a
Hava:
18 C
clear sky
Baku
humidity: 72%
wind: 5 m/s SSE
H18 • L18
HomeQadın və ictimaiyyətBu günümüzün qadınlarıNəğməkar şairə Arzu Hidayətqızı

Nəğməkar şairə Arzu Hidayətqızı

Azərbaycan qadını ta qədimdən – nizə tutub, ox atdığı dövrdən var oluşunu sübut etmək üçün qayalara öz adını həkk etməyi bacardı. Gözünü yenicə açmış bu dünyaya “mən də varam”  dedi. O gündən bu günə Azərbaycan qadını məğrurluğu, qəhrəmanlığı, mübarizliyi və analığı ilə tarixə öz naxışını vurmağı bacardı və bu gün də bacarır.
Günümüzün qadınları hələ də şanlı tariximizə, nəğməli, bayatılı ədəbiyyatımıza, ən əsası həyatımıza naxış vurur, bəzək salırlar. Sözdən söz toxuyan belə qadınlarımızdan biri də əli qələmli, dili nəğməli şairə Arzu Hidayətqızıdır.
Arzu xanım tərcüməçi, pedaqoq, bir kitab müəllifi və ən əsası nəğməkar şairədir.
Onu daha da yaxından tanımaq istədik. Bu minvalla nəfis şəkildə dərc olunmuş kitabını vərəqlədlməyə başladıq.
Kitabın arxa hissəsindəki bioqrafiyanı təqdim etməkdə isə fikrimiz mahnılarını sevə-sevə dinlədiyiniz Arzu xanımı sizlərlə daha dəqiq tanıtmaqdır.
İbrahimova Arzu Hidayət qızı 2 aprel 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.1983-cü ildə o, ailəsi ilə birlikdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə köçmüşdür.
1984-cü ildə həmin qəsəbənin orta məktəbində təhsil almışdır.1987-ci ildə qəsəbənin musiqi məktəbinə fortepiano sinfinə daxil olmuşdur. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutuna ( indiki Bakı Slavyan Universitetinə) daxil olmuşdur.1998-ci ildə bakalavr, 2000-ci ildə isə həmin təhsil müəssisəsinin filologiya üzrə magistr dərəcəsini bitirmişdir. Uzun illərdir müəllimə peşəsi ilə yanaşı tərcüməçilik edən şairənin “Damcıların rəqsi” adlı kitabı yenicə oxucularla görüşüb.
Arzu Hidayətqızının şeirlərinə bəstələmiş bir çox mahnılar öz təravətini hər zaman qoruyur. Dinləyici tərəfindən sevilir və mənimsənilir. Onun şeirləri daha çox Əməkdar İncəsənət Xadimi bəstəkar Nailə Mirməmmədli tərəfindən bəstələnmişdir. Bəlkə də buna görədir ki, Arzu xanımın o sehirli, şəlalə saçları qədər axıcı, səlis şeirləri mahnılarda ayrı bir füsünkarlıq qazanır. Gözəl şeirin sehirli sözləri gözəl musiqi notları ilə vəhdətdə əlbəttə, ecaskarlıq yaradar. Sirr deyil ki, bir çox tanınmış müğənnilər Arzu Hidayətqızının sözlərinə bəstələnmiş mahnılara üstünlük vermiş, repertuarlarınavəlavə edərək oxumuşlar.
Dövri mətbuatda mutəmadi şəkildə şeirləri dərc olunan Arzu xanım şeirlərində ən çox vətən, torpaq və qadın motivləri üstünlük təşkil edir.
Qadın şairəmiz torpağa, vətənə bir qadın gözü ilə baxıb, qadın duyğuları ilə onu vəsv edir. Əlbəttə ki, daha canlı, daha əlvan…
Şeirlərini oxuduqca Arzu xanımın şeirlərində canlılıq, optimislik, hərarət görünsə də, mövzu könül, qəlb olunca sətirlər özünü lirika dünyasına atırmış kimi kövrəkləşir sanki. Duyğular qəlbdən su içincə hisslər qəmə köklənərmiş sən demə. Xalq artisti Röyanın oxuduğu “Ürək” mahnısı Arzu Hidayətqızının kövrək nəcib qəlbinin məhsuludur. Ürəyin alışıb qığılcım-qığılcım sözə döndüyü bu şərqi sevən ürəklərə sumu oldu, yoxsa od, onu sevənlər bilər, ancaq bizim sevimlimizə çevrilib, dilimizdə zümzümə oldu.
