a
Hava:
16 C
few clouds
Baku
humidity: 67%
wind: 4 m/s NW
H16 • L16
HomeQadın və ictimaiyyətBu günümüzün qadınlarıRuhunu qələmə köçürən xanım–Zülfiyyə Yaqub

Ruhunu qələmə köçürən xanım–Zülfiyyə Yaqub

Nə gizlinəm, nə aşikar,
Layla səsi, sur səsiyəm.
Tanrının söz kitabında,
Bir bənd şeir bəndəsiyəm.
Hər insan bir nağıldır, hər insan özlüyündə bir dünya. Hər bir insan həyatı isə baş rolda özünün oynadığı bir səhnədir bu dünyada. Nə xoş o şəxsə ki, onun həyatı keşməkeşli deyil, sakit, ilğım, axarındadır və o insan öz rolunu yorulmadan, illərin ağır sınağını izini alnına, üzünə salmadan rolunu oynayıb sonlandırır. Bəlkə də əsas məharət isə onun roluna, payına düşən ağrılı, kədərli bir səhnəni gözəl sonluqla başa vurmaqdır. Özündən sonrakı ” tamaşaçı” nı yaxşı mənada heyrətləndirə bilmək, ona örnək ola bilməkdir. Çətin həyatın qasırğasından yaralanmadan çıxmaq, qızılgülü iyləyərkən tikanına dəyib yara almamaq qədər çətindir. Ümidsizdirmi?… Əsla… Necə?..
Küllərindən doğmaq kimi, sönmüş alovun qəfil qığılcımı kimi. Hər şeyin bitən anından yenisi ilə başlamaq kimi. Nöqtəni vergülə çevirmək kimi.
Maraqlıdır deyilmi?..
– Elə isə gəlin, gənc yazar, zərif görkəmə sahib, lakin hökümlü iradə və həzin qələm sahibi Zülfiyyə Yaqubu tanıyaq. Azərbaycanın daha bir mübariz qadının həyat və yaradıcılığına işı tutaq, nəzər yetirək. Mayaq tutaq ki, biz də işığında aydınlanaq gözəl misraların. Söz və ahəngin vəhdətinin sehrinə qərq olaq.
Zülfiyyə Yaqub kimdir?
– Səmədova Zülfiyyə Yaqub qızı 1980-ci ildə Daşkəsən rayonunda əməkçi ailəsində dünyaya gəlib.
Hazırda Zülfiyyə Yaqub Gəncə Yazıçılar Birliyinin Üzvü, şairə-yazar və eyni zamanda modelyer-dizayner olaraq “Əmin Tədris Mərkəzi” ndə eyni peşəni tədris edən müəllimədir. Bununla yanaşı ” Yurd” publisistik qəzet və jurnalın müxbiri vəzifəsində çalışan günümüzün Azərbaycan qadınlarındandır. Zülfiyyə xanım bir kitabın–”Suyun bir damcı ürəyi” adlı kitabın müəllifidir. “Zərif kölgələr” adlı kitabda da, istedadlı qələm əhli Zülfiyyə xanımın bir neçə yazıları yerləşdirilmişdir.
Bundan başqa, bir neçə antologiya kitablarında da Zülfiyyə Yaqub əməyi və imzası vardır. Belə ki, “Gənc Yazarlar Birliyi” ndə Zülfiyyə Yaqubun on dörd ölkənin–Türkdilli xalqların antologiya kitabında da onun xüsusi xidmətləri vardır. Dövri mətbuatda müxtəlif adda yazıları- şeir, esse və hekayələri mütəmadi şəkildə dərc olunmaqdadır. Bununla yanaşı, müxtəlif adda ədəbiyyat saytlarında da elektron yazılar müəllifidir.
Qeyd edək ki, onun şeirlərini bir çox qiraət ustadları səsləndiriblər.
Hər bir insanın şirin və eyni zamanda, əlçatmaz bir uşaqlıq xatirəsi vardır. Siz, Zülfiyyə Yaqub, uşaqlığınızı necə xatırlayırsınız?
