a
Hava:
14 C
clear sky
Baku
humidity: 77%
wind: 1 m/s WNW
H14 • L14
HomeMünasibətlərAilə cəmiyyətin kiçik formasıdır və insana məxsus hər bir yüksək keyfiyyət ailədən gəlir–Psixoloq Ahəng Əmiraslanova

Ailə cəmiyyətin kiçik formasıdır və insana məxsus hər bir yüksək keyfiyyət ailədən gəlir–Psixoloq Ahəng Əmiraslanova

İnsan yer üzünün ən ali, düşünən, şüurlu, bacarıqlı və davamlı tərəqqiyə, yüksəlişə can atan bir varlığıdır. O, var olduğu gündən duşünür, mühakimə, müqayisə edir, qurur, tikir, yaradır. Uzaq- uzaq qalaktikalar, planetlər kəşf edir, yerin dərin qatlarına yol tapır, ən uca dağlara, başı buludlardan pay alan zirvələrə yol çəkir, yol salır.

Elə isə ən sıldırımlı, sərt qayalara yol tapan insan dərrakəsi bəzən nədənsə başqa bir insanın qəlbinə yol tapa bilmir?.. Onunla ünsiyyətdə, birgəlikdə çətinliklər yaşayır. Görəsən səbəb nələrdir? insan bu qədərmi mürəkkəbdir, ya münasibətlər, baxış bucağımı fərqlidir?..
Gəlin, bütün bu kimi suallara mütəxəssis gözü ilə nəzər salaq ki, suallarımızın cavabı da, bu kimi problemlər də aydınlanaraq gün işığına çıxsın. Qeyd edək ki, bu günkü mövzumuz cəmiyyətdə qadına baxış və eləcə də qadının digər qadına olan münasibətidir. Bu aktual mövzuya aydınlıq gətirən dəyərli müsahibimiz isə Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, Ailə-Usaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanovadır.

– Vüsaləxanım, ilk olaraq deyə bilərsinizmi, insanların qarşılıqlı şəkildə digərlərinə zor tətbiq etmələrinin, qınaq obyektinə çevirmələrinin və fiziki şiddətinin kökündə nə dayanır?

–Ailə. Və insanın kiçik yaşlarından onun tərbiyyə biçimi deyərdim. Ailə cəmiyyətin kiçik formasıdır və insana məxsus hər bir yüksək keyfiyyət ailədən gəlir.

–Ümümiyyətlə, nə oğlan, nə də qız övladlarını şiddətlə böyütmək olmaz, şiddətlə yoğrulmamalıdır övlad tərbiyəsi. Çünkü o uşaqlar da böyüyərək ilk bu təşəbbüsə üz tuturlar. Kimlərəsə şiddət tətbiq edirlər. Qız uşaqlarına öz fikirlərini izah etməyə, dilə gətirməyə qoymamaq, sevgi məsələlərində onları qınamaq, onlara mane olmaq, sındırmaq, sərbəstliyini əlindən almaq da gətirib həmin o qızın ailə qurduğu evdə şiddətə məruz qoyur.

– Vüsalə xanım, məlumdur ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da böyük əksəriyyət qadına zəif varlıq kimi baxılır, incidilir, bəzən onun bir çox haqqları belə əlindən alınır. O, bəzən şiddətə– sözlü və fiziki təqiblərə, tənqid və təhqirlərə məruz qalır. Onu anlayan, ona dəstək olan heç kimi olmur. İllər keçir, o qadının övladları da ailə qurur. O qadın oğlu üçün gəlin də gətirir. Lakin oğlu ilə gəlin arasında yaşanan münaqişələrə qarışır, hər məqamda oğluna dəstək çıxır, bu da azmış kimi öz gəlinini hətta sözlü və bəzən də fiziki təqiblərə məruz qoyur.
Özünün də gənc ailə sahibi olarkən yaşadığı problemləri yaşayan gəlinini anlamaq istəməyən qaynananın bu addımının əsas səbəbləri nələrdir?

