a
Hava:
17 C
clear sky
Baku
humidity: 59%
wind: 3 m/s SSW
H17 • L17
HomeQadın və ictimaiyyətBu günümüzün qadınlarıTürkiyədə tekstil firması açan ilk azərbaycanlı qadın -Ləman Süleyman

Türkiyədə tekstil firması açan ilk azərbaycanlı qadın -Ləman Süleyman

Azərbaycan qadınının növbəti uğuru.
Umayclub.com saytı  Lent.az-ın Türkiyədə yaşayan azərbaycanlı modelyer Ləman Süleyman ilə  müsahibəsini təqdim edir:
– Bu il koronavirus infeksiyası bir çox sahələrə, eləcə də dəbə öz təsirini göstərdi. Pandemiyanın modaya hansı təsirləri oldu?
– Pandemiyanın yaxşı tərəflərini, ümumiyyətlə, görmək çətindir. Baxmayaraq ki, 9 aydır bu durum davam edir, ona hələ də alışmaq və hər bir mənada qəbul etmək asan deyil. Hələ də insanların çoxu panik içindədir. Təbii ki, söz sağlığımızdan gedirsə, panik halları normaldır. Məsələyə biznes tərəfindən baxanda isə görürük ki, daha çox gözlənilmədən məcburi sistem və strateji dəyişiklik oldu. Çünki ticarətdə buna bənzər, gözlənilməyən situasiyalar olursa, mən belə düşünürəm ki, sistem içində də dəyişiklik yaratmaq məcburiyyəti olur və bu asanlıqla, bir-beş gün içində həll oluna biləcək vəziyyət deyil. Bir şirkətin illərdir üzərində çalışıb, inkişaf etdirdiyi bir sistemi, strategiyası, hədəf planı varsa, onu necə durdura bilər? Yeni sistem və plan üzərindən necə davam etdirə bilməsinə baxmalıdır. Təbii ki, çoxları gücü və imkanı yetdiyi qədər hərəkət etməyə başladı. Bəli, böyük zərərlər oldu. Bir çox şirkətlər işçilərinin sayını azaltmaq məcburiyyətində də qaldı. Yəqin ki, nə qədər insan hələ də işsizdir. Bəzi şirkətlər bu durumun doğru çıxış yolunun məhz virtual məkanda görür. Onu da deyim ki, reallıq məhz bunu tələb edir, oraya yönəldilər. Satışlar da oraya yönəldi. Ümumiyyətlə, dünyanın bir çox ölkələri elektron iş rejiminə keçdi.
Bizim biznes sahəmiz də, böyük zərərlərə uğradı. Təsəvvür edin ki, İtaliya kimi böyük ölkələrin sərhədlərini bağlaması və yeni mövsüm kolleksiya nümayişləri təxirə salındığından sonra, modaya diktə edən dizaynerlər, markalar pandemiya zamanından öncə olduğu kimi öz işlərini həyata keçirə bilmədilər. Kolleksiyanın təqdimat və satış şəkli belə dəyişdi. Bu da birbaşa hər kəsin ticarətinə təsir göstərib əngəllər yaradacaq bir vəziyyət oldu.
Pandemiyanın yaxşı tərəfi də bu oldu ki, onlayn satışlar dəfələrlə artdı. Yəqin ki, bunun səbəbi də insanların bir müddət evdə olmalarıdır. Hətta pandemiyanın ilk dönəmlərində onlayn satışlar o dərəcədə artdı ki, bəlkə də heç bir ölkədə yer alan onlayn platforma pandemiyadan öncə qısa bir müddət içində belə bir rəqəmlər əldə etməyiblər . Mən özüm də bu mövzu ilə əlaqəli bir çox seminarlara qatılaraq və bir sıra mütəxəssisləri dinləyərək yeni sistemin hansı yolda irəliləməsi lazım olduğunu və onlayn satış prosesinin də nə dərəcədə önəmli olduğunu bir daha anladım.
– Bu il üçün öz işinizdə ən böyük uğur nəyi hesab edirsiz?
– 4 il fəaliyyət göstərən bir şirkət üçün ən böyük uğurdan danışmaq hələ ki, çox tezdir. Xüsusilə də belə bir dönəmdə biz daha çox uğurumuz deyil – ticarətimizi ayaqda saxlayıb inkişaf etdirmək üçün çalışırıq. Çünki sabah bizi yeni sürprizlərin qarşılayacağına çox inanırıq. Ümumiyyətlə, hər hansı bir sahədə çalışan insanlar bu dönəmdə daha çox şirkətlərini necə qoruyub, minimum zərərlərlə davam edə biləcəklərini düşündülər . Yaxşı tərəf o oldu ki, mən də hamı kimi özümü və kollektivimi infeksiyadan təcrid etdim. Bir ay yarım evdə olduq. Düşünməyə başladıq ki, biz də hamı kimi yeni bir sistem qurmaq məcburiyyətindəyik. Bu necə olmalıdır və hansı yöndə davam etməyimiz lazımdır kimi suallar bizi düşündürdü. Bununla da onlayn ticarətə keçid aldıq. Yeni layihə üzərində çalışmağa başladıq. Yeni və alternativ markamızı yaratdıq. Türkiyədəki, eyni zamanda bir neçə xarici ölkələrin onlayn satış platformaları ilə yeni müqavilələr imzaladıq, yeni iş rejiminə keçdik. Ümidvarıq ki, daha çox rahat və şık geyim üzərində qurulan bu layihə uğurlu olacaq.
– Şərq qadınının stili kənardan necə görünür, bizdə ən çox çatışmayan hallar hansılardır?