–Baxmayaraq ki, nən fəhlə ailəsində dünyaya göz açmışam, ancaq düşünmədən deyə bilərəm ki, uşaqlığımı dolu-dolu yaşamışam. Valideynlərim o dövrdə bizi uşaq kimi deyil, şəxsiyyət kimi yetişdirdilər. Düzdür, ata-anam təhsilsiz idi, ancaq onlar elmə, biliyə, tərəqqiyə qiymət verməyi bacaran insanlar idi. Onlar öz övladlarını oxudub, onlara ali təhsil verməyi bacardı.
Ata-anamın həmişə mütailəyə və eləcə də, ədəbiyyata xüsusi marağı olub. Mən özümü dərk edən gündən yaxşı xatirimdədir ki, evimizin divarlarını hər zaman böyük kitab rəfləri və Azərbaycan ədiblərinin rəsmi bəzəyib. Atam onları bizə nəinki təkcə tanıtdırıb, hətta onları bizə şeirləri, əsərləri ilə sevdirib. Bu sevgi məni öz arxasınca ta buralara çəkib gətirməyi bacardı. Belə deyərdim ki, atam mənim şeirə olan sevdamın, hecaya olan vurğunluğumun yeganə “günahkarıdır”. Mən də atama olan bir ömürlük minnətdarlığımı onun adını özümə təxəllüs kimi seçməklə bildirmək istədim. Buna görə də, Zülfiyyə Yaqub kimi fəaliyyət göstərir və bu imza ilə tanınıram. Qoy qəlblərə yatan, xoş ovqat bəxş edən misralarımda atamın da imzası olsun. Necə ki, rolu vardır.
Bizim ailəmiz hələ o bu dönəmlərdə dövri mətbuatda dərc olunan müxtəlif adda qəzet və jurnallara abunə idi.
Onlar bizim bilikli olub, cəmiyyətdə yaxşı mövqe tutmağımızın tərəfdarı və təşəbbüskarı idi.
Siz də bir qələm əhlisiniz. Sözdən gözəllik toxumaq istedadına maliksiniz. Deyə bilərsinizmi, bu qələm sizə nə verdi?
– Düşünmədən deyə bilərəm ki, yarımçıq qalan arzularımı verdi… Bütün şeirlərimdə, hətta belə deyərdim ki, şeirlərimin hər misrasında mən varam, mənim hiss və həyəcanlarım var.
Bəlkə də buna görədir ki, peşəkar yazarlığa otuz yaşından sonra başladım deyə bilərəm. Hər kəsin həyatı enişli- yoxuşludur. Bir çətin an olur mütləq. Həyatımın həmin qadın çətinliklərlə üzləşdiyi və özünüdərk etdiyi zaman güclüdür. Təvazökarlıqdan uzaq olsa da, Zülfiyyə Yaqub isə buna bir nümunədir.
Altı-üstü bir kəlməlik insanam,
Ya da el dilində
yarımçıq qalmış bayatı.
Əzbərləyib həyatı,
Hərdən imtahan verirəm özümə:
Duyğularım sait olub
sətirdən-sətirə keçdikcə,
Kar samitə bənzəyib,
qısılıram hecaların bir küncünə.
Baxıram ki, ahəng qanununa belə
uyğunluğum yoxdu mənim…
Hər üçdən bir kəlməmin,
sonu mürəkkəb cümlədir.
Arzularım, diləklərim
xəbərsiz mübtədalara döndükcə,
Köməkçi nitq hissəsi kimi,
başdan ayağa ”bəlkə” lərə bürünürəm.
Sonra üç nöqtə misalı,
Misraların arxacınca sürünürəm,sürünürəm…
Ta ki, həyat bitmiş bir
ömürün qarşısına,
Ölüm nidasını qoyana qədər!
Hər şairin bir üslubu, tez-tez üz tutduğu bir mövzusu olur. Şeirlərinin bir çoxunu pak məhəbbətə həsr edən şairləri biz sevgi şairi, vətənpərvər şairləri, sevgi şairi, təbiətin vəsvinə misralar qoşan şairləri isə təbiət şairi adlandırırıq. Bəs Zülfiyyə Yaqubun qələmi kimdən, nədən, necə yazır?
