a
Hava:
14 C
scattered clouds
Baku
humidity: 82%
wind: 9 m/s NNW
H14 • L14
HomemütailəŞəxslərNə qəmlidir, nə ələmli həyatın, ey şair!

Nə qəmlidir, nə ələmli həyatın, ey şair!

Nə qəmlidir, nə ələmli həyatın, ey şair!

Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Qan ilə qazandıq zəfəri, verməyiz əldən,
Xof eyləmədik atəşi-dərhaşi-düvəldən.

Hər bir xalqın ədəbiyyat tarixində elə şəxsiyyətlər olur ki, onların yaratdığı sənət möcüzələri əbədi
olaraq qalır, neçə-neçə nəsillərin bədii zövqünü oxşayır. Azərbaycan ədəbiyyatı tarixi belə şəxsiyyətlərin adı
və ədəbi irsi ilə sıx zəngindir. Onların hər birinin yaradıcılığı bir dünya olub, öz epoxasının həyatına güzgü
tutmaqla həqiqətləri bizə çatdırır. Bunların içərisində görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin
xüsusi yeri vardır. Öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin, eləcə də romantizmin
əsasını qoyan, sələf və xələflərinə bənzəməyən Məhəmməd Hadi qəlbinin dediklərini yazan, ömrü boyu
həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan qeyri-adi bir mütəfəkkir idi.

Faciəli ömrün qəmli dastanını
yazan şair M.Hadinin söykəndiyi həqiqətin bir mənası olub: xalqını azad, xoşbəxt, millətini birlikdə,
vətənini isə sivil dövlətlərin sırasında görmək. Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Hadi dövrünün
sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz
nümunələrindən biri idi. Həyat və yaradıcılığı, əsərləri və ədəbi mövqeyi ədəbiyyatşünaslıqda, bədii estetik
fikir tarixində, dərslik, metodik vəsait və məqalələrdə geniş tədqiq olunan, öyrənilən böyük şəxsiyyət

Məhəmməd Hadi XX əsr Azərbaycan və dünya romantizmin ən görkəmli nümayəndəsi və gözəlliyi, həqiqəti
dərk etdirən, yaşamaqla yanaşı yaşamağın sirlərini öyrədən dahilərlərlə bir sırada adıçəkilən, millətin tərəqqi
və nicat yolunu sənəti və idrakı ilə dərk edən, çıxış yolunu göstərməyə çalışan sənətkarlardandır. Mövzu
məhdudluğu şair üçün yad idi. Hadi poeziyasında ictimai mövzular xüsusi yer tutur. Hadi romantik şair idi.
O, təzadlı, mürəkkəb, ziddiyyətli və dramatik bir ömür yolu keçmişdir. Hadinin seirləri poetik quruluşca
Füzulinin poeziya məktəbinə mənsubdur. Onun yaradıcılığında milli azadlıq, vətənpərvərlik və humanism
ideyaları mühüm yer tutur. Hər bir millətin və ölkənin, ümumiyyətlə, bəşəriyyətin tərəqqisini ictimai
azadlıqda görən şair yazırdı:

Hurriyyət ilə millət edər kəsbi-məali,
Avropalı hürriyyət ilə tapdı kəmali.
Əlbəttə, əsarətdə olur məhz əhali,
Hürriyyət sərbəstlik imrani-vətəndir.

Hadidin əsərləri qədər həyatında da insanların mənəvi tərbiyəsinə təsir göstərən amillərin olması da yüksək
mənəviyyat xəzinəsidir, insanları haqqa, ədalətə, doğruluğa və ən əsası, ruhani yüksəkliyə aparan yolun
istiqaməti kimi dəyərli və qiymətlidir.
Həyatı- Gudayi-vətən olmaq, sürgünlərdə ömür sürmək, elə bil bəzi Azərbaycan şairlərinin alın yazısı
olub. Ötən yüzilliyin əvvəllərində uzaq ellərdə sürgün həyatı keçirən, qürbət poeziyamıza öz töhfəsini verən
və nəhayət, ədəbiyyatımızda ədəbi cərəyanı yaradan sənətkarlardan biri də əsl adı Ağa Məhəmməd
gəncliyində özünə Hadi təxəllüsünü seçmişdir. Hadi ərəbcə doğru yol göstərən ‎‎deməkdir. Məhəmməd Hadi
1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini
məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas
əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir.

Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsində böyük əmək sərf etmişdir. Nənəsinin
vəfatından sonra Məhəmməd Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini
ondan öyrənmişdir. Məhəmməd Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə
dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmişdi. Şair hələ gənc yaşlarından xaricdə təhsil almaq
istəsə də, maddi imkanı olmadığından bu arzusu ürəyində qalmışdır.

