a
Hava:
13 C
clear sky
Baku
humidity: 100%
wind: 3 m/s ESE
H13 • L13

Anna Axmatova

Böyük əsərlər ən dərin iztirabdan, sürəkli əzab və hədsiz məhəbbətin nakam sonluğundan doğulur. Böyük
rus tənqidçisi N.Q.Çernevski yazırdı: “Sənət əsəri, doğrudan da o zaman gözəl ola bilər ki, sənətkar öz
əsərində bütün vermək istədiklərini vermiş olsun”. Rus mədəniyyətinin zəngin, sürəkli inkişaf mərhələsi,
heç şübhəsiz ki, XIX əsr hesab olunur. Həmin əsrin mütərəqqi ənənələrinə və klassik dünya
ədəbiyyatının humanist təcrübəsinə istinad edərək yüksələn XX əsr rus ədəbiyyatı da məhz özünün
şeir-sənət korifeyləri ilə möhtəşəmdir. Poetik yaradıcılıqları ilə təkcə rus rejimində deyil, həm də dünya
poeziyasında üstəsna yer tutan A.Blok, V.Bryusov, K.Valmont, N.Qumilyov, V.Mayakovski,
S.Yesenin, B.Pasternak kimi ədəbi şəxsiyyətləri xatırlatmaq kifayətdir. Bunlarla bir vaxtda poeziya
səltənətinin ən uca taxt-tacda əyləşən və bədi şöhrət qazanan şairə qadınları da yazıb-yaratmışlar –
Anna Axmatova, Marina Svetayeva kimi! Dünya poeziyası antik dövrdə gözəl Şapfonu necə tanıyırsa, XX
əsrdə bu iki xanım o cür tanınır. Rus ədəbiyyatının heç bir mərhələsində bu səviyyədə şairə qadın
yetişməmişdir.
Azərbaycanda da vaxtilə çox az öyrənilən, tədqiq olunan Anna Axmatova son zamanlarda bizim şair və
tədqiqatçılarımızın, alimlərimizin diqqətini cəlb etməkdədir. Ç.Əlioğlunun, Vaqif Cəbrayılzadənin,
Mahir Qarayevin, A.Əmrahoğlunun, T.Hacıyevin tərcümə və tənqidçilik fəaliyyətində bunu aydın
görürük və onların qədirşünaslığını xüsusi ehtiramla qeyd edirik. Bu sahədə yeni təşəbbüs göstərən
filologiya elmləri namizədi, dosent Turə Yusifovanın “Anna Axmatovanın həyat və yaradıcılığı” çox
səciyyəvi və aktualdır. Rus ədəbiyyatı fənni üzrə çoxdan ixtisaslaşan Turə xanımın belə bir kitab yazması
həyati və mənəvi zəruriyyətdən yaranmışdır. Kitab təkcə ali məktəb tələbələri üçün deyil, geniş oxucu
kütləsi üçün də çox faydalıdır. Bunu eyni zamanda tədqiqatçı-müəllimin gələcək elmi axtarışlarının uğurlu
başlanğıcı kimi də qiymətləndirmək olar. Anna Axmatovanın poeziyasında daha çox qəm, kədər motivləri ,
“dünyəvi iztirab” üstünlük təşkil edir. “Ruhun, qəlb aləminin dialektikası” onun şeirlərində incə lirizmlə
ifadə olunmuşdur. Həyat normalarına, ictimai kanonlar çərçivəsinə sığmayan Anna Axmatova sakit,
yumşaq, üsyankarlıq, etiraz və ittihamlarla öz ideya-fikir qənaətlərini cəsarətlə deməkdən çəkinmirdi.
Zəmanəyə, cəmiyyətə söyləmək istədiklərini o, birbaşa deyil, özünəməxsus simvolik obrazlarla deməyi
bacarırdı. Şairin əsərlərlərində bəşəri ideyalar, əzəli və əbədi mövzular, məhəbbət, gözəllik, xəyanət,
qısqanclıq kimi hisslər, fəlsəfi mühakimələr, müdrik deyim tərzi başlıca yer tutur. Ayrı-ayrı şahanə
misralara, beytlərə nəzər salmaq olar:

