a
Hava:
14 C
clear sky
Baku
humidity: 77%
wind: 3 m/s S
H14 • L14
HomeQadın və ictimaiyyətMövzu "Qadın"Fikirlər,məqalələrAzərbaycan dövlətində uğurlu qadın siyasəti həyata keçirilir

Azərbaycan dövlətində uğurlu qadın siyasəti həyata keçirilir

sə

Azərbaycan dövlətində uğurlu qadın siyasəti həyata keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü
Sədaqət Qəhrəmanova “www.yap.org.az” saytına müsahibə verib:

– Sədaqət xanım, qarşıdan 8 Mart – Beynəlxalq Qadınlar Günü gəlir. Bu bayram ərəfəsində istərdik ki,
Azərbaycanda gender siyasəti ilə bağlı məlumat verəsiniz. Ümumiyyətlə, dövlətimizin qadın siyasəti
haqqında nə deyə bilərsiniz?

– Bildiyiniz kimi, gender məsələsi cəmiyyətdə hər bir sahədə kişilərin və qadınların bərabərliyinin təminatını
özündə ehtiva edir. İlk olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda qadınlar tarixin hər bir dönəmində
ağır, məsuliyyətli vəzifələrin yerinə yetirilməsindən çəkinməyiblər. Hətta elə qadınlarımız olub ki, onlar
siyasi xadim kimi yüksək diplomatik qabiliyyətə malik olub, qəhrəmanlıqları ilə tarixin yaddaşına həkk
olublar. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın inkişafında da kişilərlə
qadınların rolu mən deyərdim ki, eynidir. Təbii ki, cəmiyyətdə gedən proseslərdə qadınların rolunun
artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilib və keçirilməkdə
davam edir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə yaradılan Qadın Problemləri üzrə
Dövlət Komitəsi ölkəmizdə gender bərabərliyi məsələsinə dövlətin münasibətini əks etdirirdi. Daha sonra,
bu bərabərliyin daha da inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsinə başlanıldı.
2000-ci ilin martında Ulu öndərimiz Heydər Əliyev tərəfindən dövlətimizin qadın siyasəti, bu sahəyə daha
çox diqqət ayrılması ilə bağlı Fərman imzalandı. Bu Fərmanın imzalanmasında əsas məqsəd Azərbaycan
qadınlarının ictimai-siyasi fəallığını artırmaq, onların dövlət və digər strukturlarda təmsilçiliyini daha
yüksək səviyyədə təmin etməkdən ibarət idi. Təbii ki, qeyd olunan bu siyasət Qadın Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən həyata keçirilirdi. Bu gün isə artıq həmin siyasətin daha genişləndirilmiş düsturu özünü
üç istiqamətin birləşdiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasında göstərir.
Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2006-cı ildə yaradılan bu qurum qeyd olunan
istiqamətlərdə siyasətin inkişaf etdirilməsini təmin edir. Nəzərə almaq lazımdır ki, qadın ictimai işlə məşğul
olmaqla yanaşı, anadır, övladlarına həm tərbiyə verən, həm də onları cəmiyyətə təqdim edən valideyndir. Bu
baxımdan, qadının fəaliyyət göstərdiyi ictimai sahə ilə ana olaraq üzərinə düşən məsuliyyət paralel şəkildə
inkişaf etdirilməlidir, onlar bir-birilərinə mane olmamalı, əksinə, kömək etməlidir. Bu səbəbdəndir ki,
Azərbaycanda qadınların ictimai fəaliyyətlə məşğul ola bilməsi ilə əlaqədar ailədə hansısa problemlərinin
yaranmaması istiqamətində mühüm siyasət aparılır. Biz regionlarımızda bu istiqamətlərdə maarifləndirici
proqramlar, tədbirlər həyata keçiririk. Bu çox vacib bir məsələdir. Mən xatırlayıram ki, Yeni Azərbaycan
Partiyası (YAP) tərəfindən millət vəkilliyinə namizədliyim irəli sürüldüyü zaman Ulu öndərimiz Heydər
Əliyevlə görüşüm olmuşdu və həmin görüşdə Onun qadın siyasəti ilə bağlı fikirləri mənim xatirimdə dərin
izlər buraxıb.
Hesab edirəm ki, qadınlar vəzifələrə irəli çəkildiyi, ictimai məsuliyyətli işlərə başladıqları zaman onların
ailə problemləri ilə maraqlanmaq lazımdır. Bu amil mütləq şəkildə nəzərə alınmalıdır. Bizim regionlarda
keçirdiyimiz görüşlərdə də bu məqam qırmızı xətlə vurğulanır ki, qadınlar ictimai fəaliyyətlə məşğul
olduqda öz müqəddəs missiyalarını-analıq missiyalarını unutmamalıdırlar.

