a
Hava:
15 C
clear sky
Baku
humidity: 67%
wind: 7 m/s SE
H15 • L15
HomeQadın və ictimaiyyətBu günümüzün qadınları“Mənə ünvanlanmış hər tərifi Azərbaycanımın adına qəbul etmişəm” tibb elmləri doktoru Sevinc Əkbərova ilə müsahibə

“Mənə ünvanlanmış hər tərifi Azərbaycanımın adına qəbul etmişəm” tibb elmləri doktoru Sevinc Əkbərova ilə müsahibə

Müsahibimiz  Rusiyada yaşayan həmyerlimiz, “Med Kvadrat” tibb mərkəzinin mütəxəssisi oftalmoloq, tibb elmləri doktoru Sevinc Əkbərovadır.

Sevinc Musayeva  1960-cı ildə Şəmkir rayonunun Leninkənd qəsəbəsində, ziyalı ailəsində doğulub (indiki Çinarlı qəsəbəsi). Orta məktəbi həmin qəsəbədə  qızıl medalla bitirib. 1977-ci ildə isə Azərbaycan Tibb Universitetinə daxil olmuş  və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2000 -ci ildə Rusiyada tibb elmləri akademiyasının elmi tədqiqat göz xəstəlikləri institutunda doktorluq dissertasiyasını müdafiə etmisdir. 2015- ci ildən də Moskvada işləyir. Ailəlidir. Bir övladı var.

Xüsusilə qeyd etmək istərdik ki, Sevinc Musayevanın  doktorluq işinin nəticəsi dərman preparatının – “Aktipol” un  yaranması ilə nəticələnmişdir. Məhz bu işinə görə 2002-ci il Beynəlxalq innovasiya sərgisində bu  preparat həm fərqləndirici qızıl medala layiq görülüb, həm də, Belçika iqtisad nazirinin xüsusi prizi ilə mükafatlandırılıb.

– Sevinc xanım, çox sevindirici haldır ki, insanların böyük əksəriyyəti “göz” dedikdə Qəlbinurlar ailəsini xatırlayır. Bu sizin, ümumilikdə Azərbaycan xalqının qürurudur. Qəlbinurlar ailəsi haqqında nə deyə bilərsiniz?

– Oftalmotoloq-professor Paşa Qəlbinur mənim böyük qardaşımdır. Bizim ailəmizdə ilk olaraq dayım göz həkimi idi. O, öz dövrünün görkəmli cərrahı idi. Qardaşım Paşa Qəlbinur öz dayısından örnək alararaq  göz həkimiliyini özünə peşə seçdi, mən də öz qardaşımı örnək aldım və bu peşəyə yiyələndim.

Ailədə 3 övlad olmuşuq və bizə lap kicik yaşlarımızdan təhsilə, elmə məhəbbət  aşılanıb.   Biz üçümüz də orta məktəbi qızıl medalla bitirmişik. İnstitu da fərqlənmmə diplomu ilə bitirdik və sonra təhsilimizi davam etdirdik və elmi dərəcələrimiz  də oldu. Təhsilə həvəsimizi valideyinlərimiz aşılamışdı, amma  bu həm də  bizim təbiətimizdən irəli gəlirdi.

Qardaşım Paşa müəllimin övladları da bu peşəni seçdilər və öz işlərində olduqca uğurludurlar. Bu peşə bizim ailədə ənənənə halını alıb deyə bilərəm. Paşa Qəlbinur ən birinci bir azərbaycanlıdır, öz vətənini sevən, həkim və alim kimi layiqli bir Azərbaycan ziyalısıdır.  Onu da qeyd etmək istərdim ki, Paşa müəllim doktorluq işimdə mənim elmi rəhbərim olub. Yəni mən ondan həm sənət öyrənmişəm, həm də onunla birgə elmi işlərimiz olub və davam edir. Qəlbinur soyadı onun yazıçı kimi, yaradıcı insan kimi özünə götürdüyü təxəllüsdür. Bu təxəllüs Paşa müəllimdə həm yaradıcı ədib kimi, həm də bir göz həkimi kimi öz əksini tapmışdır. Bu artıq onun soyadıdır. Bilməyənlər üçün deyim ki, bizim soyadımız Musayevdir. 

