a
Hava:
17 C
clear sky
Baku
humidity: 51%
wind: 3 m/s S
H17 • L17
HomemütailəŞəxslərAzərbaycan mədəniyyəti tarixinə doğulan günəş-Sultanməcid Qənizadə

Azərbaycan mədəniyyəti tarixinə doğulan günəş-Sultanməcid Qənizadə

Azərbaycan mədəniyyəti tarixinə doğulan günəş-Sultanməcid Qənizadə

Azərbaycan maarifçilik cərəyanı XIX əsrin sonları, XX əsrin əvvəllərində özünün ən ilk çağlarını yaşadı.
Təsadüfi deyil ki, 1875-ci il “Əkinçi” qəzetinin çapı ilə start götürən Milli Azadlıq Hərəkatı 1918-ci ilin 28
mayına, yəni Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu günə qədər davam etdi. Sonra da istiqlal
bəyannaməsi kimi şanlı bir tarixlə nəticələndi. Bu, təbii ki, öz-özünə meydana gəlmədi. O dövrün
ziyalılarının gərgin əməyinin məhsulu idi. Hansı ki, onlar çox böyük çətinliklərə baxmayaraq, xaricdə təhsil
alıblar və Avropanın Demokratik, intelektual dəyərlərini Şərq ölkəsi olan Azərbaycana da gətiriblər. XIX
əsrdə Azərbaycan maarifçilik cərəyanını inkişaf etdirən şəxslərdən biri də Sultanməcid Qənizadə olub.

Sultanməcid əfəndi XIX əsrin sonu XX əsrin əvvəlindəki ziyalıların bəzilərindən fərqli olaraq, çoxşaxəli
fəaliyyəti ilə seçilib. Dahi şəxsiyyət, sözün həqiqi mənasında elm fədaisi, vətənin dəyərli, ziyalı övladı
Sultan Məcid Qənizadə. Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra
lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi Sultanməcid Qənizadə Azərbaycan maarifinin
ağırlığını çiynində şərəflə daşıyan-ədəbiyyat fədailərindəndir.

Sultanməcid Qənizadə 1866-cı ilin aprel ayında Şamaxı şəhərində tacir Hacı Murtuzəli kişinin ailəsində
dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultanməcidin ulu babası Ağa Məsih Şirvani
Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu
varisliyə işarədir. Sultanməcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə
böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq
öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus
dilini mükəmməl bildiyindən Sultanməcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər
İnstitutuna daxil olmuşdur. Bu institut 50 ilə yaxın bir müddətdə yaxın vilayətlərin şəhər məktəbləri üçün
müəllim kadrları hazırlayıb.

O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti
tərəfindən qadağan edildiyindən Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq
Həbibbəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin ediliblər. Bu haqsızlıqla razılaşmayan hər iki
dost Bakıya gələrək 1887-ci ildə “Rus-Azərbaycan məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail
oldular. Bu maarif işığının şöləsi tezliklə yurdumuzun bir sıra bölgələrinə də yayıldı. Azərbaycan maarifinin
yeni mərhələsi sayılan bu uğurlu fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına
təkan verdi. Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. “Lüğəti-rusi və türki”
(1902), “Samouçitel tatarskoqo yazıka” və başqa kitablar S. Qənizadənin elmi təfəkküründən, dillərə olan
münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və
canyanğısından xəbər verir.

Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan Sultanməcid
Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında, sovet hakimiyyəti illərində isə respublikanın Xalq
Maarif Komissarlığında çalışmış, müxtəlif elmi cəmiyyətlərin, komissiyaların üzvü olmuşdur. Azərbaycan
müəllimləri arasında böyük hörmətə və nüfuza malik olan bu qocaman maarif xadiminə hamı ehtiramla
"Mirzə Məcid" deyə müraciət ediblərmiş. Sultanməcid Qənizadə mədəniyyət xadimi idi. Azərbaycan
teatrının inkişafı sahəsində böyük xidmətləri olmuşdur. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb
edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultanməcidin
Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub.

