a
Hava:
19 C
clear sky
Baku
humidity: 63%
wind: 6 m/s SSE
H19 • L19
HomeFaktlar və hadisələr“Xurşudbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu”

“Xurşudbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu”

Tarixi mövzuda çəkilmiş bu rəsm əsərinin müəllifi Rəssam Çingiz Mehbaliyevdir. Bu rəsm “Xurşudbanu Natəvan və  Aleksandr Dümanın şahmat oyunu”  adlanır.

Rəsmin mövzusu real tarixi hadisədən götürülüb. Tarixdən məlumdur ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan yazıçı Aleksandr  Düma  1858-1859-cü illərdə Qafqaza səfəri zamanı  müəyyən müddət  Azərbaycan ərazisində səyahət edib. 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (fransızça: İmpression de Voyage Le Caucase) Parisdə çap olunub.

Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan  Aleksandr Düma orada  Xurşudbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı  mat  edir. Natəvan Dümaya qalib gələrkən o, Dümadan yaşca xeyli kiçik idi. Natəvanın  cəmi 26, Dümanın isə 56 yaşı vardı.

”Bu tarixi hadisə məni ilhamlandırıb və yenidən malbert arxasına keçməyə həvəsləndirib. Natəvanın Dümaya qalib gəlməsi Azərbaycan qadınının simasında xalqımızın müdrikliyini, iti ağlını göstərir və mən bu səhnəni çəkməyə bilməzdim”- deyə rəssam bildirib.

Rəsmdə Natəvan və Dümanın üz-üzə oturub şahmat oynaması təsvir edilib. Oyunda Natəvanın Dümanı necə sıxışdırdığı açıq-aşkar görmək olar. Belə ki, Dümanın bütün daşları vurulub, Natəvan isə sonuncu həlledici gedişini etməyə hazırlaşır. Düma bu gedişin necə yekunlaşacağını yaxşı bilir və bu səbəbdən də əlini oyundan üzərək məyus halda şahmat taxtasına baxır. Bunun əksinə olaraq Natəvan uğurlu gediş edir və Dümanın gözlərinin içinə cəsarətlə baxmaqdan çəkinmir.

Natəvan və Aleksandr Dümanın görüşü Bakıda baş tutduğundan rəsmdəki otağın pəncərəsindən İçəri Şəhər və Qız Qalası görünür. Natəvanın sol tərəfində olan taxçadakı güldanın içində isə Xarı-Bülbül gülünü görmək olar. Bu da Xan qızının əslən Şuşadan olmasına işarə edir. Natəvan azad qadın simvolu olaraq bu rəsmdə başı açıq-örpəksiz təsvir edilib. Dümadan sağdakı dolabın üstündə isə İmperator Napoleonun büstü qoyulub.

Tarixdən məlumdur ki, Dümanın atası Napoleon ordusunun generalı olub. Bu səbəbdən də Dümanın Napoleona olan rəğbəti başa düşüləndir. Düma şahmat oyununda məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə edib.

İndiyə kimi Dümanın Qafqaza səyahətindən və Natəvanla görüşündən bəhs edən bir çox bədii əsərlər (misal olaraq şair, tərcüməçi Məmməd Rahimin «Natəvan» poeması, yazıçı  İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesi və bəstəkar Vasif Adıgözəlovun “Natəvan” operası) meydana gəlsə də, bu mövzuda heç bir əlamətdar rəsm əsəri çəkilməmışdi.

“Xurşudbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu” rəsmi bu mövzuda çəkilən ilk rəsm əsəridir”

Şərh yoxdur

şərhini yaz