a
Hava:
23 C
clear sky
Baku
humidity: 46%
wind: 5 m/s SSE
H23 • L23
HomeQadın və ictimaiyyətMüharibə və qadınGənc analar, övladlarınızı vətənpərvər böyüdün, onlara nağıllar yox, bu günkü qəhrəmanlarımızdan danışın.

Gənc analar, övladlarınızı vətənpərvər böyüdün, onlara nağıllar yox, bu günkü qəhrəmanlarımızdan danışın.

Gənc analar, övladlarınızı vətənpərvər böyüdün, onlara nağıllar yox, bu günkü qəhrəmanlarımızdan danışın.

Elm sübut edir ki, insanda orta hesabla mindən çox duyğu hissi vardır. Bu qədər duyğu hissləri içərisində sevgi ən önəmli yer tutmaqdadır. Sevgi istəyin ən güclü formasıdır. Sevgi həm anadangəlmə, həm də sonradan qazanılan olur. Sevgi ilahi nemətdir. Hələ bu, vətən sevgisidirsə, müqəddəsdir. Gəlin, sizlərlə birgə bu müqəddəs hissi özündə cəmləyən, vətən sevgisini həyat amalına çevirən bir Azərbaycan qadınını – Gülzar xanımı daha yaxından tanıyaq. Qoy onun qəlbinin dərinliklərindən süzülən vətən məhəbbəti ruhumuzu oxşasın. Bu soyuq qış günündə Gülzar xanımı dinləməklə onun vətən sevdasının hərarəti ilə də ilğımlanaq.

Dadaşova Gülzar Şahrza qızı 1954- cü ildə Bakı şəhərində anadan olub. Gülzar xanımın doğulduğu ailə böyük idi. O, əməkçi bir ailənin yeddi uşağından biridir. 1992-ci ildə Gülzar xanım toxuculuq fabrikində işləyirdi. Birinci Qarabağ savaşında Gülzar xanımın 38 yaşı vardı.


Gəlin bundan sonrasını biz böyük ürək və mübariz ruha sahib müsahibizdən, Gülzar xanımın öz dilindən eşidək.

–Müharibə yenicə başlamışdı. Bizim toxuculuq fabrikindən hərbi qospitala yardımlar aparılırdı. Bir neçə dəfə yardım olunarkən mən əsgərlərin oradakı vəziyyətini gördüm. Əlimdən gələn nə varsa, onlar üçün etməyə çalışırdım. Onların qarşısında özümü sanki həm onlara, həm də vətənə borclu hiss edirdim. Yeganə düşüncəm nə edim ki, vətənin bu dar günündə mən də öz borcumu yerinə yetirim idi. Xalqıma, dövlətimə, orduma nə edə bilərəm deyə özüm-özümə suallar verirdim. Yaralı əsgərlər və onların vəziyyəti mən onların yanından ayrılıb gələrkən belə gözlərim önündən getmirdi. Beləliklə, mən bütün həyatımı dəyişən, ancaq o zaman mənim fərqində olmadığım bir qərar verdim. Həftə içi fabrikdə işləyirdim. Həftə sonları isə qospitalda yaralı əsgərlərə kömək məqsədilə qospitalda işləyirdim. Günlər keçdikcə yaralı əsgərimizin sayı artırdı. Vəziyyət çox pis idi. Mən bu dəfə də düşündüm ki, mənim burdan çox orada, yəni ön cəbhədə daha çox köməyim deyə bilər əsgərlərimizə.
Beləliklə, mən könüllü olaraq Qarabağa– döyüşə yollandım. Müharibə vaxtı Ağdamda, Şüşada və s. döyüş bölgələrində olmuşam.

–Gülzar xanım, müharibə və qadın anlayışına münasibətinizi bilmək istərdik. Bəzən insanlar müharibənin qadına aid olmadığını, qadının müharibədə yeri olmadığını deyirlər. Sizin bu fikrə münasibətiniz necədir?

– Mən bu fikirlə əlbəttə razılaşmıram. Qadın müharibədə həkim kimi də olmalıdır, tibb bacısı kimi də, jurnalist kimi də, döyüşçü kimi də və s. Lap belə yemək bişirən olsun. Müharibə vaxtında orada olub yaralı bir əsgərin başına sığal çəkmək, ona ana qayğısı göstərmək, nəvaziş edib, qayğısına qalmaq qədər gözəl nə ola bilər ki. Hələ əlinə silah götürüb düşməni məhv etməyi demirəm. Məgər düşmənə qan udduran, onlara divan tutan Azərbaycan qızları az idimi?.. Hamısı da qəhrəmanlıq göstərərək tarixə şan qatdılar…
Mən bu sualınıza elə özümdən misal gətirərək cavablamaq istərdim. Mən ön cəbhədə əlimdən gələni heç vaxt əsirgəmədim. Yeri gəldi, onların yarasını sarıdım, müayinə etdim, yeri gəldi yemək də bişirdim.
Yaxşı yadımdadır ki, o zaman Xocalıdan gələn nə qədər xəstə var idi. Çoxlu sayda yaralanan qocalar, qadınlar və uşaqlar vardı. O yaralılar ilk olaraq Agdamda yerləşən vaqonlara gətirilərdi. İlk yardım orada, o vaqonlarda edilib sonra müxtəlif bölgərimizdəki tibb ocaqlarına göndərilərdi. Mən o vaqonlarda onlarla yaralıya müəyyən köməkliklər etmişəm.
Bizim xalqımızın oğulları igid oğullardır, onlar biz qadınları ona görə cəbhədə görmək istəmirlər ki, onlar bilir ki, düşmən amansız, düşmən mənfurdur, Azərbaycan qadını isə namuslu, ismətli. Azərbaycan əri, mərd oğulları istəməz ki, Azərbaycan qadını düşmənə əsir düşsün. Ona görə, də ön cəbhədə kişilər, arxa cəbhədə də biz qadınlar olaraq birliyimiz sayəsində ikinci Qarabağ savaşını qazandıq.