Məlumdur ki, Hüseyn Ərəblinski ilk dəfə məhz Sultan Məcid Qənizadənin rejissorluğu ilə hazırlanmış “Vəziri xani-Lənkəran” komediyasının tamaşasındakı
(1898) Mehtər Kərim rolunu oynamışdır. Araşdırmalar göstərir ki, Sultan Məcid həm rejissorluğu gözəl
bacarırmış, həm də dramaturqluğu. Təəssüf ki, onun bu sahədəki fəaliyyəti yetərincə tədqiq edilməmişdir.
Sultanməcid Qənizadə tərcüməçi idi. 1894-cü ildə o, Lev Tolstoyun “Əvvəlinci şərabçı” pyesini tərcümə
edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus
dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur”. O da məlumdur ki, Sultanməcid Qənizadə öz müasiri
Lev Tolstoyla sıx əlaqədə olmuş, məktublaşmışlar.

Sultan Məcid Qənizadə böyük yazıçı və dramaturq idi. Deyilənə görə, ilk qələmə aldığı pyes “Qönçə
xanım” adlanıb. Təəssüf ki, bu günə kimi bu pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı,
Sultanməcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr də yazmışdır. Ən sanballı bədii əsəri isə
“Məktubati-Şeyda bəy Şirvani” adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün məzmunu əsərin
baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər
ki, Şeyda bəy elə Qənizadənin özüdür. Roman “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı iki hissədən

ibarətdir. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə
qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin
fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.
Sultanməcid Qənizadə eyni zamanda böyük jurnalist idi. Qori müəllimləri seminariyasında işlədiyi
müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə yazıları ən çox “Dəbistan” jurnalında
çap olunardı. Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə, Sultanməcid Qənizadə Nəriman
Nərimanovla yaxından dostluq etmiş və əqidə yoldaşı Həbibbəy Mahmudbəyovla birlikdə maarifpərvər bir
mətbuat orqanı açmaq haqqında düşünürmüş. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının
yaranışını alqışlayan və buna çox sevinən ziyalılarımızdan biri məhz S. Qənizadə olub. Amma təəssüf ki,
tədqiqatçıların heç biri "Molla Nəsrəddin"in yazarları haqqında araşdırmalar apararkən Sultanməcid
Qənizadənin üstündən sükutla keçiblər. Heç ola bilməz ki, belə bir jurnalın yaranışına sevinən, Sabirlə dost
olan, o dövrün müxtəlif mətbuat orqanlarında çıxış edən bir ədib "Molla Nəsrəddin" jurnalına nəsə
yazmamış olsun. Görünür, naməlum qalan imzalardan Sultanməcid Qənizadəyə də məxsus olanlar var.
Yəqin ki, yeni tədqiqatçılar tərəfindən bu qaranlıq məsələlərə də bir aydınlıq gətiriləcək.

Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və
işıqlı gələcəyə sahib durmasına bağlamışdı. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli yazırdı:
“Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər, vüsətli xəyallar, dərin
mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik”. Bir çox həmkarından
fərqli olaraq S.Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə
yaşamağa çağırırdı. İnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ
etməklə yanaşı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O, bütün
ibrətamiz öyüdlərində vətəndaş olduğunu, Vətənə bağlılığını ifadə edirdi. O dövr yazıçılarının bir çoxunu
məşğul edən problemlərdən biri də qadın azadlığı məsələsi olub.

