a
Hava:
18 C
clear sky
Baku
humidity: 55%
wind: 9 m/s NNW
H18 • L18

Həmidə Cavanşir

Ədəbiyyatın, xeyirxahlığın və maarifçiliyin əngin göylərində parlayan möhtəşəm qadın-Həmidə Cavanşir

Həmidə Cavanşir (Məmmədquluzadə)

Həmidə xanım Əhməd bəy qızı (1873-1955) – Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı indiki Ağcabədi rayonunun Mehdili kəndində anadan olmuşdur. Ailə təhsili almış, Azərbaycan və rus dillərini mükəmməl bilirdi. 1890-cı illərdə hərbçi podpolkovnik İbrahim bəy Davatdarova ərə getmiş, ondan 2 uşağı dünyaya gəlmişdir. 1902-ci ildə İ.Davatdarov vəfat etdikdən sonra uşaqları ilə birlikdə Kəhrizli kəndinə qayıdaraq, atasından qalmış təsərrüfatı idarə etməyə başlamışdır. 1905-ci ildə atası Ə. Cavanşirin uşaqlara məxsus mənzum hekayə və tərcümələrindən ibarət əsərlərinin əlyazmalarını nəşr olunmaq üçün Tiflisdə “Qeyrət” mətbəəsinə təqdim edərkən Mirzə Cəlillə tanış olmuşdur. 1907-ci il iyunun 15-də Həmidə xanım Mirzə Cəlillə ailə qurmuş və ədibin ömrünün sonunadək çətin və keşməkeşli həyat yollarında həmişə ona dəstək olmuşdur.
Həmidə xanım Kəhrizli kəndində tibb məntəqəsi, toxuculuq emalatxanası, 1909-cu ildə isə Mirzə Cəlilin iştirak və köməyi ilə 30 oğlan və 10 qızın oxuduğu məktəb açmışdır. Həmidə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin ( 1906-1907) yaradıcılarından idi. 1912-vi ildə o, Zaqafqaziya pambıqçılarının 13-cü qurultayında çıxış edərək təsərrüfatın bu sahəsinin inkişaf etdirilməsi üçün faydalı təkliflər irəli sürmüşdür.
1911-ci ildə Həmidə xanım xəstə M.Ə.Sabirin müalicəsi üçün əlindən gələni əsirgəməmişdir. Şair şeirlərinin birində Həmidə xanımın zəhmətini minnətdarlıqla yad edirdi. Sabirə Həmidə xanımın göstərdiyi qayğını yüksək qiymətləndirən Üzeyir Hacıbəyli “Məlumat” qəzetində yazırdı: “Qoy ədəbiyyat tarixində yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin səhhəti və onun müalicəsi üçün milyonçu kişilərə rəğmən öz varından keçəcək qədər böyük bir həmiyyət göstərdi”.
“Məlumat” qəzeti, 1911, 7 avqust

“Molla Nəsrəddin” jurnalının nəşrində, onun səhifələrində qadın azadlığı məsələlərinin işıqlandırılmasında rolu böyükdür. C.Məmmədquluzadənin Cənubi Azərbaycana səfəri zamanı da o, ədibin ən yaxşı köməkçi olmuşdur.
Sovet hakimiyyətinin ilk illərində Həmidə xanım Kəhrizlidə yaşamış, bəy nəslindən olduğu üçün ciddi çətinliklərlə üzləşmişdi. Onun torpaqları əlindən alınmış və səsvermə hüququndan məhrum edilmişdir. Nəhayət, birdəfəlik Bakıya köçən Mirzə Cəlil həyatının qalan hissəsini burada yaşamışdır. Mirzənin vəfatından sonra, o, böyük ədibin həyat və fəaliyyətinin öyrənilməsi, yaradıcılığının təbliği, ədəbi irsinin tərcüməsi və nəşri məsələləri ilə məşğul olmuşdur. Atası Əhməd bəy Cavanşir, Mirzə Cəlil və M.Ə.Sabir haqqında xatirələr yazmış, Azərbaycan yazıçılarının əsərlərini, o cümlədən bir sıra hekayələrini rüsvay tərcümə etmişdir.
Həmidə xanım Cavanşir ədəbiyyatçı – folklorşünas kimi də fəaliyyət göstərmiş, Azərbaycan xalq ədəbiyyatı nümunələrinin, tarixi sahəsində mühüm işlər görmüşdür.
Bakıda Fəxri xiyabanda, Cəlil Məmmədquluzadənin yanında dəfn edilmişdir.

Mənbə: “Cəlil Məmmədquluzadə ensiklopediyası”

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz