a
Hava:
16 C
clear sky
Baku
humidity: 72%
wind: 3 m/s SSE
H16 • L16

Dəniz duzu və faydaları 

Dəniz duzu və faydaları 

Unikal məhsullardan biri olan dəniz duzunun faydalı xüsusiyyətləri yüz illər əvvəl aşkar edilib. Dəniz sahili ölkələrdə yaşayanların soyuqdəyməyə və iltihabi xəstəliklərə orta zolaqda yaşayanlara nisbətən daha az tutulmaları dəniz duzunun antiseptik təsiri ilə əlaqədardır. Hətta yaponların uzunömürlülük sirlərindən biri də dəniz duzunun xüsiyyətlərində olduğunu söyləyirlər.

Xörək duzunun tərkibi yalnız natrium xloriddən ibarət olduğu halda dəniz duzu kimyəvi elementlər cədvəlinin az qala yarısını özündə cəmləşdirir. Dəniz duzunun qidalanmada mütəmadi istifadəsi vitamin- mineral kompleksinin qəbuluna bərabər hesab olunur. Dəniz duzunun tərkibində olan bəzi elementlər daha böyük əhəmiyyətə malikdir:

Maqnezium – antistress təsiri mineraldır və sinir sisteminin normal fəaliyyətinə xidmət edir.

Yod – Orqanizmin hormonal balansını saxlamağa kömək edir.

Kalsium – Hüceyrələrin düzgün formalaşması üçün əvəzedilməzdir.

Manqan – İmmun sistemi möhkəmləndirir, mübadiləni tənzimləyir.

Dəmir və mis- Qanyaranma prosesində iştirak edir.

Selen – Nadir elementdir və xərçəng hüceyrələrinin inkişafını ləngidir.

Özünün unikal tərkibinə görə duzu xörək duzundan fərqli olaraq mayenin orqanizmdə ləngiməsinə və ödemlərə səbəb olmur. Bu səbəbdən də hipertoniklərin istifadəsi üçün yaxşı alternativdir. Qan dövranını pozulması, revmatizm, artrozlar, poliartrit, dərinin və dırnaqların göbələk zədələnməsi, intoksikasiyalar, ishal və qəbizlik zamanı dəniz duzundan istifadə etmək tövsiyə olunur.
Zökəm, haymorit, angina kimi xəstəliklər də onun suda məhlulu ilə burun boşluğunu yumaq və ya qarqara etmək çox faydalıdır. Dəniz duzunun tonuslandırıcı təsiri onun xroniki yorğunluq sindromunda tətbiqinə səbəb olub.

Bəs bu effekti və ucuz müalicə vasitələrindən necə istifadə edilir?.. Ostexondroz və artritlər zamanı ev şəraitində dəniz duzu ilə vannalar qəbul etmək faydalıdır. Hərarəti 42 dərəcədən yüksək olmayan su ilə doldurulmuş vannaya 2 kiloqram dəniz duzu əlavə edilir və həmin vannalar 15 dəqiqə ərzində qəbul edilir. Mütəmadi qəbul olunan vannalar oynaqlarda olan iltihabi əlamətləri, ağrı və şişkinliyi azaldır. Dəniz duzunun sakitləşdirici və relaksasiyaedici təsirinə görə sinir-psixi xəstəliklərdə onun vanna şəklində tətbiq olunması məsləhətdir.Vannalar əsasən axşamlar qəbul edilir.

Dəniz duzunun gümrahlaşdırıcı effekti səhər bir fincan qəhvəni əvəz edə bilər. Bu məqsədlə qəbul edilən 34-35 dərəcəli ilıq vanna doğuş zamanı travma almış körpələrə də tətbiq olunur. Yeni doğulmuşlarda raxitin profilaktikası üçün ideal vasitəsilərdən sayılır.

Dəniz duzunun müxtəlif nazal vasitələrin tərkibinə daxil edilməsi onun antiseptik təsirinə əsaslanır.
Ümumiyyətlə, dəniz duzunun tərkibindəki vitamin və minerallardan tam faydalanmaq üçün onu hər gün 2 qram miqdarda daxilə qəbul etmək faydalıdır.

Dərinin strukturunu yaxşılaşdırmaq və təravətini qaytarmaq üçün təbii skrab düzəltmək olar: incə üyüdülmüş dəniz duzu balla qarışdırılır və alınan skrabla dəri təmizlənir.
Nazik və qırılan dırnaqlar üçün 1stəkan ilıq suya 1qaşıq dəniz duzu, 1-2 damcı yod məhlulu əlavə edilib hər axşam 15 dəqiqə qırmaqlara vanna edilir. Təxminən 1 ay sonra müalicənin nəticəsi hiss olunur.

Əks göstərişlər:
Psoriaz, neyrodermit, kuperoz kimi dəri xəstəlikləri və fotodermatozdan əziyyət çəkənlərin dəniz duzundan istifadə etməsi qadağandır. Dəri allergiyası və ekzema xəstələri olanlar isə ətirli qatqısı olan dəniz duzlarından istifadə etməməlidir.

 

Şərh yoxdur

şərhini yaz