Sultanməcid Qənizadə müsəlman aləmində
əsrlər boyu davam edən qadın geriliyinə son qoymaq üçün “Gəlinlər həmayili”ndə öz fikirlərini oxucuların
mühakiməsinə vermişdi. Sultanməcid Qənizadə bütün bunlardan sonra o dövrün tələbi ilə “xalq düşməni”
adlandırıldı. Onun tərcümeyi-halında oxuyuruq: “S.Qənizadə 1937-ci ildə, 72 yaşında vəfat etmişdir”.
Görünür, tədqiqatçılar dövrün ab-havasından çəkinərək ölüm tarixini sadəcə belə yazmağı məsləhət
bilmişlər. Sultanməcid Qənizadə öz əcəli ilə vəfat etməmişdi. 1937-ci ilin repressiyaları öz qara caynaqlarını
yaşının ahıl çağında Sultanməcid Qənizadəyə də tuşladı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı
gələcəyinə xidmət göstərən bir şəxsiyyəti həbs edərək “xalq düşməni” kimi güllələdilər.

Yazarın Əli İskəndər Cabbarovla birlikdə yazdığı “Kəlili ədəbiyyat” (müntəxabat), “İstilahi
Azərbaycan”, “Lüğəti rusi və Azərbaycan (müsəlman)” və s. əsərləri məktəblərdəki boşluğu qismən
doldurmağa xidmət etmişdir. O, “Axşam səbri xeyir olar” əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını
qoymuşdur. Ən orjinal əsəri “Məktubati Şeyda bəy Şirvani” ümumi başlığı altında yazdığı “Müəllimlər
iftixarı” hekayəsi və “Gəlinlər həmayli” romanıdır. Bu əsər ədəbiyyat tariximizdə ilk dilogiya kimi
dəyərləndirilir. Yaradıcılığında 1906-cı ildə “Dəbistan” jurnalında çap edilmiş “Allah xofu” hekayəsi xüsusi
yer tutur. S.Qənizadə tərcümə sahəsində də özünü sınamışdır. İlk tərcümə əsəri L.Tostoyun “Əvvəlinci
şərabçı” əsəridir.

Sultanməcid Qənizadə yaradıcılığında körpəlik pedaqogikası, Azərbaycan pedaqoqu və maarifçisi, tərbiyə,
cismani tərbiyə, mənəvi tərbiyə, valideyinlər və milli tərbiyə əsaslı yer tutur. Belə ki, ümumi pedaqogika
başqa elmlərə nisbətən müstəqil bir elm kimi son zamanlar formalaşmasına baxmayaraq, onun tarixi çox
qədimə söykənir. Bütövlükdə, “Pedaqogika” yunan sözü olub ədəbiyyatda “uşaq ötürən”, “uşaq himayə
edən” və yaxud “yönəldirəm, tərbiyə edirəm” mənasında işlənir. Sultanməcid Qənizadə isə bu sözü “lələ”
adlandırır. O yazır: “Pedaqogika ləfzi yunan dilində “lələ” deməkdir ki, ibarətən tərbiyə elmi zəmnində
istemal olunur”. Çox maraqlıdır ki, “lələ” sözünə qardaş türk pedaqoji ədəbiyyatında, həmçinin Azərbaycan
dastanlarında rast gəlirik. “Lələ” sözünə Azərbaycan aşıq dastanlarında da rast gəlirik, məsələn, “Əsli və
Kərəm” dastanında deyilir:

Ərzurumun gədiyinə varanda,
Onda gördüm burum-burum qar gəlir.
Lələ dedi: gəl bu yoldan qayıdaq,
Dedim dönmək namusuma ar gəlir.

