onillərə dayanan təcrübələrin əsasında bu yöndə qüsur və bəzi çatışmazlıqları açıq şəkildə deməyi də özümə borc bilirəm.
Sahibkar olmaq, sahibkarla məşğul olmaq olduqca çətin sahədir. Sən bu işin öhdəsindən layiqincə gəlməli, bu yolda bütün çətinlikləri dəf etməlisən. Açıq etiraf edim ki, öncəliklə bu illər nisbətən çətinliklər dövlət tərəfindən aradan qalxıb, və bu yöndə dövlət dəstəyi daha da genişlənmişdir. Ancaq bütün bunlara baxmayaraq, buna dair qanunlarda müəyyən qədər boşluqlar hələ də mövcuddur. Sahibkar qadın kimi deyil, bir sahibkar kimi qeyd etmək istəyirəm ki, əsas problemlərdən biri də məmur özbaşınalığıdır. Bu böyük problemdən əziyyət çəkməyən sahibkar deyərdim ki, çox azdır. Bir sıra problemlər, çətinliklər bizə bunu deməyə sövq edir. Dövlətimizin bizə verdiyi bir sıra hüquq vədəstəklərdən istifadə etməyimizə mane olurlar. İnanıram ki, yaxın gələcəkdə bu kimi ciddi məsələlər də öz həllini mütləq şəkildə tapacaq.

Pərvanə xanım, sizin qadınlara məsləhətləriniz nədir?

–Mənim Azərbaycan qadınına tövsiyyəm ilk növbədə övladlarına elm- təhsil yönündə onların layiqli vətəndaş olmalarına dəstək vermələridir. Hər bir ananın ümrə borcu ilk növbədə övladının biliyə yiyələnməsi, oxuyub təhsilli olmasıdır. Etiraf edək ki, yaşamaq hər zaman asan olmur. Həyat hər zaman mübarizədir, döyüş meydanınıdır. Təhsilli, bilikli insan hər bir çətin işin öhdəsindən layiqincə gələcək. Elm insan yaşamını asanlaşdırır. Həyat təcrübəmdən bilirəm ki, bilikli insan ən çətin yolda belə aydınlığa çata bilir, çünki onun nuru özüylədir. Elmin nuru hər zaman insanın sönməyən fənəridir deyərdim.
Bəzən qadınlarada, hətta gənc qızlarda rast gəldiyim bir məqamı da sizinlə bölüşmək istərdim. Bəzən belə düşünürlər ki, mən evin xanımıyam, evin bütün cavabdehlik və öhdəlikləri, maddi yükü evin kişisinin üstünə düşməlidir. Bu mənim deyil, ailə başçısının yüküdür. Ailədə olan bütün çatışmazlıqlarda qarşıdakı günahlandırılır. Bu qadın psixologiyasında olduqca yanlış düşüncədir. Bu çox önəmli məsələdir. İstərdim ki, yöndə bir çox təbliğatlar aparılsın. Ailə hər iki şəxsin çiynini yüküdür. Sizə bir misal gətirmək istəyirəm. Mən tekstil sahəsində çalışdığım üçün çox rastlaşdığım məqamlardan biri də budur ki, bəzən qadınlar ailə üzvlərindən şikayət edərək deyir ki, onlara icazə verilmir ki, istədikləri kimi geyinsinlər və onların gözəl gorunmələrinə mane olurlar. Lakin bu kimi düşüncəli qadın başa düşmür ki, gözəl geyim, baxımlı olmaq heç də açıq-saçıq geyim demək deyil. Paltarın hansısa bir hissəsini açmaq azadlıq işarəsi deyil. Bu qətiyyən qadın azadlığı demək deyildir. Gözəl geyim üçün daxili aləmini zənginləşdirməlisən. Sənin imicin, stilin özünəxas olmalıdır. Sənin geyimin sənin zövqünlə bərabər, iffətini, zərifliyini də ortaya qoyur.

–Sahibkar olmaq istəyən iş qadınlarına nə tövsiyə edərdiniz?

–Hazırda qadın sahibkarlarının işi, iş yerlərinin yaradılmasına və iqtisadi gücünün artırılmasında aparıcı rol oynayır. Ölkəmizdə qadın sahibkarlarının uğur qazanması və iş dünyasında daha yaxından iştirak etməsi üçün əlverişli şərait vardır. İş qadınları üçün bərabər imkanlar yaradılması yalnız gender məsələsi deyil, iqtisadi prioritetdir.
Uğurlu biznesin qurulması yaxşı ideya və ya istedaddan daha çox şey deməkdir. Ən önəmlisi isə öz gücünüzə inanın. Hədəfinizi müəyyənləşdirin və addım- addım məqsədinizə doğru gedin. Məşğul olacağınız hər hansı işlə bağlı biliklərə yiyələnib, durmadan bunun üzərində işləyin. Araşdırın və bu yöndə lazımınca aydınlanın. Çünki hazırki cəmiyyət çox sürətli inkişaf etməkdədir və iş aləmində rəqabət əsas məsələdir. Uğur əldə etmək, öz sektorunuzda brend olmaq, öncül olmaq istəyirsənsə, davamlı yenilikçi olmaq da əsas şərtdir. Bilirsiniz, mövqeyini qoruyub lazımi yerdə olmaq vacibdir Yeri gəldikdə özümüzə tənqidi yanaşaraq işimizdə çatışmazlığı görməyə çalışmalıyıq. Bəzən başqalarının təcrübələrindən istifadə edərək, hətta yıxıla da bilərsən,ancaq bu haldan mütləq nəticə çıxarın. Unutmaq olmaz ki, bu yol asan yol olmadığı üçün mütləq yıxıla da bilərsən, ancaq bu səni ruhdan düşürməməli, əksinə daha da gücləndirilməlidir.

Bir fikri də dilə gətirmək istərdim.Əgər həyatda uğur qazanmaq istəyirsinizsə, təkcə bu işdə deyil, bütün mənada ətrafdakıların uğur qazanmalarına dəstək olun, onların sevincini paylaşın. Qəlbən sevinin və alqışlayın. Məni Azərbaycan qadınının hər bir uğuru çox sevindirir və qürurlandırır. Məncə kiminsə nailiyyəti elə mənim nailiyyətimdir. Hər bir qadının uğuru bütövlükdə Azərbaycanın uğurudur. Bir ölkə vətəndaşı olaraq dövlətimizin uğuruna necə sevinməyə bilərik? Mən bu işə baş qoyduğum ilk gündən hər zaman var gücüm və təcrubəmlə ətrafımdakı insanların iş həyatındakı işinə dəstək olmuşam. Çətinliklərimlə, uğurlarına hər kəsə təcrübə qazandırmağa çalışmışam. Ümumiyyətlə insanlar hər zaman bir- birinə dəstək olmalıdır düşüncəsindəyəm.
Son olaraq qeyd edim ki, bu yaxınlarda umayclub.com saytı ilə yaxından tanış olmaq imkanı əldə etdim. Məramınız gözəl, gördüyünüz işlər ürəkaçandır. Bu münasibətlə də sizi təbrik edirəm.

Biz də umayclub.com qadın portalı olaraq çağdaş dövrün layiqli və işgüzar qadınlarından biri Pərvanə İsgəndərovaya uğurlar arzulayırıq. Ən uca zirvələrdə imzanızı görmək diləyi ilə, Pərvanə xanım.

Şərh yoxdur

şərhini yaz