 

– Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Gəzməyə qərib ölkə

Ölməyə vətən yaxşı…

Sevinc xanım, qürbət insanı olmaq necə hissdir?

 

– Vətənin əvəzi yox, yeri doldurulmazdır. Əzəli vətənimiz Azərbaycandır. Ancaq onu da deyim ki, burda da özümü qürbətdə hiss etmirəm. Bəlkə buna görədir ki, mən Moskvaya 1988-ci ildə öz ixtisasımı artırmaq üçün gəlmişəm və 1988-ci ildən 2000 – ci ilə kimi mən nə vaxta qədər Bakıda yaşamışamsa, o qədər də Moskvada yaşamışam. Yəni bu mənim elmi işimlə, elmi tədqiqatlarımla bağlı olub. Sirr deyil ki, elmi tədqiqat işləri aparmaq üçün Moskvada imkanlar daha genişdir. 1990-cı ildən artıq elmi işlə məşğul olmuşam və 10 il ərzində həm namizədlik, həm də doktorluq dissertasiyamı mudafiyə  etmişəm. Mənim çevrəmdə alimlər, həkimlər və təbii ki, xəstələrdir. Bir də axı, mən istədiyim vaxt Bakıya gedə, istədiyim qədər orada qala bilərəm.

– Sizin üçün insanda ən vacib xüsusiyyətlər nələrdir?

– Mənim üçün insanda ən vacib xüsusiyyət onun səmimiyyətidir. Əgər bir insan səmimidirsə, o insanla qohumluq da etmək olar, dostluq da, işləmək də olar, həmkar da olmaq olar. Səmimiyyətdən böyük bir insan xüsusiyyəti mən bilmirəm.

– Könül dünyanızı nə oxşayır?

– Ancaq insan münasibətləri. İnsanların bir-birinə olan xoş rəftarı, xoş münasibəti insanlara, insanlığa dəyər verməsidir. Bundan başqa bir çiçək, bir gül, təbiət gözəllikləri də mənim könül dünyama zövq verir. Amma ən çox mənim könül dünyamı sənətim, elmi tədqiqatlarım, elmi məşguliyyətim oxşaya bilir. Elmi məşğuliyyətim  hər anımda məni daxilən sevindirir.

– Sevinc xanım, kədər insanı müdrikləşdirirmi?

 – Mən düşünürəm ki, sevinc də, kədər də  insanı müdrikləşdirir. Ancaq hər ikisindən də ağlını itirmək də olur. Bu insanın xarakterindən asılıdır.

– Keçmişə qayıtdıqda bu günkü uğurlarınızda kimi görürsünüz?

– Ancaq ailəmi, ata-anam, iki qardaşımı və sonradan da həyatı yoldaşımı. Mənim nə qədər istedadım, istəyim olsa da, mənim ailəmin mənə köməyi olmasaydı mən bu günkü mən olmazdım. Uğurlarımın arxasında mənə həyatın hər məqamında dəstək verən insanları görürəm.

– Vətəndən kənarda yaşamağın nə kimi çətinlikləri var? Ən çox nə zaman vətən üçün darıxırısınız?

– Vətəndən kənarda yaşamağın əlbəttə öz çətinlikləri var. Bilirsiniz, necə insan valideynləri, övladları üçün darıxır, bir sözlə doğmalarını görmək istəyir, vətən üçün də elə darıxırsan. Vətən elə bir anlayışdır ki, onu başqa heç bir qüvvə, məfhumla əvəz edə bilməzsən.

– Bir azərbaycanlı kimi nə vaxt özünüzlə fəxr etmisiniz?

