a
Hava:
25 C
clear sky
Baku
humidity: 36%
wind: 4 m/s S
H25 • L25
HomemütailəŞəxslərŞanlı vətənin qəhrəman övladı Əhməd Cavad

Şanlı vətənin qəhrəman övladı Əhməd Cavad

Şanlı vətənin qəhrəman övladı Əhməd Cavad.

Soranlara, mən bu yurdun
Anlatayım nəsiyəm:
Mən çeynənən bu ölkənin
Haqq-bağıran səsiyəm.
Əhməd Cavad

Qasırğalar gələndə təkcə güllər, çiçəklər sınıb tökülmür. Həm də qollu-budaqlı ağaclar
parçalanır, yarılır, yıxılır. 20-ci illərin dalğaları elə-belə dalğalardan deyildi. O hər şeyi qasırğa
gücü ilə dağıdıb, uçurdu. Amma təbiətin də öz qanunauyğunluqları var. Heç nə izsiz, tozsuz
qalmır. Kökü torpaqlardan su içib başı buludlara söykənən möhtəşəm ağaclar nə qədər qasırğa
görsə də, tufanlarla üzləşsə də yaşayır. Neçə-neçə dəyərli insanın ömrünə balta çalmış, həyatını
zülmə döndərmiş 1937-ci ilin qara tufanının qurbanlarından biri də Əhməd Cavad olmuşdur. O
Əhməd Cavad ki, adı çəkilən kimi bu gün dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz
qeyri-ixtiyari olaraq səslənir. 20-ci illərin dalğaları Əhməd Cavadı bir şair kimi də, bir vətəndaş
kimi də sahillərdən sahillərə, qayalardan qayalara çırpmaq, əzmək istəmişdi. İndi üstündən uzun
illər dolandıqdan sonra adam nə o dalğaların gücünə, nə o qasırğanın amansız rəftarına inanmaq
istəmir. Çünki vaxt hər şeyi yerbəyer edir. Əhməd Cavad indi dalğalardan da, tufanlardan da özü
qədər, yaradıcılığı və şəxsi qüdrəti qədər ucada dayanır. Arxivləri vərəqləyib keçmişə qayıtdıqca
istər-istəməz adamın ürəyindən gizli-gizli sızıltılar keçir. Varlığında bir üşütmə qopur. Bir insana
nə qədər təqiblər edilər, nə qədər hiylələr qurularmış?.. Əhməd Cavad ədəbiyyatımızda şair,
müəllim, vətəndaş, içtimai-siyasi xadim, publisist, jurnalist, tərcüməçi kimi tanınmışdır. Əhməd
Cavadın bir sıra əsərləri, xüsusilə də Azərbaycanın dövlət himni, “Çırpınırdın Qara dəniz”,
(yaxud “Yol ver türkün bayrağına”), “Göy göl” və digər şeirləri dillər əzbəridir. Onun adı geniş
oxucu kütləsi üçün çox əzizdir. Bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz
xidmət, vurğunluq nümunəsi olan qaynar təbli şairimizin, talesiz Əhməd Cavadın keçdiyi həyat
yolunu oxuculara çatdırmaq mütləqdir.
Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad yada düşür. Üçrəngli poeziya
bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Milli oyanış, xalq hərəkatı, türk
xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin
ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı
qabarıq verilmişdir. Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzadə 1892-1937) Şəmkir
rayonunun Seyfəli kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini
Gəncədə müsəlman ruhani seminariyasında davam etdirmiş, burada rus, ərəb, fars dillərini
mükəmməl öyrənmiş, Hüseyn Cavid və Abdulla Surun tələbəsi olmuşdur. 1910-cu ildən
başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda iştirak etmişdir.
Birinci Dünya Müharibəsi illərində o, rus-türk cəbhəsi xəttində müharibədən zərər çəkmiş dinc
əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuş, inqilabdan əvvəl və sovet
hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun kənd məktəblərində
müəllimlik etmiş və 1926-cı ildə Ali Pedaqoji İnstitutunu bitirmişdir. Onun məşhur “İstiqlal
uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Ədəbiyyat cəmiyyətinin katibi
(1924-1926), Kənd Təsərrüfatı texnikumunun müəllimi (1929), Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun dosenti (1927-1934), həmin institutun dilçilik kafedrasının rəhbəri (1934-1935)
vəzifələrində çalışmışdır.
Əhməd Cavad 1935-ci ildən ömrünün sonuna kimi “Azərnəşr” in bədii şöbəsində redaktor kimi
fəaliyyət göstərmişdir. Əhməd Cavadın poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti,
realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və
mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun.

