a
Hava:
26 C
clear sky
Baku
humidity: 27%
wind: 8 m/s S
H26 • L26
HomeQadın və ictimaiyyətMüharibə və qadınŞəhid anası “Vətənin şəninə yazılan hər zəfər nəğməsi toysuz-büsatsız Hafisimin büsat nəğməsi olsun”…

Şəhid anası “Vətənin şəninə yazılan hər zəfər nəğməsi toysuz-büsatsız Hafisimin büsat nəğməsi olsun”…

 

Şəhid, leytenant Hafis Cavanşir oğlu Qasımov 1998-ci il iyul ayının 18-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndində anadan olmuşdur. 2004-2012-ci illərdə Camaldın kənd tam orta məktəbində oxumuş, VIII- sinfi bitirdikdən sonra 2012-2015- ci illərdə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi liseydə təhsil almışdmuşır. 2015-ci ildə hərbi liseyi bitirərək H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur.

Kursantlıq illərində 2018- ci ildə Azərbaycan ordusunun yaranmasının 100-illiyi ilə əlaqədar olaraq keçirilən paradda iştirak etmiş və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir. 2019- cü ildə həmin məktəbi “Şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini” ixtisası üzrə bitirib.

2019- cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə “N” saylı hərbi hissədə “Şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini” vəzifəsinə təyin edilmişdir. Leytenant Hafis Qasımov qısa xidməti dövründə bir sıra nailiyyətlər qazanmış, hərbi hissə və Birlik Komandanlığı tərəfindən dəfələrlə təltiflərə layiq görülmüşdür.

2020-ci ilin oktyabrın 14- də işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması uğrunda Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, bu istiqamətdə yerləşən bir neçə kəndin və Xüdafərin körüsünün düşməndən azad olunmasında iştirakı olmuşdur.

Anası Nigar xanımın dedikləri: Mən şəhid balamı- Hafisimin anasıyam. Mən bu torpaqların qəhraman oğullar böyüdən, şəhid verən mübariz analarındanam. Üç oğul anasıyam, Hafis isə sonbeşiyimdir. Onu mən körpə uşaq kimi çox istəmişəm həmişə. O mənim qəlbimdə daha fərqli idi, daha başqa idi. Mən onun böyüdüyünü hiss etmirdim, o daim mənim üçün körpə, heç vaxt böyüməyən, evimin uşaq qalan övladı idi, məgərsə, o böyüyüb, hətta adını Azərbaycan tarix kitabələrinə həkk etdirəcək cəsarətə, məğrurluğa sahib bir qəhrəman olubmuş. Böyük oğlum da hərbiçidir. Camal Naxçıvan H.Əliyev adına liseyin bitirdikdən sonra Bakı Hərb məktəbinə qəbul oldu. Oranı bitirdikdən sonra bir hərbiçi kimi işə başladı. Hafisim də öz böyük qardaşını özünə nümunə götürdü. O da böyük qardaşı kimi hərbiçi olmağa qərar verdi. İkinci oğlum isə müəllimdir. Mənim hər üç oğlum vətənpərvər ruhda tərbiyə aldılar və vətəni hər bir nemətdən uca tutdular. Biz onlara körpəlikdən vətən sevgisi aşıladıq.