Mənə deyilən hər bir tərifi mən Azərbaycanımın ünvanına qəbul etmişəm. Özümə kənardan baxmağı bacarmışam. Mənim 30 ildən artıq müddətdə birgə işlədiyim professor, bioloq Olqa Georgievna  Stroeva həmişə deyir ki, Azərbaycan adı çəkiləndə mən onu Sevinclə eyniləşdirirəm və Sevincin öz adı kimi qəbul  edirəm. Bizim onunla birgə apardığımız elmi araşdırmalara çox böyük dəyər verir, özünün  elmi fəaliyyətinin ən böyük uğurlarından sayır.   O Azərbaycanı və  azərbaycanlıları  məni  tanıdığı kimi qəbul edir. Mən bu mənada bütün uğurlarımı Azərbaycanla bağlamışam.

– Bir şair olsaydınız seçdiyiniz ilk mövzu nə olardı?

Şairlik allah vergisidir. Məncə şairlər mövzu seçmirlər, bu bədahətən gəlir. Bütün şairlərin bir ümdə mövzusu var. Bu da vətən sevgisi və tərənnümüdür. Valideyn və bütövlükdə insan sevgisidir. Yəqin ki, mənim də mövzum elə bunlar olardı.

– Sizcə Vətən hardan başlayır?

– Mən vətəni bir yer kürəsi kimi qəbul edirəm. Yuvarlaq. Ona görə də onun başlanğıcı və sonu yoxdur. O sonsuz və dairəvidir, yer kürəsi kimi. Vətən mənim üçün bütöv bir Azərbaycandır. İndiki yaşadığımız Azərbaycan dövlətidir və bütün ətrafımızda olan Azərbaycan məkanları, azərbaycanlıların yaşadığı hər qarışı mən vətən hesab edirəm.

– “Göz görür, könül sevir”…  həqiqətən də bu belədirmi? Doğurdanmı təqsir gözlərindir?

– İnsan xarici aləmdən aldığı məlumatın 85%- ni gözləri ilə alır. Buna görə də, hətta belə bir deyim də var, “Məhəbbət gözdə olar”. Görmədiyin insanı, ətraf aləmi necə sevmək olar ?.. Bu çətin məsələdir. 

Bir də belə bir fakt var, biz gözümüzlə görmürük, əslində biz beynimizlə görürük. Göz alması ancaq işıq formasında aldığı məlumatı beyinə ötürür. Beyin isə o məlumatı analiz edərək reallaşdırır. Deməli, “göz görür könül sevir” məsələsi belə desək yanılmarıq ki, təkcə gözün təqsiri deyil, gözün aldığı məlumatın reallaşdırılması ilə qavranılmasıdır. 

  – Gözümüzün düşməni kimdir? Sevmədiyimiz kimsələrmi, yoxsa xarici, ekoloji faktorlar, qida rasionumuz və s. ?

– Bu sözdə həqiqət var. Sevmədiyimiz insanı görmək bizim üçün böyük bir stresdir. Stres anında damar tonusu təzyiqi dəyişilir, qan təzyiqi qalxa bilir. Qalxmış qan təzyiqi ürəyə və beyinə fəsad verməklə yanaşı gözə də ziyan verir. Məsələn beyinə qansızma olduqda, qan dövranın pozulması əgər görmə yollarına, görmə mərkəzinə aiddirsə, əlbəttə gözdə fəsad yaradacaq, hətta tamamilə kor olmaq da mümkündür.

Sevmədiyimiz kimsələr elə bizim özümüzün də, gözümüzün də düşmənidir. Ekoloji və xarici faktorlara gəlincə isə,əlbəttə ki, bunlar da  rol oynayır . Məsələn, oksigen azlığı, işlədiyimiz şərait, ekoloji problemlər və s. gözdə bu və ya digər narahatlığa, ən birinci isə quru göz yaşı sindromuna gətirib çıxarır. Qida rasionumuz da eyni ilə gözə pis təsir edə bilər. Düzgün olmayan qida və həyat tərzimiz böyük patologiyalara səbəb ola bilər.  

– Bəzən qadını zərif varlıq kimi qələmə verirlər. Bununla razısınızmı, razılaşmadığınız məqamlar hansılardır?