Təkcə qəm-kədərdir əbədi, heyhat,
Bir də hər səslənən şahanə kəlmə…
Öz doğma balanın boğazından kəs,
Bir tikə çörək ver o yad yetimə…
Günahı nə qədər olsa da ayır,
Sənə zülm edəni özünə dost bil.
Kaş ki, qucağımda sənin uşağın
Dilənib beş şahı pul qazanaydım…

C.Əlioğlunun tərcüməsində verdiyimiz bu misralarda “Dirilməkdən, ölməkdən, yaşamaqdan yorulan” şair
insanlığı ədalətə, insaf və humanizmə səsləyir. Sözdə “Şahanə kəlməyə” yüksək qiymət verir, həqiqi söz
sənətinin əbədiliyinə inanır.
Böyük sənət həmkarı Marina Svetayeva, əbəs deyil ki, onu “ilahələr gözəli”, “ağı ilahəsi”, “bəyaz gecələrin
şıltaq, dəcəl övladı” adlandırırdı. Onun Anna Axmatovaya həsr etdiyi gözəl, yığcam şeirinə nəzər salmaq
yerinə düşər:

Mən dustağam, sən gözətçi,
Elə birdi qədərimiz,
Bu boşluğun bomboz içi
Bir ömürlük kədərimiz.
Nə üzümdə kin var daha,
Nə gözümdə bir umacaq,
Gözətçi, gəl burax məni,
Burax gedim o şamacan…
(Tərcümə Mahir Quliyevindir)

Anna Axmatova bir mübariz şair olmaqla yanaşı, könülləri riqqətə gətirən lirik şeirlərin də müəllifidir. Onun
poeziyası mübarizlik ruhunda şeirləri qədər əsrarəngiz lirikası ilə də oxucunu valeh edir. Bu bir həqiqətdir
ki, şairə Axmatovanın sənəti mövzu məhdudluğu tanımadığı kimi, onun üçün səpki və janr məhdudiyyəti də
olmamışdır. Şair qələminin qidalandığı insan aləmi və onun taleyi zəngin bir xəzinədir. Orada sevgiyə,
sədaqətə, əhdə, vəfaya, övlad məhəbbətinə, vətənə, sülh və əmin-amanlığa, arzulara, təbiətə, gözəlliyə,
məftunluğa, azadlığa, ədalətə kifayət qədər yer verilmişdir. Şairin lirik əsərləri ilə yaxından tanış olduqca,
onlarla səmimi ünsiyyət tapdıqca, bir həqiqət daha inandırıcı şəkildə üzə çıxır. Anna Axmatovanın
yaradıcılığının araşdırılması bir daha sübut edir ki, ilk yaradıcılıq dövrü və gənclik çağları mübarizələrdə
keçən şairə, poeziyamızda ayrılıq, vətən həsrəti, gözəlliyin tərənnümü, azadlıq, məhəbbət mövzusuna ardıcıl
müraciət edənlərdən biridir.

Həyat və fəaliyyəti

Anna Axmatova 1889-cu ilin 23 iyununda Odessada, zadəgan ailəsində dünyaya göz açıb. Atası mühəndis-
mexanik olub. Anna özünü ana tərəfdən Qızıl Orda xanı Əhməd xanın nəslindən hesab edirdi və məhz buna
görə sonradan Axmatova təxəllüsünü götürmüşdü. Amma bunun əfsanə olduğu deyilir.
Anna Axmatova 1900-1905-ci illərdə Sarskoye Selo Marinski Gimnaziyasında təhsil alıb. 1906-1907-ci
illərdə Kiyev Fundukleyevski Gimnaziyasında təhsilini davam etdirib. Müəllimləri arasında gələcəkdə
tanınmış filosof olacaq Qustav Şpet də vardı. 1907-ci ildə N.Qumilyov redaktor olduğu “Sirius” jurnalında
Axmatovanın “Əllərində onun parlaq üzüklər…” (Na ruke eqo mnoqo blestyaşih kolets…) adlı şerini Anna
Q. imzası ilə ilk dəfə olaraq çap edib. 1908-1910-cu illərdə ali təhsilini Kiyev Universitetində, sonradan
N.P.Rayevin Sankt-Peterburqda təsis etdiyi Qızlar üçün Ali Tarix-Ədəbiyyat Universitetində davam etdirib.
1910-cu ildə Nikolay Stepanoviç Qumilyov ilə ailə qurub. 1910-1912-ci illərdə N. Qumilyov ilə Paris və