– Şərq qadını, bir sözlə desək, baxımlı görünür. Bu da, məncə şərq qadınının gözəl tərəfidir. Niyə? Çünki qadını zatən kişidən ayıran ən əsas fərqlərdən biri də odur ki, o daha baxımlı olmalıdır. Məsələn, Avropa qadınları həyat dinamikası baxımından rahatlıqlarına o qədər düşkündürlər ki, bəzilərinin hətta kişilərdən fərqi belə qalmır. Şərq qadını isə məhz, çox baxımlı, özünə çox diqqət yetirən, geyiminə, makiyajına, gigiyenasına, ümumiyyətlə bütün mövzularda baxımlı olmağın tərəfdarıdır. Ona görə də, hər zaman məhz qadın kimi görünür. Mən deməzdim ki, burda hansısa çatışmayan nüanslar var. Çünki qadın özünü unutmadığı və baxımlı qala biləcəyi müddət ərzində qadın kimi görünəcək.
– Hazırda dünyada fəaliyyət göstərən modelyerlərdən hansının kolleksiyası diqqətinizi daha çox çəkir?
– Ümumiyyətlə, hər bir böyük şirkətin əsas dizaynerləri var. Onlar da arxasında böyük komanda və departament var. Çünki yeni trendləri yaxalamaq, detalları düşünüb yaratmaq yetərincə zəhmətli və komanda işidir. Yəni dizayn dediyimiz işin arxasında böyük bir yaradıcı heyət durur. Ona görə də dizayner haqqında deyil, üzərində bir komandanın zəhməti olan markalar haqqında danışa bilərik. Son zamanlar, ümumiyyətlə, mövsümün trendləri çox önəmli bir mövzudur. Hər mövsümün öz trendi var və o trendləri incəliklərinə qədər düşünən şirkətlər yeni məhsulları ilə sözügedən məşhurluğu hansısa mövsümdə yaxalaya bilirlər. Məsələn, yüksək satış baxımından ilk 10-luqda olan markalar arasında son illər aktual qala bilən eyni isimləri görə bilərik ki, bunlar məhz cəzbedici görünüb, “detal yeniliklər”i ilə moda və trendləri təqib edən insanlara zövq verə bilir. Amma mənim üçün ilk 3-lükdə olan “Alexandır Wang” ın adını xüsusi ilə vurğulaya bilərəm.
– Bu mövsümün dəbindən danışaq. Xanımlar nələrə diqqət etməlidir? Nələr trend olacaq?
– Bu ilin dəbindən danışsaq, onu deyə bilərəm ki, 2020-ci ilə nəzər saldıqda görürük ki, trendlər çox sevildi, xüsusilə də “detaylar” çox bəyənildi. Hələ ki, belə də davam edəcək. Yəni 2021-ci ilə yenilərlə yanaşı eyni mövcud moda da keçəcək. Çünki dəblə maraqlanan insanlar “Oversize” qəliblərini çox sevdilər. Rahat və dəblidir. Klassiklik hər zamankı kimi dəyişilmir. Burada da “detaylar” bir az fərqli və yeni, amma keçmişləri xatırladan parçalarla görünəcək. Süni dəriyə, latexa üstünlük veriləcək. Nə dərəcədə sevilib, rahatlıq verəcəyini deyə bilmərəm. “Velvet” dediyimiz material da aktuallığını itirmədən növbəti ilə keçəcək. “Vintaj” yenə də ön yerlərdədir. Yeni formalarda çox geniş qollar, istər donlarda, istər şalvarlarda, istərsə də ayaqqabılarda qabarıq qəliblər və kişisayağı siluetlər yenə də trenddə qalacaq. İl yenə də çox rəngli davam edəcək. Önəmli olan həmin rəngləri, eyni zamanda materialları bir-birinə doğru kombinləyib doğru siluet yaratmaqdır. Ən vacibi də minimalizm sözünün şəklindən çıxmamaqdır. Çünki minimalizm hər zaman aktualdır.
– Türkiyədə qısa bir zamanda böyük nailiyyət əldə etmək necə bir hisdir? Hansı çətinlikləriniz oldu?
– Biz hələ yolun başındayıq. Nailiyyətlər inanıram ki, hələ qabaqdadır. Uğur və buna bənzər sözlərin ağırlığı var. Hazırda özümüzü yeni-yeni işə başlamış kimi hiss edirik. 4 ildən sonra yeni layihələrə addım atdığımız üçün böyük bir məsuliyyət içindəyik. Hazırda 3 ölkəyə istiqamətlənmiş satiş stratejimizi və planımızı hazırlamaqdayıq. Bunlar hələ nailiyyət dediyimiz sözün başlanğıcıdır. Ona görə də bu barədə hələ ki, danışmaq tezdir. Kiçik nailiyyət onu hesab edə bilərəm ki, şirkətimiz 4 ildir fəaliyyət göstərir və bu illər ərzində komandamızla yavaş-yavaş irəliyə gedirik. Keyfiyyətimizi və professionallığımızı artırmağa çalışır, bunu bacarırıq. Çətinliklər məntiq olaraq var. Amma mənə görə iş öz əngəlləri ilə daha düşündürücü, maraqlı və cəlbedicidir. Belə daha çox öyrənirsən. Əminliklə deyə bilərəm ki, heç bir işə çətinlik nəzər nöqtəsindən baxmaq olmaz. O zaman heç bir nəticə ala bilmərik. Necə ki, sevdiyim insanları çətin xüsusiyyətləri ilə qəbul edib sevməyə davam edirəm, işimi də eyni dərəcədə. Bəlkə bir az daha çox. Buna görə də inanıram ki, bu sevgimdən gözlədiyim nəticəni bir gün əldə edəcəm.
Şərh yoxdur

şərhini yaz