a
Hava:
15 C
clear sky
Baku
humidity: 82%
wind: 4 m/s SE
H15 • L15
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıBu günümüzün Tomrisi-Qənirə Paşayeva

Bu günümüzün Tomrisi-Qənirə Paşayeva

Bu günümüzün Tomrisi-Qənirə Paşayeva

Qənirə Ələsgər qızı Paşayeva 24 mart 1975-ci il  Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir.

1998-ci il ANS Televiziya Şirkətinin Xəbərlər xidmətində repertyor, müxbir, redaktor, aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası  baş redaktorun müavini  vəzifəsində çalışmışdır. 2005-ci ildən Heydər Əliyev Fondunun ictimaiyyətlə əlaqələr departamentinin  rəhbəridir.

2005- çi ildə 105 saylı Tovuz seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan- Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. O, eyni zamanda Gürcüstanın Fəxri vətəndaşıdır.

Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının ,həmçinin, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Qənirə Paşayeva “Nobel mükafatları qadınlar”, “Elm və təhsil”, “Tarixə adını yazan qadınlar”,
“Xocalı soyqırımı”, “Səndən sonra” kitablarının müəllifidir.

“Ümumiyyətlə belə bir fikrin tərəfdarlarıyam ki, vəzifənin böyüyü-kiçiyi yoxdur. Ən önəmlisi odur ki, sən tutduğun vəzifəni ən önəmli hesab edəsən. Onda bütün məsələlər öz həllini tapacaq. Mən jurnalist Qənirə Paşayeva ilə deputat Qənirə Paşayeva arasında belə bir fərq hiss etmirəm. Ən vacibi məsuliyyətli olmaqdır. Bundan başqa hər peşənin öz özəlliyi var. Jurnalistika ilə deputatlığın oxşarlığı ondan ibarətdir ki, sən danışdığın sözün məsuliyyətini hiss etməlisən. Siyasətçinin də, jurnalistin də peşəsinin özəlliyi ondadır ki, bu peşə sahiblərin danışıqlarının arxasında həddindən çox insanın həyatı dayanır. Və sən öz məsuliyyətsiz sözünlə həmin insanın həyatı ilə risk edə bilməzsən…”                                                                                                          Qənirə  Paşayeva

