a
Hava:
17 C
clear sky
Baku
humidity: 77%
wind: 1 m/s SSE
H17 • L17
HomeSağlamlıq və gözəllikMütəxəssis rəyiİntihar heç bir halda çıxış yolu deyil!

İntihar heç bir halda çıxış yolu deyil!

İntihar – insanın həyatında atdığı ən yanlış addım…

Həyat insanoğluna bəxş edilən ən böyük və bir daha təkrarı olunmayan bir nemətdir.

Hər kəsin bu həyatda yaşamaq, iz qoymaq, ömür sürmək haqqı var. Həyat heç kimə fərqli verilmir. Onu fərqli edən hər bir insanın ona olan fərqli baxış bucağı və həyatın mənasını müxtəlif cür dərk etmə biçimidir. Mənalı həyat deyərkən bizlər onu dolğun bir həyat kimi dərk edirik. Həyatı mükəmməl şəkildə yaşamaq əsl yaşamaqdır. Əlbəttə ki, həyat bəzən şirin, axarında, rahat, bəzən də keşməkeşli olur. Hər insanın həyatında özünəməxsus çətinliklər mövcuddur.
Belə bir el məsəli də var: “Hər kəsin dağına görə dumanı var”…
Bu ‘dumanlar’ həyatın sonlanmasına səbəb ola bilərmi? İnsanoğlu nə etməli, bu dumanın burulğanında yox olub getməlimi, yoxsa şirin həyata sarınıb mubarizə aparmalımı?…
Yəqin ki, böyük çoxluq həyat adlı oyunun qalibi olmağı seçdi. Elə isə, son zamanlar paytaxdan aldığımız intihar xəbərlərinin çoxalmasına səbəb olan amillər nələrdir?
Umayclub.com saytı olaraq bütün bu sualları mütəxəssis rəyi ilə cavablandırmaq istədik.
Müsahibimiz Bakı Sağlamlıq Mərkəzinin həkimi, Rusiya Ali Psisoloqlar Asosiyasının üzvü Ramin Hacıyevdir.
– Ramin bəy, insan hansı məqamda intiharı çıxış yolu kimi görür və bu hal ən çox hansı yaş qrupuna daxildir?
– İntiharın ən böyük səbəbi ümidsizlikdir. İnsan həmin an o qədər ümidsizliyə qapılır ki, çıxış yolu görmür. Yeganə çıxış yolu, qurtuluşu özünəqəsddə görür. Ona görə də, bu kimi hallar yaşanır. Mən bu məqamda qeyd edirəm ki, intihar heç vaxt çıxış yolu deyil və olmayacaq. Bu məsələ üzərində cəmiyyətdə  geniş maarifləndirmə aparılmalıdır ki, qarşısı alınsın. Bu işdə cəmiyyət olaraqq bizim də üzərimizə böyük iş düşür, bütün çətinliklərdə olduğu kimi,bu mövzuda da həmrəylik göstərib  o insanlara dəstək olmalıyıq. Bu təbliğat xüsusilə gənclər arasında aparılmalıdır, çünki o yaş dövründə olanların psixikası formalaşmamış olur. Onlar bu addımın ciddiliyini, fəsadlarını, sonrakı ağır tərəflərini anlamadan intihara cəhd edirlər.
Bu işdə məktəblərin də üzərinə böyük məsuliyyət düşür. Bilindiyi kimi məktəblərdə psixoloqlar da fəaliyyət göstərir, onlar bu məsələyə dair məktəblilərlə toplantılar, müzakirələr aparmalıdır. Təbliğat irimiqyaslı da olmalıdır. Belə ki, televiziya və mətbuat bu məsələyə xüsusi diqqət yetirməli və bu yöndə təxirəsalınmaz təbliğat aparılmalıdır.
– Ramin bəy, bu da bir gerçəkdir ki, heç bir insan özünə -qəsdi eyni gündə qərarlaşdırıb həmin gün də bunu icra etmir. O, ilk olaraq qərar verir və bu yöndə düşünür, mühakimə edir, araşdırır və s. O şəxsin yaxın ətrafındakı insanlar diqqət yetirsələr bunu hiss etmiş olarlar. Siz bir mütəxəssis kimi deyə bilərsinizmi, intihar etmək istəyən insanlarda ən çox nələrə diqqət yetirsək intihara təşəbbüsü hiss edərik.
– Hər şeydən öncə intihara hazırlaşan insanlar özünə qapanır. Dialoqlardan qaçır. Bundan əlavə onun araşdırdığı məlumatlara diqqət yetirilmək olar. Məsələn: Google yaddaşından onun araşdırdığı, oxuduğu mövzulara baxmaq mümkündür. Onun maraq dairəsini izləmək lazımdır. Onun maraqlandığı mövzudan başa düşmək olar ki, o insanda nə kimi hisslər cərəyan edir. Bax, bütün bunlarla biz bu neqativ hadisənin qarşısını vaxtında ala bilərik.
– Praktik göstəricilərə görə intihar cəhdi  “uğursuz” alınan insanlar intihara cəhd etdikləri üçün peşman olurlar, ya ikinci cəhd halları yenidən yaşanır?