İtaliyaya səyahət edib, Amedeo Modilyani ilə tanış olub. 1911-ci ildə “Аnna Axmatova” təxəllüsü ilə
əsərlərini ilk dəfə çap etməyə başlayıb.

1912-ci ilin oktyabr ayında oğlu Lev Nikolayeviç Qumilyov dünyaya gəlib. Həmin ilin mart ayında
“Axşam” (Veçer) adlı ilk şeirlər kitabı 300 nüsxə ilə çap olunub. 1914-cü ildə “Təsbeh” (Çetki) adlı kitab
1000 nüsxə, 1917-ci ildə üçüncü “Ağ qanadlı qatar” (Belaya staya) kitabı 2000 nüsxə ilə işıq üzü görüb.
Nikolayeviç Qumilyovla olan evlilikdə xoşbəxt olmamışdır, 1918-ci ilin avqust ayında N. Qumilyovdan
boşanıb və alim-assiroloq, şair Vladimir Şileyko ilə ailə qurub. 1921-ci ilin aprel ayında “Petropolis”
nəşriyyatında “Bağayarpağı” (“Podorojnik”) şeirlər məcmuəsi 1000 nüsxə ilə çap olunub. Həmin il
V.K.Şileykodan ayrılıb. Bu nikah pozulduqdan sonra ilk dəfə rəsmi olaraq Axmatova soyadını götürüb.
Oktyabr ayında “Petropolis” nəşriyyatında Axmatovanın “Anno Domini MCMXXI” adlı kitabı nəşr olunub.
1922-ci ildə sənətşünaş Nikolay Puninlə nigah bağlayıb. 22 oktyabr 1935-ci ildə N.N. Punin və Lev
Qumilyov həbs olunublar və bir həftədən sonra buraxılıblar. 1938-ci ildə oğlu Lev Qumilyov beş il
müddətinə azadlıqdan məhrum edilib.

1923-1934-cü illərdə Anna Axmatovanın şeirləri çap olunmayıb. Lidiya Çukovskayanın “Anna Axmatova
haqqında qeydlər” (Zapiski ob Anne Axmatovoy) kitabında yazdıqlarına görə, bu müddət ərzində yazılmış
şeirlərin çoxu daimi köçmələr zamanı yollarda itirilib. Bu barədə Axmatova özü 1965-ci ildə işıq üzü görən
“Qısaca özüm haqqında” kitabında yazır: “20-ci illərin ortalarından mənim yeni şeirlərim çap olunmurdu,
köhnələri isə təkrarən çap edirdilər”.

