a
Hava:
15 C
clear sky
Baku
humidity: 67%
wind: 6 m/s SSE
H15 • L15
HomeQadın və ictimaiyyətBu günümüzün qadınlarıGünəş ətraf mühiti işıqlandırdığı kimi, elm də bizim daxili dünyamızı işıqlandırır.

Günəş ətraf mühiti işıqlandırdığı kimi, elm də bizim daxili dünyamızı işıqlandırır.

Biz elmi-texniki tərəqqinin çox vüsət alıb tüğyan etdiyi bir əsrdə yaşayırıq. Bu belə bir əsrdir ki, cəmiyyətimizin onun iqtisadi, mədəni, mənəvi inkişafı elm və biliklə xarakterizə olunur. Təhsil və bilik insan həyatında aparıcı rol oynayan ən vacib amillərdəndir. Belə ki, bilik insanın güclü, qüdrətli, müdrik bir şəxsiyyət kimi yetişməsində bir vasitədir. Elm, təhsil eyni zamanda dünya və aləmi, onun əsrarəngiz çalarlarını dərk edib duymaq üçün bir vasitədir. Bizi əhatə edən aləm elmin, təhsilin və müasir texnikanın uğurlu nailiyyətlərinə əsaslanır. Elm və bilik insan həyatını mənalandıran, onu zənginləşdirən işıqlı bir yoldur. Odur ki, həyat və güzəranımızı daha mənalı etmək, səmərəli yaşamaq üçün daha çox təhsilə, savada yiyələnməliyik.
Azərbaycan hər zaman zamanın bütün dövrlərində tarixə iz qoymuş, külünc çalmış, ədəbiyyata naxış vurmuş, elm- mədəniyyət beşiyinə çevrilmiş, incəsənətə yeniliklər bəxş etmişdir. Sevindirici haldır ki, dünyaya tərəqqi, intibah gətirən müxtəlif sahələrdə Azərbaycanın adı hər zaman öndə olmuşdur. Bu yolda Azərbaycan qadının rolu danılmaz, yeri doldurulmazdır. Bəli, ta qədimdən bu günə Azərbaycan qadını elm, təhsil, mədəniyyət və digər sahələrdə səmərəli fəaliyyət göstərir, doğma Azərbaycanımızın hərtərəfli inkişafına öz töhfələrni verirlər.
Umayclub.com olaraq, siz dəyərli oxuyucularımıza elmi, biliyi və gərəkli işləri, Azərbaycana, eləcə də elm dünyasına bəxş etdiyi neçə- neçə uğurlu layihələri ilə hər bir azərbaycanlının qəlbini fəth edən, qürur mənbəyimizə çevrilən günümüzün  mübariz, qadın elm adamı Fizzə xanım Məmmədovadan söz açmaq istəyirik. O, bu gün saytımızın dəyərli müsahibidir. Xatırladaq ki, Fizzə xanım Məmmədova Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin “Təbii Ehtiyatlar İnstitutunun Hidrogelogiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosentdir.
Gəlin, Fizzə Məmmədovanın dolu-dolu yaradıcılıqla məna qazanan ömür yoluna ışıq tutaq, bu aydın xanımın yaradıcılıqla aydınlanan həyat nuruna hamılıqla qərq olaq. 
Fizzə Sadıx qızı Məmmədova 1953-cü il 22 aprel ayında Azərbaycanın Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Kimya üzrə fəlsəfə doktorudur. Namizədlik (PhD) dissertasiyasının mövzusu 02.00.02 – analitik kimya, ixtisas şifri isə “Azosafraninlər stibium və bismutun ekstraksiyalı-fotometrik təyinində”dir. Fizzə Məmmədova pedoqoji fəaliyyətlə yanaşı, həm də “Təmiz Dünya” İctimai Birliyinin sədridir.
Fizzə Məmmədova fiziki kimya ixtisası istiqamətində 220 elmi əsərin, 100-dən çox elmi publisistik məqalənin, o cümlədən 8 şəhadətnamənin, 1 müəlliflik şəhadətnaməsinin, 1 patentin, 3 monoqrafiyanın, 2 qrant layihəsinin müəllifidir. Məqalələrdən 117-si xaricdə, 13-ü  impakt faktorlu jurnallarda dərc olunub. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 3 məqaləsi çap olunmuşdur. Fizzə Məmmədova Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin təsis etdiyi impaktfaktorlu nüfuzlu jurnallarda dərc olunan məqalələrinə və elmi fəaliyyətinə görə 1 fevral 2018-ci il tarixlində Akademiyanın Attestasiyası Komissiyasının prezidiumunda RTEA-nın Professoru elmi adını almışdır.