– İntihara cəhd edib, lakin bunu başa çatdıra bilməyən insanlar adətən çox hallarda, hətta deyərdim ki, 90% – insan bunu yenidən təkrarlamırlar. Çünki burada bir neçə hallar mövcud olur. Bəzən həmin adam özünü öldürə bilməsə belə, müxtəlif bədən xəsarətləri alan bilər və əlillik dərəcəsinə qədər gəlib çata bilər. Bu yanlış addımın fəsadlarını görən o insan sonrakı həyatını fərqli formada, dəyişərək davam edir. Çox təəsüf ki, o bəzən bütün həyatı boyu bu acı ilə və peşmançılıq hissi ilə yaşamalı olur.
Təkrar intihara cəhdlər halı isə, baxır insana və bu təşəbbüsü etdirmə səbəblərinə, yəni o bu problemin kökündə dayanan məsələdən asılıdır. Həmin insan intihara qəti şəkildə qərar veribsə, bəli, bu hal yenidən yarana bilər. Bu məqamda onun yaxınları, doğmaları ona psixoloji cəhətdən dəstək olmalıdır.
– Hər hansı bir şəxsin yaxın insanı, (bu ailədən də ola bilər, ətrafdakı insanlardan da) intihar edibsə və bu cəhd alınmayıb və ya qarşısı alınıbsa, o insana necə köməklik göstərə bilər?
–Bəli, insanlar həmin şəxsə birmənalı şəkildə köməklik göstərməlidir. Onu səbrlə dinləməli, sözlü şəkildə onu sakitləşdirməlidir. Əgər onların bu yaxını bir dəfə bu addımı atıbsa, bu siqnaldır, bu hər an təkrarlana bilər əlbəttə. Bundan sonra ona xüsusi yanaşma, dəstək, peşəkar xidmət olunmalıdır ki, intihara təşəbbüs səbəbi aradan qaldırılsın. O, beynində olan bu yanlış düşüncədən, məqsəddən yayınsın. Əgər heç kim bu addımdan sonra da onunla maraqlanmır, xüsusi diqqət yetirilmirsə, o bəzən intihara cəhdi təkrarlaya bilər. Onun ətrafında olan insanlar bunu ciddiyə almalı və mümkün qədər onun öz problemlemini həll etməsinə kömək etməlidirlər.
Onun daxili aləmini narahat edən bir sıra məsələlər aradan qaldırmalıdır.
– Sosial şəbəkələrdə istifadəçilər intihar xəbərlərinə şərh verərkən ən çox maddi problemləri səbəb kimi göstərirlər. Ümumiyyətlə, Azərbaycanda intiharın səbəbləri maddi çatışmazlıqlar ola bilərmi?
–Yox, demək olmaz ki, intihara səbəb maddi sıxıntılar, ekonomik çatışmazlıqlardır. İntihar edən insanlar əsasən yeniyetmə dövründə olanlar və ümumiyyətlə, gənc nəslin nümayəndələridir ki, onlar əsasən qarşılıqsız sevgi, xəyanət və s. hallarla qarşılaşdıqda da özlərinə qəsd etmək fikrinə düşürlər. Bundan əlavə insan bir təpki nəticəsində də intihar edə bilər. Məsələn, məktəbdə şagird kimləsə dalaşar, mübahisə edərsə və ya bir neçə yoldaşı ona qarşı çıxar, onunla ünsiyyəti kəsərlərsə, kimlərsə ondan üz döndərərkən, o insan intihar etmək fikrinə düşə bilər. Çünki yeniyetmə psixologiyası buna hazır deyil və davamlı şiddətə hazır olmayan halda olduğu üçün çıxış yolunu ancaq bunda, intiharda görür.
Mən deməzdim ki, intihara səbəb sırf maddi çatışmazlıqlarla bağlıdır. Dünya praktikasına nəzər salsaq, bililindiyi kimi Yaponiya dövləti ən inkişaf etmiş ölkələr siyahısında olmasına baxmayaraq, sui-qəsd halları dünya statistikasına birinci yerdə gəlir. Halbuki bu ölkə iqtisadi və sosial gücünə görə nəhəng dövlətlər siyahısındadır. Bu onun göstəricisidir ki, insanların intihar etməsi üçün maddi sıxıntılar və sosial səbəblər əsaslı rol oynamır. Başqa bir misal elə Almaniyadır. Hər baxımdan– istər insan hüquqları baxımından, maddi rifah baxımından, rahat və asan həyat tərzi baxımından öndə gedən ölkələrdən biri olmasına baxmayaraq, intihar təşəbbüslərində öndə gedən ölkələrdən biridir. Deməli, bu da bir daha təsdiq edir ki, insan intiharlarını sırf sosial və maddi çatışmazlıqlarla bağlamaq olmaz. Burda şəxsi səbəblər əsas yer tutur demək daha məqsədəuyğundur.
