a
Hava:
24 C
clear sky
Baku
humidity: 31%
wind: 7 m/s SSE
H24 • L24
HomeQadın və ictimaiyyətMövzu "Qadın"Fikirlər,məqalələrQız var oğuldan qeyrətli deyən Teymur Bünyadov

Qız var oğuldan qeyrətli deyən Teymur Bünyadov

Tarixçi-etnoqraf alim, akademik Teymur
Bünyadovun “…Qız var oğuldan qeyrətli” kitabı tarixi öyrənənlər üçün bir töhfədir. Alimin digər sanballı kitablarında olduğu kimi bu kitabında da tarixi dövrləri, tarixi şəxsiyyətləri əks etdirən maraqlı və yeni faktlarla zəngin məlumatlar var. Hər bir oxucu buradan özünə lazım olan məlumatları əldə edə bilər. Tarixdə özünə qəhrəmanlıq səhifəsi yazmış Azərbaycan qadınlarının əksi bu kitabda təcəssüm edilmişdir.

Teymur Bünyadovun fikincə, “qadınlıq ilahi qüvvə, ulu varlıq, alilik, adilik, yaradan, yaşadan, qoruyan varlıqdır”.
Qadın eyni zamanda “bəşərə zinnət, insanlığa şöhrətdir, ucalıq, ülvilik timsalıdır. Gözlərə işıq, qəlblərə yaraşıqdır”. Bu ideya baxımından çıxış edən akademik Azərbaycan tarixində özünə əbədi şöhrət məbədi ucalmış tarixi şəxsiyyətlər – qadınlar haqqında yığcam, ancaq kifayət qədər məlumatlı bir əsər kimi yaratmışdır. Onu istərsə yaşlı nəsil, istərsə də gənc nəsil, məktəblilər heç bir çətinlik çəkmədən bir nəfəsə oxuyub yaddaşlarına həkk edəcəkdir. Çünki əsər çətin ibarələrdən, qaranlıq mətləblərdən uzaq, anlaşıqlı bir dildə yazılıb. Lap Teymur müəllimə xas olan bayatı dilində, xalq dilində…

İnsan ruhunun müqəddəs yazısı olan kitab bir nəslin o biri nəslə mənəvi vəsiyyətidir. Bu kitabın qəhrəmanları müxtəlif həyat yollarına malik olsalar da onları bir amal, bir məqsəd birləşdirir. Doğma Azərbaycanımıza layiq bir övlad olmaq xalqımızın əsrlərdən bəri qoruyub saxladığı milli-mənəvi dəyərlərinə sadiq olmaq. İnanırıq ki, əsl vətəndaşlıq mövqeyi ilə seçilən, yaşayan və xalqına ləyaqətlə xidmət göstərən ziyalı şəxsiyyətlərin həyatından bəhs edən, gələcək nəsillərə mənəvi yadigar olan bu kitab oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Bu kitabda ulu nənəmiz, Massaget hökmdarı Tomrisdən üzü bu yana Kitabi Dədə Qorqud dastanındakı Dirsə xanın xatını, pəhləvan və igid Banuçiçəkdən, Selcan xatundan, Möminə xatundan, tarixdə ilk diplomatik azərbaycanlı qadın adını qazanan, uzaqgörən, müdrik Sara xatundan, I Şah İsmayılın “könül həmdəmi” Taclı xanımdan, Koroğlunun Nigarından, Qaçaq Nəbinin Həcərindən, Qanlı 20 Yanvar şəhidi İlhamın sədaqətli Fərizəsindən dolğun şəkildə söhbət açılır.

Kitabda qadın ona layiq sözlərlə tərənnüm edilib, nə ilə eyniləşdirilib , bilmək istərdinizmi? Qadın ilahi qüvvə, ulu varlıqdı, adilik, alilik timsalıdı.
El anasıdı, dünyalar dünyasıdı. Gözlərə işıq, qəlblərə yaraşıqdı. Ana vətəndi, vətən də ana…

Keçərlər,
Zirvə aşar, keçərlər.
Vətən üçün, el üçün
Şirin candan keçərlər.
***
Vətəndi,
Yurd-yuvadı, vətəndi
Bu ana torpaq ki, var
Anamızdı, Vətəndi-deyiblər…
***
Qan damar,
Qan tökülər, qan damar.
Yurduma göz dikənin
Gözlərindən qan damar.