Sorbsiya proseslərində tarazlıq, kinetik və termo-dinamik qanunauyğunluqların öyrənilməsi istiqamətində aldığı nəticələr 44-cü Ümumdünya kimya konqresində və çoxlu sayda Beynəlxalq konfranslarda təqdim edilmişdir.
Elmi əsərlərinin adları Redaktə Sürmənin (V) fotometrik təyini üsulu. Patent ,İ 2010 0105.
Xrom (VI) ionlarının anionitlərlə sorbsiyasına bir sıra amillərin təsiri /AMEA-nın məruzələri, 2010,c.66, №2,s 66-723.
Günümüzün ən uğurlu, yaradıcı qadın simalarından olan Fizzə xanıma ilk sualı yönəltməklə maraqlı, bir o qədər də qürurverici söhbətimizə başlayırıq.
– Fizzə xanım, sizi uğura aparan yol nə oldu? Bəlkə də kimsə və ya hansısa məqamdır, bu haqda nə deyə bilərsiniz?
–Mənim elmə həvəsim, marağım hələ uşaq yaşlarımdan yaranmışdır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Rzayev və kimya elmləri doktoru Elşad Cəfərov bizim yaxın qonşularımız olmuşdur. Mən uşaq ikən əlifbanı, onların mənə verdiyi Mendeleyevin dövri cədvəlindən öyrənmişəm. Elə hərfləri də oradakı elementlərin adından öyrənmişəm. Bir müddətdən sonra məndən soruşulduqda ki, böyüyəndə kim olacaqsan, mən düşünmədən cavab verirdim ki, alim olacağam. Mən o zamanlar bilmirdim ki, alimlik sənət deyil. Nə müəllim, nə həkim və s. sənət təsəvvür etmirdim. O insanların mənim həyatımda təsirini, onların mənə verdiyi sualları, söhbətləri mənim elmə olan marağıma səbəb oldu, hətta belə deyərdim ki, mənim elmə gedən yoluma bir cığır açdı, həyatımın istiqamətini müəyyən etdi. Bu arzu orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə gətirdi.
– Fizzə xanım, sizin tələbəlik illəriniz nailiyyətlərlə doludur. Yadda qalan təəssüratlarınızı bizimlə bölüşməyinizi xahiş edərdik.
– Bəli, uğurla bu fakültəyə daxil oldum və hələ lll kursda “Tələbə Elmi Cəmiyyəti” də mənim yazdığım layihə Moskvada Xalq Təsərrüfatı nailiyyətləri sərgisində sərgilənərək II dərəcəli diploma layiq görüldü. III kursda on nəfər əlaçı tələbəni Çexoslavakiyaya elmi praktikaya apardılar və mən həmin tələbələr arasında yer aldım. Orada müxtəlif adda zavodlarda olduq. O zavodlarda aparılan iş prinsipi, hələ o dövrdə, yəni 1973- cü ildə elektron lövhələrdə imtahan vermək, texnoloji proseslərin son dərəcə müasir və gözəl şəraiti məndə bir daha elmə böyük maraq doğurdu. O zamandan mən öz həyat xəritəmi müəyyən etdim ki, mən həyatda kimya müəllimi olaraq deyil, kimyaçı kimi fəaliyyət göstərəcəyəm. Bu qərar da məni Azərbaycan Milli Elmlər Akademiyasının qeyri-üzvi kimyasının əyani aspiranturası fakültəsinə gətirdi. Siz təsəvvür edin ki, mən aspiranturaya daxil olarkən mən artıq ana idim və qızım doqquz aylıq körpə idi. Buna baxmayaraq, mən hər üç imtahandan da beş qiymət aldım. Yüksək bal toplayaraq əyani bölməsinə qəbul olundum.
Beləliklə, mən elmi fəaliyyətə başladım.
– Fizzə xanım, peşə seçiminiz maraqlıdır, niyə məhz kimya elmi?
– Kimya təbiət elmidir və mən də təbiəti çox sevirəm. Təbiət özü düstur, nəzəriyyə, cədvəl cıza bilmir, ancaq onu bizlərə, biz elmi işçilərə yönəldir.Təbiətin bütün gözəlliklərini biz öz əsərlərimizdə ifa edə bilirik.
