a
Hava:
18 C
clear sky
Baku
humidity: 72%
wind: 5 m/s SSE
H18 • L18
HomemütailəŞəxslərHaqq pərvanəsi-Xəlil Rza

Haqq pərvanəsi-Xəlil Rza

Haqq pərvanəsi-Xəlil Rza
Hər bir xalqı tarixdə yaşadan onun ləyaqətli övladlarıdır. Azərbaycan xalqının Nizami, Nəsimi, Cavanşir, Xətai, Vaqif, Sabir, Vurgun, Süleyman, Cavid, Cavad, Rəsul kimi sənətkar oğulları, Məhsəti, Natəvan, Nigar, Mirvarid, Billuri kimi sənətkar qızları öz səltənətləri ilə xalqımızın başını ucaltmış, tariximizi salnamələşdirmişlər. XX əsrin yetirdiyi şəxsiyyətlərdən biri də canlı şəhidimiz, böyük şair, ustad Xəlil Rza Ulutürkdür. Vətəndaşlıq Xəlil Rza poeziyasının bütün hüceyrəsində, ətində-bətnindədir. Ulutürkün ruhu Azərbaycan xalqının öz ruhudur. Ona görə də Xəlil Rza ölməzdir. Bir insan kimi, bir mücahid kimi, vətəndaş kimi Xəlil Rza Ulutürk kamildir, səmimidir, bütöv və sədaqətlidir. Onun kimi şəxsiyyətlər bəşər dühasının yetişdirdiyi o kəslərdəndir ki, o təkcə mənsub olduqları xalqa yox, dünyaya məxsusdurlar. Onlar yaşadıqları dövrdə Günəş kimi hamıya işıq saçır, hamını təmənnasız şəkildə öz nuruna bələyir. Xəlil Rzanın qeyrət simvoluna çəkilmiş adı, işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Eşq və ehtiram olsun böyük insan, dahi şəxsiyyət Ulutürkə.
Uca zirvələrə çatmaq üçün dağlar silsiləsi keçməlisən, dərə-təpə aşmalısan. Xəlil zirvəsi göylərin yerlərə qovuşduğu üfüq qədər yaxın, həm də uzaqdadır… Bu yaxınlıq, uzaqlığı duymaq, görmək hər adamın işi deyil… Xəlilzirvəsinə gedən yol mübarizələrdən, döyüşlərdən keçir.
Doğransam da
tikə-tikə
rizə-rizə-
Mübarizə!..
Xəlil Rza 30 ildən çox vaxtda poeziyamızın çətin və şərəfli yollarında şeiriyyətin oğlu, sənətin layiqli övladı kimi addımlayıb, bu addımlar onu yeridikcə gücünü, qaynadıqca həvəsini qanadlandırıb.
Kürsülərə sığmayan, cəsur şeirim, ər şeirim
Təpədən dırnağadək silahlı əsgər şeirim!
-Deyəndə bu misraların böyük səmimiyyətinə ürəkdən inanırsan, ona görə ki, X. Rza poeziyası böyük ideallarımızın, danılmaz həqiqətlərimizin müqəddəsliyi keşiyində əsgər kimi dayanmağı bacaran iş görən, həmişə yürüşdə, mübarizədə olan poeziyadır.
Ulutürk görkəmli şair, filosof, mütəfəkkir, şəxsiyyət, ədəbiyyatşünas-alim, olmaqla bərabər, içtimai siyasi xadim, milli istiqlal mücahididir. Onun azadlıq hərəkatı öncüllərindən biri olmasını yalnız Azərbaycana aid olan hadisə hesab etmək olmaz. O, Azərbaycanın müstəqil dövlətçiliyi naminə ayağa qalxmışdı! Türkçülüyün, Azərbaycançılığın düşməni olan rus imperiyasına qarşı ayağa qalxmışdı!
