a
Hava:
13 C
clear sky
Baku
humidity: 94%
wind: 3 m/s SSE
H13 • L13
HomeQadın və ictimaiyyətMövzu "Qadın"Fikirlər,məqalələrAzərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti

Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti

Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti

Azərbaycan Xalq Cümhuriyyətinədək Azərbaycan cəmiyyətində qadına münasibət
XX əsrin əvvəllərində savadsızlıq və fanatik ənənələr səbəbindən ictimai və siyasi həyatdan təcrid olunmuş
şəraitdə yaşamaları qadınların şəxsi həyatı üçün bir sıra çətinliklər yaratmışdı.
Azərbaycanın ziyalı elitası xalqı maarifləndirməyə, hüquq və vəzifələrini anlatmağa çalışır, “qadın bir
şəxsiyyət kimi azad olmayınca xalqın problemləri həllolunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Bu
mövzuda daha çox H.Zərdabi, Ə.Ağayev, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Nəzmi,
M.Ə.Sabir, F.Köçərli, M.S.Ordubadi, C.Cabbarlı, M.Ə.Rəsulzadə və başqaları yazırdılar. Onlar fanatik
dindarların hücumlarından çəkinməyərək diqqəti qadın problemlərinə də cəlb edə bilir, qızların zorla
evləndirilməsini, kişilərin onlarla qul kimi rəftar etməsini tənqid edir, qadınlara kişilərlə bərabər təhsil
verməyin zəruriliyini diqqətə çatdırırdılar.

XX əsrin başlanğıcında Azərbaycan qadınının azadlıq problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə
nəşrə başlayan “Şərqi-Rus” qəzetində qaldırıldı. Onun təsisçisi, Azərbaycan maarifçiliyinin görkəmli
nümayəndəsi Məhəmməd ağa Şahtaxtlı müsəlman aləmində qadın azadlığı məsələlərindən bəhs edən
məqalələr yazıb çap edirdi. Onun bu mövzudakı yazıları əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf
aləmdən, ictimai həyatdan təcrid edən problemlərə həsr olunurdu.
XX əsrin ilk illərində Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm
addımlardan biri H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. Məktəbin
təntənəli açılışı günü – 1901-ci il oktyabrın 7-də “Kaspi” qəzeti Qafqaz (Zaqafqaziya) müsəlmanlarının
Şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin xeyir-duasını da dərc etmişdi. O, Məhəmməd peyğəmbərin
“elm öyrənmək həm müsəlman kişiyə, həm də müsəlman qadınına vacibdir” sözlərini xüsusi vurğulamış,
İslamın tarixindən, həkim, alim kimi şöhrət tapmış müsəlman qadınlarının həyatından misallar və sitatlar
gətirmiş və demişdi: “Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində
qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, İslamda bu qədər şöhrətli müsəlman qadını
yetişməzdi. Əgər bu vaxta qədər Zaqafqaziyada qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin
yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir”.

Bundan başqa, nədənsə XIX əsrin sonları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Qafqaz Şeyxülislamı
Axund Əhməd Hüseynzadə (Əli bəy Hüseynzadənin babası), Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbov
(Nigar xanım Şıxlinskayanın atası), görkəmli Azərbaycan maarifçisi Mirzə Əbdürrəhim Talıbzadə, Mir
Məhəmməd Kərim Mircəfərzadə, Mirzə Əbu Turab Axundzadə kimi onlarla ilahiyyat xadimi və din
alimlərimizin qadın problemi ilə mübarizə yönündəki fəaliyyətlərindən, nəşr edilmiş əsərlərindən, əfsuslar
olsun ki, geniş şəkildə bəhs edilmir.
Maarifçi ziyalıların gərgin səyləri nəticəsində XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan qadınları
ictimai-siyasi həyatda da görünməyə başladılar. Hətta onlar artıq yetişmiş problemlərini qadınların özləri
tərəfindən ictimai rəyə çatdıran “İşıq” kimi qadın qəzetinin meydana çıxmasına nail oldular. “İşıq” qəzetinin
ilk nömrəsi 1911-ci il yanvarın 22-də çap edilmişdir. 1912-ci ilədək 68 nömrəsi işıq üzü görmüş nəşrin
redaktoru Xədicə Əlibəyova, naşiri isə onun həyat yoldaşı Mustafa bəy Əlibəyov olmuşdur. “İşıq” qəzeti
maarifçi ideyalarla gündəmə gələrək o dövrün ziyalı qadınlarını ətrafına toplamışdı.
Bu, artıq XX əsrin əvvəllərində Azərbaycan qadınının ciddi ictimai qüvvəyə çevrilməsini təsdiq edən
əlamətlərdən biridir.

