a
Hava:
12 C
clear sky
Baku
humidity: 58%
wind: 2 m/s NNW
H12 • L12
HomeMünasibətlərQadın hüquqlarıQadınlar hansı hallarda zorakılığa məruz qalırlar?

Qadınlar hansı hallarda zorakılığa məruz qalırlar?

Hər gün elmi yeniliklərin növbələşdiyi bir dövrdə təəssüf ki qadın istismarına uğrayan qadınların sayının getdikcə artığına şahid oluruq.
Ailə daxili və ya ailə xaricində qadın istismarının müxtəlif formalarına patriarxalizmin hökm sürdüyü istənilən cəmiyyətdə rast gəlmək mümkündür.

Patriarxalizmin və məişətidə kişilərə verilən üstünlük qadın istismarının yaranması ilə nəticələnib. Zaman keçdikcə qadının kişiyə xidmət etmək məcburiyyəti, kişinin ailə içində tək söz sahibi olmasının təbii qəbul edilməsi qadın istismarını artıq “adət-ənənə” yə çevirib.
Bu artıq o qədər cəmiyyət tərəfindən mənimsənilib ki, atalar sözləri və məsələlərdə də öz əksini tapıb.

Günümüzə qədər gəlib çatan bir çox atalar sözlərində qadının gördüyü fiziki zorakılığa boyun əyməsinə psixoloji olaraq təzyiq göstərilir. “Kişi döyər də, sevər də”, “Pişik balasını sevdiyindən yeyər”, “Kişinin vurduğu yerdə gül bitər”, “Yaxşı at özünə qamçı vurdurmaz”, “Günah döyəndə yox, döyüləndə olur” və.s kimi bir çox atalar sözlərini misal olaraq göstərmək olar.

Qadın zorakılığının foklorumuzda əksini tapdığı bu nümunələr zor tətbiq edən tərəfə etdiyini normal bir iş olduğunu düşündürür.

Qadın istismarı qadınlara fiziki,mənəvi və maddi zərərə məruz qoyan bütün davranışların ümumiləşmiş adıdır. Qadının tükənməsi hesabına öz fiziki, mənəvi və maddi ehtiyacını ödyən tərəf isə qadını istismar edəndir. Bu proses uzun müddət davam etdikdə psixoloji, fiziki və ginekoloji xəstəliklərlə, hətta ölümlə nəticələnə bilir.

Qadınlar bir neçə formada zorakılığa məruz qala bilər :

Fiziki zorakılıq

Qadınlara qarşı fiziki olaraq güc tətbiq edilməsidir. İtələmək, əl qaldırmaq, təpikləmək, boğmağa çalışmaq, zorla evdən çıxarmağa və ya harasa aparmağa çalışmaq, yaralı və ya hamilə vaxtı həkimə tibbi müdaxilədən məhrum etmək,əl-ayağını baxlayaraq hərəkət etməsinə əngəl olmaq, ona əşya tullamaq, bədəninə işgəncə etmək, kəsici və ya küt alətlə xəsarət vermək və ya hədələmək və bunun kimi qadına yönəldilmiş bütün hərəkətlər fiziki zorakılıq sayılır.

Psixoloji zorakılıq :

Sevgi, qayğı, dəstək və.s kimi mənəvi ehtiyaclarının gözardı edilməsi, qadını həyat yoldaşı və ya ailəsi arasında seçim etmək məcburiyyətində qoymaq, övladı ilə onu hədələmək, ona evdə daim ikinci dərəcəli biri olduğunu hiss etdirmək, şərəf və ləyaqətinə toxunan ifadələrə məruz qoymaq, qadınlarda özünə inam hissini zədələmək, onları psixoloji olaraq təzyiq altında saxlamaq və.s qadınların ən çox rastlaşdığı istismar formasıdır.

İqtisadi zorakılıq

Qadının işləməsinə icazə verməmək, ya da işləyən qadının əlindən qazancını almaq, ailənin gəliri mövzusunda qadını məlumatlandırmamaq, ailə büdcəsindən edilən xərcləmələrdə qadının fikrini soruşmamaq, qadını ehtiyaclarını qarşılamaq üçün maddi vəsaitdən məhrum etmək və.s kimi hallar iqtisadi istismar sayılır.

