a
Hava:
7 C
clear sky
Baku
humidity: 87%
wind: 1 m/s WSW
H7 • L7
HomeMünasibətlərAna və uşaqUşaqlara sağlam qidalnmanın təbliği

Uşaqlara sağlam qidalnmanın təbliği

Adətən artıq çəki və özü ilə gətirdiyi psixoloji problemlər uşaqlıq çağından başlayır. Yaş artdıqca artan çəki ilə birgə sağlamlıqla əlaqəli bir çox problemlər də böyüyür. Ona görə də bu problemi ən kiçik vaxtlardan, hətta, ümumiyyətlə, yaranmaması üçün müəyyən addımlar atmaq lazımdır.
İlk öncə uşaqlar yedikləri ilə orqanizmaları arasında normal münasibət yaratmasını təmin etmək lazımdır. Bu münasibət sağlam şəkildə yaradıla bilərsə, çətin ki, artıq çəki ilə bağlı özünü biruzə verə bilsin.
Uşaqların düzgün və qədərində qidalanmağa təşviqi
Uşaqlara sağlam və düzgün qidalanma qaydasını mənismətmək sadəcə şifahi izahla mümkün deyil . Hər şeydən öncə bunu bilmək lazımdır ki, köklük ailədə bir fərdin problemi olsa da, bununla ailəlikcə mübarizə aparmaq lazımdır.
Yəni, iştah açan yumşaq, ağ çörəyin arasına kolbasa dilimləri olan “çörəkarası” yeyərək uşağın önünə bir boşqab qaynanmış qarabaşaq qoymaqla heç bir müsbət nəticə əldə etmək olmaz. Ailəliklə sağlam, tərkibindəki faydalı maddələri itirmədən, uzun müddət tox tutan yeməklərə meyl edilməlidir.
İkinci şərt – yemək tərzi
Yenə ilk növbədə valideynlər düzgün yemək şəkli ilə nümunə olmalıdır. Yarı-yarımçıq, tez başa gələn, ayaqüstü atışdırmalar,əlbəttə ki, artıq çəkiylə birgə bir çox sağlamlıq probleminin yaranması üçün əlverişli şərait yaradacaq.
Bundan əlavə,faydalı qidaları təqdim etmək şəkli də uşaqları sağlam qidalanmağa təşviq etməkdə xüsusi rol oynayır. Gözəl görünən yeməklər insanda psixoloji olaraq həm də dadlı olduğu düşüncəsini yaradır. Ona görə də bir az kreativlik edərək xüsusilə tərəvəzləri uşaqlara sevdirmək olar. Buna dair internetdə yetərincə məlumat var.
Əsasən uşaqların normadan artıq çəkidə olmasının bünövrəsi elə valideynin özü tərəfindən qoyulur. Bunu valideyn bilmədən etsə də,  nəticə ürəkaçan olmadıqda səbəbi heç bir məsum bəhanə ört-basdır edə bilmir. Uşaqların yeməklərin təsirində qalması, iradəsinin yeməyin hökmü qarşısında zəif olması hələ deyilən sözü dərk etməyə başladığı vaxtdan formalaşır. Yəqin ki, aşağıda qeyd edəcəyim səbəblər çoxuna tanış gələcək :
Ağlayan boşqablar
Əslində bizim orqanizmamız bizim zənn etdiyimizdən də “ağıllıdır” . “Yeməyin artığı arxanca ağlayacaq”, “heyifdi”, “ana nə əziyyətlə bişirib” kimi ifadələrlə psixoloji təzyiq etdiyimiz üçün kimsə özünü yaxşı hiss etsin deyə yemək istəmədiyi bir qidanı qəbul etməyə məcbur qalır. Beləcə artıq orqanizmasının tələb etmədiyi qidanı zorla uşağın boğazına tıxaraq uşaqlara doyduğu halda yemək yeməyə davam etməyi aşılayırıq.
