a
Hava:
23 C
clear sky
Baku
humidity: 35%
wind: 4 m/s S
H23 • L23
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıİlk qadın bəstəkarımız –Ədilə Hüseynzadə

İlk qadın bəstəkarımız –Ədilə Hüseynzadə

Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Doğurdan da müsiqi bəşəriyyət üçün ecaskar gözəllik mənbəyidir.
Azərbaycan musiqisi də Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ayrı-ayrı bəstəkarlar tərəfindən yaradılmışdır. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan–Qobustan qayaüstü rəsmlərdən (yallı -rəqs) başlayaraq Azərbaycan melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, havalar səslənir.
Hazırda Azərbaycan musiqisi dünyanın ən zəngin, rəngarəng və sevilən musiqisi sırasındadır. Bunda Azərbaycan musiqiçilərinin və bəstəkarlarının rolu əvəzsizdir.
Azərbaycan musiqi sənətində Ədilə Hüseynzadənin imzası isə qızıl hərflərlə yazılmışdır.
O, Azərbaycan musiqisinə yenilikçi, novator qadın bəstəkar kimi dərin iz qoymuşdur.
Ədilə Hacıağa qızı Hüseynzadə 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ədilə xanım 1953 – cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. 1951-ci ildə yazdığı “Simfonik poema ilə Ədilə Hüseynzadə Azərbaycan Musiqi tarixinə böyük simfonik orkestr üçün poema bəstələyən ilk qadın bəstəkar kimi daxil olmuşdur.
Ə. Hüseynzadə bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratmışdır. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə Ədilə xanımın özünəməxsus yeri vardır. Bəstəkarın Nizaminin sözlərinə yazılmış “Vəslin həvəsi” romansı, habelə Rəsul Rzanın , Nigar Rəfibəylinin şerlərinə bəstələnmiş romansları , “Duyğular” vokal silsiləsi musiqimizin incilərindəndir.
Ədilə Hüseynzadə Ü.Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asya rolunu səsləndirmişdir. Gözəl səsə malik bir vokal ustası kimi də Ədilə Hüseynzadə sənət tariximizdə iz qoymuşdur: Ümumdünya şöhrətli “Arşın mal alan” kinofilmində Asyanın vokal partiyasını məhz Ədilə xanım oxumuşdur.
Ədilə xanım uzun illər (1953-1988 ) Bülbül adına orta ixtisas musiqi məktəbində “bəstəkarlıq” fənnindən dərs demiş, gənc istedadların aşkarlanması işində əlindən gələni əsirgəməmişdir. Azərbaycan musiqi mədəniyyətimizi yüksək səviyyədə təmsil edən SSRi xalq artisti Müslüm Maqomayev, Azərbaycanın xalq artisti Firəngiz Əlizadə , Sevda İbrahimova , Elnarə Dadaşova məhz Ədilə xanımın rəhbərliyi altında sənətdə ilk kövrək addımlarını atmışdır. Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuşdur.
Dahi Üzeyir Hacıbəylinin sevimli tələbələrindən olan bəstəkar Ədilə xanım Hüseynzadə 2005-ci ildə vəfat etmişdir.
Şərh yoxdur

şərhini yaz