Cinsi zorakılıq
Qadının mənsub olduğu cins səbəbiylə onu istəmədiyi bir çox hərəkəti etməyə vadar etmək cinsi istismar sayılır. Buna aşağıdakıları aid etmək olar :

Qadını aşırı qısqanmaq, ondan şübhə etmək və bu qısqanclıq səbəbiylə onun günlük fəaliyyətinin məhdudlaşdırılması

Qadının cinsi istəklərini, fiziki ehtiyaclarını yox saymaq.

Onun cinsi performansını lağa qoymaq, alçaltmaq

Müəyyən formada hədələyərək istəyi xaricində cinsi münasibətə girməyə məcbur etmək

Təcavüz etmək
Açıqca başqa qadınlara maraq göstərmək

istəyi xaricində onu uşaq dünyaya gətirməyə və ya əksinə abort olunmağa məcbur etmək

Cinsi münasibət zamanı qadının qəbul etmədiyi sadist davranışlar etmək və.s

İstənilən halda qadın istismarı qadınları fiziki və psixoloji zərərlərə məruz qoyur, hətta, ölümlə nəticələnə bilir.

Qadın istismarı deyildikdə ilk ağla gələn kişilər olsa da, qadınlar qadınlar tərəfindən də istismara məruz qalır. Qadınların öz həmcinsləri tərəfindən istismara məruz qalması aşağıdakı hallarda özünü göstərir :

Anaların qızlarına qarşı etdiyi zorakılıq .
Ailə qurmaq istəməyən qızlara anaları tərəfindən göstərilən psixoloji istismar. Ana qızını ailə qurmağa təkid edə bilmək üçün onu müxtəlif məhdudiyyətlərlə, iqtisadi cəhətdən dəstək olmamaqla hədələyir. Mətbuatda bunun nəticələrinə dair üzücü xəbərlərə tez-tez rast gəlirik.

Ənənəvi problemimiz olan gəlin-qaynana münasibətlərində də yetərincə qadın zorakılığının bariz nümunələrini görə bilirik. Həyat yoldaşına xəyanət etdiyi iddiası ilə qayınanası tərəfindən başı qırxılan, çılpaq küçəyə qovulan zorakılıq qurbanı gəlinlər ölkəmizdə istəməsək də qarşılaşdığımız mənzərələrdəndir.

Və ya əksi, evi zorla əlindən alınan, təqaüdü gəlini tərəfindən mənimsənilən, evi ola-ola qocalar evinə məhkum edilən qaynanalar da var ki, bu da qadınlar tərəfindən bir qadına qarşı törədilmiş ən qəddar zorakılıqlardandır.

Qadınlara qarşı qadın zorakılığından danışarkən oğlan uşağı dünyaya gətirmək üçün yaxın qohumlar tərəfindən psixoloji zorakılığa məruz qoyulan qadınlardan danışmamaq olmaz. Əslində, bu zorakılığı sadəcə psixoloji olaraq səciyyələndirmək azdır. Çünki selektiv abortlar qadınların ciddi ginekoloji sağlıq problemlərinə, hətta ölümünə də səbəb ola bilir.

Sosial səhifələtdə qadınların digər qadınlara qarşı sözlü zorakılığına rast gəlmək ən üzücü hallardan biridir. Zorakılığa məruz qalan sevilməyən bir məşhur, məmur və ya zorakılığa məruz qaldığı üçün müzakirə obyekti olan sadə bir qadın. İstənilən halda, qadınların həmcinslərinə qarşı virtual zorakılığı qəbuledilməzdir.

Düşünürəm ki, qadına qarşı zorakılığın qarşısını almaq üçün görüləcək işlərə gedən bütün yollar yenə qadınlara açılır. Çünki qadın cəmiyyətin mayasıdır, qadın anadır. Qadınlara qarşı zorakılıq edən kişiləri dünyaya gətirən də, tərbiyə edən də yenə bir anadır. Bu gün düzgün tərbiyə edilməyən bir oğlan uşağı, əmin olun ki, sabah hansısa qadının həyatını məhv edəcək potensial bir canidir, təcavüzkardır, zorbadır…

 

Şərh yoxdur

şərhini yaz