Təkcə üçrəngli bayrağa aid altı nəğmə yazıb, “Dilimiz” şeirini qələmə alıb, əlifbaya poeziya həsr
edib. C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən iki ziyalıdan biri olub.
Türklərlə Balkan hərbində iştirak edib. Birinci Dünya Müharibəsində şərq cəbhəsində ermənilərə
qarşı vuruşub. Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə görkəmli tərcüməçi kimi də daxil
olmuşdur. O, Şekspirin “Otello” pyesini, A.S.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”,
F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Çocuqluq”, T.Şevçenkonun
“Kobraz”, Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərlərinin bədii tərcüməsinin
müəllifidir.
Əhməd Cavadın ilk kitabının adı “Qoşma” idi. Bu kitabda şairin əsasən 1912-1916-cı illərdə
qoşduğu qoşmalar toplanmışdır. O, saysız qoşmalar olmaqla bərabər, eyni zamanda “ciddi
planda” qələmə aldığı şeirlərində də möhürbənd kimi ya bir iki bayatı, yaxud da bir qoşma
parçasından istifadə edərdi. Bunlarla yanaşı, şairin yaradıcılığında “aşıq” və “saz” obrazları da
xüsusi bir yer tutur. Şairin “Kür”, “Pambıq” poemalarının, “Moskva”, “Səsli qız” və s. iri
həmcmli əsərlərinin bir neçə yerində mütləq qoşma və bayatıdan istifadə edilir. Poemalarındakı
bu parçalar onun əsərlərində kökə bağlılıq, xəlqilik, millilik və başqa əlamətlər bəxş edir. Şairin
ayrı-ayrı şeirlərində də bu cəhəti görmək çətinlik törətmir. Əhməd Cavad həbs olunarkən
kitabları, əlyazmaları və çoxlu sayda sənədləri özü ilə aparılmış, ailəsi də sürgün edildikdən
sonra qapısı möhürlənmişdir. Şairin əlyazmalarının, daha doğrusu, əldə olanların ümumi həcmi
1000 səhifədən artıqdır. Onların çoxu oğurlanmış, talanmışdır. Əhməd Cavadın şeirləri,
məqalələri, tərcümələri, “Şəlalə”, “İqbal”, “Açıq söz”, “Yeni iqbal “, “Azərbaycan”, “Qurtuluş”
və s. adda nəşr olunan qəzet və jurnallarda dərc edildi.

1910-1937-ci illər arasında onun yaradıcılığı ədəbiyyatımızın, mədəniyyətimizin və tariximizin
həqiqi salnaməsidir. Onun “Dalğa” adlı kitabı 1919-cu ildə nəşr olunur. Elə həmin il “Türk
dilinin sərf və nəhvi” adlı dərsliyi də çap olunur. Əhməd Cavad fransız, gürcü və kürd dillərini
mükəmməl bilirmiş.Böyük şair, həyatı və yaradıcılığı bir vəhdətdə olan bütöv şəxsiyyət,
təkrarsız pedaqoq, yüksək səviyyəli ziyalı, inqilabçı, içtimai xadim, iti qələmli jurnalist, qüdrətli
publisist, məhşur xeyriyyəçi Əhməd ruhani ailəsində dünyaya göz açmışdır. Atası Məhəmmədəli
axund, babası isə Cənubi azərbaycanlı müctəhid idi. Ailəsi təbii olaraq hələ kiçik yaşlarından
dini savad almasını təmin etməyə çalışmışdı. O, molla yanında təhsil almağa başlamış, ərəb-fars
dillərini mənimsəmişdi. Amma hər şey arzuladığı qaydada davam etmir. Belə ki, Cavad səkkiz
yaşında ikən atasını itirir. Bundan sonra anası Yaxşı xanım oğlunu da götürərək Gəncəyə-birinci
ərindən olan uşaqlarının yanına getmək məcburiyyətində qalır. O, burada xalça sexinə işə
düzəlir. Zərrabi küçəsində yerləşən mənzil kirayələyir və oğlu Cavadla birgə yaşamağa başlayır.
Cavadın ögey qardaşları və ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə 1906-cı ildə
Şah Abbas məscidi nəzdindəki seminariyaya qəbul edilir. Burada əla qiymətlərlə oxuduğuna
görə ona, hətta “Xeyriyyə” cəmiyyəti tərəfindən hər ay dinar qızıl pul məbləğində təqaüd də
verilir. Əhməd Cavad seminariyada altı il təhsil alır. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris
Axundzadə kimi ziyalılar dərs deyirlər. 1912-ci ildə təhsilini başa vuran Cavadın mədrəsədə
oxuduğu illərdən başlayaraq bədii yaradıcılıqla, daha dəqiq desək şeir yaradıcılığı ilə məşğul
olduğu məlumdur.
Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, təsirlə yazılmış və ərəb-fars sözləri ilə zəngin
qəzəllər, qitələrdən ibarətdir. Əhməd Cavad təhsilini başa vuran kimi-yəni on altı yaşında ikən
müəllimlik fəaliyyətinə başlayır. Belə ki, o, 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı
Məhəmməd Pişnamazzadəyə imtahan verərək “şərəfli türk və fars dilləri müəllimi” adını alır və
Gəncə Qız məktəbində pedoqoji fəaliyyətə başlayır. O, ömrünün otuz ilinə yaxın dövrünü bu
sahədə çalışıb, bu sahədə xidmət göstərib.

