a
Hava:
17 C
clear sky
Baku
humidity: 63%
wind: 10 m/s NNW
H17 • L17
HomeMaraq dairəsiDəyərsizlik sindromu və insanları bu hissi yaşamağa məhkum edən amillər

Dəyərsizlik sindromu və insanları bu hissi yaşamağa məhkum edən amillər

Şübhəsiz ki, insanın ən dəyərli sərvəti sağlamlığıdır. Sağlam olmayan birinin həyatında  nə hüzur nə də xoşbəxtlik olmaz. Sağlamlığı dar bir perspektivdən – yalnız fiziki sağlamlıq olaraq düşünmək yanlış olar. Çünki insan sadəcə fiziki olaraq deyil, həm də, psixoloji olaraq sarsıla, sağlamlığını itirə bilər.

“Bütün xəstəliklərin kökündə yatan səbəb stresslə, əsəblə bağlıdır” kimi fikirlərlə tez-tez qarşılaşırıq. Və ya hər hansı xəstəlik zamanı həkim yazdığı reseptə bir ifadə əlavə edir: “Əhvalınızı yüksək tutun…”

Psixoloji sağlamlıq sadəcə fizioloji sağlığımızın deyil, ümumilikdə , bütün – iş, dost, ailə və.s sağlam münasibətimizin təminatıdır. Psixoloji sağlığımızın təminatı isə özümüzü psixologiyamıza zərər verən insanlardan qorumaqdır. Bu mübarizədə insana stimul verən özünə verdiyi dəyərdir .
Çünki, insan dəyər verdiyini qoruyar, qoruduğuna isə dəyər verər . Və insanın özünü dəyərli biri kimi hiss etməsi üçün,sözsüz ki, ətrafında bu hissi ona yaşadan insanların rolu mühümdür.

Bizə özümüzü dəyərsiz hiss etdirən ilk amil bizə dəyər verməyən insanlarla münasibətdir. Bu həyat yoldaşı, dost, iş ortağı, ailə üzvümüz və.s ola bilər. Belə insanların vurduğu zərbəyə səbr etmək insanın mənəvi intiharıdır.

Bizə qarşı tərəfin dəyər verib-vermədiyini əslində hər birimiz hiss edərik. Çünki necə deyərlər, qəlbdən qələbə yol var. Amma bunu qarşı tərəfə qəbul etdirə bilmədiyimiz üçün yanıldığımızı zənn edərik, özümüz özümüzü ittiham edib, özümüz müdafiə edərik ki, bu da bizə həm vaxt, həm enerji həm də psixoloji sağlığımıza zərbə vurmamıza səbəb olar.

Qarşı tərəfə dəyərsizlik hissi yaşadan insanların ortaq xüsusiyyətlərini belə ümumiləşdirmək olar:

📍İstədiklərini əldə edə bilməyəndə asanlıqla özlərindən çıxarlar.

Hər şeydən öncə sənə dəyər verməyən biri bir şəkildə sənin yaxınındadırsa,deməli, tək səbəbi var – sənə müəyyən formada möhtacdır. Sənə möhtac olduğu üçün yanındadırsa deməli saxtakardır. Ona görə də ən kiçik narazılıqda və ya səndən gözlədiyini əldə edə bilməyəndə əsl üzünü ortaya qoyar. “Sən elə beləsən”, “Onsuz da nə vaxt lazım olanda bir köməyini görmüşəm ki”, “Guya bunu etsəydin dünya dağılmazdı”,”Günah sənə ağız açandadır” və.s. ifadələrlə səni günahkar hiss etdirərək istədiklərini əldə etməyə çalışarlar.

📍Münaqişədən sonra baş verənlərdən peşmanlıq hissi duymazlar.

Deyək ki, üzləşdiniz, töhmət və təhqirlərini yağdırıb getdi. Sənə işi düşənə kimi səni yox sayar, nə qəlbini almağa çalışar, nə münasibəti yumşaltmağa çalışar. Çünki danışmaq üçün bir səbəb- səndən bir istəyi yoxdursa sən də onun üçün yoxsan.

📍İşi düşməyənə kimi səni arayıb-axtarmazlar.

