a
Hava:
14 C
scattered clouds
Baku
humidity: 82%
wind: 9 m/s NNW
H14 • L14
HomemütailəŞəxslərSöz mülkünün Xaqanı-Xaqani Şirvani

Söz mülkünün Xaqanı-Xaqani Şirvani

Söz mülkünün Xaqanı-Xaqani Şirvani

Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, onların yaratdığı sənət əsərləri tək öz xalqının
deyil, bir çox xalqların fikri inkişafına təsir göstərərək, əsrimizə qədər yaşamış və öz müəlliflərinin şərəfli
adını yaşatmışdır. Dahi Azərbaycan şairi Əfzələddin Xaqani Şirvani də dünya ədəbiyyatının belə ölməz
simalarındandır. Əfzələddin Xaqani Şirvani təkcə Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-içtimai
fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi məqamları ilə birincisidir. Şair klassik
Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Xalqımız böyük sənətkarın
xatirəsini daim əziz tutur. Əsərləri dönə-dönə nəşr olunur, hər kəs, həm böyüklər, həm də məktəblilər
tərəfindən sevilərək oxunur. Ə.Xaqaninin ömür yolu bəşəriyyətə və insanlığa nümunə və örnəkdir. Bu il
Əfzələddin Xaqaninin 890 illik yubileyi olur.

Şairləri qartala bənzədirlər. Axı, qartallar zirvədə yaşayır, şairləri də, yüksəklik həmişə özünə səsləyir. Axı,
qartallar mavi səmalarda süzüb yerə, insanlara, həyata tamaşa eləməkdən həzz alırlar. Şairlər də həyatın
fövqündə dayanıb həyata baxır. Onlar həyata uzaqdan baxmaq istəmir. Azərbaycan milli mədəniyyətini min
bir ulduzlu göyə bənzətmək olar. Bu sönməz ulduzların arasında ən gur işıq saçanların, öz şəkli, öz adı və öz
səmti olanlardan biri də Əfzələddin Xaqani Şirvanidir. Xaqani bizə xalqın ürəyindən axıb gəlmişdir. Onun
həmişəcavan poeziyası şeir aşiqlərinin qəlbində, dilində doqquz əsrə yaxındır ki, ömr sürüb, damcı-damcı
bir yerə toplanıb və bugün bizim gördüyümüz ümmanı yaradıbdır.

Şamaxı ədəbi mühitində öz gözəl şeirləri ilə artıq diqqət mərkəzində olan 18 yaşlı şairin sorağı Şirvanşahlar
sarayına çatır və gələcək qaynatası, məlikküşşüəra Əbül Üla Gəncəvinin tövsiyyəsi ilə o, sarayda fəaliyyətə
başlayır. İlk çağlarda şairin qarşısında böyük yaradıcılıq imkanları açılır. O, əla bildiyi ərəb, fars və türk
dillərində saray kitabxanasında mövcud olan qiymətli ədəbi və elmi əsərləri acgözlüklə oxuyur, öyrənir,
məhəbbət şeirlərini, mədhiyyələrini yazır, maddi cəhətdən təmin olunur. Ona bir şair kimi ən yüksək zirvədə
durduğunu təsdiq edən “Xaqani” təxəllüsü verilir.

Ədəbiyyatımızı dərin ümmana oxşatsaq, Xaqani poeziyası onun qoynunda böyük bir etiqad və inamla
uzaqlara üzən, qərinələrin tufanında sarsılmayan əzəmətli bir gəmidir. Xaqani bu şeiriyyətin uzaq görən, çox
məharətli, qasırğalara dəyanətlə köks gərən müdrik bir kapitandır. Xaqaninin dili olduqca sadə, ahəngdardır.
Şeir dilimizin saflığı onun adı ilə möhkəm bağlıdır. Xaqani Şirvani vətənini dərin bir məhhəbbətlə sevən bir
şair idi. Daim vətəni tərənnüm edən şeirləri, əsərləri bu günə qədər sevilir və hər bir gəlcək nəslə örnək və
nümunədir. Şairin yazdığı “Savalan dağının tərifi” vətənpərvərlik mövzusunda yazılmış öz qiymətli fikri-
bədii keyfiyyətləri etibarı ilə xüsusi yer tutan əsərdir.
Şamaxı! Ey mənim sevimli yurdum,…
və ya