Ə.Cavad Müsavatın fəal üzvü kimi Bakı Dövlət Universitetinin və bir çox orta məktəblərin açılmasında yaxından iştirak etmişdir.
Yəni Əhməd Cavadın adı tarixə təkcə şairliyi ilə deyil, müəllimlik fəaliyyəti ilə də yazılıb.
Bundan başqa, Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında başlanan
müharibədə Əhməd Cavad da əqidə dostları İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə
birlikdə iştirak edib. O, 1912-ci ildə Türkiyə-İstanbula səyahət edərək bir əlində silah, bir əlində
qələm könüllü əsgər kimi döyüşüb.
Şair vaxt taparaq məqalə və şeirlərlə orduya əlindən gələn mənəvi köməyi edirdi. Artıq tale
insanı seçir və onu istədiyi yerə sürükləyə, ata, aparıb çıxara bilir. Xeyriyyəçilik fəaliyyəti ilə
Acarıstana gedib çıxması təkcə Əhməd Cavadın bir şair kimi fəaliyyətinə deyil, şəxsi həyatına da
öz təsirini göstərir. Belə ki, o, həyatının sevgisini-Şükriyyəni də Acarıstanda tapır və atasının
evlənmələrinə razılığı olmadığından onu Gəncəyə qaçıraraq orada toy edir. Bu nigahdan onların
Niyazi, Almaz, Yılmaz, Aydın və Türkay adlı övladları olur. Şükriyyə xanım böyük şair Əhməd
Cavadın poeziyasına şeirlərlə iz salır. Elə bir iz ki, heç zaman silinməz…

Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz!
Kam aldım ömrümün oğlan çağından
Bir bağa, baxçaya girmərəm sənsiz!

Misraları ilə başlayan “Şükriyyə üçün” şeiri tək şeir kimi deyil, musiqi kimi də müasir dövrün ən
maraqlı nümunələrindən birinə çevrilib. “Sən ağlama, mən ağlaram” şeirinə nəzər salaq:

Bən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım, gözəlim!

Bütün bunlar Azərbaycan poeziyasının ən gözəl sevgi şeirləri kimi, hələ uzun illər yaddaşlarda
qalacaq, sevgilərə şahidlik edəcək, sevən ürəklərə təskinlik gətirəcək. Əhməd Cavadın adı bütün
bu sadalananlardan sonra bir də ADC ilə yanaşı çəkilməsi ilə də tarixə yazılıb. Həm də şərəfli bir
iz salıb. Bir də, təbii ki, həm həyatında, həm yaradıcılığında böyük yeri olan müsavat partiyası
ilə əlaqəsini də xüsusi vurğulamaq lazımdır. İstedadlı şair Əhməd Cavadın milli ruhlu şeirləri,
bu yaradıcılığın ADC-nin həyatındakı rolu artıq dəfələrlə araşdırılıb. O da bəllidir ki, bu
münasibət ADC-nin süqutundan sonra Əhməd Cavadın da bir insan və bir şair kimi məhvinə
səbəb oldu. Halbuki onun bütün xəyalları, arzuları bu cümhuriyyət ilə bağlı idi. Qurulan dövlət
də, təbliğ olunan ideallar da onun həyatının, təbii ki, eyni zamanda da yaradıcılığının mənasına
çevrilmişdi.

Ey Tanrının cənnət uman qulları,
Mən cənnəti bu dünyada bulmuşam.
Aramaqdan bezdiyiniz yolları
Axtarmaqda mən sevdada bulmuşam!

Şair öz həqiqətini tapmışdı və tapdığı bu həqiqətə cani-könüldən inanırdı. Amma inancı həm də
onun məhvinə səbəb oldu. O məhz milli ruhlu şeirlərinə, məhz istiqlal carçısı olduğuna görə
sovet dövründə təzyiqlərə, təqiblərə məruz qaldı. O, sovet rejimi qurulduqdan sonra fərqli
bölgələrə çəkilsə də, yazdığı şeirlərdə ruhunu öldürməyə, əzməyə, yenilmiş və yenilənmiş kimi
göstərməyə çalışsa da, artıq fərmanı verilmişdi, qarşıya qoyulan məqsədə doğru irəlilənməkdə
idi. Hər şeiri çıxdıqda hamı sözləşibmiş kimi, mətbuatda tənqidi məqalələrlə çıxış etməyə
başlayırdı. Elə bir dövr, elə bir mühit idi ki, sadəcə susmaq, sadəcə dinləmək, kölgəyə çəkilmək,
yox olmaq mümkün deyildi.

Əhməd Cavadın aktiv müəllimlik fəaliyyəti də nəzərə alınarsa, bunu mümkünsüz olduğu aydınlaşar. O, yazılarına və siyasi görüşlərinə görə
repressiyaya məruz qaldığı dövrə qədər artıq üç dəfə həbs olunmuşdu. İlk dəfə bu 1923-cü ildə
olmuşdu. Səbəb isə başqa bir müsavatçı Mirzə Bala Məmmədqluzadənin Türkiyəyə qaçıb
getməsinə yardım etməsi idi.

