a
Hava:
24 C
clear sky
Baku
humidity: 33%
wind: 5 m/s SSE
H24 • L24
HomeMünasibətlərQadın və cəmiyyətERKƏN NİKAH və EVDƏ QALMAQ QORXUSU

ERKƏN NİKAH və EVDƏ QALMAQ QORXUSU

Qabaq dişim tökülüb,
Azılarım sökülüb,
Mənə qoca deməzlər,
Bir az belim bükülüb!
Mənim haram qocadır?!..

Allah sənə rəhmət eləsin, ey dünənimizin, bu günümüzün, sabahımızın şairi – Sabir. Sən hər zaman üçün aktual olan erkən nikah mövzusunu necə də gözəl, əhatəli şəkildə izah etmisən hər kəlmən, hər sözünlə! Hazırkı yaşadığımız əsrdə keçən əsrin gülməli görünən faciəsinə bəzən gülürdük. Ancaq əslində elə indi də…

ERKƏN NİKAHLAR “Papağımı atanda yıxılmırsa, o qız evlənməlidir”, “Qız ki kəkil çıxartdı, ver ərə getsin”. Bəli. Şeyx Nəsrullahlar yenə peyda olublar. Yenə doqquz yaşından bir az qalxan qıza evlilik gözü ilə baxırlar. Gülüncdür. Bəli, gülüncdür, faciədir, əsl tragediyadır. Bu gün üçün də yenidən aktual olan “erkən nikah və evdə qalma qorxusu” mövzusu bizi bir daha cəmiyyətimizə nəzər salmağa sövq edir.

Qızların evdə qalmasından qorxub erkən nikaha cəlb olunması bu gün ən aktual və diqqətəlayiq məsələdir.

NƏDİR BU ERKƏN NİKAH?

Maddi çətinlik. Biz burda savadsızlığı, maarifsizliyi önə çıxarmağı düşünmürük. Çünki bu gün üçün onu demək olmaz! Az-çox hər kəsin məktəbə gedə biləcəyi, pulsuz təhsil ala biləcəyi, pulsuz dərslik və s. ləvazimatlarla təmin oluna biləcəyi bir dövlətdə yaşayırıq. Bəs Azərbaycanda qızları erkən evliliyə məcbur edən amil nədir?… Ancaq MADDİYYAT, maddiyyat, maddiyyat…

Bu yaxınlarda sosial şəbəkələrdə yer alan bir xəbər çox böyük qınaq obyektinə çevrilmişdi. Bölgələrimizin birində yaşanan bu hadisə reallığı ilə ilk baxışdan gülünc görünsə də, soyuqluğu ilə göz yaşımızı üzümüzdə dondurub, acılığı ilə axıb qəlbimizi göynətdi. Azyaşlı, hələ on beşinə yenicə addım atmış bir qızcığazı görüb bəyənən yerli məmurlardan biri, onu öz anasından (pul qarşılığında) satın almaq istəmişdi…

Qətiyyən düşünməyin qul bazarıdır ora!!! Xeyr!!! Qul bazarı deyil. Bu yer Azərbaycanın bir rayonu idi. Qız bu təklifə, demək olarsa, sövdələşməyə etiraz edəndə qızı o qədər döymüşdülər ki, qız xəstəxanalıq olmuşdu. Bu, günümüzün tez-tez yaşanan acı reallıqlarından biri idi. Nə qədər od olub tüstüsü çıxmayan belə hadisələr var … Deməli, ana-ataları da buna məcbur edən amil maddi çətinlikdir. Anormal dərəcədə varlanmış və anormal dərəcədə kasıblamış cəmiyyətdə bu da təəccüblü deyil.

Bu gün cəmiyyətimizə nəzər saldıqda, gənclərlə söhbət etdikdə, qızlar arasında ikili ziddiyyətin olduğunu da görmək mümkündür. Belə ki, bəzi gənclərimiz hazıra nazir olmaq istəyir. Qeyd etdiyim kimi bu birmənalı şəkildə maddi çətinliklərdən irəli gələn bir istəkdir. Sırf maddiyyatla bağlıdır. Bir növü meşşan təbiətli gənclərin yetişməsi ilə bağlıdır. Bir vaxtlar kommunizm ideyasında olduğu kimi, mən yatım ayılım ki, kommunizm qurulub və yağ içində böyrək kimi, asudə, rahat, mübarizəsiz həyat keçirim. Bəziləri isə deyir ki, mən istəyirəm ki, kommunizmi öz əllərimlə yaradım.