– Qadın zəif varlıq deyil, ancaq o insanın istər qadın olsun, istər kişi onun ancaq fərdi xüsusiyyətlərindən,imkanlarından asılıdır. Qadınları da, kişiləri də bir cür xarakterizə etmək olmaz. Qadının ola bilər fiziki imkanlarına görə 100 kiloqram galdirmag ona çətindir. Lakin başqa sahələrdə qadın kişilərdən də güclü olduğunu dəfələrlə sübut etmişdir. Sadəcə olaraq, qadınının cəmiyyətdə, vəzifələrdə və s. nisbətən az təmsil olunması yəqin ki, təbiətin ona verdiyi, təbiətin onun üçün qoyduğu şərtlərdən irəli gəlir. Qadın ailəyə, övladlarına daha çox vaxt ayırdığı, fikri daha çox onlarda olduğu üçün müxtəlif vəzifə və aparıcı işlərdə azlıq təşkil edir. Basqa bir fərq görmürəm və zəif olduqlarını düşünmürəm.

– Ən çox göz probleminə qadınlardamı çox rast gəlirsiniz,   yoxsa kişilərdə?

– Bu suala konkret cavab vermək qeyri-mümkündür. Muxtəlif göz xəstəliklerinde stastistika fergli ola bilir.  Məsələn, quru göz yaşı sindromu təqribən 72% qadınlarda, 62% kişilərdə ola bilir.

-Göz qüsurları haqqında nə deyə bilərdiniz, xalq dilində “çəpgözlük” deyilən xəstəlikdirmi, yoxsa qüsur ?

– Mən “çəpgözlük” problemi ilə məşğul oluram. Bilirsiniz, “çəpgözlük” əlbəttə xəstəlikdir. Bu estetik qüsur deyil, xəstəlikdir.  Adətən gözün biri çəpləşir və bu  göz   sağlam olsa belə o göz «işləmir»,   görmə  aktında istirak etmir,  çünki göz cüt orqandır, o, tam mərkəzdə  düz dayanmalıdır ki, xaricdən işıqla aldığı məlumatı beyin mərkəzinə ötürsün. Beyin mərkəzinə ayrı-ayrılıqda alınmış obraz gedərək, orada hər  ikisi birləşib vahid obraza çevrilir. Yəni binokulyar  görmə olur. 

Belə fərz edin ki, çəp olan insan, sanki bir gözünü bağlayaraq gəzir. Müqayisə edin ki, bir gözlə baxmaq nə deməkdir, iki gözlə baxmaq nə deməkdir.Yəni insanın gözü çəpdirsə, onun o çəp gözü işləmir, o, görmə aktından çıxır. Bu patologiya həm də uşaqlarda həm də olar böyüyəndən sonra onların sənət seçimində məhdudiyyətlər yaradır, onların psixoloji durumlarında problemlərə gətirib cixarır.

 Çəpgözlük adətən anadan gəlmə olur. Birincili çəpgözlükləri  müalicə etmək mümkündür.  Eynək təyin edilib müəyyən apparat müalicəsi, bəzən çox az dərman müalicəsi ilə, bəzən ancaq cərrahi əməliyyat yolu ilə, bəzən həm cərrahi əməliyyat yolu, həm də cihaz müalicəsi yolu ilə bərpa oluna bilər. Bu müalicə üsülları  çəpgözlüyün formalarından asılıdır.

Çəpgözlük müasir dövrdə vaxtında, yəni, problemi görən zamandan başlayarag müalicə olunarsa, cox hallarda problemi tamamilə həll etmək mümkündür.  Yaxşı olar ki, bütün  uşaqlar bir yaşına qədər  profilaktik məqsədlə  müayinə  olunsunlar.  Bəzən düzgün  və vaxtında yazılmş bir eynək bu problemi tamamilə həll edir.             

– Gözün rəng dəyişməsi nədən asılıdır? 

–  Gözün rəngi dəyişməz bir göstəricidir. Bir yaşına  kimi gözün rəngi  stabilləşir. Sonrakı yaş dövrlərində sonra göz rəngi dəyişirsə, bu müəyyən patologiyadan xəbər verir və həkimə müraciət etmək mütləqdir.