Təbiətin səssiz gözəlliklərini zənnimcə insanoğlu dilləndirməli, dilə gətirməlidir. Bunun üçün də bu peşəni sən çox sevməlisən. Ancaq onu da qeyd edim ki, sevgi tək qalarsa, uğursuz olar hər şey. Eyni zamanda əzm, uğur da vacibdir. Düşünürəm ki, insan qarşısına qoyduğu məqsədə çatmaq üçün, çalışmamalı, zəhmət çəkməlidir. Zəhmət uğurun tamıdır. Zəhmət çəkmədən uğura getmək namüşküldür. Zəhmət olan yerdə uğur qapıları açılar.
– Qeyd etdiyimiz kimi elm sahəsinə xüsusi imzasını qoymuş günümüzün elm adamı, ziyalı xanımlarındansınız. Yaradıcı və eyni zamanda maarifçi qadın, pedaqoji fəaliyyəti olan sevilən müəllimə kimi öz qız tələbələrinizə və ümumiyyətlə gənc qadınlara nə kimi tövsiyələr edərdiniz?
–Mənim qızlara, qadınlara məsləhətim oxumaq, çalışmaqdır. Onlar müəyyən sahələrdə, öz sözünü deməyi bacarmalıdır. Qadın öz sözünü deməyi bacarırsa, o cəmiyyətdə əzillməyəcək. Cəmiyyətdə onun müəyyən yeri, rolu olacaq. Yox qadın əgər savadsızdırsa, heç nəyə reaksiya verə bilmir, özünü müdafiə edə bilmirsə, o daim əziləcək. Bu həyatda da bariz şəkildə özünü göstərməkdədir.
Mən “Təmiz Dünya” İctimai Birliyinin sədriyəm. Birlik 2007- ci ildə Naxçıvan Muxtar Respublikasının Ədliyyə nazirliyi tərəfindən qeydiyyatdan keçib. Burda biz qadın hüquqları, insan hüquqları, ekoloji və s. maarifləndirmə aparırıq. Mən bu işləri “Vətəndaş Cəmiyyəti” jurnalında elmi məqalələr şəklində dərc olunur. Qadınların öz ayaqları üzərində durması üçün onlar təhsilli olmalı, oxumalıdırlar.
– Sizin dəyərli və gərəkli kitablarınızdan biri belə adlanır. “Təbiətin ən böyük möcüzəsi su”. Belə düşünürük ki, təbiətin ən böyük kəşfi sudursa, cəmiyyətin də ən böyük möcüzəsi qadındır. Sizcə, təbiətdə suyu qorumaq çətindir, yoxsa, cəmiyyətdə qadını qorumaq, müdafiə etmək ?
–Fransız dahisi Antuan Dezent Ekspredi demişdir:
“Sənin nə dadın, nə iyin, nə də rəngin var. Səni sənə məxsus dəqiqliklə də təsəvvür etmək mümkün deyil və bunlara rəğmən sən həm yaradır həm yaşayırsan. Sən sadəcə həyat üçün lazım deyilsən, sən həyatın özüzən”. Fransız aliminin bu sözləri suyun təmizliyinin həyati əhəmiyyəti, ekoloji təmiz içməli suya olan tələbatın dünya miqyasında ən zəruri problem olduğunu bir daha sübut edir. Son dövrlər suyun həm yerüstü, həm də yeraltı suların kirlənməsi, sənayenin inkişafı, ekoloji gərginliklərin artması, iqlim dəyişmələrindən baş verib.
Ətraf mühit bizə hər şey deməkdir. Ətraf mühiti üç yerə ayırmaq olar. Atmosfer, Yer və Hidrosferdən ibarət olan ətraf fiziki mühit. Bitki və heyvanlarla birlikdə ətraf ekoloji mühit, insan və sosial strukturları əhatə edən ətraf sosial mühit. Göründüyü kimi bu komponentlərin içərisində ətraf mühitə qlobal miqyasda təsir edən onu çevirən və dəyişdirən ən mühüm amil insandır. Cəmiyyətin nosfera dövrünə keçdiyi yalnız insanın fəaliyyətindən deyil, həm də onun ekoloji təfəkkürünün inkişafından asılıdır.Bu hər şeydən əvvəl təbiətlə cəmiyyətin dialoqudur. Hidrosferdə olan qanunsuzluqlar insan cəmiyyətinə nisbətən asandır. Məsələn: Hidrosferi təmizləmək üçün– suyu təmizləmək üçün hətta evlərdə belə xüsusi filtirlərdən və ya müxtəlif növ sutəmizləyicilərdən, Nano texnologiyalardan istifadə edərək suyu təmizləmək mümkündür. Ancaq cəmiyyətdə insanı, xusilə qadına qarşı olan yanlış düşüncə və pis münasibəti təmizləmək qeyri mümkündür. Mənə elə gəlir ki, bu, təbiətdə olan münasibətə görə insan cəmiyyətində olan münasibət daha çətindir. Bizim ətraf mühitin mühafizəsində əldə etdiyimiz nailiyyətlər insan cəmiyyətində hələ bir o qədər də aktual deyil.