Şairə 1935-1940-cı illərdə o illərin repressiyalarını və özünün ağır həyatını əks etdirən məşhur “Rekviyem”
əsərini yazır. “Rekviyem” adlı avtobioqrafik poeması 1930-cu illər repressiyalarına həsr olunmuş ilk bədii
əsərlərdən hesab olunur. 1938-ci ildə N.N. Punindən ayrılır. 1940-cı ildə “Altı kitabdan” (İz shesti kniq) adlı
altıncı şeirlər toplusu işıq üzü görür. 1941-ci ildə Sankt-Peterburqa, sonralar isə həkimlərin tövsiyəsi ilə
Moskvaya, Çistopola, oradan Kazan şəhərinə və nəhayət, Daşkəndə evakuasiya olunur. Daşkənddə onun
yeni şeirlər kitabı işıq üzü görür. 1943-cü ildə Lev Qumilyovun Norilsklagerdə həbs müddəti sona yetir və
onu Zapolaryeya sürgün edirlər. 1944-cu ilin sonunda o, İkinci dünya müharibəsinə gedir, Berlinə kimi
döyüşlərdə iştirak edir. Müharibə bitdikdə Leninqrada dönür və elmi dissertasiyasını müdafiə edir. 1945-ci il
15 mayda Axmatova evakuasiyadan Moskvaya dönür. 1946-cı ildə SSRİ KP MK-nin TB “Ulduz” (Zvezda)
və “Leninqrad” jurnalları haqqında 14 avqust 1946-cı il tarixli qərarına əsasən, Anna Axmatova və Mixail
Zoşenkonun yaradıcı fəaliyyətləri kəskin tənqidə məruz qalır. Hər ikisi SSRİ Yazıçılar İttifaqından
kənarlaşdırılır. 1949-cu il 26 avqustda N.N. Punin həbs edilir. 6 noyabr tarixində isə Lev Qumilyov yenidən
həbs olunaraq 10 il müddətinə düşərgələrdə cəzaçəkməyə məhkum olunur. Oğlunun cəza çəkdiyi müddətdə
Axmatova onu azadlığa buraxdırmaq səylərini durmadan davam etdirir. 1951-ci il 19 yanvar tarixində
Aleksandr Fadeyevin təklifi ilə Axmatova SSRİ Yazıçılar İttifaqına yenidən qəbul edilir. 1956-cı ildə Lev
Qumilyov həbsdən reabilitasiya olunur. 1958-ci ildə şairənin “Şeirlər” (Stixotvoreniya) adlı kitabı çap
olunur. 1965-ci ildə o, Oksford Universitetinın Fəxri doktor diplomuna layiq görülür. Həmin il “Zamanın
uçuşu” (Beq vremeni) adlı kitabı nəşr edilir.

Anna Axmatova 1966-cı il 5 martda Domodedovo şəhərində vəfat etmişdir. 7 mart saat təxminən 22:00-da
Ümumittifaq radiosu onun vəfatını elan etmişdir.
Anna Axmatova Sankt-Peterburq şəhərinin yaxınlığında Komarovo qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
Axmatovanın məzarı üzərində barelyef olan daş divar oğlu Lev Qumilyov tərəfindən tikilmişdir. Bu divar
Anna Axmatovanın “Kresti” istintaq təcridxanası qarşısında günlərlə oğlu üçün yemək çatdırmaq niyyəti ilə
dayandığı divarın simvoludur.
Şöhrəti bu gün də azalmayan rus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası,
tərcüməçisi Anna Axmatova yaradıcılığı ilə yanaşı öz faciəvi taleyi ilə məşhurdur.
Doğrudur, Anna Axmatova şəxsən həbs edilməyib, sürgün olunmayıb. Amma sovet rejimi onun doğmaları
olan iki nəfəri-birinci əri Nikolay Qumilyov və oğlu Lev Qumilyova qarşı amansız davranıb.

1910-1018-ci illərdəki həyat yoldaşı Nikolay Qumilyov 1921-ci ildə güllələnib, oğlu Lev Qumilyov isə
ömrünün 10 ilini barmaqlıqlar arxasında keçirib. Özünün isə yaradıcılığı nəzarət, daimi qadağa altında olub.
Hətta ölümündən bir neçə onillik keçəndən sonra belə Anna Axmatovanın əsərlərinə qadağa mövcud olub.
“Vətən xaini” nin anası və “vətən xaini” nin arvadı Anna Axmatovanın “təcrübəsi” öz əksini “Rekviem”
poemasında tapıb.

Əsərlərinə qoyulan qadağalara, Kommunist Partiyasının ona qarşı “personal” nifrətinə baxmayaraq, Anna
Axmatova sağlığında rus ədəbi mühitini daima öz ətrafına yığa bilib, dövrünün ən istedadlı gəncləri ilə əhatə
olunub. Anna Andreyevna Axmatova (Qorenko) 1889-cu ilin iyun ayının 11-də Odessada, Böyük Fontanda,
təqaüddə olan gəmi mühəndisinin ailəsində doğulub. 1980-ci ildə onun ailəsi Tsarskoe Seloya köçüb. 1900-
1905-ci illərdə Tsarskoselskoe Gimnaziyasında təhsil alıb. 1906-1907-ci illərdə Kiyevdəki Funduklevo
gimnaziyasında oxuyub. 1908-1910-cu ildə Kiyevdəki ali qadın kurslarına və Peterburqdakı ali ədəbi-tarixi
kurslara gedib.