  Qüzehli qişanının rəngi tərkibində olan  melanin piqmentindən  asılıdır.  Qüzehli qişanının damarları və o piqmentin miqdarından asılı olaraq göz müxtəlif rəngdə ola bilir.  Şimal bölgələrində formalasıb, orada yasayan insanların   gözünün rəngi nisbətən açıq olur. Bu insanların gozünün rəngi mavi və mavinin çalarları, yaşıl, boz rəngin çalarları  ola bilir. Qəhvəyi və tünd göz rənginə sahib insanlar isə adətən günəşin daha aktiv olduğu ölkələrdə, isti iqlim qurşaqlarında olurlar. 

– Ən qorxulu və bərpası mümkün olmayan göz xəstəlikləri hansılardır ?

Baxmayaraq ki, tibb elmi sürətlə inkişaf edir, bir sıra xəstəlikləri hələ də müalicə etmək mümkün deyil. 15-20 il əvvəl müalicəsi olmayan, korluğa aparan bəzi xəstəlikləri bu gün müalicə etmək,  korluğun qarşısını almaq mümkündür. Amma, buna baxmayaraq, hələ də oftalmologiyada  elə xəstəliklər var ki,  hələ ki, tibb elmi  onun qarşısında acizdir. Bunlar əsasən korluğa aparan  gözün irsi xəstəlikləridir. Son zamanlar bəzi genetik xəstəliklərin, gen terapiyası haqqında çoxlu elmi işlər var, hətta onların kiçik klinik pilot tədqiqatları da var, onların nəticələri haqqında tez-tez elmi ədəbiyyatda yazılır. Amma onlar hələ geniş tibbi təcrübədə öz yerini tapmayıb. 

  Qlaukoma (qara su) oftalmologiyanın əsas problemlərindəndir.  Müxtəlif yeni  müalicə üsullarının tətbiqi nəticəsində qlaukoma səbəbli  korluq da son illər ərzində kifayət dərəcədə azalmışdır.     

– Qırılan göz sinirinin bərpası nə üçün qeyri-mümkündür ?

– Görmə  sinirini bərpa etmək hələ ki, mümkün deyil.  Göz sinirinin formalaşmasında bir neçə sinir hüceyrələri iştirak edir. Sinir bir ötürücü  vasitədir. Onun tamlığı pozulduqda sinir impulsunun  bir hüceyrədən o biri hüceyrələrə ötürülməsi  mumkun olmur.  Baxmayaraq ki, bu istiqamətdə   çox böyük elmi işlər aparılır, ancaq hələ ki, tibbi təcrübəyə  nəticə alınmmayıb.     

– İnsan göz nurunu niyə itirir ? Zaman niyə bu işığı əlimizdən alır? Bunu yavaşladan səbəblər varmı?

–  Yaşla bağlı göz xəstəlikləri var, amma bütün yaşlı insanlarda bu problemler olmur. Məsələn: yaşı 65 dən yuxarı olan insanlarda katarakta xəstəliyi olanda (el arasında ona mirvari suyu deyirlər), ona yaşa bağlı katarakta deyirlər.  Amma sevindirici haldır ki, katarakta hazırda cərrahiyə yolu ilə uğurla müalicə olunur. Bundan başqa yaşla əlaqədar yaranan probləmlərdən biri də yaşa  bağlı makuladistrofiyadir. Əgər 10-15 il əvvəl bu xəstəliyin  müalicəsi yox idisə, hazırda onun mualicəsində əhəmiyyətli  dərəcədə uğurlar qazanılıb.

Muasir elmi arasdırmalar göstərir ki, sağlam həyat tərzi, sağlam balanslasdırılmış qidalanma müəyyən dərəcədə yaşa bağlı xəstəliklərin  profilaktikası ola bilər. 

– Göz yaşı haqqındanə deyə bilərsiniz?