 

–Gülzar xanım, bir ailəli qadın olaraq və ən əsası dörd uşaq anası olaraq onları Bakıda ata- ananıza əmanət edib, döyüş bölgəsinə getməyin ağırlığını duymamaq mümkün deyil. Bu çox çətin, məşəqqətli bir seçimdir. Siz bunu bacarmısınız. Demək ki, sizin vətən sevdanız bütün sevgilərin önünə keçib. Siz bu addimınızla bir daha sübut etdiniz ki, bu qədər vətənpərvərdir bizim vətənimizin qızı, gəlini. Bəlkə bütün bunları sizin dilinizdən eşidək.

– Bir ana kimi övladlarımı çox sevirəm. Hələ onların azyaşlı olduğu müddətdə onlara qayğım, diqqətim daha çox idi və onlara ən yüksək səviyyədə qayğı göstərməli olduğumun fərqində idim. Bundan əlavə nəvazişə hər zaman ehtiyacı olan yaşlı valideynlərimin də qulluqlarında durmalı olduğumu bilirdim. Yaxınlarına, ailəyə bağlı insanam. Mənim üçün ailə dəyərləri çox yüksəkdə dayanır. Bütün bunlara baxmayaraq, vətən mənim üçün əzəli və əbədi eşq, sevgi, məhəbbət idi. Yeri doldurulmayan, əvəzi olmayan bir müqəddəs qibləm, pənahımdır vətən. Hər insanın qəlbinin bir sarı simi var, kiminin övladı, kiminin işi, evi, maddi gəliri, anası, sevdiyi insan və ya hər hansı bir insanı, əşyası, obyekti və s. Mənim sarı simim vətəndir.

–Gulzar xanım, o illərə boylananda indi nələri görürsünüz?

–Mən hazırda altmış altı yaşındayam, illər, ömür məndə çox xatirələrin izini qoyub. Ancaq bütün həyatım boyu mənim ən kövrək, ən yaddaqalan xatirələrim məhz o xatirələrdir. Mən hər dəm o illərə, o aylara qayıdıram. O yarasını sarıyıb, ana- bacı nəvazişi ilə qayğı göstərdiyim hər bir yaralı əsgərlər indi də mənim xatirələrimdə təzə- tərdir. Nə yalan deyim, hərdən o xatirələr məni qəhərə, göz yaşına da boğur. Sanki o illəri elə indi yaşayıram. Gənc yaşda atdığım o addımı, o cəsarətimi, bu ahıl yaşda da dəstəkləyirəm. Nə yaxşı ki, mən həyatımı, işimi, övladlarımı bir tərəfə qoyub on cəbhəyə getdim. Vətən üçün az da olsa, vətəndaşlıq borcumu yerinə yetirdim. Fərqində idim ki, gedib qayıtmamaq vardı. Ölümlə burun- buruna olmaq əlbəttə çox çətindir. Ancaq bu mənə mane ola bilməzdi. Təki vətən sağ olsun.

–Qadın ruhuna, kişi mərdliyi nə sahib Gülzar Dadaşovanın vətən sevdasının mənbəyi haradan başlayır?

–Mənə vətənpərvərlik ailədən gəlib. Valideynlərim bizi elə yetişdirdilər ki, bizim üçün vətəndən, torpaqdan başqa yol yoxdur və ola da bilməzdi.Vətən, vətən, vətən…
Qardaşlarım hərbiçidir. Onlar ön cəbhədə rəşadətlə vuruşublar. Bir qardaşım isə 20 Yanvar qazisidir. Əlildir, ancaq o da hər an vətən yolunda ön cəbhəyə getməyə hazırdır. Ailədən gələn bu tərbiyənin mən də öz övladlarımda tətbiq edirəm.

– Gülzar xanım, o illər sizin təkcə xatirinizdəmi qalmışdır, yoxsa bu xatirələri bölüşmək üçün o insanlarla ünsiyyətiniz hələ də vardımı?