İlk dəfəki həbs zamanı olmasa da, sonrakı dindirmələlərdə Əhməd Cavad bu faktı etiraf edərək
boynuna alır. Amma taleyin çox maraqlı oyunları olur. Belə ki, o ilk dəfə həbs olunduğu zaman
qurtuluşunun səbəbkarı, nə qədər qəribə də olsa, Mircəfər Bağırov idi. Daha doğrusu, o, Əhməd
Cavad və H.Musayev birlikdə hələ 1920-ci ildə Qubanın Xuluq kəndində işləmişdir. Bundan
istifadə edən Hüseyn Musayev Mircəfər Bağırovun yanına gedərək Cavadın azad olmasını xahiş
edir. Və istəyinə nail ola bilir. Amma bu qurtuluş müvəqqəti idi. Çünki artıq yaddaşlara yazılmış
istiqlal şeirindəki səmimiyyət, inanc və etiqad o misraların sahibinin daxilən, mənən öz
inamından dönməyəcəyini, bu quruluşa uyuşmayacağını xəbər verirdi. Əslində, elə “etiraf
edirəm” sözlərinin söylənildiyi məclislərdə belə Cavad “Mən xəyənatkar deyiləm” sözünü təkrar
etməklə özünü müəyyən mənada ələ vermiş olurdu. Bu ifadəni başqa mənada işlədirmiş kimi
görünsə də…1920-1925-ci illər arasında Ə.Cavad cəmi 4-5 şeir çap etdirir. Hər halda, özü də
anlayırdı ki, onu ilişdirmək üçün pusquda dayananlar var. Əksəriyyəti də öz “qələm yoldaşları”.
Hər sözü, cümləsi təftiş olunur, hər ifadəsinin altından əks-inqilabi fikirlər, azadlıq yanğısı və
həsrəti axtarırdılar.

Xüsusilə də nəzərə alınsa ki, Əhməd Cavad dövrünün gəncləri arasında sevilən və yaradıcı
gəncləri öz “havasına çəkən” bir şair idi, “təhlükə” nin nə qədər böyük olduğu anlaşılar.
Beləliklə, 1920-1930-cu illərdə bu yaradıcılıq geninə-boluna təftiş olunmağa başlayır.
Əhməd Cavad yaradıcılığının ilk illərindən etibarən əsərləri M.Ə.Rəsulzadə, A.Sur, A.Şaiq,
H.Cavid, M.Müşfiq, S.Hüseyn, X.X.Səbribəyzadə, H. Qarağazadə kimi müəlliflər tərəfindən
təhlil və təqdir olunan şairin yaradıcılığı ətrafında qızğın mübahisə və müzakirələr 1920-1930-cu
illərə aiddir. Həmin dövrdə, yeni ideloji sistem və elmi-nəzəri prinsiplər dövründə şairin əsərləri
sosioloji tələblərlə təhlil edilir, ondan sosializm quruculuğu, kollektivləşmə, sənayeləşmə və s.
bu kimi ideyalara xidmət tələb olunurdu. Və o, qismən də olsa, bunun ücün çaba göstərirdi.
Digər tərəfdən də iclaslarda, pleniumlarda çıxış edərək özünə haqq qazandırmağa, ittihamlara
cavab verməyə çalışırdı. Bu məsələdə bir incə məqam var: maraqlıdır ki, əslində, mətbuatda,
iclaslarda Əhməd Cavadı ittiham üçün söylənilən fikirlər təkrar-təkrar deyilə-deyilə sonda onun
öz dilindən çıxarılırdı. O, özünü, öz ruhunu başa salmağa çalışaraq söyləyirdi: “…etiraf
etməliyəm ki, qabaqda milli-şovinizm məzmunlu əsərlər yazmışam… Mən köhnə üsul ilə tərbiyə
almış bir insanam və özüm də gənc deyiləm… Söz verirəm və çoxdan bəri söz vermişəm ki, yeni
ruhda işləyəcəm. Lakin imkan veriniz, yardım ediniz… Milli şair olmağa çalışdım, bir çox
parçalar yazdım. Bunu boynuma alıram. Lakin bu gün tarix, həyat bir çox əski mətbuatlara
qələm çəkdi ki, milli duyğu da onun içində.

Bu gün ümumi bəşəri əhəmiyyəti olan bir hərəkətdən
saparaq dar bir çərçivəyə girmək bəşəriyyətlə, yazmış olduğum milli ruhda parçalardan imtinayla
gənc dimaqlar üçün onların zərərli olduğunu etiraf edirəm.” Bütün bunlar nə idi? Özü-özü ilə
aparılan mübarizənin nəticəsimi, yoxsa cismən sağ qalmağa aparan yeganə yolun və yeganə
çözümün məhz bu olduğunun dərkimi? Yəqin ki, hər ikisi də vardı…
O, vəziyyətdən çıxmağa çalışırdı. Mənən, ruhən bunun belə onu xilas etməyəcəyini anlasa da,
yenə də ailəsi, uşaqları, məhv edilməsi üçün hər şey edilən, amma hələ də içində yaşatdığı,
ölməyə, can verməyə qoymadığı arzuları, ideyalları naminə çabalayırdı. Amma istedad hər
zaman düşmən doğurur. Cavadın da düşmənləri vardı.