Anna ilk şeirini 11 yaşında yazıb. Atası ona şeirlərini Qorenko familiyası ilə nəşr etdirməyi qadağan
etdiyindən, Anna ulu ana nənəsi Praskofya Fedoseyevna Axmatovanın qızlıq familiyası ilə çap etdirib. Qeyd
edək ki, ulu nənəsi Praskofya Axmatovanın ana tərəfi qədim tatar knyazları Çaqadayevlərin və məşhur
dvoryan nəsli axmatovların nəslindən idi.
1923-cü ildən 1934-cü ilə qədər Anna Axmatova demək olar ki, çap olunmayıb. Daima ora-bura köçən şairə
yazdığı şeirlərin çoxunu yollarda itirib. Anna Axmatova o vaxtlar “Özüm haqda bir-iki kəlmə” başlıqlı
qeydlərində yazırdı: “Mənim köhnə şeirlərimi yada salan, təzələrini isə çap edən yoxdur”. Cüzi sayda işıq
üzü görən şeirlər isə ciddi senzuraya məruz qalırdı.

“Qəhrəmansız poema” əsərində isə Axmatova Rusiya ədəbiyyatının “Gümüş dövrü” nün epoxasını
yaratmağa çalışıb. Anna Axmatovanın şeirləri dünyanın bir çox dillərinə tərcümə olunub.
Oğlu həbsdə olan müddətdə Anna Axmatova onu qurtarmağa cəhd edir. 1935-ci ildən sonra o hakimiyyət
barədə bəyanatlarında çox diqqətli olmağa çalışır və hətta 1950-ci ildə yazdığı “Sülhə eşq olsun!” şeirlər
silsiləsində rejimə qarşı loyallıq nümayiş etdirməyə çalışır. Sonradan Axmatova bu silsiləni öz toplularına
daxil etmirdi.

1951-ci ilin yanvarında A.A.Fadeyevin təşəbbüsü ilə Anna Axmatova Sovet Yazıçıları Birliyinə bərpa
olunur. İki il sonra N.Punin cəza çəkdiyi düşərgədə dünyasını dəyişir. 1956-cı ildə XX Qurultaydan sonra
Lev Qumilyov bəraət alır və düşərgədən qayıdır.
Lev Qumilyov elə bilirdi ki, anası onun azadlığa çıxması üçün heç nə eləməyib. Amma Axmatovanın
müraciətlərindən xəbər tutduqdan sonra ana ilə oğulun arasında münasibətlər gərginləşdi. 1962-ci ildə Anna
Axmatova Ədəbiyyat üzrə Nobel mükafatına təqdim olundu. Elə həmin il də İtaliyada “Etna-Taormina”
ödülünə layiq görüldü. 1965-ci ildə Oksford Universitetinin fəxri doktoru diplomunu alır. Elə həmin il də
“Vaxt Tanrısı” adlı şeirlər toplusu işıq üzü görür.

1966-cı ilin mart ayının 7-də İttifaq radiosu dahi şairə Anna Axmatovanın ölüm xəbərini yaydı. O, iki gün
əvvəl, Moskva yaxınlığında, Domodedovodakı sanatoriyada, ürəyinin kardioqrammını çıxarmaq üçün başına
toplaşan həkimlərin və tibb bacılarının əhatəsində dünyasını dəyişmişdi. Rus poeziyasının “Gümüş dövrü”
nün ən parlaq, ən istedadlı adlarından biri olan Anna Axmatovanı Sankt Peterburq yaxınlığındakı Komorovo
adlanan yerdə dəfn etdilər.