Vətənçilik, millətin azadlıq duyğuları, xalqı mübarizəyə çağırış, azərbaycançılıq ideyalarının ahəngdar gerçək ifadəsi məhrum Xəlil yaradıcılığında daha çox önəm alan mövzulardandır. Onun şeirləri-hayqırtıları vətənin ən ağrılı günlərində insanlara azadlığı daddıran, milli özündərkin fəlsəfi-etik cəhətlərini aydınladan taleyüklü bir missiya əhəmiyyəti daşımışdır.
Azərbaycan türküyəm,
bu soyun şah budağı.
Neçə-neçə eranın
köksümdədir qaynağı.
Ərzin buz laylarını əridən
qüdrət mənəm,
Daş dövrünü yaşayan,
tunc dövrünü yaşayan,
Dəmir dövründə polad
əridən hikmət mənəm.
Bu sətirlər istiqlal şairimizin köksündən qopub gələn hayqırışdır.
Azərbaycanın azadlığı və istiqlalı yolunda çarpışan, bütün ömrü boyu içtimai-siyasi fəaliyyəti ilə xalqımızın gələcəyinə xidmət etmişdir. Dünyasını vaxtsız dəyişsə də, Xəlil Rza həmişə ruhumuzda yaşayan, bizimlə birlikdə sabaha addımlayan, daha obrazlı desək, bu günün və gələcək dövrlərin şairidir. Şeirlərinin birində şair özü bu barədə sərrast deyib:
Buludu şimşəklə parçalayaraq,
Zülməti nur ilə boğacağam mən.
Qərbdə ulduz kimi batsam,
Şərqə bax:
Şərqdən günəş kimi doğacağam mən!
… İtib-batmaq üçün yaranmamışam,
Dünənəm!
Bu günəm!
Gələcəyəm mən!
Bir gün bu dünyadan getsəm də, nə qəm,
Dünyaya təzədən gələcəyəm mən!
O, hər şeydən əvvəl, mübariz şair idi. O, XX əsrin ikinci yarısında Azərbaycan poeziyasının möhtəşəm mehrabına gur səsi ilə şimşək kimi çaxdı, onun dalğa-dalğa dağılan əks-sədası ətalət basmış vicdanları oyatdı, atəşinin odu insanların ürəyində mübarizə əzmini alovlandırdı. Bu səbəbdən Xəlil poeziyası yer üzündə yaşayan bütün Azərbaycan türklərini silkələdi. Xəlil Rzanın üsyankar səsi xarici və daxili düşmənlərimizə qənim kəsildi. Azadlığı zərrə-zərrə, qram-qram istəməyən, böyük arzularla, ideyalarla yaşayan, yaradan Xəlil Rza bu gün də bizim aramızdadır, onun şeirləri dillər əzbəridir, yenə də ön cərgədə bir məşələ, alova dönüb.
Xəlil Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas-alim, içtimai-siyasi xadim, milli-demokratik hərakatımızın mücahidi, Azərbaycan poeziyayında görkəmli ədəbi simadır. Ulutürk həm də ədəbiyyatımızda istiqlalçılıq, türkçülük, vətənçilik, azərbaycançılıq məfkurəsinin davamçısıdır. Onun poeziyası milli ideallarla aşılanmış, xalq məfkurəsi və taleyini daha canlı əks etdirmişdir. XX əsrin 50-80-ci illər əsərlərində şairin milli məfkurəsinin doğuşu və inkişafını aydın müşahidə edirik. İstiqlal məfkurəsi Xəlil Rza özünü-dərkinin mənbələrindən biridir. “Afrikanın səsi”, “Yetkinləş, Xəlil ” və b. əsərlərində Xəlil Rzanın həm milli, həm də bəşəri fikir və düşüncələri, habelə Quzeylə Güneyin birləşdirilməsi-bütöv Azərbaycan ideyası əksini tapıb. “Quzeylə Güneyi birləşdirməyə fəxr elə, ey Vətən, Şəhriyar gəlir”,-deyən şair ayrılıq sədlərinin lay-lay söküldüyündən sevinir, yurdunun yarısının ona dar gəldiyindən darılır, kədərlənir.