O özü isə bu şeirlə bağlı çıxışında deyirdi: ““Göy göl” də, nə də mətbuatda çıxan başqa
yazılarımda bilxassə 1924-cü ildən sonra heç bir siyasi məqsəd tutduğum yoxdur. Şeirimdəki
hüzn çocuqluğumdan başlayaraq yazmaqda olduğum parçaların çümləsində olduğunu yoldaşlar
da çox gözəl bilir. Bən burada böylə bir hüznün bugünkü ədəbiyyata da xeyirli olduğu deyil,
bəndəki hüznün siyasi olmadığını söyləmək istəyirəm”. O, “Moskva” şeiri ilə bağlı da bərk
qınanılırdı. Cavadın özü də bu şeirin zəif olduğunu çıxışında etiraf etməli olmuşdu. Beləliklə,
1929-cu ildən başlayaraq ta 1937-ci ilə kimi respublika mətbuatında Ə.Cavadın mühakiməsinə
həsr olunmuş, onu tənqid və “ifşa” edən müxtəlif yazılar yazılırdı. Əksəriyyəti imkansız yazılmış
şeir və məqsədlərlə şair tənqid və təhqir edilirdi. 1928-ci ildə Əhməd Cavad 16 şeirinin
Türkiyədə çap olunan “istiqlal məcmuəsi” nə düşməsi isə onu ifşa edənlərin əlinə əsaslı bir
bəhanə vermiş oldu.

Beləliklə, düz iki il davam edən ifşa kampaniyasından sonra böyük şair Ə.Cavad 1930-cu ildə
Gəncəyə köçmək məcburiyyətində qaldı. Düz beş il o, Gəncədə yaşayıb-yaradır. Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun türk və rus dilləri kafedrasının müdiri, Gəncə Dram Teatrında
ədəbi hissə müdiri vəzifələrində işləyir. 1933-cü ildə professor adını alır. Amma Bakı ondan əl
çəkmir. 1934-cü ildə şair “Azərnəşr” də işləmək üçün yenidən Bakıya dəvət alır. Və hər şey
yenidən başlayır. 1937-ci il, mart ayının 21-də hədəf vurulur. O, “Xalq düşməni” kimi əvvəlcə
Şura Yazıçıları Cəmiyyətindən uzaqlaşdırılır. Daha sonra isə həbs edilir. Dövlət Təhlükəsizliyi
Komitəsində Ə.Cavadın 22316 nömrəli “istintaq” işi saxlanılır. Şair 1937-ci il, iyun ayının 4-də
Hüseyn Cavid, Mikayıl Müşfiq və Vəli Xuluflu ilə eyni vaxtda həbs edilir. “Məhkəmə həmin ilin
oktyabr ayının 12-də başlandı, cəmi 15 dəqiqə davam etdi. 1937-ci il oktyabrın 12-dən 13-nə
keçən gecə onu güllələdilər. Məhkəmənin sədri İ.O.Matuleviç, üzvləri İ.M.Zaryanov və
C.K.Jiqur idi. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası müttəhimi Azərbaycan cinayət
məcəlləsinin 69, 70, 73-cü maddələri ilə ittiham etmişdir. İrəli sürülən ittihamlardan birincisi
budur ki, guya şair 1922-ci ildən əks-inqilabçı müsavat hərəkatının iştirakçısı olub, 1936-cı
ildən isə o, Azərbaycanda mövcud olan üsyankar təxribatçılıq-terror-diversiya, millətçi təşkilata
qoşulur, öz qarşısına guya Sovet hakimiyyətini yıxmaq, Azərbaycanı SSRİ-dən ayırmaq
məqsədini qoyur.

Məhkəmədə hərbi yurist A.F.Kostyuşko və prokuror N.S. Rovski iştirak etmişlər. Lakin burada
müdafiəçilər, yəni vəkillər, şahidlər isə iştirak etməmişlər. Əslində bu məhkəmə “15 dəqiqəlik
məhkəmədən” bir gün əvvəl, yəni oktyabrın 11-də keçirilmişdir. Hökm bir gün sonra
çıxarılmışdır. Şairə ölüm hökmü-“güllələnmək” kəsilmişdir. Şairin həbsinin səbəbi, taleyinin nə
ilə yekunlaşdığı, başına nələr gəldiyi nəinki cəmiyyətə, heç ailəsinə də bildirilmir. Əksəriyyət
onu Sibirə sürgün olunmuş zənn etsə də, rəsmi sənədlərdən məlum olur ki, o, 1937-ci il iyun
ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən
gecə Bakıda vəhşicəsinə güllələnib. Lakin qısa müddətdən sonra şairə bəraət verilib. Onun
şeirləri Azərbaycanımızın bütün bölgələrində dildə-ağızda gəzirdi, ən böyük məclislərdə
əzbərdən oxunurdu.