– Sizcə cəmiyyəti kim dəyişə bilər?
– Cəmiyyətdə baş verən bütün dəyişikliklər, o cümlədən münaqişə, müharibə bunlar hamısı birbaşa qadına təsir edir və nəzərə alsaq ki, cəmiyyətin aparıcı qüvvəsi elə qadındır, buna görə də qadının ən böyük arzusu sülhdür. Qadın yaradıcı qüvvədir. Ona görə də, qadına qarşı münasibətdə ayrı-seçkiliyə, bir çox neqativ hadisələrin baş verməsi və bu üsulların aradan qaldırılması təbiətdə baş verən proseslərə nisbətən daha mürəkkəb, daha çətin, daha qlobaldır. Bunu dəyişmək çox çətindir. Cinsindən asılı olmayaraq cəmiyyətin bütün üzvləri– kisili, qadınlı bu proseslərin tənzimlənməsində müəyyən maraq göstərməliyik.
– Fizzə xanım, bilindiyi kimi Azərbaycan konstitusiyasında qadının hüquqları yüksəkdədir və dövlət tərəfindən qadına qayğı hər zaman ön plandadır. Dövlət olaraq qadına verilən ali dəyərlər nədənsə cəmiyyət tərəfindən yetərincə icra olunmur və nəhayətində qadın cəmiyyətdə müxtəlif zorakılığa məruz qalan cins olur. Bu haqda nə düşünürsünüz?
–Bu saydığınız amillər təəssüf ki, təkcə Azərbaycanda deyil, hətta inkişaf etmiş ölkələrdə belə cəmiyyətdə, ailədə qadınların hüquqlarının bir qədər məhdudlaşdırılması, cinsi zəminində ayrı–seçkiliyə məruz qalmaları əsrlər boyu geniş vüsət almış, buna qarşı da gender bərabərliyinin həyata keçməsi və mübarizə forması kimi fəaliyyətə başlaması bunu bir daha təsdiq edir. Müasir dünyada insan hüquqlarının, o cümlədən qadın hüquqlarının qorunması ən aktual və qayğılı mövzulardandır. Hər hansı bir sağlam cəmiyyətin sütunu qadınların– anaların çiyninə düşür. Buna görə də, konstitusiyada olduğu kimi qadına qarşı ayrı-seçkiliyə qarşı prinsiplər Azərbaycanda bərqərar olmuş, ancaq yenə də, cəmiyyətdə və ailədə qadınların müəyyən qədər gender bərabərliyinə cavab verilmədiyi görünməkdədir. Belə ki, dünyada olan prezidentlərin çox az sayda olani qadındır. Aydındır ki, rəhbər vəzifələrin əksəriyyəti kişilərə məxsusdur. Bu da gender bərabərliyinin pozulmasıdır. Əvvəllər dəqiq fənnlər gender bərabərliyinin üçüncü formasıdır, bu sahədə çalışan qadınlar da çox az idi. Kosmonavtların içərisində, fiziki və kimyəvi tədqiqatlarda da, qadinlar olduqca azlıq təşkil edirdi. Yavaş–yavaş bu fərq aradan götürülür.
– Bəs bu mövzu ilə bağlı öz şəxsi praktikanızdan nə deyə bilərsiniz?