– Bəs Azərbaycan qadınları ictimai proseslərdə nə dərəcədə fəaldır?

– Ölkəmizdə gender siyasəti olduqca uğurla davam edir. Bu uğurlar son bələdiyyə seçkilərində bir daha
özünü qabarıq şəkildə göstərdi. Qadınların bələdiyyələrdə təmsilçiyi 4 faizdən 27 faizə qədər artıb. Bu
qadınların ictimai fəaliyyətə marağının artmasının göstəricisidir. Digər tərəfdən, bu həm də, bizim komitənin
yerlərdə qadınlar arasında apardığı maarifləndirmə işinin müsbət nəticəsi sayıla bilər. Sevindirci haldır ki,
artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllimə, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı,
bələdiyyələrdə təmsil olunmağa da maraq göstərirlər.

Bizim bələdiyyələrə seçilən qadınlarımızla bu gün də çox yaxşı əlaqələrimiz var, bu əlaqələri davam
etdiririk, onların problemləri ilə yaxından tanış oluruq, müəyyən mənada dəstək olmağa çalışırıq. Qadınların
bələdiyyələrdə təmsilçiliyi olduqca vacib məsələdir.
Bu gün əgər biz kəndlərdə qızlarımızın erkən nigahı problemindən və ya kənddə yaşayan qadınların ortaya
çıxan problemlərindən, o cümlədən, kəndlərdəki sosial problemlərdən danışırıqsa, sözügedən
çatışmazlıqların aradan qalxmasında həmin qadınların böyük rolu ola bilər.
Ölkəmizdə keçirilən sonuncu parlament seçkisinin nəticələrinə əsasən də qadın millət vəkillərimizin sayının
artdığını müşahidə etdik. Bəzən gender balansı dedikdə həmin anlayışı yarı-yarıya kimi qavrayırlar. Bu heç
də belə deyil. Məsələyə kompleks şəklində yanaşılmalıdır. Əsas odur ki, qadınlar ictimai fəaliyyətlə məşğul
olmağı tam varlıqları ilə istəsinlər, öz işlərinə can yandırsınlar. Bu istək olduğu halda həmin qadın həm
evindəki analıq, həyat yoldaşı olmaq kimi məsuliyyəti tam həyata keçirər, həm də tutduğu postda öz işini
uğurla icra edər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, hər bir dövlət postu qadın üçün ikiqat
məsuliyyətdir. Bu baxımdan, gender məsələsinə incə yanaşma sərgilənməlidir.

– Azərbaycanın bu yöndə həyata keçirdiyi siyasət beynəlxalq təşkilatlar tərəfindən necə dəyərləndirilir?