–İnsanlar öz daxili keyfiyyətlərinə görə iki yerə bölünür. Bir qisim insanlar daima düşünür ki, mənə pislik olunubsa belə, mən qarşı tərəfə pislik etməməliyəm. Mən əziyyət çəkmişəm deyə , qarşı tərəf də əziyyət çəkməsin. Digər qism insanlar isə mən əziyyət çəkmişəm, deməli, hər kəs də əziyyət çəkə bilər. Heç kim məndən artıq deyil, mənə olunub, ona da olsun və s. düşüncəsindədir. Fikir vermisinizsə, bəzən kiminsə başına bir iş gəlir, bir hadisə ilə qarşılaşır, digər bir insan ona təsəlli verməyə çalışdıqda isə, həmin insanın ona sözü o olur ki, bu hadisə sənin başına gəlməyib, sən məni anlaya bilməzsən, deyə qarşıdakını haqsız mühakimə də edir. Belə bir sual ortaya çıxır. Mütləqdir ki, o digər şəxsi anlamaq üçün bir hadisə onun da başına gəlsin?.. Əlbəttə ki, yox. İnsanlarda empatiya deyilən bir hiss var. Əgər o bir insanda varsa, digərlərini anlayacaq, yox, əgər yoxdursa, anlamayacaq. Deməli, bu kimi hallar insanların düşüncə tərzindən asılıdır.
Bəzən şüuraltı hallar da olur. Gənc ikən həyat yoldaşına söz keçirə bilməyən qadın müəyyən yaşdan sonra oğluna, gəlininə söz keçirməyə çalışır. Bu cür insanlar çoxdur.

– Qadın dedikdə yaşından asılı olmayaraq hər kəs qadının şəninə yüksək fikirlər səsləndirir. Onu dəyərli görür, ali görür, qiymətsiz və eyni zamanda zərif varlıq kimi səciyyələndirir. Cəmiyyətdə qadına qiymət yüksəkdir. Bu danılmaz faktdır. Lakin bu da bir gerçəkdir ki, mətbuatda, televiziyada, hətta ətrafımızda qadına qarşı onlarla xoşagəlməz, bəzən isə dəhşətli, tükürpədici hallarla qarşılaşırıq. Belə ki, başı kəsilən, bıçaqlanan, doğranan, yandırılan, üzünə və ya bədəninin hər hansı bir nahiyəsinə kimyəvi dərmanlar tökülərək onu sındıran, həyatdan küsdürülən, fiziki, cismani və ya mənəvi ölümünə səbəb olan hallarla da tez-tez qarşılaşırıq. Çox təəssüf ki, qəribə və bir o qədər də soyuqqanlı bir ad qoyaraq səsləndirdiyimiz, ailə- məişət zəminində dediyimiz bu hadisələr haqqında bir peşəkar olaraq nə deyə bilərsininiz? Sizcə, hər hansı bir qadının bu mərhələyə gəlib çıxana qədər o şəxsə– ərinə dözməyinə, susmağına səbəb və ya səbəblər nələrdir?

–İlk olaraq qeyd edim ki, bu halların kökündə yatan bəzi məqamlar var. Qadını hələ körpə yaşlarından böyüdən, tərbiyələndirən ana hər zaman qızına təbliğ etməlidir ki, sən bu cəmiyyətdə bir fərd, şəxsiyyətsən, dəyərlisən. Sənin də arzuların, istəklərin var. Qız uşağına aşılanmalıdır ki, bir münasibətdə, evlilikdə qarşı tərəflə (əgər qarşı tərəfin səhvi varsa) kompramisə, yəni qarşılıqlı şəkildə razılaşmaya, danışıqlara getsin, əlbəttə ki, öz şəxsiyyətini qoruyaraq.
Belə deyək, əgər ailədə artıq bir qadına əl qaldırmağa başlanmışsa, bu artıq vərdiş halına keçir.
Hətta cəmiyyətdə çox səhv bir deyim var: ” Yaxşı at özünə qamçı vurdurmaz”.
Qadına bir mənalı şəkildə əl qaldırmaq, sözlü, fiziki təqiblərə məruz qoymaq olmaz.
Ancaq onu da qeyd edim ki, qadın da söz güləşdirən, hər sözü böyüdən, hər mübahisədə özünə haqq qazandıran olmamalıdır.
Əgər qarşılıqlı şəkildə hörmət, dəyər, uyğunlaşma yoxdursa, mütləqdir ki, ayrılmaq lazımdır.
Bəzən oğlanın, kişinin öz şəxsi natamamlıqları olur ki, o, bu qadının üzərində tamamlayır. O böyüdüyü ailədə qadını belə döyülən, söyülən, alçaldılan görüb. Bütün bunlar ona adi gəlir və o da öz həyat yoldaşının üzərində bunları icra edir. Bütün bunlara dözən, susan və ya susdurulan qadını çox vaxt təəssüf ki, sonda sadaladığınız o ağır hadisələr, ölümlər gözləyə bilir.