Beləliklə, böyük maarifçi Sultanməcid Qənizadənin məqaləsində “lələ” sözü, fikrimizcə, çox yerində
işlədilmişdir və elmi-pedaqoji ədəbiyyatda bir termin kimi istifadə olunması çox yerinə düşərdi. Məlum
olduğu kimi, pedaqogikanın bir elm kimi formalaşması çex pedaqoqu Y.A.Komenskinin adı ilə bağlıdır.
Azərbaycan elmi-pedaqoji fikri tarixində isə bu məsələ Azərbaycan maarifçi-pedaqoqu Sultanməcid
Qənizadənin (1866-1942) adı ilə bağlıdır. Sultanməcid Qənizadənin fikrincə, “pedaqogika ən mühüm və ən
vəsi (yəni ən geniş, vüsətli) elmlərindən birisidir”. Onun pedaqogika elminə verdiyi tərif də maraqlıdır. O,
yazır ki, pedaqogika elmi insan tərbiyəsinin müxtəlif tərəflərini tədqiq edir. Bununla belə, əslində
pedaqogika insan tərbiyəsinin iki əsas cəhətini öyrənir ki, bunlardan biri cism, yəni bədən tərbiyəsi, digəri
isə ruh tərbiyəsidir. Göründüyü kimi, müəllif tərbiyyənin iki növü-ruhi və cismani, müasir terminlərlə
desək, mənəvi və fiziki tərbiyəni nəzərdə tutur.

Müəllif fiziki tərbiyə ilə yanaşı mənəvi tərbiyədən də ətraflı
bəhs etməyi vəd etsə də, əsərdə yalnız fiziki tərbiyə məsələləri şərh olunmuşdur. Buna baxmayaraq, o,
tərbiyənin hər iki növünü bir-birindən təcrid etmir, birini digəri üçün əsas hesab edirdi. Fikrimizcə,
həqiqətən də insanın tərbiyəsində yuxarıda göstərilən hər iki cəhət əsas olub, tərbiyə aparıcı yer tutur.
Müəllif bu iki cəhətdən birinin-fiziki tərbiyənin üzərində dayanır, onu daha geniş və ətraflı şəhr edir.
Müəllifin fikrincə, cismani tərbiyə, yəni bədən tərbiyəsi insanın sağlamlığına, uşağın daxili və xarici
orqanlarının düzgün inkişafında xidmət edir.

Sultanməcid Qənizadənin fikrincə, insanların şüuru, idrakı,
fəhmi uzaqgörmə qabiliyyəti, gözüaçıqlığı və s. hissləri onları digər varlıqlardan fərqləndirir və bu
cövhərlərin bünövrəsi hələ ana bətnində ikən Allah tərəfindən qoyulur. Müəllifin fikrincə, insanın mövqeyi
uca olduğuna görə onun tərbiyəsi də daim zəhmət və hünər istər. Sultanməcid Qənizadənin gəldiyi elmi-
pedaqoji nəticələrdən biri də budur: “Tərbiyə işində cism tərbiyəsi ruh tərbiyəsindən müqəddəmdir”. Belə
ki, əgər bədən salamat olmasa, ruh asayişdə ola bilməz”. Ümumiyyətlə, böyük maarifçinin fikirlərində
körpənin bədən tərbiyyəsinə, xüsusilə də ana bətnində tərbiyəsinə, başqa sözlə, körpəlik pedaqogikasına
ayrıca diqqət yetirilmiş və bu məsələ üzrə müxtəlif tərəflər şəhr edilmiş, bu günümüz üçün də faydalı olan
dəyərli fikirlər söylənilmişdir.

Sultanməcid Qənizadə maarif xadimi, yazıçı, müəllim, naşir idi. Çox qısa zamanda həmin fəaliyyət
sahələrinin hər birində uğur qazanmışdı. Bu adların hər birini ədibimiz öz gərgin zəhməti, dərin zəkası
bahasına qazanmışdı. S.Qənizadə hərtərəfli istedada malik yazıçı olmuşdur.
Böyük Şəxsiyyət Sultanməcid Qənizadə Azərbaycan ədəbiyyatı tarixində ilk tarixi dramın “Qönçə xanım”
ilk romanın “Gəlinlər həmayili”, ilk publisist hekayənin “Müəllimlər iftixarı”, ilk yumoristik mənzum uşaq
hekayəsinin “Tülkü və Çaqcaqbəy” yaradıcılarındandır. Sultanməcid Qənizadə XIX əsrin sonu – XX əsrin
əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixinin müstəsna zəka və əməl sahiblərindən
olub, milli maarif tanıma, milli azadlıq və dövlətçilik ideyalarının gerçəkləşməsi yolunda misilsiz xidmətlər
göstərmişdir. Sultanməcid Qənizadənin adı milli mədəniyyət və dövlətçilik tariximizə böyük maarifçi,
bənzərsiz pedaqoq, əsl xalq müəllimi, məktəb və ədəbiyyat fədaisi, görkəmli maarif xadimi və təşkilatçısı,
dilçi-metodist alim, tanınmış ədib, yazıçı, mühərrir, mütərcim, nəhayət, milli istiqlal mücahidi, ictimaisiyasi
və dövlət xadimi kimi daxil olmuşdur.