–Əlbəttə, bizim hələ də əlaqələrimiz davam edir. Dediyim kimi, qardaşım da hərbiçidir və biz bəzən o insanlarla bir araya gəlirik. Həm o dövrün xatirələrini təzəliyirik, həm də “biz birlikdə güclüyük” deyərək, öz aramızda yardımlar toplayıb hazırda ön cəbhədə vuruşanlara, bəzən də onların ailələrinə yardımlar edirik, lazım gələrsə, əsgər yaxınlarına baş çəkirik. Çalışırıq ki, maddi – mənəvi gücümüzlə onların yanında olaq.

– Gülzar xanım, hərbiyə illərini vermiş bir Azərbaycan qadını kimi, vətənpərvər vətəndaş kimi hazırkı möhtəşəm qələbəmiz haqqında nə deyə bilərsiniz?

– Mən sevincliyəm, qürurluyam, çünki Azərbaycanım sevinclidir. Bu bizim dünyaya verdiyimiz mesajdır. Qəhrəman və rəşadətliyimizin sübutudur. Ali baş komandanımızın səlis siyasətidir. Bir də ən çox nəyə sevinirəm bilirsinizmi, düşmənə qan udduran bu gənc əsgərlərimizin çoxu Qarabağ işğal olunan illərdə hələ doğulmamışdılar. Görün nə qədər vətənpərvər böyüdülüblər ki, onlar “Ya Qarabağ, ya ölüm” deyib vətənin keşiyində dayandılar, bir olub-birlik göstərdilər. Can verib torpaq aldılar. Bax budur, mənim vətənimin cəsur oğlu- qızı. Bu gün başına qara yaylıq bağlayan şəhid anaları dünənin vətənpərvər övlad dünyaya gətirən gəlinləri idi. Mən vətənimlə, xalqımla, prezidentimlə fəxr edirəm.

– Gülzar xanım, cəsarətli oğullar böyüdən, övladları qədər qəhrəman sayılan analardan, qadınlardan söz düşmüşkən, bilirsiniz ki, “Umay” da Azərbaycanın gərəkli saytlarından biridir və üstəlik qadın saytıdır. Umayclub. com saytı qadınların dünənini, bu gününü gündəmə gətirən, onu oxucu, izləyici nəzərinə cəlb edən bir saytdir. Bir qadın olaraq “Umay” a və “Umay”ın vasitəsilə Azərbaycan qadınlarına sözləriniz, arzularınız nədir?

–Bəli, Azərbaycan qadınını hər məqamda yüksək tutan, yeri gələrsə, onun qəhrəmanlığından, əzmindən, biliyindən, ağlından, yüksək keyfiyyətlərindən, ləyaqətindən, cəmiyyətdə yer aldığı mövqeyindən, yeri gələrsə, dünən, bu gün onun üzləşdiyi çətinliklərdən söhbət açan, onu ictimaiyyətə layiqincə çatdıran Umayclub.com yaradıcıları olan siz iki xanıma təşəkkürümü bildirirəm. Fikrimcə, siz təkcə Azərbaycan qadinlarının deyil, qadına dəyər verən hər bir insanın alqışına layiqsiniz. İşıqlandırdığınız hər bir qadının taleyi digər qadınlara həm nümunə, həm də həyat xəritəsi, öyüd sayıla bilər. Bu minvalla gördüyünüz işlər əlbəttə, təqdirəlayiqdir. Mən sizin vasitənizlə də Azərbaycan qadınlarını möhtəşəm qələbəmiz münasibətilə təbrik edirəm. Şəhid, qazi analarının nisgili, ağrısı içimizin lap dərinliklərində yaşayaraq, onlarla həmdərdik. Şəhid anaları-bacıları, məğrur olun, bu xalq hər zaman sizin övladlarınıza borcludur. Bu möhtəşəm qələbənin senaristi sizin övladlarınızdır. O analara üzümü tuturam və deyirəm, əgər bu vətən hamımızın anasıdırsa, o şəhid balalar da hamımızın balasıdır. Bütün gənc analara səslənirəm, övladlarınızı vətənpərvər böyüdün, onlara Cırtdanın, Təpəgözün nağıllarını danışmaqdansa, bu günün qəhrəmanlıq dastanının yazan şəhidlərimizin rəsmlərini göstərin. Onların həqiqi şücaətindən danışın övladlarınıza…

Gülzar xanım vətənini sevən, torpaq, birlik, vətən sərhədləri, vətən hüdudları deyiləndə hələ də göz yaşları sevgidən, sevincdən, qürurdan ulduz-ulduz parlayan bir Azərbaycan qadınıdır. Qəlbi vətən deyə-deyə döyünən bir vətən qızıdır. İstədik ki, siz də bizimlə birgə onun qəlb səsinə qulaq verəsiniz…
Gülzar xanım, vətən deyən qəlbiniz heç vaxt susmasın, qələbəniz, qələbəmiz daim olsun, vətən qızı, vətənin layiqli qadını…

Şərh yoxdur

şərhini yaz