Ümidim, pənahım Təbrizdir, Təbriz,
O şəhər də mənə mehriban, əziz…

Bəli, gözəl, səmimi kəlam ilk növbədə Xaqaninin bütün varlığı ilə doğma yurduna bağlılığının, Şirvana,
Şamaxıya bəslədiyi sonsuz məhəbbətin yüksək bədii təzahürü kimi qiymətlidir. Lakin sona doğru əsərdə
ikinci bir motiv-Təbriz mövzusu boy göstərir və sənətkar onu son dərəcə təbii bir ahənglə birinci mövzuya
peyvənd edir, nəticədə həm Şamaxı, həm də Təbriz daxil olmaqla bütöv, böyük Azərbaycan mövzusuna
qovuşur və bundan qürur duyur.

Xaqaninin bu könüloxşayan beytləri indi hamımızın ən həssas duyğumuza çevrilmiş Cənubi Azərbaycan
probleminə dair cildlərlə kitabın epiqrafı olacaq dərəcədə aktual, təbii və ahəngdar səslənir. Şimali
Azərbaycanla Cənubi Azərbaycan bir-birinə ədəbilik bağlayan bu canlı atributlar (Şamaxı ana, Təbriz ata,
şair isə bir qədər ərköyün təbiətli əziz övlad) Azərbaycanımızın vəhdətini tərənnüm etmək baxımından dahi
Xaqaninin əsrlərin arxasından həm o tayda nəsillərimizə vüqarla təqdim etdiyi təkrarsız mənəvi ərməğandır.
Xaqani Şirvani yalnız Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-içtimai fikrinin XII əsrdə yetirdiyi ən
görkəmli simalardan biri, sənətinin bəzi əzəmətli keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu
ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik
rübailərin, nəhayət, kamil mənzum səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.

Şair xalqınehtiyaclarına, qüssəsinə və kədərinə bələd idi, onun dərdinə ürəkdən yanırdı və şairin bir çox misralarını
doğuran da məhz bu yanğı idi. Xaqani Azərbaycan tarixinə görkəmli dövlət xadimi kimi də daxil olmuşdur.
Xaqani indi də bizim müasirimizdir. Onun şeiri öz bədii-estetik dəyərini, içtimai ruhunu daim saxlayır,
yüksək ideallar uğrunda mübarizədə bizimlə addımlayır. Xaqani poeziyası özündən sonrakı ədəbi prosesə
ciddi təsir göstərmişdir. Xaqani öz dövrü üçün əsl yenilikçi sənətkar olmuşdur. Ədəbiyyatımızın Xaqani mərhələsi
şeirdə xəlqiliyin, realistik təsvirlərin qüvvətlənməsi, canlı xalq dilinin ədəbi dilə nüfuz etməsi ilə
səciyyələnir.

Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasında səmimi dostluq əlaqələrinin olduğu barədə
maraqlı məlumatlar var. Xaqani və Nizami yaradıcılığı bir-birini təsdiq edən, tamamlayan, eyni bir dövrün
poetik əks-səda olan, ayrılan cizgiləri birləşən, vəhdət yaradan cəhətlərdən olduqca az olan iki qüdrətli
poetik hisdir. Hər iki sənətkar dövrün ən mühüm məsələlərində eyni cəbhədə dayanır, şərə, eybəcərliyə,
nadanlığa qarşı eyni mövqedən atəş açır, eyni ideallarla çıxış edirlər.

Xaqani ilə Nizamini təkcə saraylar deyil, bütün dövr, zaman, cəmiyyət narahat edir. Hər iki şair dövrünün
hünərsiz, nadan hakimlərindən şikayətlərdə həmrəy və həmfikirdirlər. Hər iki şairin yaradıcılığında güclü
bir inkarçılıq ruhu vardır. İnsana zidd baxış, görüş və ehkamların inkarıdır. İntibah dünyagörüşünün orta əsr
şəri, eybəcərliyi qarşısındakı dəhşətidir. Xaqaninin “Töhfətul-İraqeyn”, “Mədain xərabələri” və başqa
əsərlərində, Nizaminin “Xəmsə” sində və lirik əsərlərində gözəlliyi təsdiqə yönələn bu inkarın parlaq
nümunələri ilə qarşılaşırıq.