– Bir psixoloq, eyni zamanda bir azərbaycanlı qadın kimi, gənc analara nələri tövsiyə edərdiniz. Onlar övlad böyüdən zaman nə etməlidirlər ki, onların övladları gələcəkdə gözəl ailə başçısı ola bilsinlər?

– Ailədə tərbiyə düzgün şəkildə qurulmalıdır. Ana övlad, oğul böyüdürsə, izah etməlidir ki, qadına əl qaldırmaq, onunla kobud rəftar etmək olmaz. Mən də qadınam, əgər sənin atan mənə əl qaldırarsa və ya qaldırarsa, bu sənə çox pis təsir edir və ya edər. Bax, o qadına da olunan bu hərəkət özündən başqa ata-anasına, uşağına pis təsir edə bilər. Şiddət, təhqir və fiziki zorakılıq qadının şəxsiyyətini aşağı salır, bütün həyat eşqi və arzularını öldürür. Heç kimə zor tətbiq etmək olmaz. Əlbəttə ki, hər bir ana bunları başa salmaqla yanaşı, öz övladını da döyməməli, ona heç bir zor tətbiq etməməlidir.
Analar övladlarına onu da mutləq başa salmalıdır ki, bir insan haqqında önyarqılı olmaq olmaz. Belə ki, ” yəqin ki, onun nəyisə vardı… ” demək olmaz. Çünki heç kim heç kimin nə yaşadığını bilmir təbii ki. Hər kəs öz yaşadığını özü bilir. Belə düşünürəm ki, bu cür absurd düşüncələr, məsələn, özünü intihar edən biri haqqında belə önyarqılı olmaq olmaz. Yekun olaraq qeyd edim ki, övladı düzgün tərbiyə etmək əsas şərtdir.
Qız övladı anaları qızlarının ailə qurduqdan sonra onun ailəsində baş verən pis hallarının şahidi olduqda və dəqiqləşdirdikdə ki, oğlan və ya oğlan tərəf haqsızlıq edir, onun qızını incidir, hər hansı bir zorakılığa məruz qoyursa, əlbəttə ki, qızlarına sahib çıxmalı, məsələyə vaxtında müdaxilə etmək lazımdır. Belə halda o gənc qadın özünü tənha, çarəsiz hiss etməyəcək, öz haqqını tələb edəcək.
Mənim bir sözüm var, bəzi məqamlarda bunu dilə gətirirəm: “Oğruda da günah var, doğruda da günah var”. Doğru oğurlanacaq olanını ortada qoymayıb vaxtında sahibliyi bacarmalıdır ki, oğru ona göz dilə bilmədin.

– Bilindiyi kimi günümüzdə təəssüf ki, qadın zorakılığı durmadan artır. Buna səbəb olan amillərdən başqa hansı məsələlərə toxunmaq istərdiniz?

–Qadın zorakılığına bir çox amillər təsir edə bilər. Məsələn, sosial mühit də təsir obyektlərindən biridir. Buna oğlan uşaqlarının öz ətrafı, dostları, yaşıdları ilə söhbət və müzakirələr də təsir edə bilər. Yəni, bu məqamda hər şeyi ailənin üzərinə yıxmaq da düzgün olmazdı.
Belə demək bunun səbəbləri çox genişdir. Bunun üçün sadəcə maarifləndirmə güclü olmalıdır. Bu təkcə böyük miqyasda deyil, eyni zamanda ailədən də gəlməlidir. Valideynlər şiddətə meyilli övladlarını psixoqa aparmalı, peşekar müalicə və müayinələrdən keçirməlidir. Psixi problemlər uşaqlarda erkən yaşdan həlli olunmalıdır. Bundan sonra ailə qurmağa hazırlaşan gənclər evlənməzdən öncə psixoloji müayinədən keçmələri də məsləhət olunur. Psixoloq, psixiatr və ya nervropotoloq müayinəsi arzuolunandır. Və bir də qeyd edə bilərəm ki, heç bir tərəf qarşı tərəfi tanımadan ailə qurmamalıdır dəyə düşünürəm.