Hafis çox həvəslə oxuyurdu hərbi məktəbi. Onun uşaqlıqdan ən ümdə arzusu isə vətəni azad görmək idi. O, çox istəyirdi ki, işğal altında olan torpaqlarımız qarətdən azad olsun. Düşmənlə münaqişəyə səbirsizlənirdi Hafis. Müharibə yolu ilə də olsa, vətən işğaldan azad olunmalıdır deyirdi. O uşaqlıqdan kiçik qəlbində böyük vətən sevgisi yaşadırdı. Onun amalı da, arzusu da yönü də vətənlə bağlı idi. Oxuduğu məktəblərdə də bu amalı, bu sevgisi müəllim kollektivi və aidiyyatı qurumlar tərəfindən yüksək qiymətləndirilir, diplomlar, fəxri fərman və adlarla mükafatlandırılırdı.
Hafisim çox az yaşadı, çox az ömür sürdü, ancaq onun o az ömründə göstərdiyi qəhramanlıqlar, gördüyü işlər hər igidə, hər oğula qismət olmur.
Təzəcə bitirib 1 il idi ki, işləyirdi mənim cəsur balam. 27 sentyabr 2020 -ci ildə 20 gün amansız döyüşlərdə sözün əsl mənasında şücaət göstərdi. Torpaqlarımız, eyni zamanda ən qədim keçmişimizin yadigarı, milli- mənəvi dəyərimizi Xüdafərin körpüsünün uğrunda döyüşlərdə şəhid oldu. Uşaqlıqdan “Ya Qarabağ, ya ölüm” deyən Hafis Qarabağ uğrunda canınını fəda etdi. Döyüş yoldaşları onun neçə- neçə mənfur düşməni öldürdüyündən, necə düşmən texnikasının qənimət kimi əldə etdiyindən danışırdılar. Oğlumun yaşı az olsa da, onda bir müdriklik vardı. Yetişkin insana xas olan qorxusuzluq, təmkin, səriştə vardı. Bu xarakteri də məhz onu qəhrəmanlığa apardı.
O amansız, səngimək bilməyən döyüşlər zamanı bütün analar kimi mən də çox narahat idim. Hafis bunu bilirdi, ona görə də, imkan tapan kimi telefon zəngi edib deyərdi ki, ana, məndən nigaran qalma, ermənini bu torpaqlardan dəf etməyincə qayıtmayacağıq. Yanımda neçə-neçə çiyindaşlarım, cəbhə yoldaşlarım, qardaşlarım şəhid olub, mən onların qanını alacam. Yalvarırdım ki, Hafis, qurban olum, özünü qoru deyirdim. Son günə qədər biz telefon əlaqəsi saxladıq. Məni o qədər əmin edirdi ki, özü ilə bağlı, deyirdi ana, gələcəm qardaşıma toy edək. Hələ də inana bilmirəm ki, mənim balam artıq yoxdur…

Hafisim məni çox sevərdi, mənə çox bağlı idi. Demək ki, vətənimizi məndən də, canından da çox sevdi ki, hər şeydən, hətta öz bahar ömründən belə keçməli oldu…

Bir il idi görmürdüm oğlumu. Məzuniyyətini gözləyirdim. Qışda gələcəkdi mənim qəhrəman balam. Biz onun gəlişini bayram kimi gözləyirdik. İgid balam, Hafisim gəldi, ancaq o sevdiyi al bayrağa bürünüb gəldi…
Mənim oğlum yüzlərlə şəhid balalar kimi ölümü ilə ölümsüzlük yazdı. Onlar tarixə şan qatdılar. Özü ilə gətirdiyi, qanı iləala boyadığı o müqəddəs bayrağımızı da qapımızdan, ən uca yerdən asdıq. Axı, o balamın “Uğrunda ölən varsa, vətəndir” deyib uğrunda həlak olduğu yenilməz bayrağıdır. O, mənə balamın müqəddəs əmanətdir.

Mən sözün bitdiyi yerdəyəm, övladdan başqa yol yoxdur. Ciyərinin ən isti yeri, ürəyinin şah damarıdır övlad. Bir ömür özünü həva etdiyindir övlad, can içində can parçasıdır övlad…

Danışmağa nəfəsimin kəsəri, yeriməyə dizimin təpəri yoxdur. Sadəcə üzümü bu şanlı dövlətimin mənim kimi şəhid analarına, şəhid bacılarına, şəhid ailələrinə tutub deyirəm: “Biz qəmimizlə qürurumuzu bir anda yaşayan Azərbaycan qadınlarıyıq. Səbirli olaq, bu ağır yükü çətin də olsa, hər zaman daşıyacağıq. Bizim mübariz oğullarımız düşmənə qalib gəldilər, onlar aydın sabahlar qoyub getdilər sabahkı nəsillərə. Fəxr edək, mən fəxr edirəm ki, mənim Hafisim vətən uğrunda can verdi. Mərd getdi, qəhrəman getdi.
Bu sınıq qəlbimdən, yaralı köksümdən gələn sözlər odur ki, təki vətən sağ olsun…”

Oğullarımızın qanı yerdə qalmadı. Biz qalib olduq. Torpaqlarımız işğaldan azad olundu. Hafisimin ruhu şaddır, rahat uyusun mənim körpə fidanım. Qəhrəman cərgəsində sıravi qəhrəman balam…
Fəxr edirəm ki, balam qəhrəmancasına şəhid oldu. Onu mən laylaladan çox vətən nəğmələri ilə böyütmüşəm. Qoy bundan sonra mənim dövlətimin, mənim vətənimin şəninə yazılan hər zəfər nəğməsi toysuz- büsatsız Hafisimin və bütün şəhid balalarımızın büsat nəğməsi olsun…

etiketlər
Şərh yoxdur

şərhini yaz