Bu günkü dünyanın bir nömrəli oftalmoloji problemlərindən biri  də quru  göz yaşı sindromudur. Çox maraqlıdır ki, 20-25 il əvvəl göz yaşı patologiyası haqqında  hər hansı bir ümumi, sistem xəstəliyinin fonunda olan bir xəstəlik  kimi  yazılırdı . Lakin bu günümüzün həyat tərzi, kompyuterlərin həyatımıza daxil olması, ətraf muhitin çirklənməsi, kontakt linzalarının geniş istifadə olunması və s.  quru göz yaşı sindromunu  böyük bir probleme çevirib. Göz yaşı nə üçündür? Göz yaşı göz almasının  səthinin qidalanmasını,  onun daima nəm saxlanmasını, mlif infeksion agentlərdən qorunmasını  təmin edir.

– Gözün xaricdən qocalması bəlli və görünəndir, bəs daxildən göz necə qocalır?

– Damarlarla. Ümümi qan damarları necə qocalırsa, göz damarları da eynilə elə qocalır. Qan damarları bütün toxumaları qidalandıran bir mənbədir və qocaldıqca qan dövranının pozulması, toxumalarda işemiya,  qan sızması baş verir.  

– Göz idmanları haqqında nə demək olar? Hər gün edə biləcəyimiz göz idmanları nələrdir, nələri məsləhət görərdiniz?

– Bilirsiniz ki, göz gərginliyi deyilən bir problem vardır. Bu da gözün yaxın məsafədə olan fəaliyyəti ilə bağlıdır ( oxumaq, yazmaq, kompyuter, monitor, telefon və s). Son 20-25 ildə insanın görmə rejimində qlobal dəyişiklik bas verib. Yaxına və uzağa görmə nisbəti dəyişilib.  Buna görə də göz idmanlarından məsləhət görəcəyim bunlardır – stolüstü tennis, rəqs, üzgüçülük, badminton, piyada gəzmək və s. Bunlar nə verir?  Heç olmasa həftədə iki dəfə bu dərnəklərə gedən uşaq, yeniyetmə oraya gedib çıxana qədər gözü davamlı uzağa baxır. Sonra məşq zamanı gözü uzağa və yaxına baxaraq məşq edir. Onların bütün bədən əzələləri  işləyir. Hətta gəzinti belə göz idmanı sayıla bilər. Çünki insan istər istəməz ətrafa-uzağa və yaxına baxaraq məşq edir.                                                                                      

– Qadınların hormonal dəyişiklik dövrü – yetkinlik, hamiləlik, doğuş, klimaks dövrü gözdə nə kimi dəyişiklər və problemlər yarada bilir? 

Əgər qadının gözündə  normadan kənara çıxma yoxdursa, yetkinlik, hamiləlik, doğuş dövründə heç bir dəyişiklik və problemlər yaranmır. Ancaq   bütün insanlarda 40 yaşından sonra yaşa bağlı dəyişikliklər yarana bilir. Ona presbiopiya  deyirlər, yəni yaxından görmədə  çətinlik yaranır. Bu zaman bu insanlara  yaxında görmək üçün  eynək seçilir.  Yəni bu hal adi fizioloji yaşlanmadır, məsələn saçımız necə yaşa bağlı ağarırsa, gözümüzün də yaxına görməsi  zəifləyir. Bu insanlar uzağı normal görürlər. 

– Hamiləlik və doğuş zamanı hansı qadınların oftalmoloqa və onların rəyinə ehtiyac duyulur ?

– Butun hamilə qadınların oftalmoloq müayinəsindən keçməsi vacibdir.  Əgər qadınlarda yaxından görmə problemi, miopiya varsa və onun dərəcəsi yüksəkdirsə, göz dibində hər hansı bir ciddi dəyişiklik varsa, onda onların oftalmoloq rəyinə ehtiyacı var.  

– Uşaqlarda göz qüsurları hansılardır? Yaranma səbəbləri, problemin aradan qaldırılması ilə bağlı nə deyə bilərsiniz?

