a
Hava:
18 C
clear sky
Baku
humidity: 63%
wind: 11 m/s NNW
H18 • L18
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAleksandr Dümanı şahmatda mat qoyan xan qızı Natəvan

Aleksandr Dümanı şahmatda mat qoyan xan qızı Natəvan

Bu gün Azərbaycan tarixinə adını xeyriyyəçi, maarifpərvər və şairə qadın kimi yazdıran Xurşidbanu Natəvanın anım günüdür. Xatirəsini hörmətlə anırıq…

Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də musiqiçilər və şairlər vətəni Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Ailədə “Dürrü yekta”, xalq arasında isə “Xan qızı” ləqəbi ilə çağırılmışdır.

Natəvan saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Müstəsna hafizəyə malik olan Xurşidbanu mütaliə yolu ilə məlumatını dərinləşdirmişdir.

Bir sənətkar kimi yetişməsində Natəvanın mənsub olduğu ədəbi mühitin rolu az olmamışdır. Həyat yoldaşı Xasay xanın qulluğu ilə əlaqədar olaraq, Xurşidbanunun dörd-beş ilə yaxın Tiflisdə
yaşaması, onun şair və rəssam kimi formalaşmasına böyük təsir
göstərmişdir. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, kubarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyatmışdır.
Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir.

1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda
məşhur fransız yazıçısı A.Düma ilə Xurşidbanunu rastlaşdırmışdır. Natəvanın həyat yoldaşı Xasay xanın fransız dilində “əsl parisli kimi” danışması qonaqların heyrət və sevincinə səbəb olmuş, aralarında dostluq telləri yaratmışdır.
Onlar Abşeronda birgə gəzintiyə çıxmış, ayrılarkən bir-birinə qiymətli hədiyyələr təqdim etmişlər.
Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumatı da A.
Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapmışdır.

Təbiidir ki, Natəvan kimi istedad və bacarıq sahibi yalnız bir sahədə inkişaf edib qala bilməzdi. Artıq 1870-1880-cı illərdə onun həyatında və yaradıcılığında yeni mərhələ başlamışdır.

Şair maarifin, mədəniyyətin yayılmasına kömək göstərmiş, ictimai-mədəni tədbirlərdə fəal işirak etmişdir. Natəvan yollar çəkilməsinə, körpülər salınmasına, məktəb binası tikilməsinə illik gəlirdən xüsusi fond ayırmışdır. İncəsənətin bütün növlərinə bələd olması Natəvanı dövrünün görkəmli sənətkarları ilə yaxınlaşdırmışdır. Onun düzəltdiyi ziyafətlərin, söhbət məclislərinin iştirakçıları çox vaxt müxtəlif sənəti təmsil edən ziyalılar olmuşdur. Uzaq şəhərlərdə oxuyan azərbaycanlı tələbələr, yoxsul alim, şair və sənətkarlar Xurşidbanudan yardım almışlar.

Qarabağla birlikdə bütün Zaqafqaziyanın sənət sahibləri onun himayəsinə sığınırdılar.

O, 1873-cü ildə yüz min manat
sərf edərək, yeddi kilometrlik məsafədən sıldırım qayaların döşü ilə Şuşaya içməli su çəkdirmişdir. Şəhər əhalisi bunu əsl fədakarlıq, vətənpərvərlik nümunəsi kimi alqışlamışdır. Yüksək ideyalarla, pak niyyətlərlə yaşayan bu qeyrətli qadın, şəhər sakinlərinin yüz illik arzusunu həyata keçirdikdən sonra bulaq çəkdirmiş, su ambarı, hamam, buzxana tikdirmiş və park saldırıb camaatın istifadəsinə vermişdir.

Əsl mənada Natəvan vətənin rifahı naminə canını, varını əsirgəməyən, xalq yolunda ürəyini məşəl edən el anası olmuşdur.

Natəvanın yaradıcılığının coşqun çağları Qarabağ ədəbi məclislərinin fəaliyyət göstərdiyi dövrlə sıx bağlıdır. 1872-ci ildə Xurşidbanunun təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan “Məclisi-üns” ədəbi məclisi öz ətrafına otuza yaxın şair toplamışdır.

Ömrünün son beş ili Natəvan üçün həm həyatda, həm də sənətdə ağır və böhranlı keçmişdir. Şairə 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat etmişdir. Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparmış, Xan qızı Ağdamda “Imarət” deyilən ailə qəbiristanlığında dəfn olunmuşdur.

Şairin ölümü təkcə Azərbaycanın yox, bütün Qafqazın qabaqcıl, maarifpərvər adamlarını kədərləndirmişdir. Bu münasibətlə “Qafqaz”, “Tərcüman” və başqa qəzetlərdə nekroloqlar və Natəvanın həyat fəaliyyəti haqqında yazılar dərc edilmişdir.

XX əsrin ilk yarısında Xurşidbanunun şeirlər məcmuəsi bir neçə dəfə çapdan çıxmışdır. Respublikamızın paytaxtı Bakıda iki yerdə şairə əzəmətli heykəl qoyulmuş, vətəni Şuşada tunc büstü ucalmışdır. Onun bədii irsi 1937-ci ildən etibarən rus dilinə tərcümə olunaraq Moskvada, Leninqradda və Bakıda
çıxan ədəbi jurnallarda, antologiyalarda işıqlandırılmışdır.

Şərh yoxdur

şərhini yaz