a
Hava:
15 C
clear sky
Baku
humidity: 58%
wind: 3 m/s WNW
H15 • L15
HomeMünasibətlərUşaqların təlim və tərbiyəsiUşaqlarda özünə inam hissini aşılamaq

Uşaqlarda özünə inam hissini aşılamaq

Bu danılmaz faktdır ki, insanın özgüvəni tam  bir fərd kimi cəmiyyətdə yer tutmasında  uşaq olarkən ailədə ona qarşı olan münasibət mühüm rol oynayır. Amerikalı psixoloq Barbara Bergerə görə, uşaqlarda özgüvən   onun özüylə fəxr etməsidir. Bəs uşaqlar nə zaman özüylə fəxr edər? Əlbəttə ki, ailəsindən təqdir gördükdə, sevildiyini, ona etibar edildiyini, özünü ailədə gərəkli olduğunu hiss etdikdə…

Yaxşı, bəs bu hissi uşaqlara necə aşılamalı? Bir çox psixoloq və ailə münasibətləri mütəxəssislərinin yazdıqları məqalələri  uşaqlarda özgüvən aşılamağın əsas yollarını bir neçə qrupda umumuləşdirməyə əsas verir:

1. Övladınıza ona güvəndiyinizi hiss etdirin.

Bir işi görmək istədikdə “hələ balacasan”, “sındırarsan” “edə bilməzsən” və.s kimi xəbərdarlıqlarla ondakı “mən bacararam” inamını zədələmək  yerinə, onlara dəstək olaraq etmək istədiyi işi görməsinə şərait yaradın.

Bacarıb-bacarmadığına, və ya, bu iş üçün hələ hazır olmadığına gördüyü işin nəticəsinə baxaraq özü qərar versin. Yemək hazırlamaq istəyir, birlikdə ən asanından-meyvə salatı edərək başlaya bilərsiniz. Nəyisə təmir etmək istəyir? Kiçik qəzalara yol verməmək üçün onu bu işdə müşayiət edin.  Bununla həm də, onlardakı yaradıcılıq qabiliyyətinin ortaya çıxarmasına şərait yaratmış olarsınız.

2. Onun da fikrini soruşun.

Ona fikirlərinin önəmli olduğunu hiss etdirin. Məsələn, otağında divar kağızı seçiləcəksə, hansı rəngi sevdiyini soruşun. Və təklifinə önəm verin. Ona nəsə alınacaqsa  zövqünü, tərzini nəzərə alın.

3. Təqdir edin.

Afərin” ifadəsinə xəsislik etməyin. Sizi məmnun edən yaxşı hərəkətini gördükdə bunu fərq etdiyinizi  ona bildirin. Məsələn, yataqdan qalxdıqdan sonra yatağını səhmana saldığını , çiçəkləri suladığını, kiçik bacı-qardaşına dərsinə kömək etdiyini gördükdə bunu təqdir edin.

4. Ehtiyac olsa da, olmasa da köməyini xaiş edin.

Və ona gördüyünüz  işdə önəmli payı olduğunu hiss etdirin. Ona, ehtiyacınız olduğunu, onun sizin üçün gərəkli olduğunu hiss etdirin.

5.  Gözlərinə  baxaraq söhbət edin .

Birinin gözlərinə baxaraq söhbət etmək, onu dinləmək qarşı tərəfə önəmli olduğunu, dediklərinə dəyər verdiyini hiss etdirər. Telefondan gözünüzü, gördüyünüz işdən əlinizi çəkərək cavab verin.

6. Şəxsi əşyalarına hörmətlə yanaşın.

Xüsusilə, zaman səf edərək düzəltdiyi əşyalara qarşı diqqətlə yanaşın. Beləliklə, gördüyü işin əhəmiyyətli olduğu hissini yaşayar.

Uşaqlarda özgüvən hissini yaratmaq üçün edəcəklərini qədər edilməməsi gərəkən davranışlar da əhəmiyyətlidir:

1.Sözlərini kəsməyin

Onları sona qədər dinləyib nə demək istədiyini dəqiqləşdirdikdən sonra cavablayın. Uşaq vaxtı sözü kəsilən, sözünə önəm verilməyən uşaqlar nəinki özgüvən problemi, eyni zamanda fikirlərini ifadə etmək problemi yaşayarlar.
2. Onları ikinci planda tutmayın. 

Sizinlə söhbət etmək istədikdə və ya köməyinizə ehtiyac duyduqda bunu sonraya ertələməyin və ya uzaqlaşdırmağa çalışmayın. Onlarla müəyyən qədər zaman keçirin. Beləcə uşağa çox vacib işlərin olmasına baxmayaraq ona  dəyərli olduğunu hiss etdirin. Dərs hazırlamaq, yemək yemək deyil, səbəbsiz olaraq birlikdə imkanınınızın əl verdiyi qədər vaxt keçirin.

3. Müqayisə etməyin.

Onu başqa uşaqlarla  müqayisə edib  özünü  xor görməsinə müsaidə etməyin. Bununla uşaqda  nəinki kompleks yaradar, eyni zamanda paxıllıq hissini aşılanmış olarsınız.

4. Heç vaxt başqalarının yanında  azarlamayın.

Etdiyi səhvi təklikdə  sözlə izah edin. Başqalarının yanında təhqir bir tərəfə, hətta tənqidə məruz qalan uşaqlar gələcəkdə çox asosial və özgüvənsiz bir yetişkinə çevrilirlər. Çünki, onlarda şüuraltı olaraq sanki hər an utandırılacaq hissi olduğundan təkliyə üstünlük verirlər.

5. Utandırmayın. 

Xoş olmayan hər  hansı davranışının yanlış olduğunu onu utandıraraq deyil, başqa insanların yanında təkrar edərsə nəticəsinin necə ola biləcəyini təxmin etdirərək başa salın.

6. Hər fürsətdə keçmişi üzünə vurmayın.

İlk cəhdi uğursuz alınan nəyəsə yenidən cəhd etdikdə keçmiş səhvlərini təkrar – təkrar üzünə vurmayın. Önəmli olan onun keçmiş səhvlərini  deyil, səhvlərindən çıxardığı nəticəni xatırlamasıdır.

Uşaqların gələcəkdə tam bir fərd kimi formalaşması üçün bu gün onlara davranış şəklimiz mühim əhəmiyyət daşıyır. Ailəsi tərəfindən sevgi, təqdir görməyən,”hələ uşaqdır” deyə fikirlərinə, hisslərinə əhəmiyyət verilməyən uşaqlar gələcəkdə müəyyən statusa yiyələnsələr də, hər zaman bunun yoxluğunu hiss edərlər. Uşağın  gələcəkdə özünə  nə qədər inanan bir  fərd olmasını bu gün valideynlərin ona qazandırdığı özünə inam hissi müəyyən edər.

AynurA

Şərh yoxdur

şərhini yaz