Şair İ.Brodskinin dəqiq ifadəsinə görə, Axmatova ömrünün son illərini “ölkənin köhnə və yeni paytaxtları
arasında gedib-gələn, evsiz-eşiksiz kraliça kimi keçirmişdir”.
Xarici dilləri asan öyrənirdi, fransız dilini uşaqlıqda bacısına keçilən dərslərdə mənimsəmişdi. Ailə həyatı
qurduqdan sonra Parisdə olarkən fransız dilini mükəmməlləşdirdi və bu dili bütün həyatı boyu unutmadı.
Ata tərəfdən əcdadlarının birinin yunan olduğunu və “burbon sümüyü” adlanan əyri burnunun ondan miras
qaldığını söyləməyi də unutmurdu.
Anna Andreyevnanın sözlərinə görə ana babası Erazm İvanoviç Stoqov “jandarm-polkovniki” olmuşdu,
amma Axmatova üçün bundan daha önəmlisi onun Uralda hərbi xidmət keçdiyi zaman Puşkini canlı olaraq
görməsi idi.

Axmatovanın bütün hallarda müxtəlif xalqlar, müxtəlif şəhərlərlə əlaqəsi vardı. Uşaqlıqda dəfələrlə yaşayış
yerini dəyişməli olmuşdu. Qara dənizdə mühəndis-dənizçi olan atası Baltikaya xidmətə göndərilmişdi,
valideynlərinin boşanmasında sonra isə evlər dəyişildi.
Elə bu səbəbdən də Anna Axmatovanın sağlığında işıq üzü görən, onun ədəbi fəaliyyətinin başlandığı
şəhərdə nəşr edilən ilk kitabının ön sözünün müəllifi Boris Filippov iddia edir: “Anna Axmatovada (o həm
də Qorenkodur) həm tatar, həm də yunan əcdadlarının qanı dolaşır, Novorossiyadan birbaşa Tsarskoe seloya
təkcə şair kimi deyil, həm də puşkinşünas kimi gəlmişdi… Amma poetik ifadəsində cənub havası deyil, ən
qeyri-adi, təkrarolounmaz sadə Axmatova gözəlliyi ilə bərabər, daha çox şimal ab-havası duyulur…”
Axmatovanın yolu hərbi vəziyyətdə olan Moskvadan əvvəlcə Çistopola, oradan isə uzaq Daşkəndə
uzanmışdı. Bir dəfə ora Leninqradın rəhbəri-şairin taleyi ilə maraqlanan A.A.Jdanov zəng edərək soruşur:
− Bizim Axmatova necədir?

Anna Andreyevnanın həyatında daha bir şəfəq parladı. Oğlu həbs müddətini başa çatdıraraq cəbhəyə könüllü
döyüşçü qismində getməyə nail oldu. Uğurla döyüşdü, ordu ilə bərabər Berlinə qədər getdi.
Qələbədən sonra Moskvada böyük həcmli şeir kitablarının nəşrləri hazırlanırdı. Müəllif siqnal nüsxəni əlinə
almağa müvəffəq oldu, hətta məşhur poeziya kolleksiyaçısı, möhtəşəm arxivi V.İ.Lenin adına kitabxanaya
bağışlanan Anatoli Tarasenkova da hədiyyə etdi. Və siqnal sayı arxayın yerdə saxlandı, belə ki, bununla 10
min sayda tirajı məhv edilmiş əzabkeş kitabın bir nüsxəsi qoruna bildi.

Qara qoyun kimi girib yuxuna-
Zərif, arıq ayaqlarla.
Yaxınlaşıb deyəcəyəm:
Padşah, naharın necəydi?
Muncuq kimi əlindəki kainatı
Allahın rəhməti ilə qoruyuruq biz…
Bəs oğlumun dadını necə
Sən də, uşaqların da bəyəndinizmi?”