Türküstan yelləri öpüb alnını,
Daha yüksəklərə ucal, bayrağım!..

Bu misralar şairin şeirinin xalq variantıdır. Yeri gəlmişkən Ə.Cavad əksər şeirləri xalqın şifahi
yaddaşına keçmişdir. Ayrı-ayrı şəhərlərimizdə, kəndlərimizdə biz onların iz və əlamətlərinə rast
gəlrik. Çəkdiyimiz misal da onlardan biridir ki, artıq ən çox oxunan kitablarımızdan birinin
səhifələrinə çıxmışdır. Bildiyimiz kimi, həmin misralar Əhməd Cavadda aşağıdakı kimidir:

Türküstan elləri öpüb alnını,
Söyləyir dərdini sana bayrağım!

Fərq varmı? Əlbəttə, var. Birinci misrada “ellər” yerinə “yellər” işlədilib. İkinci misra heç şairin
şeində yoxdur. Xalqımızın bədii təfəkkürü, təxəyyülü, ona qanad verib.
Bayrağımızın daha yüksəklərə ucalmasını arzulamışdır. Bununla onu demək istəyirik ki, Əhməd
Cavadın hər misrası xalq içərisində zərb-məsəl kimi işlədilirdi.
Bu gün ona sadəcə “mübariz istiqlal şairi” deyib keçmək qədər bəsit bir qiymətləndirmə ola
bilməz. Yaşanmış bir taleyin, baş vermiş məntiqi və ya qeyri-məntiqi bir sonluğun haqqında o
psixoloji yaşantıların dərinliyinə varmadan “qorxmaz, çəkinməz” kimi adi sözlərlə dəyər vermək
də yanlışlıqdır. Bu gün Əhməd Cavadın faciəsini anlamaq, dərk etmək üçün o zamana, o mühitə,
o qələm “dostlarının” əhatəsinə ehtiyac var. Onun yaşadıqları azğın bir selin cənginə düşüb
axmaqda olan insanın yaşantılarına bənzəyir… Sel gəldisə və sən də o axının düz ortasına
düşdünsə və üstəgəl çaba göstərdikcə getdikcə daha çox boşluğunu hiss və dərk edirsənsə,
özünü, yorğun bədənini yorğun ruhunu axının ixtiyarına buraxmaqdan başqa nə qalır ki, edə
biləcəyin, çaba və dönməzliyin işə yaramadığı anlarda məğlubiyyəti etiraf etmək də
qəhrəmanlıqdır. Onu qalib edən şeirləri idi. Zamana sinə gərdilər, yaşadılar, qaldılar, bundan
sonra da yaşayacaqlar.

Əhməd Cavad hələ Gəncə mədrəsisində oxuduğu zaman müəllimləri Hüseyn Cavid kimi böyük
mütəfəkkir şair-filosof, Abdulla Sur kimi ilk milli professional tənqidçi və ədəbiyyatşünas
məşhur pedaqoq İdris Axundzadə (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımın əmisi və b.
görkəmli şəxsiyyətlər olmuşdur. Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad (Türkiyəli Əhməd
Cavadın qardaşı idi. Məlum olduğu kimi, ədəbi aləmdə iki Əhməd Cavad adlı şair vardır.
Onlardan biri eyni dövrdə yaşamış bizim haqqında söhbət açdığımız Əhməd Cavaddır ki, o, öz
ləqəbini Türkiyəli Əhməd Cavadın adından götürmüşdür. Deyilənə görə, bu iki Əhməd
Cavaddan biri öz səsini Azərbaycandan, ikincisi Türkiyədən qaldırmış, oxşar mövzularda şeirlər
qoşmuşlar və “kor olsun düşmənimiz” demişlər.) adlı müəllim Cavadın inkişafında böyük rol
oynamışdır. Şeirin qayda-qanunlarını demək olar ki, ona Savad Cavad öyrətmişdir. Adları
çəkilən həmin müəllimlər Ə. Cavadın həyat yolu və məfkurəsi, sənətini və peşəsini
müəyyənləşdirmişlər.

Əhməd Cavadın publisistik məqalələri arasında müəllimlərin həyatına, yaradıcılığına və
fəailiyyətinə həsr olunmuşları, həm kəmiyyətcə, həm keyfiyyətcə üstünlük təşkil edir. Onlardan
biri də 1919-cu ildə müəllimliyinin 25 illiyi təntənə ilə qeyd edilmiş “Abbaszadə Mirzə Abbasın
yubileyi” nə həsr olunmuş məqalədir. Ə.Cavad Gəncədə müəllimlərlə, maariflə bağlı keçirilən
bütün tədbirlərdə istisnasız olaraq əsas təşkilatçılardan və məruzəçilərdən biri olurdu. Maraqlı və
yadda qalanı burası idi ki, onun hazırladığı məruzələr xalq tərəfindən ilk dəfə eşidilirdi. Çünki
cəfakeş, müdrik şair Ə.Cavad bütün məlumatları ilk mənbələrdən alırdı. Bu məlumatlardan aydın
olur ki, o, 1919-cu ildə Gəncəyə gələnə qədər Mirzə Abbas Şimali Qafqazda bir oğlan, bir qız
məktəbi açmışdır. Gəncəyə gələndən sonra oradakı qız məktəbində türk dili müəllimi təyin
olunmuşdur. Onun inqilaba qədərki pedoqoji işi Azərbaycan Demokratik Respublikasının
yaranması, inkişafı və mədəniyyətinin, maarifin tərəqqisi ilə bağlı idi. Böyük şair Ə.Cavadın
müəllimlik və pedoqoji fəaliyyətinin ikinci mərhələsi inqilabdan sonrakı illərə təsadüf edir.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk çağlarında onu Quba qəzasına göndərirlər.