Kitabda adları çəkilən qadınların vətənpərvərliyi, əzm və mübarizliyi ilə birgə analıq hissi, müqəddəs peşəsi ilə ön plandadır, bir çox məqamda, xüsusən ilk orta əsrlərdə
kamilləşən, minilliklərdən xəbər verən və dünyada şöhrətlənən, xalqımızın, türk dünyamızın əvəzsiz incisi, əzəmətli abidəsi, vətənpərvərlik çələngi, analarımızın etibar-ilqar ucalığı sədaqət səmimiyyət rəmzi “Kitabi Dədə Qorqud” dastanında ana-övlad məhəbbəti, analıq
hissi qabarıq göstərilməkdədir. Ana tanrıdan sonrakı yaradandır. Ana dar günün dayağı, gen günün sevinc paylayanı, şadlıq yayanıdır. Bəli, anaya layiq oğul, oğula layiq ana. Süddən gələn, sümüyə yeriyən, iliyə işləyən hikmət. Ana müdrikliyi igid çəngavərliyində, igid qeyrəti ana ismətində. Ana dünyamızın, mübarizəli tariximizin qızıl səhifələrinin bəzəyidir.

Dolan gəz,
Ərzi-gürzi dolan gəz.
Vətən birdi, anam tək,
Dur başına dolan gəz.

Əsərdə yenilməzlik qalası olan türk qızlarımızın bir çox ülvi hissindən söhbət açılır.

Kitabda mübariz el qızlarının ülvi hisslərindən, saf məhəbbətindən söhbət açılır. Məsələn: Nigar əsilli-nəsilli tayfanın isməti gözünün işığı, əsl türk qızı idi. O, türk oğlu Azərbaycan igidi Koroğluya ürək açdı, könül verdi.
El üçün vuruşan, xalq qəhrəmanı Qaçaq Nəbiyə gözəl və əzmli el qızı Həcər könül verdi. Həcər sevgisi qədər qoçaqlığı ilə də dillər əzbəri oldu…

Mahalda deyirlər, qaçaqdır Nəbi,     Həcəri özündən qoçaqdır Nəbi. 

Əsrdə qadınlar istər ömür gün yoldaşları ilə, istər ərsəyə gətirdiyi övladlarının yanında gözlərini yummadan döyüş meydanlarına atılırdılar. Bu Azərbaycan qadınının əzmi cəsarəti və igidliyi idi. Kitabda Azərbaycan qadını hər mənada meydanda öz şücaətini göstərir. Döyüşə
girmək, qılınc oynatmaq, meydanda şimşək tək çaxmaq qəhrəmanlıqdır.

Lakin dəhşətlərin qarşısını almaq, qanı su ilə yumaq daha böyük hünərpərvərlik, uzaqgörənlik və şücaətdir. Uzun Həsənin anası kimi qoca Şərqin ilk diplomat qadınlarından birincisi kimi məşhurlaşan Sara xatun müdriklik rəmzi olan meydanda, siyasət meydanında idi.

Analarımız gözləri ilə od götürüblər, ayaqları ilə od ayaqlayıblar. Sinələrindən yara alan analarımızın qanı südlərinə qarışıb, torpağa tökülüb. Müqəddəslik onlarla daha da müqəddəsləşib. “Daş var qızıldan qiymətli, qız  var oğuldan qeyrətli” hünərini yaradıblar. Tarixi
sınaqdan çıxan “Aslanın erkəyi dişisi olmaz” hikmətini yaşayıblar… Qulağıma səslər gəlir ana səsi, ana səsi, vətən səsi gözəl köçər, gözəllik qalar bu dünyada. Ana ölər, analar yaşar bu dünyada. Ana vətənləşər, vətən analaşar. Bu dünyada…

Gəl, ana yurdumun, qızı, gəlini,
İndi hünər vaxtı, qeyrət dəmidir.
Sən gəl əsirgəmə kömək əlini,
Hər sözün, söhbətin can məlhəmidir.
Adın şərəflidir sənin, ey qadın!
Dahilər anası çağrılır adın.
Aynur Turan

Şərh yoxdur

şərhini yaz