XX yüzilliyin əvvəllərində Anna Axmatovanın ədəbiyyata “rahat və asan” gəlişi o zaman rus şeirinin
misralarında təzə-təzə yaranmağa başlayan zəif titrəyişləri qısa bir zamanda təlatümə çevrilir. Ədəbiyyata
yeni ruh, yeni baxış və yeni istiqamət gəlir. Anna Qorenkonun bu uğurlu gəlişindən sonra təzə əsr özünün
gələcək yeni ədəbiyyatını çaxnaşma ilə qarşılamağa məcbur olur. Poeziyaya sel kimi gələn qadın axını
həmin illərdə yazıb-yaradan kişi şairləri belə üstələyir. Bəlkə elə buna görə də təəssübkeşliklə yazan
Axmatova o dövr üçün məqbul sayılan “qadın başlanğıcı” nı qəbul etmək istəmir, hər şeydə; hisslərin
çılğınlığında, mənanın dərinliyində, fikrin emosiyanallığında bərabərliyə üstünlük verirdi. Xarakterində
cəmləşən və yaradıcılığında özünü göstərən bu məziyyətlərə görə də ona heç kəs şair demir. Anna
Axmatova əsl şair idi. O zaman ulu nənəsinin şərəfinə tatar ismini özünə təxəllüs seçəndə qayğısız Anyanın
ağlına gəlməzdi ki, sonralar Axmatova yanğısıyla belə yazacaq:

Qədim türk, tatar ismi,
Taleyimə yapışıb.
Fəlakətdir siqləti
Hər dərd ilə tapışır.

Əlbəttə, “silqətində fəlakət daşıyan türk ismi” Axmatovanı novator şair kimi qəbul etmək istəməyənlərin
əlində bir bəhanə idi. Çünki o ədəbiyyata yeni və diktə olunmamış şair kimi daxil oldu. A.Tarkovskinin
təbirincə desək, “şöhrət öz qapılarını onun üzünə çox ani, bir gündə açdı… “Lakin o şöhrətdən asılı deyildi.
Rusların “qluxie qodı” adlandırdıqları illərdə də Anna yazırdı. Özü də ruhdan düşmədən! Əzab çəkdiyi üçün
yazırdı!

Qır-qızıl paslanar, çürüyər polad,
Mərmər də məhkumdur, axır ölümə.
Təkcə qəm-kədərdir əbədi heyhat
Bir də hər səslənən şahanə kəlmə!

On bir yaşından bədii yaradıcılığa başlayan Annanın ilk şeiri 1911-ci ildə “Appolon” jurnalında çap olunur.
1912-ci ildə “Axşam” adlı ilk şeirlər toplusu işıq üzü görür.Tənqidçilər tərəfindən mehribanlıqla qarşılanan
Axmatova tez bir zamanda böyük rus şairləri cərgəsinə qoşulur. Bir qədər keçdikdən sonra onun adı artıq
Aleksandr Blokla yanaşı çəkilirdi. Hətta Blok vəfat etdikdən sonra, tənqidçilərdən biri yazırdı: “…rus şairləri
arasındakı birinci yer mübahisəsiz Axmatovanındır”.
O gün Komarovoda- Anna Axmatovanın məzarı önündə ziyarətə gəlmiş əli gül-çiçəkli insanlar onu son
mənzilinə yola salmağa gəlmişdi. İndi şairənin Anna Axmatovanın vəfatından çox uzun zaman keçib. Buna
baxmayaraq, o, gözəl şairə kimi oxucuların qəlbində elə yüksək zirvəni fəth edib ki, bu gün də sevilə-sevilə
oxunur. Bu gün onun adını iftixarla çəkir, onun şəxsiyyət və yaradıcılığına ehtiramla yanaşırıq. 80-ci illərin
sonlarında Rusiyada Anna Axmatovanın əsərlərinin kütləvi çapı geniş vüsət aldı. Bu illərdə şairin toplularını
həm Moskva, həm də Leninqrad nəşriyyatları bir-birinin ardınca yüksək tirajla nəşr edirlər. Bundan sonra
Anna Axmatovanın şeirləri bir çox dünya xalqlarının dilində də yayılmağa başlayır.
Bu gün Azərbaycanda Anna Axmatovanın həyat və yaradıcılığını araşdırmaq, tətbiq etmək, onun şeirlərini
dilimizə çevirmək dövrün və zamanın zərurətindən daha çox, müasir oxucunun tələbi və ehtiyacını ödəmək
baxımından vacibdir. Gəlin, birlikdə Anna Axmatova şeirlərinin işığına toplaşaq, “axmatovacasına sevgi”
nin ləzzətini paylaşaq.

Şərh yoxdur

şərhini yaz