Əhməd Cavad ədəbiyyatı müəllimi, Azərbaycan maarif komissarlığının təşkil etdiyi qısa pedoqoji kurslarda
mühazirəçi, Qusarda, sonra Xuluqda və s. kəndlərdə məktəb direktoru, bir müddət Quba
qəzasının maarif şöbə müdiri, yoxlama komissiyasının üzvü və başqa vəzifələrdə çalışmışdır.
Cümhuriyyət şairi Əhməd Cavadın həyatının və fəaliyyətinin ən mühüm dönüş xətləri onun
müəllimliyi ilə bağlıdır.

O, “Mən bir müəllim babayam” deməyi çox xoşlardı, evdə ailə üzvləri, kənddə həmyerliləri də
ona belə baxardılar. Hətta o, 1925-ci ildə 2-ci dəfə həbs ediləndə (“Göy-göl” şeirinə görə) anası
Yaxşı arvad o dövrün vəzifəli bir şəxsinə müraciətlə: “Oğul, özün bilirsən Əhməd Cavad bir
müəllim babadır, o, Sovet hökumətinə nə edə bilər, qoşunu yox, topu yox, tüfəngi yox…”
demişdir. Buradakı “müəllim baba” xalqın böyük şairə verdiyi ən şərəfli adlardan biri idi. Qəribə
burası idi ki, onun taleyini də elə “müəllimliyi” həll etmişdir.

Böyük vətənpərvər şair Əhməd Cavad 1935-ci ildə Bakıya qayıdır, Azərbaycan Dövlət
Nəşriyyatında tərcümə şöbəsinə işə dəvət olunur. 1935-1937- ci illərdə Azərbaycan qadınının
inkişaf yoluna həsr edilmiş “Sədəf” adlı romanını yazıb bitirir, müzakirəyə təqdim edir. Eyni
zamanda müəllimlik sənətini də davam etdirir. Onun sonuncu tərcüməsi Ş.Rustavelinin “Pələng
dərisi geymiş pəhləvan” əsəridir. Onun ömrü 1937- ci ildə 45 yaşında vaxtsız qırıldı, şairin
rübabı, könül sazı sındırıldı, əlyazmaları talan edildi… Bu nəhəng təfəkkür bahadırının həyat və
fəaliyyəti, o cümlədən maarif sahəsindəki xidmətləri geniş tədqiq olunub bu günkü və gələçək
nəsillərə çatdırılmalıdır. Əhməd Cavad həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verən
əsil şairdir. O, ahəngini Azərbaycanın dahi şairlərinin ahəngindən götürmüş bir şairdir. Əhməd
Cavad yaradıcılığı simvolik, romantik, bədbin, nikbin, fərdi və içtimai hislərin ifadəsi
baxımından əlvan bir mozaikanı xatırladır. Bu mozaikada istər klassik örnəklərin, istərsə müasir
poeziya anlamının qəribə bir vəhdəti dayanır. Görkəmli şair, alovlu publisistik və içtimai xadim
Əhməd Cavad əsrimizin 10-cu illərindən başlayaraq dirçəlməkdə olan maarif və
mədəniyyətimizin fədailərindən olmuşdur. O, dahi bəstəkarımız Üzeyir Hacıbəyovla birlikdə
Azərbaycan demokratik Cümhuriyyətinin dövlət himninin müəllifidir.

1919-cu ildə iki hürriyyət aşiqi, xalqının iki böyük oğlu Üzeyir Hacıbəyovla Əhməd Cavad
Azərbaycan Xalq Cümhuriyyətinin himnini yazmaq qərarına gəlirlər. Və çox keçmədən
Azərbaycan parlamentində sözləri Ə.Cavadın, musiqisi Üzeyir bəyin olan dövlət himni səslənir.
Səksən illik ayrılıqdan sonra həmin əzəmətli himni bu gün biz də oxuya bilirik. Ən şərəflisi isə
budur ki, uzun illər yasaq edilmiş, zülümlərə məruz qalmış, böyük şəxsiyyətlərimizin yaratdığı
himn bu gün müstəqil Azərbaycan dövlətinin himni kimi dünyanın böyük salonlarında, idman
meydanlarında, beynəlxalq təşkilatların toplantılarında səslənir. İsdtiqlal şairi Əhməd Cavadın
sözlərini yazdığı, misilsiz bəstəkar Üzeyir bəyin bəstələdiyi “Azərbaycan marşı” bu baxımdan
əvəzedilməz sənət əsəridir. Həmin marşın himn kimi qəbulu qənaətinin doğruluğunu tarix və
zaman təsdiqlədi. 27.05. 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə musiqisi
Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın “Azərbaycan marşı” Azərbaycan Respublikasının
Dövlət himni kimi təsdiq olundu.