Ən kiçik narazılıqlarında əsl üzlərini ortaya qoyub sənə töhmət yağdırdığı kimi, sənə ehtiyac duyarsa heç nə olmamış kimi yenidən bir şəkildə müraciət edərlər. Sənin o andakı aqresiyan, üsyanın yatışana qədər saxta təbəssüm, boğazdan yuxarı sözlərlə yola verərlər. Əlbəttə, əgər işləri düşübsə.

📍 Asanlıqla təhqir edərlər.

Səni itirmək qorxusu yaşamadığı üçün onu qəzəbləndirdiyin anda təhqirə keçər, alçaldıcı sözlər sərf edər. Əslində, o anda səni alçatmaq üçün sərf etdiyi ifadələr onun sənin haqqındakı əsl ürək sözləridir. Əslində o andakı aqressiya sənə qarşı olan “səmimiyyət”dir. Həmin anda o səni necə görürsə sözlə təsvir edər.

📍Əsla üzr istəməzlər.

Sənin keçirdiyin heç bir hiss onun üçün maraqlı deyil. Sənin qəlbin qırılıb, qürurun incinib onun vecinə deyil, bunun heç fərqində olmaz, çünki, sənə həssaslıqla yanaşmaz. Və buna görə də, dəyər verməyən insanlar əsla üzr istəməzlər.

📍Etinasızdırlar.
Sənin nə sevincini, nə kədərini özününmüş kimi yaşamazlar. Sadəcə xətrin qalmasın deyə qısa təbəssümlə, ədatlarla yola verərlər.

Həm uğurundan qaynaqlanan sevinciniə həm uğursuzluğundan yaranan kədərinə həssaslıq göstərməzlər.

📍 Heç bir müvəffəqiyyəti sənə yaraşdırmazlar.

Məsələn, deyək ki, gözəl bir əl qabiliyyətinin nəticəsini təqdim edirsən.
O, “nə gözəldir”, “əhsən sənə” deməz. “Yəqin kimdəsə görüb yamsılamısan”, “İnanmıram bunu sən bacarasan” kimi ifadələrlə bunu edə biləcək qabiliyyətdə olmadığını sənə diqtə edərlər.

📍 Enerji vampiridirlər.

Vəziyəti, əhvalı yaxşı olanda səni xatırlamazlar. Buna baxmayaraq, problemi, xəstəliyi olan kimi məzlum görkəm alıb burnunun dibində yerini alarlar. Çünki yaxşı əhvalı, gülər üzü dəyər verdiyinə, xəstəliyi və problemi sənə layiq bilər.

📍Heç vaxt təşəkkür etməzlər .

Sənin etdiyin heç bir fədakarlığı qiymətləndirməzlər. Sənin etdiklərinin altında əzilməsin, özünü sənə qarşı borclu hiss etməsin deyə ona elə etdiyin bütün işlər sənə borcunmuş kimi hiss etdirməyə çalışarlar. Hətta, təəssüf ki, bəzən ailə münasibətlərində “eləməlisən də”, “borcundur da”, “sən eləməmiş mən eləməliyəm” kimi ifadələrə də yer verilir.

📍Onlara edilən yaxşılıqlara təşəkkür etmək bir tərəfə ,hər fədakarlığı, xidməti kiçildərlər,dəyərsizləşdirərlər. Çünki ,onlar eyni zamanda  nankor olurlar. Nankor insanlar isə məmnuniyyətsizlikləri ilə onlara edilən yaxşılığın əvəzini ödəmək məsuliyyətindən canlarını qurtarar.

Bu xüsusiyyətlərini özündə əks etdirən insanlardan uzaq durmaq imkanı yoxdursa da ,ən azından, layiq olduğu dəyəri verərək özümüzü daha az fədakarlığa məhkum etmiş olarıq . Çünki ,problem belə insanlara layiq olduğundan artıq dəyər verərkən deyil,özümüzə layiq olduğumuzdan az dəyər verərkən başlayır.

Hər zaman dəyərimizi bilmək ümidi ilə…

AynurA

Şərh yoxdur

şərhini yaz