Şair bu dünyanı sevməyə gəlmişdi. Çiçəklərin, otların, qarışqaların, küləklərin, dənizlərin, yerin-göyün, insanların, dünyanın bütün gözəlliklərinin pərvanəsi olan bu qeyri-adi insandakı ilahi gücə, qüdrətə, yaşamaq, yaratmaq yanğısına, həyat eşqinə heyrət etməyə bilmirsən. Özünün dediyi kimi “ən xırda işi belə özü görən, yan-yana beş-altı ömür sürən” Xəlil, təkbaşına imperiya ilə döyüşürdü. Elə bil bahar yağışıydı. Keçib getdiyi yerdən qüdrətli oğullar boy atırdı. Bütöv bir nəsil onun döyüşkən şeirləri ilə nəfəs alırdı, qanadlanırdı, ucalırdı.
… Mən istərəm səsindən ildırımlar güc alsın!
Yalnız daş minarən yox, millətlər sırasında
Sənin başın ucalsın!
Təkcə əzan səsi yox, döyüş marşın ucalsın!
Fəxr edim ki, o tayda həm güclüyəm, həm mətin,
Mən də bir övladıyam üzüağ bir millətin!..
Şairin vətəninə, doğmalarına, dostlarına sevgisi bütöv idi, bölünməz idi. Heç kəsə bənzəmirdi. Xəlil Rzanın sevgi şeirlərində də mübariz ruh hakim idi. O həyatda olduğu kimi sevgidə də xırdalığın, cılız, sısqa hisslərin düşməni idi. Sevgidə də böyük amallar, ideallar axtarırdı. Xəlil Rza Ulutürk dünyanın, bütöv oğlu idi. Türk dünyasının böyük oğlu Xəlil ömürlərdə yaşayır, mübarizə aparır. Mübarizədə keçən ömürsə ədəbiyyətə qovuşan ömürdü… Şair tikanlı məftillərlə qolları sarınmş Azərbaycan faciəsini, dərdini dünyanın kar olmuş qulaqlarına deyirdi. Dünya özünü karlığa vursa da, şairi eşidirdi, bu ipə-sapa yatmayan qasırğa, tufan oğulu cilovlamağa çalışırdı. Xəlil Rza susmurdu, sussaydı Xəlil Rza olmazdı… Poeziya heç vaxt əxlaqa, insan mənəviyyatına xidmətini unuda bilməz. İnsanı mənəvi zənginləşdirmək, onu ulu məqsədlərə hazırlamaq şeirin əbədi vəzifəsidir. Bunun üçün söz sənəti müxtəlif vasitələrdən istifadə edir, biri də həqiqətləri poetik hikmətlər, aforizmlər biçimində çatdırmaqdır. Bu klassik şeirin üsuludur, indi də gərəkli və əlverişlidir. Bədii fikri yığcam söyləmək hər insana nəsib olmur. Bunun üçün yüksək sənətkarlıq məharəti lazımdır. Bu fikirlər məhz Ulutürkə xas idi. Böyük söz ustadı, qüdrətli şair Xəlil Rza Ulutürk ilk olaraq azadlıq aşiqi idi. Müasir Azərbaycan poeziyasının nümayəndələri sırasında o, paklıq və mübarizliklə tən gələ biləcək ikinci bir şair tapmaq bəlkə də çətindir. Çoxları şairdən yurdsevərliyi, əyilməzliyi, vətəndaşlıq yanğısını Prometey coşğunluğunu qüdrət və hünər öyrəndi.
Məlumdur ki, ötən əsrin faciələrindən olan 20 Yanvar fəlakətində böyük şair Xəlil Rza da həbs edilərək zindanlara atılmışdı. O günlərdə Xəlil Rza meydanlarda alovlu nitqləri ilə xalqımıza əsas düşmənləri tanıdıb onlarla mübarizəyə haraylayırdı.