-Bir kimyaçı-alim kimi gender bərabərliyinin üçüncü hissəsinə uyğun olaraq mən ən çətin fiziki- kimya sahəsində tədqiqat aparıram, bu da gender bərabərliyinin müxtəlif sahələrindən biri olduğu kimi bu sahədə də fəal mübarizə mərhələsi kimi özünü göstərir. Ümumiyyətlə, qadınların həyatda özlərinə məxsus sözü, fikri, ideyası olması üçün cahillik və cəhalət aradan qaldırılmalıdır. Qadına qarşı göstərilən o təzyiqlər də, cahilliyin bariz nümunəsidir. Heç vaxt mədəni, intellektual, səviyyədə bu kimi halların baş verməsi çox təsadufüdür. Qonşu ölkələrdə– Türkiyə, Rusiya və s.ölkələrdə də biz bunların şahidi oluruq ki, qadına qarşı nə qədər xoşagəlməz hadisələr baş verir, eləcə də Azərbaycanın özündə də. Buna qarşı mübarizə aparmaq üçün qadınların cəmiyyətdə rolunu artırmaq lazımdır. Qadınların idarəetmədə rolunu artırmaq lazımdır. Qadınlar cəmiyyətin bütün sahələrində hərəkətverici qüvvə olmalıdır. Qadının ən böyük arzusu sülh olduğundan qadın sülh uğrunda mübarizə aparır. Qadın öz ailəsinin, uşağının qoruyucu mələyidir. Evinin qoruyucu mələyi olduğu kimi, o, cəmiyyətin də qoruyucu mələyidir.Ona görə qadınların idarəetmədə rolu birmənalı şəkildə artırılmalıdır.
–Fizzə xanım, sizcə, qadının qorunması da təbiətin qorunması qədər önəmli deyilmi? Sizcə bu mövzu ilə bağlı nə kimi addım atılmalıdır?
–Mənim “Cəmiyyət və təbiət arasında təbiətin qarşılıqlı əlaqəsi ekologiya və ətraf mühit” adlı kitabım ötən illərdə işıq üzü görüb və bu kitab Moskvada Xalq Təsərrüfatı nailiyyətləri sərgisində– kitab yarmarkasında qızıl medala layiq görülüb. Bu kitabda yer alan məsələlərdən biri də ətraf mühitin regional, yerli istiqamətdə qorunmasıdır. Burada bitki örtüyünün də, Atmosfer və Hidrosferin də qorunması nəzərdə tutulur. Əlbəttə, bitki örtüyünün qorunması üçün yaşıllıqların artırılması lazımdır. Ətraf mühitin qorunmasının dünya miqyasında problemləri həll olunur, bunun üçün bir sıra müsbət addımlar atılır. Mənə elə gəlir ki, qadınların qorunması da cəmiyyətin qarşısında duran ən mühüm amildir. Bu təkcə dövlətin, hər hansı təşkilatın, qurumun deyil, cəmiyyətin bütün üzvlərinin, hər kəsin qarşısında duran məsələdir. Biz bu məsələni hamılıqla, vətəndaş olaraq öhdəliklərimizi bilməli və icra etməliyik. Əgər hər hansı bir qadın zorakılığa məruz qalırsa, bu onun övladlarına da öz mənfi təsirini göstərir. O uşaqların birbaşa mənəviyyatına təsir edəcək. Cəmiyyətin mənəviyyatının sağlamlığı bilavasitə qadınlara olan münasibətin sağlamlığı deməkdir.
–Bidiyimiz qədərilə Fizzə xanım həm də qayğıkeş anadır. O, cəmiyyətə və dövlətimizə layiqli övladlar, şəxsiyyətlər yetişdirib. Sizcə, Azərbaycan anası necə oğullar və qızlar yetişdirməlidir?
–Qarabağ savaşı Azərbaycan qadınının necə oğullar böyütdüyünü sübut etdi. Bildiyiniz kimi ikinci Qarabağ müharibəsində üç minə yaxın hərbi qulluqçumuz şəhid oldu. Bu şəhidlərin də üç minə yaxın anaları, həyat yoldaşı, bacıları qız övladlarını da nəzərə alsaq, demək ki, onların həyatında on minlərlə qadınlar var. Onları böyüdən analar gözünü yummadan onları cəbhəyə yola saldılar və alnıaçıq, üzüag, xüsusi məgrurluqla da öz şəhidlərini qarşılaşılar.
Qız övladlarının böyüdülməsinə gəlincə isə övladlar arasında cinsi ayrı seçkilik qoymaq olmaz. Hər bir insanın şəxsiyyət kimi formalaşması onun doğulduğu ailədən, ta uşaq vaxtından başlayır. Sonra muhit, kənd, şəhər, ölkə və hətta dünya səviyyəsinə belə yüksəlir.