Kasıb olduğu üçün sevgilisi tərəfindən tərk edilən Məhəmməd Hadi ölənə qədər ailə qurmamışdır. Təkcə
yaradıcılığında deyil, həyatında da romantik olan Hadi Türkiyədəki inqilabi hadisələrdən ruhlanaraq 1908-ci
ildə İstanbula gedir, lakin burada onu həbs edir və “rus casusu” kimi Salonikə sürgün edirlər.
Yaradıcılığı- Məhəmməd Hadi dünyaya açıq gözlə baxan, müasir elmlərə yiyələnən bir ziyalı kimi
yetişmək arzusu ilə yaşayır. İstanbul və Qahirə kimi mədəniyyət mərkəzlərində çalışmaq, ali təhsil almaq
istəyir. Bu məqsədlə o öz qohumlarına müraciət edir, lakin ona kömək edən olmur.

1902-ci il yanvarın 31-
də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görünməmiş yer tərpənişi oldu. Bu gün Şamaxı
üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü idi. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir
çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş, Kürdəmirə getmişdir.
Kürdəmirə köçən, Məhəmməd Hadi özünü xarakterinə daha yaxın sahədə sınamaq qərarına gəlmiş və bəzi
maarifpərvərlərin müavinəti ilə Kürdəmirdə yaşayan şamaxılı Ağa əfəndi ilə birlikdə məktəb açıb tədrisə
başlamışdır. Çox keçmir ki, Məhəmməd Hadi Kürdəmir ziyalılarının nəzərini cəlb etmiş, onu Zaqafqaziya
müəllimlər qurultayına Kürdəmir müəllimləri tərəfindən nümayəndə seçilmiş və 1904-cü ildə Tiflisdə
keçirilən Zaqafqaziya müəllimlər qurultayında iştirak etmişdir.

1902-1906-cı illər Kürdəmirdə yaşadığı
illərdə maddi imkanları nisbətən düzələn Məhəmməd Hadi yenə də əvvəlki qayda ilə mütaliəsini davam
etdirir, Kəlküttədən “Həblül-mətin”, İstanbuldan “Sabah”, Bakıdan “Həyat”, Bağçasaraydan “Tərcüman”
qəzetlərini gətirdib oxuyurdu. Mühərrir kimi Hadinin ilk qələm sınaqlarından biri “Həyat” qəzetində çıxan
“Bəyani həqiqət” yazısıdır. Əlinə təzəcə qələm almış bir gəncin həqiqət axtarışında yaradıcılığa “Həqiqət”
anlayışından başlaması maraq doğurur. Məqalə o dövrdə mətbuatda gedən bir yazı münasibətilə qələmə
alınmışdır. Orada millətin cəhalətindən söz açılırdı. Gələcək romantik Hadinin yaradıcılığı boyu özünü
göstərən əlamətlərin bünövrəsi qoyulmuş olur.

Ədibin mətbuata gəlişi 1905-ci ilin ortalarına təsadüf edir. Məhəmməd Hadi tamamilə müəllimlikdən əl
çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. Hadi “Həyat”, “Füyuzat” və “Bürhani-
Tərəqqi” qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı.
Məhəmməd Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib “Füyuzat” məcmuəsində
çalışır, buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş nəşrinə çalışır.
“Füyuzat” bağlandıqdan sonra o, “Təzə həyat” və “İttifaq” qəzetlərində işləyir.

1907-1908-ci illərdə
Məhəmməd Hadi artıq Azərbaycan şairləri arasında görkəmli simalarından sayılırdı. “Nəğmeyi-əhraranə”,
“Duşizeyi-hürriyətə”, “Gül, sevdiyim, gül”, “Ədvari-təcəddüd”, “Əsari-inqilab” və s. şeirlərində Məhəmməd
Hadi bilavasitə və ya dolayısı ilə azadlıqdan danışırdı. 1908-ci ildə çıxmış “Firdovsi-ilhamat” kitabına
“Varmı bundan yuxarı uçmağa istedadım” misrası ilə başlanan “Cəhalətimdən şikayət”, “Aşiqi-sadiqləriz,
pünhan deyil bürhanımız” misrası ilə başlanan “Bu da bir həqiqət”, “Afərin olsun sənə, filusufi-zifunun”
misrası ilə başlanan “Şeyxlərə-işanlara”, “Sofi, gəl öyrən həyatın tərzini heyvandan” misrası ilə başlayan
“Söfiyə-zahidə” və s. şeirləri, məqalələri, tərcümələri daxil edilmişdir.