Burada və digər mətbuat orqanlarının səhifələrində qadın müəlliflərinin çıxışlarının getdikcə
intensivləşməsi, müxtəlif mövqeli müəlliflərlə fikir mübadiləsində onların öz mövqelərini daha inamla
ortaya qoymaları və s. bir daha göstərdi ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının qadın azadlığı
uğrunda apardığı çətin mübarizəsi nəticəsiz qalmadı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın siyasəti
XX əsrin ilk illərindən etibarən ailə və qadın mövzusu ziyalılar tərəfindən geniş şəkildə müzakirə edilən ən
aktual məsələlərdən olmuşdur. Bu problem fərqli əqidə sahibləri tərəfindən ən müxtəlif kontekstlərdə
dəyərləndirilmişdir.
Tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər
dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişdir. Bununla belə, ölkəmizdə milli
qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almış
oldu.
Hələ 1918-ci il qurultayında M.Ə.Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının
milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. M.Ə.Rəsulzadə deyirdi:
“Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz
millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu
fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV
bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni
təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və
seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəinki Şərqdə, hətta
demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında
siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmiş oldu. Bu Xalq Cümhuriyyəti hökumətinin
demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi.
Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı
qadınlar iştirak etmişdir. Lakin, təəssüflər olsun ki, parlamentdə qadınlar təmsil olunmamışdı, çünki onlar
rəhbər vəzifələrə öz namizədlərini irəli sürməkdən imtina etmişdilər.

Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu
hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamədə təsbiti
oldu. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, mürəkkəb siyasi
vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Buna baxmayaraq, parlament bir sıra hüquqi
aktlar, o cümlədən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun qəbul etdi. 1919-cu il iyulun 21-də
qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz
təsdiqini tapdı. Əsasnamənin 1-ci fəslində deyilirdi: “Müəssislər Məclisi əhali tərəfindən cinsindən asılı
olmayaraq və bərabər seçki hüququ əsasında, birbaşa və gizli səsvermə vasitəsilə, mütənasib nümayəndəlik
əsasları təmin edilərək seçilən üzvlərdən ibarətdir”. 2-ci fəsildə qeyd olunurdu ki, Müəssislər Məclisinə
seçkilərdə “səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak
hüququna malikdirlər”. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınlara aktiv seçki hüququ
vermək niyyətini bir daha təsdiqlədi.
M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və siyasi hüquq kəsb edirdilər ki,
bu hal bütün Şərqdə deyil, Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli xartiyası bu
qərar ilə nə qədər ülvi, bəşəri və mədəni qayələrlə doymuş olduğunu isbat etməkdədir”.

Qadınların sosial həyatda və ümumi ictimai fəaliyyətdə fəal iştirak etmələri və onların millətin işgüzar bir
üzvü, məhsuldar və fayda verən bir zümrəsi olmaları uğrunda ziyalıların hələ bu vaxta qədər də çox
təşəbbüsləri olmuşdu. Lakin ilk dəfə olaraq İstiqlal Bəyannaməsində bu mövzuya rəsmən toxunulması
məsələsi həmin dövrün mətbuatında da müzakirə edilən aktual mövzulardan idi. Çünki, daha öncə bu yolda
mübarizə aparmış Avropa mütəfəkkirləri də qadın məsələsini hər bir şeyin əsası, hətta cümhuriyyətin belə
təməli hesab edirdilər.
Qadın problemi Cümhuriyyət parlamentinin də diqqətdə saxladığı aktual mövzulardan idi. Azərbaycan Xalq
Cümhuriyyəti Parlamеntinin 10 dеkabr 1918-ci il tarixində keçirilmiş ikinci iclasında Azərbaycan
qadınlarına İslam aləmində ilk dəfə olaraq sеçilmək hüququ da rəsmi dövlət səviyyəsində vеrilmiş oldu.
İclasda qadınların kişilərlə bərabər bütün hüquq və azadlıqlarını təmin еtmək üçün qəbul еdilmiş qanunda
aşağıdakılar göstərilmişdir:

– hər iki cins üçün 8 saatlıq iş günü (maddə 28);
– həftədə bir dəfə istirahət günü (maddə 29);
– 16 yaşına qədər olan məktəb yaşlı uşaqların işlədilməsinin qadağan еdilməsi və 16 yaşından 18 yaşına
qədər olan cavanların iş gününün 6 saatdan artıq olmaması (maddə 42);
– Qadınları səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq qadağandır. Hamilə olan Qadınlar
doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra əmək haqları tam ödənməklə xidmətdən azad еdilir (maddə 43);
– Qadınların işlədiyi hər bir fabrik və zavodda südəmər uşaqlar üçün tərbiyəxanalar təsis olunmalıdır.
Sahibkarların hеsabına xəstələnmiş fəhlələrə müftə dərman vеrilməli və xəstə olduqları müddətdə əmək
haqları onlara çatdırılmalıdır (maddə 50);
– Bu qanunlara əməl еtməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb еdiləcəklər.

