a
Hava:
15 C
clear sky
Baku
humidity: 67%
wind: 5 m/s SSE
H15 • L15
HomeUmayClub.comDost məktubuÜzr istəmək böyüklükdür, yoxsa…

Üzr istəmək böyüklükdür, yoxsa…

Öz dünyaya gətirdiyim uşağımdan üzrmü istəyəcəm?..

Adım Nərmindir, 40 yaşındayam.
Çox təəsüf ki, “öz dünyaya gətirdiyim uşağımdan üzrmü istəyəcəm?” deyən ailənin qızı olaraq böyüdüm.

Təxminən 7-8 yaşlarındaydım. Anamla bir qohum evinə qonaq getmişdik.Ev sahibinin mən yaşlarında bir oğlu var idi. Otağın birində biz ikimiz təkcə oynamağa başladıq. Adı Nicat idi. Bir müddətdən sonra Nicat mənimlə oynamaqdan yoruldu, topunu götürüb küçəyə çıxdı. Mən oyunuma tək davam etdim. Birdən “çaaakkk” deyə səs eşitdim. Arxaya çevriləndə yerdə şüşə sınıqlarını və yanında diyirlənən topu gördüm. İrəli gedib topu əlimə götürən an anam və ev sahibi yüyürərək otaga gəldi. Anam topu mənim əlimdə görən an pəncərəni mənim sındırdığımı zənn etdi və üstümə atılıb məni döyməyə başladı. “Mən etmədim” desəm də hirslə çığırır, məni dinləmirdi. Ta ki, Nicat topunun arxasınca gələnə kimi. Anam olanları anlayana qədər mən o ki, var kötəklənmişdim. Hər şey məlum olduqdan sonra o, mənə : “Ay axmaq niyə demirsən ki, pəncərəni sən sındırmadın?.. boş yerə döyüldün.
Sonra anam içəri keçdi. Çayına və söhbətinə qaldığı yerdən davam etdi. Ev sahibi vəziyyətdən kədərləndi. Anama ” heç olmasa uşaqdan üzr istəyin” dedi.
Anam isə: “öz dünyaya gətirdiyim uşağımdan üzrmü istəyəcəm?” deyərək məni etinatsızca süzdü.
O heç vaxt məndən üzr istəməzdi.
Mən öz övladlarımdan tez-tez üzr istəyərəm. Çünkü bilirəm ki, sınan qəlbin təmiri o an edilmirsə, o qəlb bir ömür sınıqdır. O qəlb sıniqlığı ilə sən ailənə düşmən olub aylarca qapısını açmaq istəmirsən.
İçində unutmadığın, sağalmayan, sağaltmadığın yaralar olur.
Və ən önəmlisi insan özünü dəyərsiz, beş qəpiyə dəyməz hiss edir. İçində gündən – günə böyüyən bir nifrət doğulur.

Bir gün ana olanda daha çox qəzəbləndim anama.
Mən övladımın axan bir damla göz yaşına qıya bilməzkən, anam məni haqsız yerə döyər, heç üzr də istəməzdi.
Kötək yeyən və bir əhvin, uzrün çox görüldüyü uşaqlar özlərini dəyərsiz və yararsız hiss edir.

Şərh yoxdur

şərhini yaz