Onun son illərdəki fəaliyyətinə diqqət yetirdikdə açıq şəkildə görünür ki, seçdiyi yolun ana xətti yalnız Azərbaycan insanına, Azərbaycan vətəndaşına xidmətdir. O, həm parlamentin iclaslarında, həm də ümumilikdə keçirdiyi görüşlərdə vətəndaşların, xüsusilə əhalinin aztəminatlı təbəqələrinin problemlərini həllini özü üçün prioritet seçib. Onun parlamentin iclaslarındakı çıxışlarını izlədikdə bunu açıq şəkildə müşahidə etmək mümkündür. Qənirə xanım parlamentdə əlillərin, şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərlə çıxış edir, əhalinin aztəminatlı təbəqəsinin ünvanlı sosial yardımlar alması ilə bağlı problemlərindən danışır, bəzən çoxlarının qaldırmağa cəsarət etmədiyi məsələlərin üstünə gedir. Məsələn, Bakıdakı yeni tikilən binalarda yaşayan on minlərlə insanın sənəd problemini parlamentdə ilk dəfə məhz Qənirə xanım qaldırıb.
Əminliklə söyləmək olar ki, onun fəaliyyətindəki digər prioritet xətt Dağlıq Qarabağ münaqişəsidir. Qənirə xanım bir millət vəkili kimi Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına qarşı qətiyyətlə, yorulmadan, bəzən isə səlahiyyətlərinin imkan verdiyindən də artıq səviyyədə mübarizə aparır. Qənirə xanım ölkə daxilində baş verən proseslərə daim Dağlıq Qarabağ münaqişəsi prizmadan yanaşır, itirilmiş torpaqlarımızın unudulması üçün car çəkir, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında fəallıq göstərir. Parlamentdəki çıxışlarında daim bütün cəmiyyəti Qarabağ uğrunda səfərbərliyə çağırır, torpaqlarımızın işğal altında olmasının bir an da unudulmamasını istəyir. O, həm də Azərbaycan əsgərlərinin dostudur. Tez-tez hərbi hissələrə baş çəkən millət vəkili əsgərlərimizi həvəsləndirməyə, ordunun cəmiyyətimiz üçün rolunu qabartmağa çalışır.
Deputat kimi Qənirə xanım, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır. Bunun üçün onun Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin tərkibindəki fəallığını xatırlatmaq kifayət edər. Assambleyanın elə sessiyası olmur ki, Strasburqda Qənirə xanımın adından hansısa sənəd yayılmasın. Özü də bu sənədlər ancaq yayılmaq xatirinə hazırlanmır. Avropa Şurasında Azərbaycan nümayəndə heyəti adından yayılan sənədlərdə Azərbaycan həqiqətləri, əsasən də Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə təkzibolunmaz faktlar yer alır. Bununla da Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti, ümumilikdə bütün Ermənistan çətin duruma salınır. Bu işğalçı, təcavüzkar dövlətin əsl siması avropalılara bir daha açılır.
Qənirə xanım xarici ölkələrin Azərbaycandakı səfirlərini də tez-tez deputat seçildiyi rayonun Ermənistanla sərhəd kəndlərinə belə aparmağı bacarır. Etiraf olunmalıdır ki, bu işi hər millət vəkili bacara bilmir. Amma Qənirə xanım səfirlərlə polemikaya girib onları inandıra, atışmanın hələ də davam etdiyi sərhəd kəndlərinə apara bilir. Səfirlərə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzü, dünya birliyinin başa verənlərə biganə münasibəti barədə məlumatlar verilir, sərhəd kəndlərindəki sadə vətəndaşların çətin həyat şəraiti əyani şəkildə nümayiş etdirilir. Nəzərə alsaq ki, hər bir ölkənin digər ölkə ilə bağlı siyasətinin müəyyənləşdirilməsində səfirlərin də rolu olur, bu addımları ancaq təqdir etmək olar. Lap səfirlər öz ölkələrinin siyasətinə təsir edə bilməsələr belə, əsl həqiqəti bilir, haqqın Azərbaycanın tərəfində olduğunu bir daha anlayırlar.
2009-2010-cu illərdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində dünya birliyinin fəallığının artdığı zamanlarda da Azərbaycanın mövqeyinin Türkiyə ictimaiyyətinə çatdırılmasında xanım parlamentarinin xüsusi rolu oldu. Bir neçə dəfə Türkiyədə səfərdə olan millət vəkili həm qardaş ölkənin rəsmiləri ilə görüşlərdə, həm də Türkiyə telekanallarına verdiyi açıqlamalarda bu prosesin yalnız işğalçı Ermənistanın xeyrinə olduğunu əsaslandırdı. Ümumiyyətlə, Qənirə xanım bu gün də Türkiyədə ən çox tanınan və sevilən azərbaycanlı millət vəkillərindəndir. Onun Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da yaxşılaşdırılmasına xidmət edən fəaliyyəti layiqli qiymətlərini də almaqdadır. Keçən il ona Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi sahəsində göstərdiyi xidmətlərlə əlaqədar Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin mükafatı verilib. O, həmçinin Ankara Folklor və Turizm Araşdırma Dərnəyi Gənclik və İdman Klubunun Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin gücləndirilməsi və tarixi qardaşlığın möhkəmləndirilməsi işində göstərdiyi səylərə görə Təqdirnaməsini alıb. Xanım millət vəkilinə “2010-cu il professor-doktor Zəki Vəlidi Toğan Ödülü” də verilib. Qeyd edək ki, Qənirə xanımın da layiq görüldüyü ödüllə təltif olunanlar arasında KKTC prezidenti Dərviş Əroğlu, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı, Türk Dünyası Bələdiyyələr Birliyi başqan vəkili İsmayıl Kavunçu, TÜRKSOY başqanı Düsen Kaseinov, Keçiörən bələdiyyə başqanı Mustafa Ak kimi tanınmış isimlər, habelə Türk “Qızıl Ay”ı var.