Parlamentin ikinci iclasında “Hümmət” fraksiyasından Əkbər ağa Şeyxülislamov qadın hüquqlarından bəhs
edərək deyirdi: “Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan surətində
baxmalıyıq. Millətin yarısı işləyib, yarısı işləməsə o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu
gün qadınlarımız gələcək övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar dövlət və
vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir yaradarlar”.
Demokratik müzakirələr və məqsədyönlü siyasət nəticəsində qadınların məşğulluq imkanlarının artırılması
üçün Cümhuriyyət parlamentində qanun qəbul edilir, qadınların daha çox məşğul olduğu kustar sənayeni
inkişaf etdirmək və genişləndirmək məqsədilə yerli sahələrə kömək göstərən kustar sənaye kursları təşkil
edilir və vəsait ayrılırdı. İşsizliyin aradan qaldırılması və iqtisadiyyatın gücləndirilməsi məqsədilə bir sıra
bölgələrdə toxuculuq və tikiş emalatxanası açılması barədə müxtəlif layihələr müzakirəyə çıxarılırdı.
Xalq Maarif Nazirliyinin yeni kişi və qız məktəbləri və seminariyalarının açılmasına dair Azərbaycan
Parlamentinə təqdim etdiyi qanun layihəsi əsasında 1919-cu ildə 4 kişi, 3 qadın kurslarının açılması qərara
alınmış, qadın orta məktəblərində sinif müəllimi müavini vəzifəsinin təsis olunması barədə qanun layihəsi
qəbul edilmişdi. Dövlətin təhsilə və yaradıcılıq sahələrinə belə ciddiyyətlə diqqət yetirməsi sayəsində ədəbi-
mədəni mühitin formalaşmasında da qadınların fəallığı artmışdı.

Qadınların bu nailiyyətlərində hökumətlə bərabər, Azərbaycan ziyalılarının və milli mətbuatımızın rolu
xüsusilə təqdirəlayiqdir.
Parlamentin 14 aprel 1919-cu il tarixli iclasında Nəsib bəy Yusifbəyli istiqlalın gələcəyinin maarifə bağlı
olduğunu dilə gətirərək, milli maarifimiz və milli məktəbimizin tərəqqi etmədən bizim üçün qurtuluş və
nicat ümidinin olmadığını vurğulamışdır. Bu istiqamətdə qadın hüquqlarının təminatına xüsusi diqqət
yetirən hökumət təhsil siyasətində onlara da ayrıca qayğı ilə yanaşmış, qadınlar üçün fərdi gündüz
kursları açılmış və cəmiyyətlə əlaqəli dərslər tərtib edilmişdi.
1918-1920-ci və daha sonrakı illərdə qadın hərəkatının güclənməsi daha ardıcıl qadın mətbuatının
yaranmasını zəruri etdi. Azərbaycan hökuməti qadın hərəkatına istiqamət vermək, bu sahədə qadınlara
kömək etmək məqsədilə əvvəlcə ayrı-ayrı səhifələr, sonra “Zəhmətkeş qadınların yolu” və “Qafqaziya
zəhmətkeş qadınların yolu” adlı qəzetlərin nəşrini qərara almışdır. Bu dövrdə elmi publisistik və bədii
yaradıcılıqla məşğul olan Ş.Əfəndizadə, Ş.Qaspralı, Ş.Axundzadə, E.Yusifbəyli, Ü.Sadıqzadə kimi qadın
ziyalıların məqalələrində, əsərlərində dövrün ictimai-siyasi, milli-mənəvi problemləri öz dolğun ifadəsini
tapmışdır.

Milli istiqlal hərəkatı, eləcə də, mövcud olduğu 23 ay ərzində Cümhuriyyəti ayaqda tutmaq, demokratik
prinsipləri hakim mövqeyə qaldırmaq, xalq arasında elmi təbliğ etmək uğrunda bir çox tanınmış şəxsiyyətlər
əzmlə çalışmışlar. Onların arasında ziyalı qadınlarımızın da öz töhfəsi olmuşdur.
Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də
dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və
qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi.
Dövrün ictimai, siyasi, publisistik və digər sahələrində ad qazanmış məhşur ziyalı xanımları – Şəfiqə xanım
Əfəndizadə, Nigar xanım Şıxlinskaya, Xədicə Ağayeva, Sara Talışinskaya, Badusəba Köçərli, Fatma
Topçubaşova, Mədinə xanım Qiyasbəyli, İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova, Hənifə
Zərdabi, Liza xanım Muxtarova, Əminə xanım Ağayeva, Mina xanım Aslanova, Nigar xanım Vəlibəyova,
Gövhər xanım Vəlibəyova, Gövhər xanım Qayıbova və digərləri öz adlarını tarixə yazdırmışdır.
Bir sözlə, türkçülükdən mərdlik, ərənlik, İslamdan müqəddəslik almış müsəlman qadını Azərbaycan Xalq
Cümhuriyyəti dövründə haqqı olan siyasi hüquqlara qovuşmuş oldu.

Turan Nəsirova
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı

Şərh yoxdur

şərhini yaz