– Bu gün beynəlxalq aləmdə də gender, qadın məsələsinə çox güclü diqqət yetirilir. Azərbaycan dövləti bu
istiqamətdə beynəlxalq təcrübə ilə yaxından tanış olub, biz qadınlara qarşı ayrı-seçkiliyin aradan
qaldırılması ilə bağlı konvensiyaya üzv olmuşuq, hər 4 ildən bir BMT-nin müvafiq komitəsi qarşısında
hesabat veririk. Təsadüfi deyil ki, artıq BMT kimi nüfuzlu bir beynəlxalq təşkilat Azərbaycanı inkişaf edən
dövlət kimi görür və bu dövlətdə qadınlara qarşı münasibətin yüksək olmasını təqdir edir. Yeri gəlmişkən,
bizim sonuncu, dördüncü hesabatımız da qurum tərəfindən çox yüksək qiymətləndirilib. Həmin hesabatın
ardından bizə yeni tövsiyələr də verilib.

– Bu sahə ilə bağlı mövcud qanunvericilik bazasını necə qiymətləndirmək mümkündür?

– Öncə vurğulamaq istəyirəm ki, gender bərabərliyi məsələsi araşdırılması zəruri olan böyük bir elmdir.
Azərbaycanda gender bərabərliyi məsələsi ilə bağlı yüksək səviyyədə tədbirlərin həyata keçirilməsi təsadüfi
deyil. Bir müsəlman ölkəsi olaraq qadınlar və kişilər arasında sosial bərabərlik məsələsi bizim dinimizdən
başlayır. Allahın insanlara bəxş etdiyi müqəddəs kitabların sonuncusu olan “Qurani-Kərim”də ailəyə və
qadına çox yüksək dəyər verilib. Hətta qadınların cəmiyyətdə və ailədəki rolu ilə bağlı ayrıca surə də var. Bu
gün İslamdan danışarkən bəzi hallarda qadınlara müəyyən qadağaların qoyulduğunu söyləyirlər, bu belə
deyil. Sadəcə, dinimizə elmi cəhətdən yanaşılsa, gender bərabərliyinin əsasının oradan gəldiyini görərlər. Bu
baxımdan, elm adamları, QHT nümayəndələri, o cümlədən, dinə bağlı olan insanlarımız bu məsələyə daha
dərindən yanaşmalı, daha elmi mövqe nümayiş etdirməlidirlər. Bu gün Azərbaycanda gender bərabərliyinin
təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender
bərabərliyi haqqında qanun qəbul olunub. Ötən il isə “Məişət zorakılığının qarşısının alınması haqqında”
Qanun qəbul edilib. Gender bərabərliyi bilavasitə cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunmasına
xidmət edirsə, məişət zorakılığı ilə bağlı qanun müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli
rola malikdir. Hesab edirəm ki, bu qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan
stereotiplərin aradan qalxmasına böyük imkanlar yaradacaq.

– Dövlət Komitəsi ardıcıl olaraq bölgələrdə qadınlarla görüşlər keçirir. Aparılan maarifləndirmə işləri
hansı səviyyədədir?

– Qeyd etdiyim kimi, 2000-ci ildə əsası qoyulan dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı fərman
gender bərabərliyinin ölkəmizdə təminatının təməlini qoydu. O zaman hələ bu məsələ ilə bağlı xüsusi qanun
qəbul olunmamışdı. Bu gün qadınlarımızın istər dövlət, istərsə də digər strukturlarda təmsilçiliyi
mövcuddur.