– Bəzi ailələrdə övladlar arasında kəskin fərq, ayrı-seçkilik müşahidə olunur. Bəzən onlar arasında cins ayrılığı bariz şəkildə özünü biruzə verir. Oğlan övladı sanki uca tutulur, qız övladı isə ikinci dərəcəli övlad kimi görülə bilinir bəzən. Məsələn, evin kiçik övladı olan qız uşağına böyük qardaşı üçün “dur qardaşına su ver, dur bu işi sən gör, bu işi sən etməlisən, sən qızsan, sən sus qız olan sənsən, qardaşındı, səni döydü, döydü daha, səs eləmə və s” fikirlərvalideynlər tərəfindən, xüsusən də ana tərəfindən səsləndirir. Bütün bunlara münasibətinizi və bildirərsinizmi?

–Bəli, belə hallar rastgəlinəndir…
Ailədə qız övladı yetişdirilərkən ona bir şəxsiyyət kimi yanaşılmalı, onun istəkləri əsas götürülməlidir. Ümumiyyətlə, kimsə kimsənin qulu deyil, kimsə kimsə üçün əziyyət çəkməli deyil, sadəcə fərdlər, ailə üzvləri bir- birinə kömək etməlidir, dəstək olub, yardım etməlidir, qulluq yox. Qardaşındır, kömək et, o da sənə kömək etsin və s. kimi fikirlər daha münasib üslubdadır. Övladlar arasında fərq birmənalı şəkildə yolverilməzdir, bu olmamalıdır. Ailədə cinsiyyətindən və yaşından asılı olmayaraq, hər bir övlada şəvqət və qayğı ilə yanaşılmalıdır.

– Necə düşünürsünüz, cəmiyyətdə qınaq nəyə görə kişilərə nisbətdə qadınlara kişilərdən daha ağır və kəskindir? Nəyə görə kişilərin ən böyük günahları belə əhv olunan, qəbul edilən olsa da, qadının hər bir addımı beləqəbahət sayıla bilir, müzakirə olunur, hətta ictimai qınağa çevrilərək, bu yanlış addım bütün qadınların adına şamil olunur? Qarşı tərəfin bu qeyri -adi aqressiyasının, yanlış baxış biçiminin altında hansı məqamlar gizlənilir ?

–Bəli, bu hallar danılmaz bir faktdır və hər zaman aktualdır. Onu da qeyd edim ki, bu hal son dövrlərə daha çox şamil olunur. Çünki əvvəllər qadınlar bu qədər aktiv deyildilər deyə, onlar haqqında olan məlumatlar da bu qədər aktiv deyildi. Olsa da belə, nisbətən gizlədilib. İndi sadə dillə desək, şalvar geyinməkdən maşın idarə edilməsinə qədər bütün kişi işləri, hətta kişi peşəsini belə qadınlar sahiblənmiş, bu işlərlə aktiv məşğul olmuşlar. Əlbəttə ki, qadınlar aktivləşdikcə onların problemləri də çoxalır. Üstəlik onlara olan zorakılıqlar da artıq göz qabağına gətirilir. Olunan zorakılıqlara da bunlar səbəb gətirilir ki, qadın bunu etdi, onu elədi, hətta kobud dillə desək, qadın “qudurdu” kimi qeyri- insani fikirlərin də şahidi oluruq. Əlbəttə, bu arzu olunmaz hallardır.
Bunu tam analiz etsək, bu psixianlalizə gedib çıxır, yəni uşaq vaxtından oğlanlar qızlara, qızlar da oğlanlara qarşı paxıllıq edərdi. Lap əvvəl vaxtlardan yəni. Çünki, hər zaman oğlanların şüuraltında belə bir şey olub ki, mən heç vaxt ana ola bilməyəcəm, çünki övlad dünyaya gətirmək ancaq qadına məxsusdur. Qızlar isə hər zaman düşünüb ki, bizim də oğlanlarda olan səlahiyyətlərimiz yoxdur. Beləliklə, yaş artdıqca, bu kimi fikirlər insanlarda öz təsirini buraxıb və özünü yuxarıda qeyd etdiyimiz səbəblər kimi göstərməyə başlayıb. Amma ki, tam analiz etmək üçün bu fərdi olaraq olmalıdır. Digər səbəblər isə ailə və cəmiyyətlə əlaqədardır.

Bu dəyərli və aktual müsahibəyə görə peşəkar xanım Vüsalə Əmiraslanovaya öz təşəkkürümüzü bildirir, ona işində yeni- yeni uğurlar arzu edərək, bir daha ( sizin suallarınız əsasında) görüşənədək deyirik. Əminik ki, onun maarifləndirici fikirləri hər kəsin köməyinə gələcəkdir.

Aynur Əliyeva /Umayclubclub.com saytı üçün

Şərh yoxdur

şərhini yaz