Ulu öndər, möhtərəm Heydər Əliyev dövlət himnimizin məziyyətlərindən
danışarkən deyir: “Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda
hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli
miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz
dövlət himnidir və bir də Azərbaycan dövlət bayrağıdır.”

İstiqlalın bir atributu da ordumuz idi. Onun istər şəhidlərimizə, istər əsgərlərimizə qoşduğu
şeirlərində bu əsas yer tuturdu. Ə.Cavadın “Ölkəm” adlandırdığı “Gerbimizə ithaf edirəm”-deyə
qoşduğu şeirində də, istiqlal ruhu çox güclüdür:

Üçrəngli bayrağım, üçrəngli Gerbim,
Ahəngli bayrağım, ahəngli Gerbim;
Göy, yaşıl, qırmızı çələngi Gerbim,-
Adım, nişanımdır, tək Gerbim deyil,
Arzum, mübarizəm, tək hərbim deyil,
Məsləkim, əqidəm-tək təbim deyil,
Sökülən Dan yeri, Gündüzlər ölkəm!

Şair istiqlalı bax beləcə təsəvvür edir, o mahiyyətdə də oxucularına çatdırırdı. Əhməd Cavad
yaradıcılığında Azərbaycan, Qafqaz, Türk dünyası obrazları çox qabarıq verilmişdir.
Onun hər şeiri, hər misrası sanki yurdumuzun bir parçasıdır. Onlar ilk sözündən oxucunu
məftun edir, onun ürəyini ələ alır, bircə-bircə tariximizi, coğrafiyamızı nişan verir. Əsl istiqlal
fədaisi, cümhuriyyətin əvəzsiz tərənnümçüsü Əhməd Cavad öz sözü, öz dəsti-xətti, öz üslubu
olan el-oba vurğunu idi. Onun yaradıcılığında, Türkiyə, Azərbaycan, qədim Gəncə, dağlar gözəli
Göy göl və elimizin digər əsrarəngiz guşələri canlı obrazlar səviyyəsinə yüksəlmişdir. Əhməd
Cavadın yazdığı “Çırpınırdı Qara dəniz” isə az qala milli himn qədər kütləvi şəkildə oxunulan və
sevilən bir əsərə çevrilmişdir:

Çırpınırdı Qara dəniz,
Baxıb Türkün bayrağına!
“Ah!…” deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.

Yaradıcılığının elə ilk nümunələrindən söz sərrafı olan, ədəbi-elmi fikir adamlarının diqqətini
cəlb edən Əhməd Cavad tezliklə istedadlı şair, alovlu vətəndaş, içtimai xadim, xeyirxah və
təşəbbüskeş insan kimi məhşurlaşaraq milyonların qəlbində özünüzə yer tapmışdır. Əbədi və
içtimai fəaliyyəti haqqında dövrünün tanınmış şəxsiyyətlərinin təqdir və rəğbət dolu fikir və
mülahizələrini eşidərək xoş və şirin duyğular səltənətinin kəhkəşanında poeziyasının romantik
köhlənini çapmaq səadəti ona nəsib olsa da, tezliklə Əhməd Cavadın başı üstündə qara buludlar
oynamış və onun haqqında ya heç danışılmamış, ya da qərəz və iftira dolu sözlər söylənmiş,
yazılar çap edilmişdir. Azərbaycanın böyük şairi, publisist, maarifçi, əvəzsiz tərçüməçi və gözəl
insan olan Əhməd Cavad Axundzadə yaradıcılığının müdrikləşən və çiçəkləyən, ən parlaq
dövründə repressiya illərinin qurbanı olmuş, 1937-ci il noyabr ayının 13-də 45 yaşında
günahsızcasına qətlə yetirilmişdir. Şairin özünün və ailəsinin başına gətirilən müsibətlər olduqca
ürək ağrıdıcıdır. Əhməd Cavad bir şair kimi öz ədəbi yolunu belə müəyyənləşdirmişdir:

Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm!

Əhməd Cavad, sən elə bir şeirsən ki, sevməyənlər anlamaz. Sən qalibsən, səni qalib edən
isə şeirlərindir… Ə.Cavad unudulmazdır. Üç rəngli bayrağımız kimi, Azərbaycan Demokratik
Respublikamız kimi, Ay-ulduz kimi, Göy gölümüz, Kürümüz, Arazımız, Gəncəmiz, Bakımız
kimi şeirimiz, nağıllarımız, dastanlarımız, havamız, suyumuz kimi, həyatımız kimi…
Aynur Turan

Şərh yoxdur

şərhini yaz