Təmkinlə hərlənən Yer kürəsiyəm,
Mənim Azadlığım, mənim gücümdür.
Mənim Azadlığım qan soranların
Cındır maskasını yırtmaq üçündür!
Şairin azadlığı çoxlarının, əksəriyyətin dərk edə bilmədiyi səadətdir. Yerə-göyə sığmayan hakimiyyətdir. Balasını, ailəsini, göz odunu, ağız dadını, nəhrini verməyə hazır olan qüdrət sahibi vermir göylər boyda Azadlığını. Bu azadlıq yalnız onundur-dirilik suyu tək qovuşduğu, tapındığı Azərbaycandır. Xəlil Rza azadlıq yanğısı ilə kükrəyən şeirləri, “Məndən başlanır vətənim”, “ Davam edir 37”, “Lefortova zindanında” və onlarla vətənpərvərlik duyğuları ilə zəngin kitablarıyla ölümsüzdür. Onun dünya ədəbiyyatı xəzinəsindən uğurla dilimizə çevirdiyi incilər də Xəlil Rza yaradıcılığının qiymətli irsindəndir.
Şair həyatı boyu odla oynadı. Odlu çıxışları ətrafı, odlu misraları ürəkləri yandırdı. Odla oynaya-oynaya sonunda Səməndər quşu tək özünü odda yandıran Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatında haqq səsi, azadlıq şairi kimi əbədiləşdi. Onun yaradıcılıq irsi yalnız şeirlərinin yazıldığı illər üçün əhəmiyyətli olmayıb, uzun müddət təsir göstərmək iqtidarına malik yaşarı bir xəzinədir.
X.Rzanın vəfatı Azərbaycan ədəbiyyatının keçən əsrdə verdiyi əvəzsiz itkilərdən biri oldu. Ümummilli liderimiz cənab Heydər Əliyev şairlə vida mərasimində demişdir: “Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin ön cərgəsində getmiş, bu mübarizəyə qalxan gənclərimizə … örnək olmuşdur. O, daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir. Allaha şükürlər olsun ki, o, Azərbaycanın müstəqilliyinin şahidi olmuş, bunu görmüşdür… Mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox cəsurluğuna, əyilməzliyinə, öz ideyalarından dönməzliyinə hörmət etmişəm. Onu yüksək qiymətləndirmişəm… Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar üçün nümunə olacaqdır. Əminəm ki, Xəlil Rza Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır”.
Bəzən elə başa düşürlər ki, vətəndaş şairlik vətən üstünə qanadlı, coşqun şüarvari şeirlər yazmaqdan ibarətdir. Yox, ağ kağızı qaraldan Şair sözü ildırımdır. Sözü ildırım olan, şimşək olan şair ölümüylə belə ölümsüzləşdi, əbədiyaşar oldu. Xalqın azadlığı uğrunda ölüm-dirim döyüşlərində sözü və əməlləri ilə çarpışaraq qəhrəmancasına şəhid olmuş Xəlil Rza ruhuna eşq olsun. Qəbri nurla dolsun!-deyirik…
Xəlil Rza Ulutürk, mərd adına eşq olsun.
Qeyrətinə, əzminə, inadına eşq olsun!
Ayın, Günün varisi, Ulutürkə eşq olsun!
Xalqın Baş Mübarizi Ulutürkə eşq olsun!
Yaşarım Xəlil təkin, ölərəm Xəlil təkin.
Canım-atəş qaynağı, cismim-zirehli təmkin.
Məğrur, cəsur yaşayan kişilərə eşq olsun!
Xəlil Rza Ulutürk, bu hünərə eşq olsun!
Ənvər İsmayıllı.

Aynurə Əliyeva.

etiketlər
Şərh yoxdur

şərhini yaz