Maarif, mədəniyyət, milli oyanış, dil,
din və s. bu kimi problemlərə yer ayıran qəzetdə Ə.Hüseynzadə, Ə.Ağayev, H.Zərdabi, N.Nərimanov,
Ə.Haqverdiyev və b. nisbətən təcrübəli qələm sahiblərinin imzası ilə yanaşı yeni bir imza da görünməyə və
dərhal da oxucuların diqqətini cəlb etməyə başladı. Bu imzanın sahibi Əbdülsəlimzadə Məhəmməd Hadi
Şirvani idi. 1905-ci ilin yayında Bakıya, “Həyat” qəzeti redaksiyasına göndərən Məhəmməd Hadi ilk
yazılarında qəzetdə əsərlərini oxuduğu ziyalıların, daha çox Əli bəy Hüseynzadənin müzakirə obyektinə
çevirdikləri məsələlərə münasibət bildirir və məqalələri içərisində bəzən mövzuya uyğun mənzum parçalar
da verməsi Məhəmməd Hadinin eyni zamanda şeir yaradıcılığına böyük marağı olduğunu göstərirdi.

“Həyat” qəzetinin 23 iyul 1905-ci il tarixli 35-ci nömrəsində “Əbdülsəlimzadə Şamaxiyi” imzası ilə çap
etdirdiyi “Bəyani-həqiqət” adlı məqaləsi ilə başlayan Məhəmməd Hadi qısa bir zamanda “Həyat” ın ən fəal
yazarlarından birinə çevrilir. Başlıca mövzuları “mətbuatın, elm və mədəniyyətin faydası, sənaye, azadlıq
hərəkatı, yeni nəslin tərbiyəsi, qadın azadlığı, dünyəvi elmlər, Vətənin tərəqqisi, cəhalətdən xilas olmaq,
mədəniyyət səviyyəsini yüksəltmək, insani hisslərin müqəddəsiliyi və s.” idi.
M.Hadi zülm və əsarətə xidmət edən, dini mövhumat və xurafat yayan ruhaniləri cəmiyyət üçün son dərəcə
zərərli adam hesab edirdi. O, cəsarətlə göstərirdi ki, avamların, möminlərin “ruhani ata” sayıb ətəyindən
öpdükləri din xadimləri əslində ədəb və mərifətdən, elm və fəzilətdən büsbütün uzaq olan muzurr

adamlardır. Bunlar xalqın həm maddi, həm də mənəvi düşmənidirlər. Əsr tərəqqi, mədəniyyət əsri olduğu
halda, onlar xalqı cəhalət və geriliyə sürükləyir. Hadi ruhaniləri çox tutarlı dəlillərlə ifşa edərək yazır ki,
onların sözündə bilmərrə məntiq yoxdur. Bir sözlə, Hadi millətin varlığını bürqüyən gerilik və cəhaləti
görərək fəryad edir, “Kimdən kimə şikayət edim” deyərək xəyal pərisinə müraciət edib biçarə insanların
mübtəla olduqları bu dərdin dərmanını kənardan deyil, öz içərilərindən arayıb axtamağı, ona doğru-düzgün
istiqamət verməyi tövsiyə edir.

Səfalət bizdə, zillət bizdə, hər dürlü bəla bizdə,
Maarif yox, sənaye yox, ticarət yox, zirayət yox.
Niyə biz qılmırız təqdir qədrin elmi-əbdanın,
Kor olmuş yoxsa Hadi, dideyi-qiymətnüma bizdə?!

M.Hadinin düşüncəsi, varlığı, yaradıcılığı həyatla, vətən övladının, gənclərin taleyi ilə bağlıdır. Onun ülvi
məhəbbəti, xəyal pərisi, səmanın ənginliklərinə uçsa da, yenə də xalqın dərdlərindən uzaq qaça bilməyib
yerə enir. Elə bir mövzu yoxdur ki, şair ona müraciət edərkən vətəni və vətən övladını dilə gətirməsin.
Vətən-Hadi poeziyası üçün ilham mənbəyidir. Şairin arzu və istəkərini, xəyal və düşüncələrini, bir sözlə,
amalını büruzə verən “Amali-Tərəqqi” adlı şeiri bu cəhətdən daha səciyyəvidir:

Həqiqi arzumuz intizam hali-millətdir,
Məcaimiz bütün məsrufi istikmali-millətdir.
Ürəkdə bəslənən amalımız iqbali-millətdir,
Yeganə nöktei-mətlub istiqlali-millətdir.

Hadi şəxsiyyət azadlığı, fikir və vicdan azadlığının tərənnümçüsü idi. O, vicdan azadlığını gur səslə
tərənnüm edir. Daxili bir qüvvə şairi nitqə gətirir. Dünya durduqca nur saçan qəlbini qüdrəti ilə millətə,
vətən övladına nəğmələr qoşub feyz vermək məqsədi ilə möcüzələr yaratmaq istəyir. Bitməz, tükənməz
bulaq suyu qədər saf axan fikri, xəyalı gözü-könlü tox olan şairi ilhama gətirir.