Məncə, qızları cəmiyyətdən tədric etmək, evdə oturtmaq olmaz. Analar öz rəftarında belə qızına bir şəxsiyyət olduğunu göstərməlidir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün belə bir fikrini xatırlatmaq istəyirəm. O deyib ki, ilk təhsil ocağı ana qucağıdır. Uşağın ilk tərbiyyəsi və təlimi öz anasından başlayır. Hətta belə deyərdim ki, övladın ilk müəllimi elə ananın özüdür. Hər hansı bir uşağın ayaqları üzərində durmağı, özünü qorumaq bacarığı, onların həyatda müəyyən mövqeyə sahib olmaları üçün onların arxasında durmaq, onlara dəstək olmaq, onları gələcəyə tam hazırlamaq üçün körpə yaşlarından ana təlim- tərbiyəsi ilə məşğul olmalıdırlar. Əgər ailədə oğlanla qız arasında cins ayrılığı fərqi qoyulmasa, bu cəmiyyətdə də özünü göstərəcək. Fərq yavaş -yavaş aradan qalxacaqdır.
– Azərbaycan qadını mübarizdir, əzmlidir, qayğıkeşdir və bir o qədər də yenilikçi və yaradıcıdır.
Azərbaycan qadını yaxşı mənada hər dəm inkişafdadır. Bu haqda nə deyə bilərsiniz?
–Bu günkü Azərbaycan qadınının reallığı şəxsən məni qane edir. Azərbaycan qadını tarixin bütün dövrlərində öz fədakarlığı, vətənpərvərliyi, mübarizliyi, əzmkarlığı, qeyrəti və fəallığı ilə seçilmişlər. Bizim cəmiyyətimizdə qadınlar demək olar ki, uğurla təmsil olunurlar. Bacardıqları, imkanları qədər çalışırlar. Bu, ellm, səhiyyə, təhsil və ümumiyyətlə bütün sahələrə aiddir. Bu təlim formalaşan mədəni dəyərlərin və müxtəlif sosial təbəqalərinin daşıyıcılarının yaradıcılıq mühiti cəmiyyətin inkişafında iki çox güclü amildir. Bu gün bu qadınlar bu faktorların təbliği sahəsində fəaliyyət göstərirlərsə, beynəlxalq və milli təcrübədən istifadə edərək Respublikamızın inkişafında, çiçəklənməsində, bir sözlə tərəqqisində yaxından iştirak edirlərsə, bu da mənə elə gəlir ki, neqativ halları belə kölgədə qoyur.
–Fizzə xanımı tanımayan, onun yaradıcılıq yoluna baxıb ruhlanmayan, onu özünə ideal görməyən yəqin ki, çox az qadın olar. Sizin aydın, işıqlı yolunuz örnək, məsləhətləriniz isə hər zaman dəyərlidir.Elə bu an sizi oxuyan qadın oxucularımıza sözünüz nə ola bilər?
– Qadınlarımıza fəal, aktiv, gündəlik həyatda qarşıya qoyduğu məqsədə çatmaq üçün öz ayaqları üzərində durmağı bacarmağı, onların ozlərinin mənəvi dəyərlərini başa düşmələrini, öz hüquqlarını bilmələrini və öz hüquqlarını müdafiə etmələrini, özlərinin bu həyati və mənəvi inkişafına yol ayırmalarına, bu sahədə xüsusi seçim etmələrini, daim irəli getmələrini arzu edərdim. Bilirsinizmi, zirvələrə getmək üçün daim irəliyə addımlamaq lazımdır. Ola bilər ki, o zirvələr dumanlı, başı qarlı, yolu keşməkeşli olsun. Ancaq irəli getməklə öz amalımıza gedə bilərik.
Gəlin razılaşaq ki, bu prinsip ən böyük hörmətə layiqdir və mən bu prinsipi dəstəkləyirəm!.
– Azərbaycan qadınlarına verdiyiniz bu məsləhətlər olduqca yerində və gərəklidir, bəs dəyərli müsahibimiz Fizzə Məmmədova bizə– Umayclub.com -a nə demək istəyər?
–Mən bir çox qadın təşkilatları ilə– Bakıda Mehriban Zeynalovanın rəhbərlik etdiyi “Təmiz dünya” qadın müdafiə cəmiyyəti ilə və digər ictimai birliklərə yaxından əməkdaşlıq edərəm.