Dahi şəxsiyyət, öncül ziyalı Sultanməcid Qənizadənin müdrik
fikirləriə nəzər salaq: “Çobanın sürüyə acığı tutanda kor keçini qabağa salır. Müəllimin evi kitabxanadır,
dövlət kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbət və ehtiramıdır.
Müəllim dediyimiz zat mərifət külbəsinin (dünyasının) dərbanı (qapıçısı), nicat yolunun rəhbəridir. Millətin
cəhalətindən həzər edən müəllim öz balasına nifrət edən ata kimidir. Bizlər (millət) üçün əgər bir çıraq
yanacaqsa, məktəb ocağının şöləsindən yansa gərəkdir. Cəhalət mülkünə əgər bir məhtab (ay) doğacaq isə,
yenə məktəb divarından parlayacaqdır. Əgər sultanlıq istərsən, dəri-məktəbdə (məktəb qapısında) xadim ol!
Əgər insanın malı gedə təəssüf olmaz, təəssüf olur, əgər abrusu tökülə”.

Sultanməcid Qənizadənin öz yaradıcılıq taleyi, içtimai-pedaqoji fəaliyyəti ilə müasiri olan yazıçıların
bir çoxundan fərqlənir. S.Qənizadənin yaradıcılığında, içtimai-pedaqoji görüşlərində mürəkkəb ziddiyyətlər
vardır. Yaradıcılığında və pedaqoji fəaliyyətində dünyəvi elmləri yorulmadan təbliğetməsinə baxmayaraq, o,
bəzən elmlə şəriəti eyniləşdirməyə meyl göstərir, çağırır.
Azərbaycan milli ideyasının formalaşmasında mühüm rol oynayan mütəfəkkirlərimizdən olan
S.Qənizadə (1866-1937) Türklüyə və İslama münasibətdə də özünəməxsus yer tutmuşdur. Hələ, 1880-ci
illərin sonlarından başlayaraq Azərbaycan türklərinin maariflənməsi uğrunda mübarizəyə başlayan Sultan
bəy bu dövrdə digər Azərbaycan türk mütəfəkkiri Həbib bəy Mahmudbəyovla birlikdə, 1887-ci ildə Bakıda

«Rus-Tatar məktəbi» adlı ilk yeni tipli ibtidai məktəbin əsasını qoymuşdur. Çünki bu dövrdə əsasən dini
elmləri öyrədən mədrəsələr mövcud idi və orada da dərslər yalnız fars və ərəb dillərində həyata keçirilirdi.
Ancaq yeni tipli məktəbdə isə Azərbaycan türkcəsi əsas dil kimi tədris olunur, eyni zamanda burada dünyəvi
elmlər (coğrafiya, riyaziyyat, tarix və s.) də keçirilirdi.
Bu məktəbin yaradılması Azərbaycan milli ideyasının inkişafına da müsbət təsir göstərmişdir. Belə ki,
həmin məktəbin məzunları arasında Azərbaycan türklərinin ideoloqu Məhəmməd Əmin Rəsulzadə də
olmuşdur. Sultanməcid bəy Azərbaycan türk dilinin inkişafına da böyük diqqət yetirmiş, 20-ci əsrin
əvvəllərində onun «Lüğəti-rusi və türki», «İstilahi-Türki» və başqa kitabları nəşr olunmuşdur. S.M.Qənizadə
ilk dövrlərdə bir maarifçi kimi, daha çox cəmiyyətin savadlanmasına, elm və bilik sahibi olmasına
çalışmışdır. Onun fikrincə, müəllimin əsil övladları öz uşaqları deyil, məhz şagirdləri olmalıdır. Eyni
zamanda, müəllimin mal və dövləti dərs və təlimdir, müəllimin kəsb və icrəti isə millətinin rəğbətidir.