–Mənim uşaqlıqdan, özümü bilən anlardan öz- özümə cavabını içimdən, məndəki məndən və oxuduğum fəlsəfi kitablardan aldığım suallar vardı: ” Mən kiməm, nəyəm, nəçiyəm, bu dünyada nə üçün varam?..” Söz yox ki, hamının bildiyi cavabları mən də bilirdim, ancaq bunun fövqündə daha bir məqamlar olduğunu daha da hiss edərək sual axtarışında idim və bu suallar mənim yazılarıma da təsir etdi. Görünən kimliyin arxasında daha dərin görünməyən bir kimlik var, onu tapmalıyam.
Suallarım könül dunyamı dilə gətirdi və onları qələmə almağa başladım. Yazılarım bir çox dəyərli ədiblərin də haqqımda qeyd etdiyi kimi irfani- fəlsəfidir deyə bilərəm. Çox nadir hallarda sevgi və digər mövzulara üz tuturam. Bir də uşaqlıq dövründən yaddaşımıza həkk olunan ağrılı-acıli müharibə mövzusuna da tez-tez müraciət edirəm.
İstər hazırkı Qarabağ müharibəsi, şəhid anaları ilə bağlı yazılarım, istərsə də, aprel döyüşü və birinci Qarabağ savaşı mənim qələmimin ilkin mövzularındandır.
Zülfiyyə xanım bu müharibədə siz nələri gördünüz, nələrin şahidi və ya gördüklərinzlə nəyin əminliyində oldunuz?
–Mən bu savaşda yumruq kimi birləşən bir xalq gördüm. Dostun az, düşmənin çox olduğu siyasət və döyüş meydanımızdakı müdrikliyimizi, əzmimizi gördüm. Böyük ürək sahibi igid oğullarımızın böyük vətənpərvərliyini gördüm. Ancaq bunlarla yanaşı, Azərbaycan qadınının böyük ürəyə sahib olduğunun əminliyini yaşadım. Belə ki, xalq olaraq şəhid həyat yoldaşını zərif çiyində son mənzilə aparan gənc Azərbaycan qadınını gördük. Ağbirçək ananın şəhid oğlunun tabutunu o müqəddəs örpəyinin belə üzərinə götürdüyünü gördük.
Şəhid anaları gördük, israrla oğlunun bədəninə baxmaq istədiyini ki, baxım görüm güllə ona öndən dəyib, yoxsa arxadan. Öndən dəydiyini görüb qürur hissi keçirirən analar gördük. Bu acıdı, şəhid məqamı, övlad itkisi çox ağırdı, amma belə bir məqamda qadın məğrurluğunu gördük. Dönüb tarixə baxsaq, o mübariz qadınlarımızın yenidən sanki canlandığını, tarixin təkrar olunduğunu, keçmişin mübariz, mətanətli qadınlarının bu gün də var olduğunu gördük. Ən əsası bir qadının tanımadığı digər qadının əsgər övladı üçün dualar etdiyini, bir qadının tanımadığı digər qadının şəhid balasına görə axıtdığı göz yaşlarını gördük. Özü ehtiyac içərisində ola-ola sonuncu çörəyini, pulunu, qocalıq təqaüdünü əsgərə sovqat gətirən ağ saçlı, ağ birçəkli Azərbaycan qadınını gördük.
O indi üç rəngli bayraq kimidir’
Üzünü söykəyib məzar daşına,
Bir qadın ağlayır səssiz-səmirsiz.
İlahi, qulaq ver o pıçıltıya,
Kədəri yorğundur, sözü taqətsiz.
Şəhid balasının beşik başında,
Gör necə titrəyir ana laylası.
Yayılır torpağa, yayılır daşa,
Ovcundan axirət xeyir duası.
O indi üç rəngli bayraq kimidir,
Canından can verib torpağa sancıb.
Alıb səmalardan ayı-ulduzu,
Hürriyyət yaşadan bayrağa sancıb.
Şəhadət qəlblərə qürur olduqca,
Bu Vətən, bu millət yenilməz daha.
Başını dik tutan analar görüb,
Zülmət səcdə edər aydın sabaha.
Ön cəbhədə həm döyüşçü kimi, həm də müxtəlif peşə sahiblərindən olan qadınlarımız oldu, ancaq minlərlə arxa cəbhədə də döyüşçü qadınlarımız da danılmaz faktdır. Elə siz, Umayclub. com ailəsi olaraq siz də aktual və dəyərli məlumatları mütəmadi şəkildə xalqa çatdırmaqla arxa cəbhənin o döyüşçü qadınlarının bariz nümunəsi oldunuz.