Hadi özünü bahar fəslində bülbül kimi cəh-cəh vuran, fəğan edən, min bir çiçəkdən ilham alan quşa
bənzədir. “Dünya bağı mənim gülüstanımdır” deyir.
Vətənpərvər şairimiz Hadi bütün həyatı boyu millətini ən ali mərtəbələrdə görmək atəşində yaşamış, bu
arzuya çatmaq üçün dönmədən mübarizə aparmışdır. Çünki əcdadı ulu, qanı saf, tarixi qədim və şöhrətli bir
xalqın övladı olduğunu bilir və soydaşlarını ayıltmaq üçün bu həqiqəti onlara dönə-dönə söyləyərək təlqin
etməyə çalışırdı. Yer üzünü millətlərin yarış və vuruş meydanı hesab edən Hadi inanırdı ki, bu
çarpışmalarda türk xalqları qalib çıxacaq.

Ən işıq bir ömür istərsək günəş altında biz,
Durmalı iddiayə qarşı qarşı qeyrəti-rəşxən ilə.

Hadinin tarix etibarı ilə bizə məlum olan son əsəri “Kor soqqur” şeiridir.
“Hərarətli şeir, yaxud, qızdırmalı halımda saçmalarım” adlı məhşur əsərində, şairin mövcud quruluşa və
ümumiyyətlə istismar dünyasına qarşı son üsyan səsi ucalmışdır.
1919-cu ilin ortalarında şair, “siyasi xadim” qoymuş “tülkülərlə” barışmazlıq əlaməti olaraq, Bakıdan
uzaqlaşıb ömrünün axırınaq qədər buraya qayıtmamışdır.

Şairin nədən, harada və nə vaxt öldüyünü dəlilli-sübutlu aydınlaşdıran olmadığından, bu məsələlər Hadi
haqqında yazılarda tam “əfsanəvi” həlledilməz bir “müşkül şəkil almışdır. Bəzi müəlliflər şairin 1919-cu
ildə, bəziləri isə 1920-ci ilin əvvəllərində “qeyb olduğunu” iddia edeirlər. Xatirələrdən və şairin sağ qalmış
müasirlərinin sözlərindən belə bir rəyə gəlmək olur ki, Hadi 1920-ci ilin may ayında vəfat etmişdir.
Beləlilkə, bütün həyatını, həyacanlı, narahat ürəyini, alovlu ilhamını, ziddiyyətlə dolu, fəlsəfi məzmunlu
əsərlərini vətən, xalq, azadlıq, səadət, tərəqqqi yolunda ədəbi mübarizəyə həsr edən şair zülm, istismar,
dünyasının qurbanı olmuş, ədalətsiz dövran onu yaşada bilməmiş, yaşatmamışdır.

Payimali-düşmən olsunmu çəmənzari-vətən?!

Hürriyyətpərvərlik ideyasdı Məhəmməd Hadi yaradıcılığında ən mühüm yerlərdən birini tutur. Əsərlərində
burjua kapitalist mühitini şiddətli damğalayan Hadi məhz azadlıq deyə var səsilə hayqırırdı. “Hürriyyət”
sözü şairin dilinin əzbəridir. Günəş düşüncəli, geniş ürəkli, açıq sözlü şair riyakarlara üz tutub: “Rəhbər
olamaz gözlülərə gözsüz olanlar” deməklə onlara cavab vermişdir. “Əsarət zülmünün gərdunəsin çəkmək
de” fikrini irəli sürən ədib “məzaristani-qəflətdən atıl meydanə, göstər can” əzmiylə zülm və istibdad
əleyhinə var səsi ilə hayqırmışdır. Və göstərmişdir ki, xalqın istiqlaliyyət uğrunda həlak olan şəhidləri,
inqilab ərlərini xalq heç vaxt unutmayacaqdır.

Məhəmməd Hadinin əkdiyi toxumlar çoxdan cücərmiş, bəhrələr vermişdir. Bu toxumlar həqiqət dənələridir.
Azərbaycan şeirinə romantizm gətirən və onu qanadlandıran, ona can, həyacan verən sənətkar necə unudula
bilər? Dünyaya yeni nəsillər gəldikcə, şeirimizin çeşidli çalarları araşdırıldıqca, Sabirdən, Caviddən,
Səhhətdən, Şaiqdən danışıldıqca Hadi də öz mübarək çöhrəsiylə gözlərimizin önündə canlanacaqdır.
Poeziyamızın sənətkarlıq sirləri açıldıqca, əruzun şölələri könüllərdə saçıldıqca, bu gözəl vəzinin gözəl
əsərlərində yaşadan mahir sənətkarın adı hörmətlə çəkiləcək, könüllər eşqiylə güləcəkdir. “Unutma bizləri,
yad et!” deyən dodaqlardan qopan mehriban sədalardan müəllifi heç vaxt unutmayacaq!

Aynur Turan

Şərh yoxdur

şərhini yaz