Qənirə xanım Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə məşğul olmağa da vaxt tapır. Məhz bunun nəticəsidir ki, bu gün Borçalıda yaşayan soydaşlarımız onu özlərinin millət vəkilləri kimi qəbul edirlər. O, dəfələrlə Gürcüstanda səfər edərək soydaşlarımızın problemlərini yerindəcə öyrənib və onların həlli ilə bağlı şəxsən Gürcüstan prezidenti Mixail Saakaşvili qarşısında qaldırıb, həlli mümkün olan bütün problemlərin həllinə nail olub.
Qənirə xanım parlament fəaliyyətində daim qadın hüquqlarının müdafiəsi sahəsində də fəallıq nümayiş etdirir. Onun bu fəallığı bəzi kişi deputatların mühafizəkar yanaşması nəticəsində qəbulu 2 ildən artıq ləngiyən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinin müzakirəsi zamanı da özünü büruzə verdi. Ümumiyyətlə, o, Azərbaycanın öndə gedən qadınlarından biri kimi həmişə qadınlarımıza öz layiqli qiymətlərinin verilməsinin tərəfdarı kimi çıxış edir.
Qənirə xanım həm də həmkar həmrəyliyi göstərməklə jurnalistlərin ürəyini fəth edə bilir. O, jurnalistlərə öz həmkarları kimi yanaşır, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Bunun nəticəsidir ki, jurnalistlər onu özlərinin parlament təmsilçisi kimi görürlər. Təsadüfü deyil ki, Qənirə xanım hər il parlament jurnalistlərinin keçirdiyi sorğularda ən fəal millət vəkilləri siyahısında olur.
Yaradıcı insan olması Qənirə xanımı millət vəkili kimi də yaradıcılıqla məşğul olmaqdan çəkindirmir. O, deputatlıq fəaliyyəti ilə paralel yaradıcılıqla da məşğul olur. Mütəmadi olaraq ölkə mətbuatında dünyanın tanınmış şəxsiyyətlərindən bəhs edən məqalələrlə çıxış edir. Keçən il onun Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürkə həsr etdiyi “Dünyanın itirdiyi Böyük İnsan” kitabının təqdimat mərasimi keçirilib. Bu onun sayca 6-cı nəşri olub. Bu kitab məktəblərə, universitetlərə, kitabxanalara və hərbi hissələrə pulsuz paylanıb. Onun digər kitabı Azərbaycan və Türkiyə türkcələrində olmaqla bugünlərdə qardaş Türkiyədə, o cümlədən ölkəmizdə təqdimat mərasimi keçirilən “Xocalı Soyqırımı: şahidlərin dili ilə” (“Hocalı Soykırımı: tanıkların dilinden”) kitabı olub. Sabiq millət vəkili Həvva Məmmədova ilə birgə yazılan bu kitab Xocalı həqiqətləri haqqında məlumatların dünya ictimaiyyətinə atdırılması baxımından xüsusi önəmə malikdir.
Ümumilikdə götürdükdə Qənirə xanım daim milliliyi, türkçülüyü ilə seçilən, Azərbaycanın ən dəyərli insanlarından biri kimi qiymətləndirilə bilər. O, özünün bütün fəaliyyətində həm Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət edən, həm də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafı üçün çalışan xanım siyasətçidir. Xanım millət vəkili dəfələrlə türkdilli ölkələrdə səfərdə olub, türk dövlətlərini daim bir-birilərinə dəstək verməyə çağırıb. Başqalarından fərqli olaraq o, türkdilli dövlətlərin turk birliyi üçün daha çox işlər görməli olduğunu açıq şəkildə vurğulamağı bacarır. Onun fikrincə, Qarabağ problemi təkcə Azərbaycanlıların deyil, bütün Türk dünyasının problemi olmalı və dünyanın hər yerində yaşayan türklər və onların təşkilatları bu probleminin həlli istiqamətində əlindən gələni etməli, səylərini daha da artırmalıdırlar. Keçən il Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “XXI yüzildə Türk Dünyası” adlı beynəlxalq simpoziumda Qənirə xanım fikirlərini çox konkret şəkildə vurğulayıb: “Biz sizin televiziyalarınız və qəzetləriniz vasitəsilə qazax, türkmən, özbək, qırğız, Balkan türkləri, Türkiyə türkləri, İraq türkləri, Rusiya türkləri, Kıbrıs türkləri və dünyanın hər yerində yaşayan türk qardaş və bacılarımızı çağırırıq ki, Qarabağ problemini, Xocalı soyqırımını öz problemləri kimi hiss etsinlər, Ermənistanın işğalçılığı, erməni yalanları qarşısında bir Azərbaycan türkü, bir azərbaycanlı kimi mübarizə aparsınlar. Eyni zamanda biz ermənilərin qondarma “erməni soyqırımı” yalanlarına qarşı da birgə mübarizə aparmalıyıq, müdafiədən hücuma keçməliyik, ermənilərin bütün dünyanın gözü qarşısında 18 il əvvəl Xocalıda törətdiyi soyqırımının bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində birgə çalışmalıyıq. Biz problemlərimizə sənin, mənim, onun deyil, bizim problemimiz kimi baxmağı bacarmalı, ona qarşı birgə mübarizə aparmalı, onun həlli istiqamətində birgə çalışmalıyıq”.
Ümumiyyətlə, birmənalı şəkildə vurğulamaq olar ki, Qənirə xanım ona tapşırılan bütün sahələrdə özünü doğrulda bilir. Sanki o, anadan məhz bu işlər, siyasət, milli məsələlər üzrə mübariz kimi doğulub. Bu baxımdan onun seçicisi olan Tovuz sakinlərini bəxti gətirən insanlar hesab etmək olar. Eyni zamanda əminliklə söyləmək olar ki, bu gün təkcə tovuzlular deyil, bütün Azərbaycan onunla fəxr edir.
umayclub.com
Şərh yoxdur

şərhini yaz