Yalanmış boşqab üçün yağan təşəkkürlər,tənqidlər
“Afərin balama, qabını necə tər-təmiz edib” və ya “Vay, vay, vay… Yeməyini niyə bitirmədin, çox pis” – bu təşəkkür və tənqidlər “başqası nə deyər” devzi ilə hərəkət edən cəmiyyətdə uşaqda hələ erkən çağlarından ehtiyac olmadıqda yemək yeməyin ətrafdakıların təqdirnə, qabda yemək saxlamağın tənqidinə tənqidinə layiq bir iş olduğunu yeridir. Yeməyin artığı qabda qalarsa yanındakılar nə deyər qorxusu ilə doyduğu halda o yeməyi bitirməyə özünü məcbur hiss edir.
Şirin təltiflər
Yaxşı bir iş gördükdə, əla qiymət aldıqda,özünü yaxşı apardıqda uşağa edilən hər şirin “təşəkkür” uşaqda şüuraltı olaraq formalaşdırır ki, özü üçün yaxşı nəsə etməyin ilk yolu mədədən keçir. Daha pisi, artıq bunu vərdiş halına çevirir. Özünə təşəkkür gözlədiyi hər anda artıq o ləzzətli konfetlərin xəyal etdiyi dadı ağzını sulandırmağa, mədəsini qurdalamağa başlayır.
Dadlı təsəlli
Anası üçün ağlayan, yıxıldığı üçün göynəyən, istədiyi bir şeyi əldə edə bilmədiyi üçün tərslənən uşağa təsəlli üçün ilk ağlımıza gələn dadlı təsəllilərdən gedir söhbət. Uşaq vaxtından “nəsə dadlı yesəm özümə gələrəm” psixologiyası ilə böyüyən birinin müəyyən yaşda artıq çəkidən əziyyət çəkən biri olacağını təxmin etmək heç də çətin deyil…
Yağlı rüşvət
Ən yaralı yerimiz… “supunu ye, sənə kolbasalı buterbrod edəcəyəm” və ya “yazını bitir tort verəcəyəm” kimi söhbətlər yəqin ki, çoxumuza tanışdır. Yağlı, duzlu rüşvətlərlə uşaqlarda nəinki sağlam qidalara qarşı “cəza” kimi baxmasını formalaşdır, eyni zamanda onun ümumiyyətlə tərbiyəsində, bir yetişkin olduğunda cəmiyyətdə düzgün mövqe tutmamasına da zəmin yaratmış oluruq. Ləzzətli rüşvət almadan ondan kömək xahiş edənlər üçün yaxşı iş görməyən insanların təməlini bilməyərək elə yemək masasının kənarında qoyuruq.
Daim şəkər kimi qəbul etdikləri nəvələri şəkərli qidalarla mükafatlandıran nənə- babalar da əlbəttə ki, bu mövzuda xüsusi rol oynayır. Onlarla bu məsələnin həllinin ən optimal variantı, hər iki tərəfin öz valideynləri ilə söhbət etməsidir. Çünki hər kəs öz tərəfinə nəyi necə qəbul etdirəcəyini daha yaxşı bilir. Necə deyərlər, nə şiş yansın, nə kabab…
Əgər uşaqları xoş sürprizlər, mükafatlarla sevindirmək şərtdirsə, bu konfet, pirojna yox, birlikdə gəzinti, ona oxunacaq bir nağıl, onunla oynalınacaq bir oyun olsun. İstər uşaqları əzizləmək istəyən nənə-babalar, istərsə də valideynlər hər hansı dadlı – duzlu təsəllini, təşəkkürü , mükafatı xoş təbəssümlə, yanağına qondurdurduğu bir öpüşlə, sığalla, qucaqlamaqla əvəz edərək həm uşaqlarla çölü bəzək, içi zərərli maddələrlə dolu qidalar arasındakı bağı qoparmağa nail olar, həm də zamanla uşaqlarla aranızdakı münasibəti möhkəmlətmiş olarlar.
AynurA
Şərh yoxdur

şərhini yaz