– Uşaqlrda göz qüsurlarından ən birincisi əlbəttə ki, anadangəlmə-hamiləlik dövründə müəyyən inkişaf qüsurları və irsi xəstəliklərdir. Bunlar daha böyük bir mövzunun söhbətidir, çünkü bu problem daha qlobal və çoxşaxəlidir…

Müasir dövrümüzdə uşaqlarda olan göz problemi – yaxından görmə yüküdür. İstər körpə, istərsə də məktəb yaşlı uşaqların yaxına görmə yükü ilə bağlı problemi var. Min illərdir insanların həyat tərzinə görə göz fəaliyyətinin   uzağa və  yaxına nisbəti məlumdur. Son illər, insan gün ərzində  neçə saat yaxına və  neçə saat uzaqa baxır?  Bu nisbət dəyişdiyi üçün  görmə  orqanı bu yükə miopiyanin inkasafı ilə uyğunlaşır. 

Kompyuter, smartfon, telefonların  və s. yetkin insanlarda  olduğu kimi uşaqlarda da problemə çevrilmişdir. Görmə gigiyenası deyilən bir anlayış var, xüsusilə də məktəb yaşına qədər. Hətta 2-3 yaşında körpəyə belə mobil telefon, planşetlərə baxmağa şərait yaradan valideynlər də vardır. Bunun müddəti bəzən saatlarla belə ola bilir. Uşaqlarda göz problemləri elə o anlardan başlayır.

– Bir ziyalı həkim kimi qadınlara və analara nə demək istərdiniz?

– Qadınlara  demək istərdim ki,  mütləq təhsil alsinlar.  Çünki onlar uşaq tərbiyyə edəcəklər. Bu cəmiyyətdə özlərinin tutduğu yerdən başqa övladlarına, yəni bizim gələçəyimizə cavabdehdirlər. Gənc qız və qadınlarımıza isə demək istərdim ki, müasirliyi deformasiya olunmuş şəkildə qəbul etməsinlər. Azərbaycanlı olduqlarını hec vaxt  unutmasınlar. Azərbaycan qadınının müasirliyi onun təhsilində,  davranışında, cəmiyyətdə tutduğu yerlə müəyyən olunur.  Azərbaycan xalqının qəbul etdiyi məlum  davranış normaları var,  arzu edərdim ki, qadınlarımız  bu normalara  riayət etsinlər. 

Analalara demək istərdim ki, övladlarının  sağlam həyat tərzinə, sağlam qidalanmalarına fikir versinlər.   Analar övladlarının təhsili, tərbiyəsi, xüsusilə qız övladlarının tərbiyyəsinə diqqət  yetirsinlər.  

– Sevinc xanım, “Umay” qadın saytına təklifinizi və eyni zamanda ürək sözlərinizi bilmək istərdik.

“Umay” qadın saytının məqsədi qadınlarımızı istər tarixi və tariximizdə iz qoyan qadınları, ədəbiyyata naxış vuran qadınları, istərsə də bu günümüzün fəal və ziyalı qadınları haqqında məlumatlandırmaqdır. Həyatın hər dövrünün mübariz qadınları cəmiyyətimiz üçün ən gözəl nümunə, örnəkdir. Daha sonra qadın probleminə toxunmaq, onu xüsusi ixtisasçılar tərəfindən cəlb edib çözmək, əsaslı mənbələrlə bilgiləndirmək təşəbbüsünüz də çox təqdirəlayiq addımdır. “Umay” a bu gözəl yolda uğurlar arzu edirəm və bu faydalı işinizi bir ziyalı qadın kimi dəstəkləyirəm.

Təklifim isə sizin vasitənizlə qadınlara böyük anlamda cəmiyyətin bərabərhüquqlu, layiqli bir üzvləri olmalarını arzu edirəm və məsləhət görürəm ki, müasirliklə ənənəni birləşdirsinlər. Mən sizi inandırıram ki, qadınlarımız müasir olduqları qədər də, ənənəvi ola bilərlər. Bunlar heç vaxt bir-birini inkar etmir. Nə müasirliyimiz, nə də ənənəvi olmağımız.
“Umay” ın vasitəsilə bütün qadınlara yüksəliş arzu edirəm. Dəyərli xanımlar, ən önəmlisi isə gözünüzü və özünüzü qoruyun.

Biz də tibb elmləri doktoru, ziyalı həkim Sevinc xanım, Əkbərovaya verdiyi dəyərli məlumatlar, bilgilər üçün təşəkkür edirik.

Şərh yoxdur

şərhini yaz