Umay qadın saytı ilə də çox şad oldum. Sizin gördüyünüz işlər, atdığınız bu gözəl addım məni də qürurlandırdı. Siz ki, qadınların həyatından, onların üzləşdiyi aktual problemlərdən son dərəcə qayğı və diqqətlə maraqlanır və bunu aktual mövzu olaraq xüsusi bacarıqla işıqlandırırsınız, bu həqiqətən çox böyük iş, gözəl təşəbbüsdür.
Siz bir qadın saytı olaraq cəmiyyətin bütün sferalarında çalışan qadınların işlərini də öz saytınızda əks etdirirsiniz. Sizə bunun davamını arzu edirəm. Mən Umay qadın saytına öz gələcək işlərində uğurlar diləyirəm.
–Fizzə xanım söhbət uğurdan düşmüşkən, son uğurlarınızı bizimlə paylaşmaq istərdinizmi?
–Mənim üçün çox sevindirici haldır ki, Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsinin intellektual liqasının həqiqi üzvü seçilməklə, bu liqanın işində ilk dəfə Naxçıvandan belə böyük bir quruma üzv seçilmək məni qürurlandırır. Mən öz işlərimin planlama, layihələrin həyata keçirilməsi, tətbiqi, onların elmi- nəzəri sahələrdə intellektual əməkdaşlıq işlərini genişləndirmək, onlarla yaradıcılıq yönündə işlər görmək, onların özləri ilə yaxından təmasda olmaq, Azərbaycanımızın və eləcə də Naxçıvan Muxtar Respublikamızın elmi nailiyyətlərini daha geniş arenaya çıxarmağıma fürsət verir. Bu İntellektual Liqa 1922- ci ildə təsis edilib, Albert Eynşteyn, Berkson, Nadir Küre, Robert Milligen, Tomas Man, Salvador De Madaryaqa kimi şəxsiyyətlər bu qurumun üzvü olublar və indi də bu cəmiyyət son dərəcə geniş əməkdaşlıq şəbəkəsidir. Mən ümid edirəm ki, bundan sonra öz elmi işlərimi və digər ictimai işlərimizi bu sahədə daha geniş arenaya çıxaracaq, onlarla birlikdə əməkdaşlıq sahəsində daha işıqlı üfüqlərə çıxacağıq.
–Fizzə xanım, söbətimizin son məqamlarıdır. Siz Azərbaycanımızın dəyərli elm adamısınız. Bu məqamda hər bir fikriniz bizlər üçün önəmlidir. Son olaraq hansı mövzu haqqında danışmaq istərdiniz?
– Əgər bu günkü mövzu qadındırsa, Azərbaycan qadınıdırsa, fəxarətlə deyərdim ki, Azərbaycan qadını güclüdür, qabiliyyətidir. Onu da qeyd edim ki, Azərbaycan qadınında liderlik xüsusiyyətləri var. Biz daim irəli getməliyik.
Bilirsinizmi, hər bir insan həyatda heç olmasa bir dəfə günəşin doğduğunu, üfüqün al- qırmızı rəngdən muncuq mavi rəngə çevrildiyini müşahidə edib, görub.
Bax, bu aydınlıq da, nur da, azadlıq da, bu hissləri bizə aşılayır. Günəş ətraf mühiti işıqlandırdığı kimi, elm də bizim daxili dünyamızı işıqlandırır. Onun nura, aydınlığa, mədəniyyətə, tərəqqiyə sövq edir. Xüsusən biz qadınlar gələcəyin daşıyıcıları olan övladlarımızı böyütmək üçün bu sadaladıqlarımıza nail olmalıyıq. Onu əldə etməyin yolu isə daim çalışmaqdan, irəli getməkdən, ən əsası isə elmdən, bilikdən keçir.
Mən Azərbaycan qadınına yalnız irəliləməyi, nura doğru addımlamağı arzulayıram. Bizə zülmət gecələr deyil, aydın, işıqlı sabahlar yaraşır.
Biz də Umayclub.com saytı olaraq Fizzə xanım Məmmədovaya maraqlı müsahibə üçün dərin təşəkkürümüzü bildirir, və deyirik: ey doğma diyar Naxçıvandan doğan elm günəşi, nurunuz, ışığınız daim olsun. Nə yaxşı ki, varsınız.
Aynur Turan
etiketlər
Şərh yoxdur

şərhini yaz