Zülfiyyə xanım söhbət Azərbaycan qadınından düşmüşkən, bilirsiniz ki, Umayclub.com Azərbaycan qadınından söhbət açan, onun tərənnüm və təbliğinə geniş yer verən, cəmiyyətdə qadının üzləşdiyi çətinlikləri önə cıxararaq, həllinə çalışan, bütövlükdə qadın dəyərini yüksəkdə tutan qadın saytıdır. Bu məqamda Umay- a sözünüz və arzularınız nədir?
–Bəli Umayclub.com – un fəaliyyətini, onun qadına verdiyi dəyəri, bu yöndə olan layihə və işlərini çox bəyənir, təqdir edir və bir Azərbaycan qadını olaraq dəstəkləyirəm. Qürur duyuram ki, siz Azərbaycanda ali məqsədlərə xidmət edən bu cür gözəl sayt yaratmısınız. İki qadın olaraq keçmişdə və bu günümüzdə Azərbaycan qadınlarının uğuruna, şücaətinə, yeri gələrsə, çətinliklərinə, narahatlığına ışıq tutmusunuz. İctimaiyyətə tanıdırsınız. Bu gözəl bir təşəbbüs, xeyirxah addım və ali missiyadır. Bu isə əmək vermək, vaxt, zaman ayırmaq, təmənnasız işlər görmək siz iki xanım üçün deyərdim ki, həqiqətən sizə ən böyük töhfə, mənəvi zənginlik gətirir. Kiçik bir haşiyəyə çıxım. Bizim maddi gəlirimiz olmasa, acından ölərik, ancaq mənəvi kasıblığımızda isə boğulub ölərik. Odur bizə nəfəs verən. Mənəvi dünyamız… Bu baxımdan da alqışa layiq addımınızda sizə daim uğurlar arzu edirəm.
Ümumiyyətlə, belə deyərdim ki, qadın birliyini, həmrəyliyini qadının-qadına dəstəyi və təkanını, bir- birinə əl verib qoşa addımlamağı bacarmağı gördükdə çox sevinirəm. Bəzən kiməsə maddi baxımından dəstək göstərilməsini istəyib, xahiş və tələb edirlər, düzdür, bu təqdirəlayiqdir, ancaq o insan bütün ömrünü yardım bağlamaları ilə keçirə bilməz ki. Elə məqamlar var ki, maddi yardım onu sabaha, mənəvi yardım isə aydın sabahlara çıxara bilər. Gəlin, hamılıqla əl tutaq, təkan olaq, hər zaman balıq deyil də, arada bir tilovu verməyi də bacaraq. Onlara ayağa durmağı göstərməliyik.
Özgələşdim hər kəsimlə,
Torpağıma, daşa yadam.
İnsan-insan yol dolaşıb
İzini unudar adam.
Unudarmış sirlərini,
Aylarını, illərini.
Qucaqlayıb dizlərini,
Üzünü unudar adam.
Dualar cənnətdən ətir,
Qoxusu ovcumdan itir.
Kəlmə-kəlmə, sətir-sətir,
Sözünü unudar adam.
Ömrün yalanı, düzü nə?
Kimsə görünməz gözünə.
Doğmalaşıb göy üzünə
Özünü unudar adam.
Biz keçmişə naxış vuran, iz qoyan Azərbaycan qadınlarını yetərincə tanıyırıq, oxuyuruq, öyrənib, öyrədirik. Zülfiyyə Yaqub, bəs kimdir sizcə bu günün mübariz qadını? Ətrafınızdakı günümüzün aslan irəkli, zərif varlıqlarından kimlərin adlarını çəkə bilərsiniz?