Sultanməcid Qənizadə düşünürdqü ki, artıq mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat
yolu ilə getmək, zülf və şövqlə mədhiyyələr oxumaq hünər deyildir. Artıq dünyəvi elmlərə meyil etmək,
cəmiyyəti maarifləndirəcək əsərlər yazmaq lazımdır. Bu yolda Qənizadə bir sıra əsərlər “Məktubati-Şeyda
bəy Şirvani”, “Allah xofu” və s. yazmışdır. O, həmin əsərlərində də ilk növbədə yeni tipli məktəblərdən və
həmin məktəblərdə dərs deyən müəllimlərin milli ruhlarından bəhs etmişdir. Azərbaycan mütəfəkkiri hesab
edirdi ki, dini xurafat və mövhumatdan, cahillik və nadanlıqdan qurtulmağın ilk yolu məktəblərin
yaranmasından və həmin məktəbdə millətin övladlarına bilik vermək istəyən müəllimlərin olmasından
başlayır. Onun fikrincə, müəllim millətini cəhalətindən qurtarmaq üçün hər şeyi gözə almalıdır: “Millətin
cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə
misri qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər”.
Hətta, Qənizadə müəllimliyi həccə getmək istəyən müsəlmanın vəzifəsindən də ağır vəzifə hesab etmişdir.

Onun fikrincə, xüsusilə dövründə müəllim çox məsuliyyətli bir vəzifə daşıyır: “Müəllimliyə təklif olan şəxs
həcc və zəkatə müstəti olmadıqda “kimləri öyrətdin və nə öyrətdin?” sorulub bazxast (tələb) olacaqdır.
İnsafən müəllimlik təklifi ağır təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır
olubsa, bu əsrimizdə daha ağırraqdır! Əsrimiz bir əsrdir ki, gündüzlər qiraət, gecələr kitabət müəllimlər üçün
din borcudur”. S.Qənizadə 1918-ci ildə Azərbaycan Milli Şurasının üzvü, 1919-cu ildə ADR-də Parlamentin
sədr müavini seçilmişdir. 1920-1925-ci illərdə Sovet hakimiyyəti dövründə respublikanın Xalq Maarif
Komissarlığında şöbə müdiri vəzifəsində çalışmışdır. 1925-1929-cu illərdə Bakı şəhər Xalq maarifi
idarəsində inspektor işləmiş, hərbi məktəbdə və sənaye İnstitutunda dərs demişdir. 1937-ci ildə Xalq
düşməni kimi həbs edilərək güllələnmişdir.

Sultanməcid Qənizadə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan xalqının yetirdiyi böyük
maarifçi, söz, fikir və əməl adamı, dilçi, metodist alim, tanınmış ədib və ictimai siyasi xadim idi. Onun haqq
dünyasına qovuşmağından uzun illər keçsə də o, əsərlərində, əməllərində və parlaq ideyalarında bu gün də
yaşayır. Necə ki, Azərbaycanın zəngin məktəb və pedaqoji fikir tarixi, qədim ədəbiyyatı var, deməli,
Azərbaycanda müasir məktəb hərəkatının bansi və misilsiz carçısı, böyük maarifçi Sultanməcid Qənizadənin
də adı və əməlləri hər zaman yaşayacaqdır.

Aynur Turan
Araşdarmaçı yazar

Şərh yoxdur

şərhini yaz