a
Hava:
15 C
clear sky
Baku
humidity: 67%
wind: 7 m/s SE
H15 • L15
HomeƏn son xəbərlərXEYİRXAHLIQ – ƏN YÜKSƏK ƏXLAQİ DƏYƏRDİR

XEYİRXAHLIQ – ƏN YÜKSƏK ƏXLAQİ DƏYƏRDİR

13 noyabr – Ümumdünya Xeyirxahlıq Günüdür (World Kindness Day).
1988-ci ilin məhz bu günü Avstraliya, Kanada, Yaponiya, Tailand, Sinqapur, Böyük Britaniya və ABŞ-ın nümayəndələrinin iştirakı ilə Tokioda Ümumdünya Xeyirxahlıq Hərəkatının birinci konfransı açılmışdır. Sonralar başqa ölkələr də bu hərəkata qoşulmuşlar. Bu günün rəmzi olan açıq ürək təsvirinin müəllifi Fransa rəssamı Oreldir.
Tədqiqatçıların dediyinə görə, insanın xeyirxah əməllərinin sayı nə qədər çox olarsa, o özünü bir o qədər xoşbəxt və rahat hiss edər. Ətrafdakılara minnətdarlıq, şəfqət və xeyirxah hisslərlə yanaşan insanlar həyata nikbin baxır, həm fiziki, həm də mənəvi cəhətdən sağlam olur, daha ahəngdar həyat yaşayır və daha uzun ömür sürürlər.
Alimlərin fikrincə, xeyirxah insanlar güclü immunitetə və möhkəm ürəyə sahib olduqları üçün digərlərindən təqribən 9 il çox yaşayırlar, çünki başqalarına xeyirxahlıq edəndə insan orqanizmində limfositlərin səviyyəsi yüksəlir, damarlar genişlənir.
“Məmnunluq hormonunun” əmələ gəlməsi xeyirxahlığın daha bir “kənar təsiridir”. İnsan başqalarına kömək edəndə onun beynində çoxlu sayda ən təsirli təbii ağrıkəsici olan, sakitləşdirici təsir göstərən, stressi aradan qaldıran və depressiyanı yüngülləşdirən endorfin əmələ gəlir.
Xeyirxah insanlar özlərini tənha hiss etmir, başqalarına kin bəsləmirlər.
Heç kimə sirr deyil ki, müasir yüksək texnoloji dünyada insani hisslər və mənəvi keyfiyyətlər getdikcə daha çox arxa plana keçir və insanlar arasında xeyirxah addımlara az rast gəlinir – bu həqiqət, təəssüf ki, göz qabağındadır. Halbuki, bu gün ətrafımızda xeyirxah əməlimizlə qəlbən sevindirə biləcək, nikbinlik və xoş ovqat yaşada biləcək kəslər az deyil. Ümumbəşəri bəlaya çevrilmiş koronavirus pandemiyası, əzəl torpaqlarımızın işğaldan azad edilməsinə hədəflənmiş Vətən müharibəsi cəmiyyətin hər bir üzvünü ətrafdakılara, xüsusilə də maddi və mənəvi ehtiyacı olan insanlara xüsusi diqqət və qayğı ilə yanaşmağa, onlara yardım əlini uzatmağa, savab əməl sahibi olmağa sövq edir.
Gəlin unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu usanmadan təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir.
Onu da unutmayaq ki, yalnız xeyirxahlıq edən kəs halal xeyir sahibi olur. Xeyirxahlığımızı əsirgəməyək… Əks halda bədxahlığın əsirinə çevrilərik.

Oktay Səmədov,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Şərh yoxdur

şərhini yaz