– Bilindiyi kimi mövcud pandemiya ilə əlaqədar bütün orta və ali məktəb tələbələrdə dərslər “online” olaraq keçirilir. Qızım Gəncə Dövlət Universitetinin tələbəsidir. Qızımın həmin təhsil ocağında fənn tədris müəlliməsi var, Afaq Yusifli. Afaq müəllimənin dərsi zamanı mən evin bir küncünə çəkilib böyük heyranlıqla onu dinləyirəm, o hadisələri həyatla o qədər gözəl əlaqələndirir ki. Uşaqlara sanki dərs öyrətməklə yanaşı, sanki həyat dərsi də keçir. O, tələbələrinə təkcə tələbə kimi öyrətmir, onları övladı kimi öyrədir, təhsil verir, onların gələcək həyatlarında gözəl iz qoyacaq söhbətlər edir. Afaq muəllimə uşaqlara elmin sirlərini cani- könüldən öyrədən, onlara fənnini sevdirən bir müəllim nümunəsidir. Budur Azərbaycan qadını.
Aprel döyüşlərində peşə borcunu yerinə yetirmək üçün cəbhəyə yollanıb, qazilərimizi müayinə edən tibb bacısı Zeynəb Əmrahovadır Azərbaycan qadını. Hazırkı ikinci Qarabağ savaşında da o könüllü olaraq yenidən cəbhəyə yollandı. Neçə-neçə yaralı əsgərimizə şəfa verdi bu əzimli, mübariz qadın. Bax, budur Azərbaycan qadını.
Çalışdığım moda evi vardı. Oranın rəhbəri Dürdanə xanımın rəhbərliyi və mənim təşəbbüsümlə Gəncədə ön cəbhədə, əsgərlərimizə geyim, yataq ləvazimatları və s. tikərək heç bir təmənna olmadan əsgərlərimizə yolladıq. Dürdanə xanım və kollektivimiz canla- başla bu işin öhdəsindən layiqincə gəldik. Bax budur Azərbaycan qadını.
Azərbaycan qadını özündə olanı bölüşmək istəyəndir. Əlində olan imkanlar ilə cəmiyyətə xeyir vermək istəyəndir. Bu gün vətən üçün, xalq üçün can qoyandır Azərbaycan qadını…
Zülfiyyə xanım, şeirlərinizin arxasında sanki əzmli, mübariz, cəsur və cəsarətli bir igid vardır sanki. Bəzi şeirlərinizdən süzülən qadın ədaləti, zəriflik, məlahətlilik yerini bəzən bəzi şeirlərinizdə bir məğrur döyüşçüyə verir sanki. Bir xəfif qəlbə, zərif qələmə sahib bir qadın necə belə dəyişilə bilir. Hansı məqamda döyüşkən ruhunuz yuxudan ayılır?
– Müharibə hər bir azərbaycanlı kimi mənim də ən ağrılı yerimdir. Dövlətim darda olanda özümə yer tapa bilmirəm, aslana, şirə dönə bilirəm. Bu məqamda tanrı ilə söhbətə keçmışəm. “Tanrım, niyə məni oğlan yaratmışam, mən əsgər olmaq istəyirəm” demişəm. Əsgər olmaq, vətən uğrunda döyüşmək istəmişəm.
Vətən olan yuxularım’
Anam məni qadın doğub,
Yuxuda əsgər oluram.
Hər gecə eyni səhnələr,
Hər gecə eyni yuxular.
Nə yolumdan çəkilirəm,
Nə ürəyimdə qorxu var.
Anam məni qadın doğub,
Yuxuda bayraq oluram.
Sancılıb ana torpağa,
Dalğa-dağla ucalıram.
Şəhid qanına boyanıb,
Zəfərimdən güc alıram.
Anam məni qadın doğub,
Yuxuda torpaq oluram.
Ovuc-ovuc səpilirəm,
Murov dağdan Şah dağına.
Dağ-dağ olub, çöl-çöl olub,
Vətən olub üz tuturam
Qarabağdan İrəvana…
Gələn yuxunun birində,
Bir də şəhid ola bilsəm,
Bir də şəhid ola bilsəm..
Oyatma məni, ay ana!
Çöhrəsi qədər gözəl qələmə, ürəyə, dərin irfani düşüncəyə sahib Zülfiyyə Yaquba söz karvanından bizə ayırdığı belə dəyərli töhfə üçün Umayclub. com olaraq təşəkkür edir, yaradıcılığı uğurlu, axarlı, qələmi daim olsun deyirik.
Yağış, qar, dolu şəklində,
Bulud ovcumda dincəlir.
Toxumu qəlbimdə olan,
Cismimdə ruhum cücərir.
Şərh yoxdur

şərhini yaz