Arzu xanım xalqın hər sevincinə olduğu kimi, hər arğısına da həssasdır. Hayqırışını vərəqlərə tökən şairəmiz dənizdə həyatını itirmiş neftçilərimizə həsr etdiyi qəhərli kəlmələri İstedadlı bəstəkar Nailə xanım elə notlara düzdü ki, hər dinlədikcə, insan o anları təzə-tər yaşayır sanki.
Mahnını dinlədikcə əmin olursan ki, bunlar ancaq vətənpərvər bir qadın ürəyindən xəbər verə bilər.
Əgər Arzu Hidayətqızı şəndirsə, o zaman Nailə Mirməmmədlinin bəstəsində və Amin Təhməzovun ifasında səslənən “toyun mübarək” mahnısının sözləri yarana bilər. Oynaq, ritmik havaya köklənən neçə-neçə belə mahnı ovqatları xoş etməzmi?.. Əlbəttə ki, edir və sevilir.
Qeyd etdiyimiz kimi Arzu xanımın şeirlərini oxuduqca orada olan qadın həssaslığını duyursan.
Qadın qəlbinin gözəlliklərini yaşayan şairə qadının özünə də münasibət bildirmişdir.
Qadın
Ey qadın, gözündə kədərin dərin,
Söylə, biz də bilək, nədir ki, dərdin?!
Göz yaşın qəlbini edirmi sərin?!
Niyə məzlum-məzlum baxırsan yenə?
Sanki dil tutulub, heç danışmayır,
Ürəyin beyinlə bax, barışmayır
Sönür göz alovun, ya alışmayın,
Lal axan çaylar tək axırsan yenə.
Daxilin ağlayır, hey haray çəkir,
Bircə borc ödəməz bil ki, min fikir.
Ölmüş arzulara get, kəfən tikdir,
Qəfil ildırımtək çaxırsan yenə.
Hıçqırma, səsini kəs, duymasınlar,
Qoymurlar güləsən, heç qoymasınlar.
Döz! Sən ki qadınsan, qoy söyməsinlər,
Kədərdən çələngləri yazırsan qadın.
Bir ömür çalışdın, sən xoşbəxt oldun,
Böyüyə, kiçiyə çox hörmət etdin.
Analığın qaldı, qadınlıq etdin
Sərin çisək kimi yaxırsan yenə.
Arzu Hidayətqızı Azərbaycan qadınıdır, ziyalı pedaqoq, sevilən şairdir, qayğıkeş anadır. Və bir də övladdır. Şəninə neçə- neçə şeirlər yazdıği vətən övladı. Bir ağsaçlı, ağbirçək bir ananın övladı. O ana ki, sevgisi ölçülməz, yeri dolmaz. Ananın varlığı ilə dünyalar sənin olar, yoxluğu ilə üşüyərsən. Arzu xanımın üşüyən yanıdır ana həsrəti. Bir də dili ilə deyə bilməyib, qələmində gizlənən həsrətinin vərəqlərə sürüldüyü anı…
Aşağıdakı misraları ana həsrətindən və ona olan məhəbbətdən xəbər vermirmi?..
Anama sözūm
İllər oldu, həsrətini çəkəli,
Yoxlugunu dünyalar doldurmadı.
Təbəssümün xəyalımda təzədir,
Çox qorudum, yaddaşım soldurmadı.
Bir tərəfim elə yarım gəzdim mən,
Sənsizliyi urəyim qaldırmadı.
Anam, getdin için -için yandım mən,
Bu yanmağım səni heç yandırmadı?!
Ən son ölən umidlərdir, dedilər,
Gözlərim hər yerdə səni axtardı.
Çox darıxıb, səninçun ağlayanda,
Xatirələr səni geri qaytardı.
Çox gənc getdin sən bu qoca dūnyadan,
Düşündüm ki, bəlkə geri dönərsən.
Hələ yaşayarsan, hələ bizlərlə
Görmədiyin xoş günləri görərsən.
Nə qədər ki,v sağam, bir xahişim var:
Istəsəm dünyaya bir də gəlməzsən?!
Əgər gəlsən, bir az tələs, ay ana,
Olsun ki, gələrsən, məni gőrməzsən.
Aynur Turan
Şərh yoxdur

şərhini yaz