Cəmiyyətdə müəyyən stereotiplər, fərqli yanaşmalar var ki, onların hamısını aradan qaldırmaq olduqca
çətindir. Bunun üçün davamlı iş aparmaq lazımdır. Bu baxımdan, regionlarda maarifləndirmə işləri daha da
gücləndirilib, bölgələrdə insanlarla görüşürük. Digər tərəfdən, aparılan maarifləndirmə proqramlarında
hədəflərin seçilməsi də vacib şərtdir. Bu hədəflər düzgün seçilməlidir. Bəzi hallarda bu müzakirələr həmin
problemi bilən insanlarla aparılır, yəni, özümüz özümüzlə diskussiya edirik. Problemdən çıxış yolunun
həlledici variantının seçilməsi üçün görüşlərin kəndlərdə keçirilməsi qərarına gəlmişik. Problemlə yaxından
tanış olmaq, ondan çıxış yolu tapmaq üçün mütləq kəndlərdə yaşayan qadınlarla görüşmək lazımdır. Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün gənc ailələrdə gender nöqteyi-nəzərdən yaranan
fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində iş aparır. Ümumiyyətlə, maarifləndirmə məsələsi o
qədər incə bir məsələdir ki, auditorya genişləndirilməlidir. Biz regional televiziyalar vasitəsilə təbliğat
kampaniyaları aparırıq, fikirlərimizi bölgələrdə yaşayan insanlarla bölüşürük.

– Bu maarifləndirmə tədbirləri nə dərəcədə effekt verir?

– Əlbəttə ki, tədbirlərimiz müsbət nəticələr verir. Əgər beş il öncə regionlarda apardığımız görüşlərdə passiv
auditoriya ilə qarşılaşırdıqsa, bu gün əksinə, keçirdiyimiz görüşlərdə dinləyici rolunda çıxış edirik. Yəni,
artıq qadınlarımız problemlərdən danışırlar. Bütün sahələr üzrə qadınların təşkilatlanması prosesi olduqca
intensiv şəkil alıb, regionlarda qadın sahibkarların assosiasiyası yaradılıb. Yəni, artıq bölgələrdə fəal
qadınlar yetişir. Vətəndaş cəmiyyəti səviyyəsində inkişaf olduqca yüksək səviyyədədir, qadınlar
təşkilatlanırlar. Bu gün biz qadınlarımızın ayrı-ayrı istiqamətlərdə QHT-lərdə birləşdiklərini, ümumi bir
problemin həllində yaxından iştirak etdiklərini görürük. Belə demək mümkündürsə, problemin həlli
istiqamətindəki ideyalar mərkəzdən regionlara köçür və bu məsələlər orada inkişaf etdirilir. Hətta kəndlərdə
fəal qadınlar tərəfindən müəyyən təşəbbüslər irəli sürülür. Aparılan işin də nəticəsi budur. Demək qadınlarda
artıq özünəinam yaranıb. Biz hər il TQDK ilə iş aparırıq və rayonlardan ali məktəblərə qəbul üçün sənəd
verən qızlarımızın sayı ilə maraqlanırıq. Bəzi rayonlarda qızların sayı oğlanların sayını üstələyir. Bunların
hamısı o deməkdir ki, apardığımız iş öz bəhrəsini verir.

– Dövlət Komitəsinin qadın məsələləri ilə məşğul olan QHT-lərlə əməkdaşlığı hansı səviyyədədir?

– Bu gün Azərbaycanda qadın problemləri üzrə ixtisaslaşmış təxminən 90 QHT fəaliyyət göstərir. Bu
təşkilatların hər biri ayrı-ayrı istiqamətlər üzrə layihələr həyata keçirirlər. Bu layihələr çoxşaxəlidir. Onların
arasında qaçqın və köçkün düşmüş, əsir və ya girovluqda olan qadınlarla bağlı layihələr də var. Bununla
yanaşı, gənc qızlarla bağlı, onların təhsil almaları üçün həyata keçirilən layihələr də mövcuddur. Bu gün
həmin layihələri həyata keçirən təşkilatlara da dövlət tərəfindən yüksək səviyyədə dəstək verilir, onlara
maliyyə dəstəyi ayrılır. Həmin təşkilatlar öz layihələrini Dövlət Komitəsi ilə birgə həyata keçirirlər. Bu
QHT-lərin bəziləri bir sıra beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq həyata keçirirlər. Komitəmiz bu
məsələləri diqqət mərkəzində saxlayır.

Yeni Azərbaycan.- 2011.- 5 mart.- S.8.

Şərh yoxdur

şərhini yaz