– Bildiyiniz kimi, ölkəmizdə qadın intiharı xəbərləri tez-tez mətbuatda yer alır.  Sizcə bir qadın ən çox hansı hallarda intihara cəhd edir?
– Əslində sui-qəsd insan həyatının itkisidir, insan həyatının sonudur. Fərqi yoxdur qadın və ya kişi. Sui-qəsdin cinsi, cinsiyyəti olmur, yoxdur. Bu insanın ən çarəsiz anında atdığı ən yanlış addımdır. Amma , məhz bizim ölkədəki qadın intiharlarının kökündə yatan  əsasən 3 amil durur :
* Ailədaxili zorakılıq;
* Xəyanət;
* Hansısa ağır dioqnoz, yəni hansısa bir qəfil xəstəliyin diaqnoz qoyuluşu.
İnsan bu kimi hallarla üzləşərsə, bəzən çıxış yolunu intiharda görür. Təbii ki, bu çıxış yolu deyil !!!
-Ramin bəy, qadın intiharlarının altında yatan səbəblərdən biri də dəyərsizlik, diqqətsizlik və ya özgüvən əksikliyi ola bilərmi sizcə?
–Belə deyərdim, bir insanın özünü dəyərli və dəyərsiz hiss etməsi onun psixoloji faktorundan çox asılıdır. Bəzən ruhi xəstəliklər zamanı həmin insanlar da sui- qəsdə təşəbbüs edir. Çünki o artıq atdığı addımı anlamır. Bundan əlavə əgər statistikaya nəzər salsaq, görərik ki, bəzən insanlar ehtiyatsızlıq üzündən də həyatlarını itirə bilərlər. Bu da əsl səbəbini bilməyərəkdən intiharlara cəhd kimi göstərilə bilir. Cərəyan vurması, hündürmərtəbəli binadan düşmək halları, avtonəqliyyat qəza halları və s. buna misaldır ki, belə hallar statistikanın artmasına səbəb olur.
–Çox halda ailədə fiziki, maddi, mənəvi təcavüzə məruz qalan, mənəviyyatı sarsılan tərəf qadın olur. O, bəzən ər tərəfindən ailədaxili təzyiqlərə məruz qalaraq uşaqlarını böyütməli olur. O qadının nöyütdüyü qızı da nə vaxtsa ailə qurur və o da anasının taleyinə yaxın həyat yaşayır, ananın əri tərəfindən gördüyü təzyiələrin bənzərini yaşayır. Ata evinə gəlir və olduğu vəziyyəti valideynlərə danışaraq yoldaşından ayrılmaq istədiyini açıqlayır. Bu zaman çox hallarda övladının bu qərarına ən sərt və kəskin etiraz da məhz anadan gəlir. Qızına qəti şəkildə etiraz edərək qarşı çıxır. Ona dözməyi, susmağı “məsləhət” görür. Sizcə, eyni çətinliyi yaşayan qadın, digərinə, xüsusilə də öz qızına niyə qarşı çıxır?
–Öncə onu qeyd edim ki, sual olaraq çox aktual məsələyə toxunmusunuz. Burada o ananın övladı-gənc qadın ictimai qınağın qurbanı olur. Təbii ki, hər bir Azərbaycan ailəsində uşaqlıqdan qız övladına aşılanır ki, ərə getdikdə sənə qarşı hər cür haqsızlıq və zorakılığa dözməlisən. Ona görə də, heç bir qadın istəmir ki, övladı bu səbəblərdən ailəsini dağıtsın. İctimai qınaqdan qorxaraq bu hisslərə önəm verilir və nəticədə əgər onun övladı da o cür hallarla üzləşən belə ana düşünür ki, burda nə olur-olsun, ailə dağılmamalıdır. Təbii ki, qadın psixologiyası bu zorakılığa, bu dözməyərəkdən çıxış yolunu ancaq sui-qəsdə, intiharda görür. Nəticədə isə hansısa insan ictimai qınağın qurbanına çevrilərək öz həyatını itirir.
–Son olaraq bir psixoloq, mütəxəssis olaraq intiharı çıxış yolu kimi düşünən insanlara nə deyə bilərsiniz?
– Altından xətt çəkərək qeyd edim ki, İntihar heç bir halda çıxış yolu deyil. Dünya təcrübəsi və müxtəlif araşdırmalar da təsdiqləyir ki, bu təşəbbüs heç vaxt çıxış yolu deyil və ola da bilməz! İnsanlar bunu bilməlidir ki, insan həyatı çox qiymətlidir və onu heç bir məsələnin həlli yolunda qurban vermək ən böyük səhvdir. Bu sualınıza belə cavablamaq istərdim ki, mənim üçün ən böyük yanlışlıq ondan ibarətdir ki, insan öz dəyərli həyatını hansısa məsələnin həllinə qurban versin və öz həyatına son qoymuş olsun. Bir daha qeyd edirəm ki, intihar çıxış yolu deyil …
Aynur Turan 
Şərh yoxdur

şərhini yaz