Xaqani Şirvaninin əsərləri tədqiq edildikdə onun öz dövründəki əsas elmlərə yaxşı bələd olduğu meydana
çıxır. Azərbaycan alimlərindən Məhəmmədəli Tərbiyyət Xaqaninin elmləri necə dərindən bildiyi haqqında
belə yazır: “Xaqani Şirvani” öz dövrünün işlənməkdə olan elmlərinin çoxuna, xüsusən hikmət, heyət,
nücum, musiqi elmlərinə yaxşı bələd idi. Onun əsərlərində bu elmlərdən çox istilahlar vardır; o, tarixi də
gözəl bilirdi. Xaqani Şirvani qəsidələrinin birində bu haqda bildirir.

Kodam elm kəzu əql-e mən nəyaft əsər,
Beyazam məra ta bebini acarəm.

“O hansı elmdir ki, mən onu bilmirəm? -məni sınamaq istəyirsən, əsərlərimə diqqət et”. Xaqani bu fikri
ərəb dilində yazdığı bir əsərində də təkrar edərək demişdir: “Mən elmlə şərafətlənib onun sayəsində şöhrət
tapıram”.
Xaqaninin təkcə nücum elminə dair XII əsr astrologiyasına tamamilə müvafiq olan təbir və fikirləri onun bu
elmlə nə qədər mükəmməl bələd olduğunu aydın göstərir. Xaqaninin nücum elminə yaxşı bələd olduğu
üçündür ki, ulduzların hərəkətinin küreyi-ərzə və ya insan taleyinə xeyir və zərər verəcəyinə inanmamışdır.
Şair “elm” dedikdə yalnız “dini elmləri” deyil, eyni zamanda dövründəki dəqiq elmləri, təbiət elmlərini də
nəzərdə tuturdu. Xaqaninin elmə verdiyi yüksək qiymət onun “Töhfətul-İraqeyn” əsəri ilə məhdud
qalmayıb, “Meratussəfa” adlı “Xorasanyabəm” rədifli və s. qəsidələrində, qəzəl, qitə, və rübailərində də
dəfələrlə öz ifadəsini tapmışdır. Onun dini ehkamlara tənqidi münasibəti də elmə yüksək qiymət verməsi ilə
üzvü surətdə bağlıdır.

Saraydan üz döndərmiş şair daim xalqına arxalanmış, özünü Xaqani deyil, Xəlqani adlandırmış, dərvişi
sultandan daha ləyaqətli saymış, qəlbin saflığını, könültoxluğunu, düzlüyü, təmiz eşq və məhəbbəti
tərənnüm etmişdir. Xaqani Şirvani eyni zamanda öz yurdunu sevən alovlu vətənpərvər, humanist bir şair
olmuşdur. Xaqaninin əsərlərində cazibədar vətən torpağının mənzərələri parlaq təsvir edilir. Yüksək bədii dil
qızğın ürəklə ana məhəbbətini, əhdə vəfanı tərkedilməz sənətkarlıqla tərənnüm edən Xaqani öz
zəmanəsindən razı qalmamışdır. Şair bir şeirində sonsuz ürək ağrısı ilə demişdir.

Çox zəhmət çəkdim mən arzu yolunda
Taleyim üzümə gülmədi bir an.
Dünyaya sığmayan hikmətim vardı.
Ona dar gəlirdi hər iki cahan.
Mənə verilənlər olmadı layiq.
Layiq olanı da vermədi dövran.

Şairin həyatının son illəri çox ağır keçdi. Onun çox sevdiyi ailə üzvləri -20 yaşlı cavan oğlu, qızı və arvadı
bir-birinin ardınca vəfat etdilər. Qoca şair tamamilə tək qaldı. Ömrünün bu dərdli günləri haqqında bir çox
mərsiyələr yazdıqdan sonra, nəhayət, 1199-cu ildə Xaqani Şirvani vəfat etdi və Təbriz şəhəri yaxınlığında,
sonralar “Məqbərət-üş-şüəra” adlanan Sürxab qəbristanında dəfn edildi.
Biz Azərbaycan xalqının olduqca zəngin mədəniyyət tarixini, Azərbaycan ədəbiyyatı dahilərinin əsərlərini
əziz tutmalı, onların qədrini bilməli və dərindən öyrənməliyik.

Aynur Turan

etiketlər
əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz