a
Hava:
22 C
clear sky
Baku
humidity: 53%
wind: 6 m/s SSE
H22 • L22
HomeMünasibətlərQadın hüquqlarıQadın zorakılığı və qanunvericilikdə nəzərdə tutulmuş cəzalar-Vəkil Cabbar Bayramovla müsahibə

Qadın zorakılığı və qanunvericilikdə nəzərdə tutulmuş cəzalar-Vəkil Cabbar Bayramovla müsahibə

Hər bir vətəndaş yaşadığı cəmiyyətdə öz layiqli yerini tutmaq istəyir. Bunun üçün ən vacib şərtlərdən biri də, onun hüquqlarının qorunmasının təmin olunmasıdır. Bu gün Azərbaycanda qadın hüquqları çox pozulur. Bu, hətta rəsmi göstəricilərdə də öz əksini tapır. Qarşılığında isə onların hüquqlarının müdafiəsi işi çox zəifdir. 

Qadın problemlərinə aid faktlara diqqət yetirdikdə bu problemin cəmiyyətdə nə qədər müxtəlif mövqelərdən qavranıldığının şahidi olduq . Bu cəmiyyətimizdə insanların nə qədər həm özünün ,həm digər vətəndaşların hüquqlarından xəbərsiz olduğunun göstəricisidir. 

Qadın hüquqlarının müdafiəsi tək hüquq müdafiəçilərinin işi deyil. Hər bir vətəndaş öz hüquqlarını bilməlidir. 

Elə buna görə də Umayclub.com saytı olaraq bu kimi məsələlərə aydınlıq gətirmək üçün Vəkillər Kollegiyasının üzvü Cabbar Bayramova müraciət etdik.

Sual : Qadınlara qarşı törədilmiş cinayətlə kişiyə qarşı törədilmiş cinayət üçün nəzərdə tutulmuş cəza arasında bir fərq varmı? Əgər yoxdursa, bir hüquqşünas olaraq necə düşünürsünüz, qadına qarşı törədilmiş cinayətlərə verilən cəza artırılarsa bu qadın cinayətlərinin azalmasına kömək edərmi?

Cavab : Cinayət qanunverciliyinin Qanun qarşısında bərabərlik prinsipinə görə cinsindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Həmin prinsip, qadına qarşı törədilmiş cinayətlərə verilən cəzanın artırılmasını qadağan edir.

Yalnız bir halda – təqsirkar üçün aşkar surətdə hamilə olan qadına qarşı törədilmiş cinayət ağırlaşdırıcı hal kimi qiymətləndirilir və cəzanın təyinində nəzərə alınaraq, həmin şəxsə nisbətən yüksək həddə cəza təyin edilir.

Sual : Bir insanı öldürməklə onu ölməyə məcbur etmək arasında bir fərq yoxdur deyirlər .Ölüm həddinə çatdırmaqda təqsirləndirilənlərə verilən caza və bu cəzanın tətbiqi bir hüquqşünas olaraq ürəyinizcədirmi?

Cavab : Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qəsdən adam öldürmə cinayətlərinə görə verilən cəza kifayət qədər sərtdir. Həmin cinayətlərə görə işin hallarından asılı olaraq ən sərt cəza – ömürlük azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur.
2014-cü ildə qəsdən adam öldürmə cinayətinə görə, azadlıqdan məhrum etmə cəzasının həddi artırılaraq, yeddi ildən on iki ilədək intervalından doqquz ildən on dörd ilədək intervalına çatdırılmışdır.
Özünü öldürmə həddinə çatdırma cinayətinə görə nəzərdə tutulmuş sanksiyadan isə azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza hesab edilən azadlığın məhdudlaşdırılması cəzası çıxarılmışdır.
Hesab edirəm ki, cəzaların həddi kifayət qədər sərtdir. Lakin, əməli özünü öldürmə həddinə çatdırma cinayəti kimi xarakterizə edən AR CM-nin 125-ci maddəsinin dispozisiyasında bir qədər dəyişiklik edərək, zərərçəkmişin təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmasını vacib amil kimi şərtləndirilməsinin aradan qaldrılmasını zəruri hesab edirəm. Yəni, bu cür asılılıq olmadan da şəxsi özünü öldürmə həddinə çatdırmaq mümkündür.

Sual : Belə hesab edilir ki, bir cinayəti görüb susmaq da cinayət hesab olunur. Əgər, intihar həddinə çatdırmaq da cinayət hesab olunursa bu prosesin səbəbi olan zorakılığa səssiz qalan şəxslər qanun qarşısında nə dərəcədə cavabdehdir ?

Cavab : Yalnız ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cinayət məsuliyyəti yaradır. Özünü öldürmə həddinə çatdırma cinayəti təsnifatına görə az ağır cinayət hesab edildiyi üçün, həmin cinayəti bilib xəbər verməmə məsuliyyət yaratmır.
Qeyd edim ki, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə, subyektin yaxın qohum olduğu hallara münasibətdə cinayət məsuliyyəti yaratmır.

Sual : Cinayətin törədilməsinə təşviq edən təbliğatlar da, bəlkə də, cinayətlərin artmasında müəyyən rol oynayır. Bəs necə düşünürsünüz, izləyiciyə təqdim etdiyi seriallarda , televiziya verilişlərindəki dialoqlarda qadına qarşı zorakılığı təbliğ edən Televiziya kanallarının qanun qarşısında bir öhdəliyi varmı ?

Cavab : Əgər söhbət cinayət məsuliyyətindən gedirsə, xeyr. Bu hal hətta mülki məsuliyyət də yaratmır. Düşünürəm ki, bu cür hallara qarşı mübarizə üçün, əgər buna zərurət varsa, Milli Televiziya və Radio Şurasının normativ xarakterli qərarları ilə müəyyən qadağalar qoymaq mümkündür.

Sual : Qadınlara qarşı zorakılığın qarşısını almaq üçün qanunvericilikdə cəzalarına bağlı müəyyən dəyişikliklər edilirmi? Məsələn hansı dəyişikliyi nümunə gətirə bilərsiniz?

Cavab : Birinci və ikinci suallara cavabımda qeyd etdiyim kimi, cinayət qanunvericiliyində belə bir istisna nəzərdə tutula bilməz. Yəni, qanuna görə insan insandır, istər qadın olsun, istər kişi.

Sual : Yəqin ki, qadına qarşı zorakılığa dair xəbərlər diqqətinizdən qaçmır və hər gün artmaqda olduğunun dəfələrlə şahidi olmusunuz. Belə xəbərləri oxuyarkən bir mütəxəssis olaraq nə düşünürsüz? Əgər bunun qarşısını almaq üçün bir səlahiyyət sahibi olsaydınız nə edərdiniz ?

Cavab : Hesab edirəm ki, ilk növbədə bu cür halların detalları barədə ictimaiyyətə ətraflı məlumat verilməsi məqsədə uyğun deyil. Xüsusilə, cinayəti əks etdirən fotoların yayılması yolverilməzdir, bu hallar insanların psixikasına müsbət təsir etmir. Hətta deyərdim, analoji vəziyyətlərdə cinayətlərin törədilməsini təşviq edir. Bu yaxınlarda öldürülmüş qadının doğranmış fotolarının yayılmasını buna misal göstərmək olar.

Düşünürük ki, bir qadın saytı olaraq günümüzün ən aktual  məsələsi ətrafında yaranmış qaranlıq məqamlara zərrə qədər də olsa işıq tuta bildik və müsahibə xüsusilə  qadınlarımıza müəyyən mənada yardımçı olacaq.

Bizə bu məsələylə bağlı peşəkar münasibətini bildirən hörmətli vəkil Cabbar Bayramova Umayclub.com saytı adından təşəkkürümüzü bildiririk və işlərində uğurlar arzulayırıq.

Şərh yoxdur

şərhini yaz