BƏLİ, CƏMIYYƏTİMİZDƏ İKİLİ ZİDDİYYƏT VAR

Bəs ziddiyyətlər nədən irəli gəlir. Bəzi gənclər oxuyub, təhsil almağın, diplomun boş olduğunu düşünürlər. Nəzərə aldıqda ki, bəzən cəmiyyətimizdə ziyalı insanlar sadəcə aydan-aya az bir maaşla qənaətbəxş olmağa məcburdur. Və bütün həyatı boyu maddi qənaətlə yaşamağa məcbur olunduqları təqdirdə, hər hansı bir bərbər salonunda işləyən bir sənətkar gündəlik pul qazanır və bu da onun ay sonunda yaxşı bir maddi rifahına gətirib çıxarır. Gənclər də düşünürlər ki, bu qədər oxuyub əziyyət çəkməkdənsə, mən də belə bir şey edərəm. Bəziləri belə bir qənayətə gəlir ki, ən yaxşısı maddi imkanı yaxşı olan oğlana və ya kişiyə ərə getmək və gələcəyini “gözəl şəkildə” təmin etməkdir. Elə ailələr də bu düşüncədə, bu təşəbbüsdədirlər. Cəmiyyət də bütün günü işə gedib, işə gələn, yollarda, dayanacaqlarda qaçhaqovla vurnuxan, tələsik yol gedən qadına da yaxşı baxmır. Ana-ata düşünür ki, əgər mənim üç qızım varsa, mən onu oxudum, əlini diploma çatdırıb, əziyyət çəkim, işə qoyum, (oxuyandan sonar hər kəs iş tapa bilirmi, bu da bir ayrı mövzudur) bu qız getsin, gəlsin, yolda başına bir iş gəlsin və s. Ona görə də azacıq aşım, ağrımaz başım, bu qız ən yaxşısı ailə qursun, uşağa-böyüyə qarışsın. Evində rahat şəkildə biş-düşünü hazır edib, axşam ərini qarşılayıb uşağını başına yığıb “firavan” həyat keçirsin. Ən yaxşı olan düşünülüb qız ərə verilir.

Deyir:

Qızım, gəl səni verim incinerə,
Bir kraxmallı merə ərə…

Bəli, indi qızını tez zamanda ərə verib, yaxın məsafədən bütün əziyyətlərdən özünü qurtaran ailələrin sayı artıb. Bəzi gənclər isə belə düşünmür, onlar ümumiyyətlə, evlənməyə çox uzaqdılar. Bu da bəlkə də psixoloji hal olaraq çox da normal hal deyil. Onlar öz ayaqları üzərində durmaq-karyera, ən azından xaricdə bir və ya bir neçə dəfə təhsil dərəcələri, ayrı ölkələrdə, fərqli bir millətin nümayəndəsi ilə nikah. Bu gün bu da danılmaz həqiqətlərimizdən biridir. Cəmiyyət içərisində olanlar yəqin ki, bunu özləri də görmüşdür. Belə bir fərqli nüyans da vardır ki, bunu qeyd etmək mütləqdir. Bəzi gənclər arasında belə bir düşüncə də vardır ki, indi bu qisməti əlimdən qaçırsam, bir də belə yaxşı qismət qarşıma çıxmayacaq. Bu isə gənclərimiz arasında ən böyük fobiya yaradır – EVDƏ QALMAQ QORXUSU nəyə gətirib çıxarır.

Evdə qalan qız karyera sahibi də olsa, yüksək statuslar da qazansa, hər kəsin alqışlamasına səbəb də olsa, yenə də evdə qalıb, ərə gedə bilməyib. Bu da bizim cəmiyyətin danılmaz bir həqiqətidir ki, burda da, bəzən paxıllıqdan, bəzən gözügötürməməzlikdən onun haqqında şaiyələr yayılır, ona natamam xoşbəxtlik kimi baxılır (tam xoşbəxtlik nədir, bu da bir ayrı bir mövzudur). Ancaq evdə qalmaq qorxusunu da istər qızın valideynlərində, istərsə də qızın özündə belə bir qorxunu da cəmiyyət yaradır.

EVDƏ QALSAM NƏ OLAR?.. Erkən nikahın daha bir səbəbi valideynlərin müəyyən yaşa çatmış qızın pis yola düşə biləcəyindən, gələcəkdə yaxşı insanın qızının qarşısına çıxmayacağından, kasıbla evlənməsin deyə, yada gedər, qoy öz qohumum olsun, asan yoldan elə başını isti-isti bağlıyaq deyə evləndirirlər.

BƏZƏN EVDƏ QALMAQ KÖNÜLLÜ DƏ OLA BİLİR

Belə ki, bəzi qızlar evlənmək yaşında olsalar da, evlənmək haqqında düşünmür, onların həyatda daha fərqli məqsədləri olur. Oxuyub, karyea və ya müəyyən iş, peşə sahibi olmaq istəyirlər. Bəzən də könüllü olaraq evlənmək istəməyən qızların (evdə qalmaya könüllü razı olmaq) evlənməməməsinə səbəb onların evlilik fobiyaları olur. Özündən böyük bacısının, qonşunun, əmisinin, dayısının qızlları uğursuz nikahlarını sonlandırıb öz ata evinə qayıdıb gəlməsi, yaxın rəfiqəsinin hər gün onunla dərdləşib bölüşdüyü ər-qaynana münaqişəsi və s. onun şüuraltına oturur və qızda ərə getmək fobiyası yaradır və ailə qurmaqdan çəkindirir. Bütün bu kimi hallar da sözsüz ki, psixoloji problem hesab olunur.

Cəmiyyət təbii ki, ağlı-qaralıdır, stabil həyat deyil. Fərq olmasaydı, gecə ilə gündüz, pislə-yaxşı olmasaydı, biz o zaman gülü-tikandan, yaxşını-yamandan ayıra bilməzdik. Bütünlükdə cəmiyyəti, var edən də elə bu ziddiyyətdir.

Aynur Turan

Şərh yoxdur

şərhini yaz